Mustafa Zəkəriyyə oğlu Quliyev

 

Mustafa Zəkəriyyə oğlu Quliyev 1893-cü ildə Nuxa (indiki Şəki) şəhərində anadan olub.

1913-cü ildə Tiflis gimnaziyasını bitirib. Sonra Kiyev Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub. 1918-ci ildə Kiyevdə bolşevik partiyası sıralarına qoşulub, çox keçmədən RK(b)P Kiyev Komitəsi müsəlman bölməsinin sədri seçilib. 1919-cu ildə Bakıya gəldikdən sonra gizli siyasi fəaliyyət göstərib, RK(b)P-nin XI qurultayında (1922) Leninlə görüşüb.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra o, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə, Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinə, Azərbaycan K(b)P MK-ya, Bakı Komitəsinə üzv seçilib.

 

Mustafa Quliyev bir müddət Lənkəranda qəza inqilab komitəsinin sədri (1920), Azərbaycan Kommunist (bolşevik) Partiyası Qaraşəhər rayon komitəsinin katibi (1921-1922) vəzifələrində çalışıb.

Moskvada Kommunist Akademiyasını bitirən Mustafa Quliyev Qarayazı MTS siyasi şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Sonralar Qazaxıstanın Çimkənd Şəhər Partiya Komitəsinin katibi, Odessa Vilayət Partiya Komitəsinin şöbə müdiri olub.

1923-1926-cı illərdə "Maarif mədəniyyət", 1929-1932-ci illərdə "İnqilab mədəniyyət" jurnalının məsul redaktoru vəzifəsində fəaliyyət göstərib. Bir sıra elmi-publisistik əsərlər yazıb.

1922-1927-ci illərdə Azərbaycanın xalq maarifi komissarı vəzifəsində çalışıb. O, "Maarif mədəniyyət" jurnalında nəşr olunmuş məqaləsində (¹3, 1923) yazırdı: "Hazırda hökumətimiz öz varidatının yarısını maarif işinə xərc edirE".

1920-ci illərdə XMK-nın qarşısında bir sıra mühüm vəzifələr dururdu. Bunlardan ən mühümü ibtidai məktəblər açmaq savadlı müəllimlər yetişdirmək idi. Çünki 1922-ci ildə məktəbyaşlı uşaqların yalnız 27 faizi (80814 nəfər) məktəbə cəlb edilmişdi. Məktəbyaşlı qızların isə 10 faizi məktəbdə oxuyurdu. Bunun əsas səbəbi lazımi ibtidai məktəblərin yalnız altıda birinin mövcud olması idi.

Mustafa Quliyev "Müəllimlərin hazırlığı" məqaləsində ("Maarif mədəniyyət" jurnalı, 1923, ¹10, səh.3) göstərirdi ki, Azərbaycanda 1100 məktəbdə 1450 azərbaycanlı müəllim var. Bunlardan 73 nəfəri ibtidai təhsilə, 320-si orta təhsilə, 50 nəfəri isə ali təhsilə malikdir. Məhz bu çatışmazlığı aradan qaldırmaq məqsədilə 1923-cü ildə Mustafa Quliyevin səyi nəticəsində müəllim hazırlayan 9 tədris müəssisəsi (texnikum və institut) açılıb.

1925-ci ildə Azərbaycan sovet müəllimlərinin I qurultayı çağırılıb. Həmin qurultayda Mustafa Quliyev xalq maarifi sahəsindəki müvəffəqiyyətlər və qarşıda duran vəzifələr haqqında məruzə edib.

1925-ci ildə 1376 məktəbdə 140334 şagird təhsil alırdı. 13 pedaqoji məktəbdə 1816, iki ali pedaqoji məktəbdə 4529 tələbə müəllimlik ixtisasına yiyələnirdi.

1925-ci ildə 320 yeni məktəb binası tikilib. Bu dövrün mühüm xarakterik xüsusiyyətlərindən biri də müəllimlərin savadsızlığın ləğvində müştərək yardım komitələrində, kooperativlərdə, qırmızı əsgər dərnəklərində və müxtəlif ictimai işlərdə fəal iştirak etmələridir. Xalq maarifi komissarı Mustafa Quliyev bu məsələlərdən bəhs edərək yazırdı: "Müəllimlərin vəzifəsi, təbiidir ki, bundan sonra rəsmi tədris hüdudundan, məktəb dairəsindən xaricə çıxır; müəllim məmləkətin ictimai və iqtisadi həyat məsələləri ilə maraqlanmalı və xüsusən yaşadığı rayonun haqqında daima xəbərdar olmalıdır".

1922-1927-ci illərdə maarif sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilib. 1923-cü ildə Vahid əmək məktəbinin əsasnaməsi təsdiq edilib, tədris planı və proqramları, yeni dərsliklər yazılıb. 1924-cü ildə fəhlə fakültələri haqqında əsasnamə hazırlanıb, 1925-ci ildən ümumi ibtidai icbari təhsilə keçilib. 1926-cı ildən məktəblər yeni proqramlara keçib, 1927-ci ildə savadsızlıqla mübarizə geniş vüsət alıb, məktəblərin sayı 1478-ə çatıb.

Mustafa Quliyev həm də bir ədəbiyyatşünas kimi ədəbi tənqidimizin inkişafında müəyyən yer tutur. Onun Mirzə Fətəli Axundov, Hüseyn Cavid, Cəfər Cabbarlı və başqaları barədə ədəbi-tənqidi məqalələri vardır. "Mədəni inqilab və İslam", "Türk qadınının yolu" və digər əsərləri dövrünün aktual problemlərindən bəhs edir. Firudin bəy Köçərli, Hüseyn Əfəndi Qayıbov kimi görkəmli şəxsiyyətlərin ədəbiyyat tariximizlə bağlı əlyazmalarının 1920-ci illərdə nəşr olunmasında bir maarif komissarı kimi onun rolu danılmazdır.

Mustafa Quliyev repressiyaya məruz qalıb, 1938-ci ildə vəfat edib.

  

 

 Azərbaycan müəllimi.- 2011.- 10 iyun.- S.7.