İsveçrə Konfederasiyasının təhsil sistemi

 

İsveçrə Konfederasiyası

   

Ərazisi:                                     41285 kv.km.

Əhalisi:                                     7,9 milyon nəfər  

Paytaxtı:                                   Bern şəhəri

Dövlət dili:                               Alman, fransız, italyan, romanş       

Pul vahidi:                                İsveçrə frankı

 

Təhsil sistemi

 

Qərbi Avropada yerləşən İsveçrə Konfederasiyası 26 dairədən (kanton) ibarətdir. Hər bir dairə maliyyə müstəqilliyinə və muxtariyyətə malikdir. Ölkə şimaldan Almaniya, qərbdən Fransa, cənubdan İtaliya, şərqdən isə Avstriya və Lixtenşteynlə həmsərhəddir. İsveçrə bir sıra mədəniyyətlərin qovuşduğu ölkədir. Ölkədə dörd rəsmi dövlət dilinin (alman, fransız, italyan və romanş-latın dilinə əsaslanan dil) olması da bunu deməyə əsas verir.

İsveçrə dövlət tərəfindən maliyyələşən yüksək keyfiyyətli təhsil sistemi ilə bütün dünyada tanınır. Çox az miqdarda təbii ehtiyatlara malik olmasına baxmayaraq, İsveçrə dünyanın ən yüksək inkişaf etmiş ölkələrindən biridir. Ölkənin tərəqqisi, ilk növbədə, zəngin intellektual potensiala əsaslanır.

İsveçrənin təhsil sistemi məktəbəqədər, ibtidai, orta (orta təhsilin 1-ci və 2-ci səviyyəsi), orta ixtisas, ali və diplomdansonrakı təhsil pillələrindən ibarətdir.

İsveçrədə əlavə təhsil məsələlərinə xüsusi diqqət yetirilir. Hər kəsə peşə bacarıqlarını inkişaf etdirmək, müvafiq biliklərini daha da dərinləşdirmək üçün əlverişli şərait yaradılır. Əlavə təhsil, əsasən kurslar, humanitar qurumlar və ya universitetlər tərəfindən təşkil olunur. Əlavə təhsil dərsliklər, əyani vəsaitlər və kompüter proqramları vasitəsilə evdə təhsil formasında da həyata keçirilə bilər.

 

Məktəbəqədər təhsil

 

İsveçrədə dövlət əsaslı məktəbəqədər müəssisələrdə təhsil pulsuzdur. Uşaqlara 1 və ya 2 il müddətində məktəbəqədər təhsil almaq imkanı yaradılıb. Məktəbəqədər təhsil müəssisələrinə qəbul yaşı və təhsil müddəti inzibati dairələrə görə fərqlənir. Əksər hallarda uşaqlar 4 yaşından, bəzi hallarda isə 3 və ya 5 yaşından məktəbəqədər təhsil müəssisələrinə cəlb edilirlər.

Müxtəlif dillərdə danışan dairələrdə məktəbəqədər təhsil fərqli formada təşkil olunur. İsveçrənin alman dilində danışan dairələrində bağçalar, fransız və italyan dilində danışan dairələrində isə uşaq məktəbləri fəaliyyət göstərir.

Məktəbəqədər təhsil müəssisələri əsasən bələdiyyələr tərəfindən maliyyələşdirilsə də, dairələr də bu sahəyə nəzarət edirlər.

 

İcbari təhsil

 

İsveçrədə 6 yaşı tamam olmuş bütün uşaqlar icbari təhsilə cəlb olunur. İcbari təhsil 9 illik olub, ibtidai təhsili və orta təhsilin 1-ci səviyyəsini əhatə edir. Ölkədə özəl icbari məktəblər olsa da, uşaqların əksəriyyəti dövlət məktəblərində oxuyur.

İbtidai təhsil müddəti dairələrə görə 4, 5 və ya 6 il davam edir. Müxtəlif dairələr üzrə təhsilin təşkili məsələlərində xeyli fərqlər mövcuddur.

