Məktəblilər Milli Qəhrəman Mübariz İbrahimovu yad edirlər

 

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun  Biləsuvar rayonunun Əliabad kəndində vaxtilə böyüyüb boya-başa çatdığı ev və təhsil aldığı şəhid Malik Piriyev adına tam orta məktəb ziyarətgaha çevrilib. Bu gün də bura- Milli Qəhrəmanı yad etməyə gələnlərin ardı-arası kəsilmir.

Elə bu günlər İsmayıllı şəhərindəki şəhid Ağahüseyn Aslanov adına 2 nömrəli tam orta məktəbin bir qrup müəllim və şagirdi Mübariz İbrahimovun vaxtı ilə təhsil aldığı məktəbə gəlib, Milli Qəhrəmanın həyat yolunu əks etdirən guşə ilə tanış olub, burada şəkillər çəkdirib və xatirə kitabına ürək sözlərini yazıblar.  Görüşdə çıxış edən məktəbin direktoru Ramil Dadaşov şəhid ruhu qarşısında hər birimizin borclu olduğunu və hər bir gəncin vətənpərvərlik ruhunda böyüməsi üçün Mübariz məktəbindən bəhrələnməsinin vacib olduğunu diqqətə çatdırıb. Sonra sözügedən məktəbin müəllimi Sədaqət İsazadə Milli Qəhrəmana həsr etdiyi şeirini söyləyib. Həmin məktəbin müəllimlərindən Xatirə Orucova, Əli Əliyev, Qarabağ müharibəsi veteranları İsa Musayev və Əlisahib Əzizov  Mübariz İbrahimovun təhsil aldığı məktəbin müəllim kollektivinə belə igid oğul tərbiyə etdiklərinə görə dərin minnətdarlıqlarını bildiriblər.

Əliabad kənd orta məktəbinin direktoru Bəsirə Rüstəmova və tədris işləri üzrə direktor müavini Böyükbəy Quliyev Milli Qəhrəman Mübariz İbrahimovun  təhsil illəri haqqında  tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

Elə həmin gün qonaqlar Milli Qəhrəman Mübariz İbrahimovun yaşadığı evi də ziyarət edib, burada xatirə şəkilləri çəkdiriblər.

 

***

 

Cəlilabad rayonundakı 1 nömrəli tam orta məktəbin bir qrup şagirdi də Milli Qəhrəman Mübariz İbrahimovun vaxtı ilə yaşadığı evdə olub, valideynləri ilə görüşüb. Milli Qəhrəmanın atası Ağakərim kişi ilə, anası Şamama xala ilə xatirə şəkilləri çəkdiriblər. Azərbaycan dili və ədəbiyyat müəllimi Gülafət Əsgərova təmsil olunduğu məktəbin şagird və pedaqoji kollektivi adından çıxış edərək belə oğul böyütdükləri üçün Milli Qəhrəmanın valideynlərinə minnətdarlığını bildirib, Azərbaycanın Mübariz oğlu ilə fəxr edirik, deyib.

 

 

ƏDALƏT

 

Azərbaycan müəllimi.- 2011.- 10 iyun.- S.16.