Ömrün ən
xoş növrağı, tələbəlik illəri...
İnsan həyatında xatirəsi, işığı bir ömrə bərabər elə unudulmaz illər, günlər olur ki, həyatının sonuna qədər bu şirin xatirələrin işığına sığınmaq, istisinə qızınmaq sənə bəs edir, yenidən bir ömür yaşamaq qədər zövq verir. Xatirəsinə daldıqca ömrünü təravətləndirir, rövnəqləndirir, qüruba üz tutan həyat günəşini yenidən şölələndirir. Ömrün ən qayğısız, unudulmaz tələbəlik illəridir bu illər... Gəncliyin şah damarı, nəbzi tələbəlik illəri... Ən şən, bəxtəvər, bəzən də nisgilli, aşkar-gizli sevdaların şahidi tələbəlik illəri... Ömür pilləsində məramını, mənliyini, qətiyyətini, varlığını bərqərar edən tələbəlik illəri... Həyat, bilik "əla!"larını qətrə-qətrə, damla-damla qazandıran, mübarizlik, prinsipiallıq aşılayan tələbəlik illəri... Həyatın pusquda durmuş keşməkeşlərindən, dolanbac yollarından, mürəkkəb sınaqlarından bixəbər tələbəlik illəri... Bir vaxt həyat idealına çevrilmiş, sonra isə pərvazlana-pərvazlana səni də özü ilə zirvədən-zirvəyə uçuran yel qanadlı illər - tələbəlik illəri... Bu da finiş... Sevincli, kədərli, ayrılıq, nisgil, fərəh dolu məzun günü... Xoş müjdəli sabahların qoynuna ümid, arzu yelkəni açan məzun günü...
Naxçıvan Dövlət Universitetində keçirilən məzun günü də kövrək, sevinc və qürur, nostalji hisslər dolu bir gün oldu. Universiteti bitirən türk tələbələrlə birgə təşkil olunan builki məzun günü universitetdə ilk məzun gününün keçirilməsinin 40 illik yubileyi ilə də əlamətdar idi.
"Duzdağ" otelində gerçəkləşdirilən tədbirdə müəllimli-tələbəli əsl bayram izdihamı yaşandı. Məzunlar böyük məmnuniyyətlə onların yaddaşlarında mənəvi qayğısı, hərtərəfli dəstəyi, şəxsi nümunəsi ilə həmişəlik yaşayacaq rektor, akademik İsa Həbibbəylinin ürək sözlərini, xeyir-duasını dinləmək istədilər. Rektor Azərbaycan xalqının gələcək inkişafı, milli mənəvi tərəqqisi üçün elmin, təhsilin müstəsna rolundan danışdı. Naxçıvan Dövlət Universitetinin Azərbaycan ali təhsil sistemində öncül yerlərdən birini tutmasından, dünya təhsil sisteminə uğurla inteqrasiyasından, regionu yüksək ixtisaslı mütəxəssis kadrlarla təmin etməsindən bəhs olundu. 1967-ci ildə 3 nəfər müəllim, 105 tələbə ilə fəaliyyətə başlayan, 40 il öncə, 1971-ci ildə ilk buraxılışı 80 nəfər olan universitet ötən illər ərzində böyük inkişaf yolu keçmiş, maddi-texniki baza, beynəlxalq əlaqələrin inkişafı, elmin, tədrisin tərəqqisi istiqamətində böyük nailiyyətlər əldə edilmişdir. Qeyd olundu ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə 1992-ci ildə universitetə ilk dəfə türk tələbələri qəbul olmuş, 1997-ci ildən bu ilə kimi 803 türk tələbə buranın məzunu olmuşdur ki, onlar bu gün ABŞ, Kanada, İndoneziya, Əfqanıstan və digər ölkələrdə uğurla çalışırlar. Rektor bu il 841 bakalavr, 85 magistr tələbənin universiteti bitirdiyini, məzunlar arasında 81 türk tələbənin də olduğunu xatırlatdı. Rektor, akademik İsa Həbibbəyli məzunları bir daha ürəkdən təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı, xalqımızın, təhsil aldıqları ali məktəbin, sevimli müəllim və valideynlərinin etimadını layiqincə doğruldacaqlarına əminliyini bildirdi.
Türkiyə Cümhuriyyətinin Naxçıvan Muxtar Resrublikasındakı baş konsulu Ayhan Enginar çıxış edərək məzunları təbrik etdi, Naxçıvan Dövlət Universiteti ilə Türkiyə universitetlərinin əlaqələrini, burada azərbaycanlı və türk tələbələrin birgə hazırladıqları kütləvi tədbirləri iki qardaş xalqın həmrəyliyinin, mütəşəkkilliyinin bariz nümunəsi kimi qiymətləndirdi. Baş konsul məzunlara burada qazandıqları elm və bilikləri, mənəvi dəyərləri daha da zənginləşdirməyi, gələcək nəsillərin formalaşmasında, ictimai-siyasi həyatda və elmi mühitdə fəal iştirak etməyi arzuladı.
Çıxış edən məzunlar bu illər ərzində universitet rəhbərliyi, əziz müəllimləri tərəfindən gördükləri qayğıya görə minnətdarlıqlarını bildirdilər, onlara layiq hərtərəfli şəxsiyyət, vətənpərvər ziyalı, fəal ictimaiyyətçi olacaqlarını söylədilər.
Rektor elm və təhsildə, ictimai işlərdə xüsusi fəallıq göstərən məzunları Fəxri fərmanla təltif edərək onları şəxsən təbrik etdi. Məzun gününün təşkilatçıları olan türk məzunlara - Cafer Tayyar Özoğula, Ahmet Demirkola, Tekin Karadumana, Adem Yıldıza xüsusi təşəkkürünü bildirdi.
Sonra məzunların bayram şənliyi başladı. Bir-birini əvəz edən şux, oynaq rəqslər, rəngarəng musiqi nömrələri, əyləncələr tədbirə əsl bayram ovqatı bəxş etdi. Tələbələr intellektli, qabiliyyətli, vətənpərvər gənc kimi müstəqil fəaliyyət meydanına atılmalarını bayram etdikləri kimi, qarşıdakı ayrılığı unutmağa çalışdılar. Beləcə, ali məktəb bir vaxtlar nəvazişlə doğma ağuşuna aldığı bu gəncləri də həyatın qoynuna pərvazlandırdı.
Mehriban SULTAN
Azərbaycan müəllimi.- 2011.- 10
iyun.- S.5.