Orta təhsilin 1-ci səviyyəsində əsasən ümumi fənlər tədris olunur. Orta təhsilin 1-ci səviyyəsi üzrə fəaliyyət göstərən müxtəlif növ məktəblərin bəzilərində şagirdlərə daha praktiki biliklər öyrədilir, onlar peşə ixtisasları istiqamətində hazırlanır. Digər məktəblərdə isə orta təhsilin 2-ci səviyyəsində oxumaq üçün şagirdlərə daha dərin biliklər verilir.

Qeyd etdiyimiz kimi, ölkədə dövlət əsaslı məktəblər daha böyük nüfuza malikdir. Şagirdlərin 95 faizi dövlət tərəfindən maliyyələşən məktəblərdə təhsil alır.

Dörd dövlət dilinə malik olan ölkə kimi İsveçrədə çoxdilliliyin qorunmasına xüsusi diqqət yetirilir. İcbari təhsil pilləsində şagirdlər ana dilləri ilə yanaşı, ingilis dilini və rəsmi dövlət dillərindən birini də öyrənirlər. 

 

Orta təhsil

 

Şagirdlər 16 yaşından təhsillərini orta təhsilin 2-ci səviyyəsində davam etdirə bilərlər. Bəzi dairələrdə 3, bəzilərində isə 4 il davam edən bu səviyyədə şagirdlər ya peşə ixtisaslarına yiyələnərək əmək bazarının iştirakçısına çevrilir, ya da ali məktəblərdə oxumaq, təhsillərini davam etdirmək üçün biliklərə yiyələnirlər.

Orta təhsilin 2-ci səviyyəsi üzrə dörd növ məktəb fəaliyyət göstərir. İstehsalat müəssisəsi təcrübəsi və nəzəri kurslardan ibarət peşə məktəblərində təhsil dairələrə görə 3 və ya 4 ildir. Bu məktəblərdə 300-dən artıq müxtəlif peşəyə yiyələnmək mümkündür. Peşə yönlü orta təhsil müəssisələrinin məzunlarına ölkə üzrə tanınan federal diplom verilir.

Peşə təhsilini bitirənlər öz ixtisasları üzrə bakalavr dərəcəsinə yiyələnmək üçün əlavə təhsil kurslarında oxuya bilərlər. Bundan sonra onlar qəbul imtahanı vermədən tətbiqi elmlər üzrə ixtisaslaşmış universitetlərə, tamamlayıcı imtahan verməklə isə universitetlərə daxil olmaq imkanı qazanırlar.

Matura məktəblərində (dairə məktəbləri, orta məktəblər, liseylər) şagirdlərə yeddi fənn üzrə geniş ümumi təhsil verilir. Fənlər əsas və ikinci dərəcəli olmaqla iki qrupa bölünür. Bu tədris ocaqlarında, əsasən universitetlərə daxil olmaq istəyən şagirdlər oxuyurlar. İxtisaslaşmış orta məktəblərdə həm ümumi, həm də müəyyən peşə, o cümlədən tibb, ictimai iş, təhsil, musiqi, incəsənət sahələrinə aid spesifik fənlər tədris olunur. Belə məktəblərdə oxuyan şagirdlər əlavə praktiki təlim və ya kurslar keçdikdən sonra peşə təhsili sertifikatı da əldə edə bilərlər.

 

Ali və orta ixtisas təhsili

 

Ölkədə ali və orta ixtisas təhsili A və B səviyyələrinə bölünür. A səviyyəsində 2 növ ali təhsil müəssisələri fəaliyyət göstərir. Birincisi, ənənəvi universitetlər, dairə universitetləri və federal texnologiya institutları. Bu müəssisələrdə təlim, əsasən elmi tədqiqatlar üzərində qurulur. İkincisi, tətbiqi elmlər universitetləri. Bu ali məktəblərdə təlim tətbiqi tədqiqatlara əsaslanır.

Ali peşə təhsili və təlimi isə B səviyyəsinə aiddir. Bu təhsil pilləsi ali peşə təhsili və təlimi kolleclərində həyata keçirilir. Bu təhsil pilləsini bitirən tələbələrə peşə sertifikatları və diplomlar verilir.

