Sərgidə nümayiş olunan sənət nümunələri maraqla qarşılanıb

 

Naxçıvan Dövlət Universitetində "Təsviri incəsənət müəllimliyi" ixtisası üzrə IV kurs tələbəsi Əzizə Dünyamalıyevanın dekorativ-tətbiqi sənət əsərlərindən ibarət sərgisi keçirilmişdir. Sərginin açılışında çıxış edən rektor, akademik İsa Həbibbəyli Azərbaycanda incəsənətin, xüsusilə də xalq sənətinin inkişafı istiqamətində qazanılan uğurlardan danışmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun "Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında" 7 fevral 2009-cu il tarixli sərəncamı ilə bu sahəyə diqqətin artırılması, gənc istedadların xalq sənətinə güclü maraq göstərməsi, müasir və orijinal sənət nümunələrinin yaranması haqqında danışmışdır.

Xalq rəssamı Hüseynqulu Əliyev, Naxçıvan MR Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyeva, Sənubər Hüseynova çıxış edərək tarixi köklərə və zəngin ənənələrə malik Azərbaycan dekorativ-tətbiqi sənətinin müasir inkişaf səviyyəsindən, muxtar respublikada gedən bədii yaradıcılıq proseslərindən, istedadlı gənclərin sənətkarlıq baxımından kamilləşməsində, onların sənət meyarlarına cavab verən əsərlərinin təbliğində Naxçıvan Dövlət Universitetinin rolundan danışmışlar. Çıxış edənlər  Əzizənin artıq peşəkar sənətkar kimi formalaşmaqda olduğunu qeyd edərək onu sərgi münasibətilə təbrik etmiş, yeni yaradıcılıq uğurları arzulamışlar.

Sərginin müəllifi Əzizə Dünyamalıyeva gənc istedadlara göstərilən yüksək diqqət və qayğıya, sərginin təşkilinə görə minnətdarlığını bildirmişdir. Gənc sənətkar dekorativ-tətbiqi sənətə olan marağı, sərgilənən əsərlər haqqında məlumat vermişdir.

Sonra sərgiyə baxış olmuşdur. Sərgidə kompozisiya, natürmort, mənzərə janrlarında olan ekibanolar, bədii şüşələr, vitraj tipli əsərlər və digər dekorativ-tətbiqi sənət nümunələri xüsusi maraq doğurmuşdur.

 

 

M.SULTAN

 

Azərbaycan müəllimi.- 2011.- 10 iyun.- S.5.