Abituriyentin akademik qabiliyyət sertifikatı və ona müvafiq olan sənədə malik olması universitetə qəbul üçün əsas tələb hesab edilir. İxtisas seçimində abituriyentlər tam azad olsalar da, tibb fakültələrinə qəbul zamanı böyük rəqabət yarandığı üçün qabiliyyət imtahanı da tələb olunur. Əcnəbilərin tibb ixtisaslarına qəbuluna isə tam məhdudiyyət qoyulub.

İsveçrədə dövlət tərəfindən maliyyələşən 10 dairə universiteti və 2 federal texnologiya institutu (Sürix Federal Texnologiya İnstitutu və Lozanna Federal Politexnik Məktəbi) fəaliyyət göstərir. 2009-2010-cu tədris ilində bu ali məktəblərdə 130000-ə yaxın tələbə təhsil alıb. Tələbələrin 26 faizini əcnəbilər təşkil edib.

Dövlət hər iki federal texnologiya institutuna, hər bir dairə isə öz ərazisi daxilində yerləşən universitetlərə nəzarət edir. Dairə universitetləri həm dövlət, həm də dairələr tərəfindən maliyyələşdirilir.

İsveçrənin 10 dairə universitetinin 5-i (Bazel Universiteti, Bern Universiteti, Luzern Universiteti, Saint-Qallen Universiteti və Sürix Universiteti) alman dilli, 4-ü (Friburq Universiteti, Cenevrə Universiteti, Lozanna Universiteti və Nevşatel Universiteti) fransız dilli, 1-i (Della Svizzera Universiteti) isə italyan dilli dairədə yerləşir. Həmin universitetlərdə tədris dairədə istifadə edilən dildə aparılır. Yalnız Friburq Universitetində tədris alman və fransız dillərində aparılır.

Ölkənin ən böyük ali məktəbi 20000-dən çox tələbənin təhsil aldığı Sürix Universitetidir. Burada tələbələrin 15-20 faizini əcnəbilər təşkil edir. Universitetdə təhsil müddəti 4-6 il davam edir.

Sürix Federal Texnologiya İnstitutu və Lozanna Federal Politexnik Məktəbi dövlət elmi tədqiqat müəssisəsidir. Bu müəssisələrdə yüksək standartlara uyğun tədris, tədqiqat və elmi-texniki xidmətlər həyata keçirilir.

Hər iki institut yüksək ixtisaslı, beynəlxalq arenada tanınmış alim və mühəndislərin hazırlanmasına misilsiz töhfələr verir.

İsveçrənin ali təhsil müəssisələri klassik Avropa universitetləri ənənəsi əsasında fəaliyyət göstərir. Ali məktəblərdə həm tədris, həm də tədqiqat həyata keçirilir, tələbələrə hüquq, iqtisadiyyat, riyaziyyat, təbiət elmləri, humanitar və ictimai elm sahələri üzrə dünyəvi biliklər verilir.

Bir tədris ili 2 semestrə bölünür. Qış semestri oktyabrın son həftəsindən fevralın ortalarına qədər davam edir. Yay semestri isə universitetdən asılı olaraq martın ( və ya aprelin) ortalarında başlayır, iyunun (və ya iyulun) birinci yarısında başa çatır.

Bir çox ixtisaslarda təhsil müddəti 4-5 il olsa da, tibb sahəsi üzrə təhsil 6 il davam edir. Ali təhsilin sonunda məzunlara müvafiq olaraq lisenziya, diplom və ya doktorluq dərəcəsi verilir.

Tətbiqi elmlər üzrə universitetlər ali peşə təhsili istiqamətində ixtisaslaşmış mütəxəssislərin hazırlanmasını nəzərdə tutur. Bu ali məktəblər 1993-cü ildən bəri təxminən 70 ali texniki məktəbin birləşdirilməsi və ixtisaslaşması nəticəsində yaradılıb. İsveçrədə 1-i özəl olmaqla, 7 tətbiqi elmlər universiteti fəaliyyət göstərir.

Tətbiqi elmlər universitetlərində ümumi texnologiya, informasiya texnologiyası, memarlıq, tikinti, planlaşdırma, kimya, aqronomluq, meşəçilik, iqtisadiyyat, dizayn, səhiyyə, ictimai iş, musiqi, sənətşünaslıq, tətbiqi psixologiya, tətbiqi linqvistika və idman sahələri üzrə mütəxəssis hazırlığı həyata keçirilir. 2009-2010-cu tədris ilində tətbiqi elmlər universitetlərində 70000 tələbə təhsil alıb.

İsveçrədə dövlət ali təhsil müəssisələri ilə yanaşı çoxlu sayda özəl ali məktəblər də fəaliyyət göstərir. Özəl təhsil müəssisələrinin bəziləri yalnız ölkə vətəndaşlarına xidmət etdiyi üçün onlar dövlətdən subsidiyalar alır. Digər özəl təhsil müəssisələrində isə həm yerli, həm də əcnəbi tələbələr oxuya bilərlər. Belə özəl ali məktəblərə dövlət maliyyə vəsaiti ayırmır. Onu da qeyd edək ki, ali təhsil kursları, imtahanlar təşkil etmək və özəl dərəcələr vermək üçün dövlətdən subsidiyalar alan özəl ali təhsil müəssisələrindən xüsusi icazə tələb olunmur.

Təhsilin keyfiyyətini daim yüksək səviyyədə saxlamaq üçün dövlət və özəl ali təhsil müəssisələri vaxtaşırı akkreditasiyadan keçirilir.

 

Əcnəbi tələbələr

 

İsveç hökuməti Təqaüdlər üzrə Federal Komissiya vasitəsi ilə əcnəbi tələbələrə qrantlar ayırır. Qrantlarla aid məsələlərə Təhsil və Tədqiqat üzrə Dövlət Katibliyi cavabdehlik daşıyır. Təhsil və Tədqiqat üzrə Dövlət Katibliyi tələbələr üçün qrantların xərclənməsi üzrə dairələrə federal subsidiyaların verilməsini təşkil edir.

Bu qurum, həmçinin universitet təhsili, təsviri sənət və musiqi ixtisasları üzrə İsveçrənin əcnəbi tələbələrə verdiyi təqaüdləri əlaqələndirir və maliyyələşdirir. Təhsil və Tədqiqat üzrə Dövlət Katibliyi Avropanın bir sıra ali təhsil müəssisələrində diplomdansonrakı təhsil üzrə qrantların verilməsi və idarə olunmasına da cavabdehlik daşıyır. İstedadlı tələbələrin təhsillərini İsveçrənin ali təhsil müəssisələrində davam etdirmələrinə yardım edən Axille İsella Fondu da Təhsil və Tədqiqat üzrə Dövlət Katibliyinə tabedir.

 

Elmi-tədqiqatlar

 

İsveçrə təhsil, elm və texnologiya sahəsində nail olduğu yüksək uğurları ilə beynəlxalq səviyyədə tanınır. Ölkənin beynəlxalq rəqabətliliyi elmi-tədqiqatlara ayrılan irihəcmli investisiya vəsaitlərinə əsaslanır. Elmi-tədqiqatlara xərclənən vəsaitin üçdə iki hissəsindən çoxu özəl sektorun, o cümlədən kimya, əczaçılıq, elektronika və metallurgiya sahəsinin payına düşür. Milli Elm Fondu, İsveçrə Konfederasiyasının İnnovasiyaya Yardım Fondu tədqiqat və inkişafın təşviqinə töhfələr verən aparıcı qurumlardandır.

 

Beynəlxalq əməkdaşlıq

 

İsveçrənin beynəlxalq əməkdaşlıq proqramlarına qoşulması 1953-cü ildə Cenevrə şəhərində Avropa Nüvə Tədqiqatı Təşkilatının təsis olunmasına ölkənin verdiyi dəstək ilə daha geniş vüsət alıb. Ölkənin təhsil, tədqiqat və innovasiya sahəsində beynəlxalq əməkdaşlıq fəaliyyətində Avropa Tədqiqat və Texnologiya Zonasının, Avropa Təhsil Zonasının inkişafında iştirakı, İsveç İnformasiya Şəbəkəsinin hazırlanması, Avropa İttifaqının Tədqiqat üzrə çərçivə proqramlarına cəlb olunması, Avropa Kosmik Agentliyi, Avropa Atom Fizikası Laboratoriyası, Avropa Atom Enerji Birliyi, Avropa Cənub Rəsədxanası, Avropa Molekulyar Biologiya Laboratoriyası, Avropa Şurası, Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı və YUNESKO ilə səmərəli əlaqələr xüsusi yer tutur.

 

Təhsilin idarə olunması

 

İsveçrədə federal təhsil naziri vəzifəsi yoxdur. Daxili İşlər üzrə Dövlət Departamenti nəzdində fəaliyyət göstərən Təhsil və Tədqiqat üzrə Dövlət Katibliyi federal hökumətin təhsil üzrə ixtisaslaşmış qurumudur.

Təhsil və Tədqiqat üzrə Dövlət Katibliyində 100 nəfər işçi çalışır. İllik büdcəsi təxminən 2,3 milyard İsveçrə frankı təşkil edən Təhsil və Tədqiqat üzrə Dövlət Katibliyi İsveçrənin elm, tədqiqat, universitet və kosmos sahəsində strategiyasının hazırlanmasına və icrasına cavabdehdir. Katiblik həmçinin Federal Administrasiya daxilində müvafiq sahələr üzrə koordinasiya işini həyata keçirir və dairələrlə əməkdaşlığı təmin edir.

Konfederasiya, dairə və bələdiyyə qurumları təhsil sisteminin müvafiq sahələrinə cavabdehlik daşıyırlar. Konstitusiyaya əsasən məktəbəqədər və icbari təhsilin idarə olunması dairələrə həvalə olunub. Bu təhsil pillələrində maliyyələşmənin böyük qismi dairələrin üzərinə düşür. Hər bir dairədə təhsil sahəsinə məsul olan vəzifəli şəxs fəaliyyət göstərir.

Dairələr bütün uşaqların icbari təhsil almasını təmin etməlidir. Bu vəzifə bələdiyyələrlə əməkdaşlıq şəraitində həyata keçirilir.

Orta təhsilin 2-ci səviyyəsi isə konfederasiya və dairələr tərəfindən birgə idarə olunur. Peşə təhsili və təlimi üzrə səlahiyyət, əsasən konfederasiyaya məxsusdur. Konfederasiya  dairələr və peşə təhsili müəssisələri ilə əməkdaşlıq etməklə bütün peşələr üzrə hüquqi normaları tənzimləyir. Dairələr isə peşə məktəblərində peşə təhsilinin təşkilinə cavabdehdir. Dairələr, həmçinin matura məktəblərində və ümumi təhsil institutlarında təhsilin təşkilinə cavabdehdir. Tələblərə uyğun olduğu halda bu müəssisələrin verdiyi diplomlar konfederasiya tərəfindən tanınır. Ali və orta ixtisas təhsili müəssisələrinin fəaliyyətinin tənzimlənməsində də konfederasiya və dairələr birgə iştirak edir.

Təhsil, tədqiqat və innovasiya İsveçrənin sosial inkişafı və tərəqqisinin əsasını təşkil edir. Buna görə federal büdcədən bu sahəyə böyük məbləğdə vəsait ayrılır. İsveçrə Federal Məclisi 2008-2011-ci illər üzrə təhsilin, tədqiqatın və innovasiyanın inkişaf etdirilməsinə 20,110 milyard frank vəsaitin ayrılmasına dair qərar çıxarıb. Avropa İttifaqı çərçivəsində tədqiqat sahəsində əməkdaşlıq üzrə ayrılmış vəsaiti də nəzərə alsaq, 2008-2011-ci illər üzrə təhsil, tədqiqat və innovasiya sektoru üçün federal xərclərin miqdarı ümumilikdə 21,310 milyard frank təşkil edir.

 

 

Hazırladılar: Bəşarət MƏMMƏDOV,

 

Ramil HÜSEYNOV

 

Yazının hazırlanmasında İsveçrə Konfederasiyasının Təhsil və Tədqiqat üzrə Dövlət Katibliyinin rəsmi materiallarından istifadə olunub.

 

Azərbaycan müəllimi.- 2011.- 10 iyun.- S.8-9.