"Zəngilanın idman həyatı"

 

 Yazıçı-jurnalist Akif Kərimlinin bu yaxınlarda çapdan çıxmış "Zəngilanın idman həyatı" (I hissə) kitabı əsl vətənpərvərlik hissi, vətəndaşlıq borcu, vətəndaşlıq məsuliyyətini dərindən dərketmə əsasında meydana gəlib. Müəllifin gərgin əməyinin, yuxusuz gecələrinin, inadlı axtarışlarının sayəsində araya-ərsəyə gələn bu kitabı Zəngilan rayonunun 1941-2010-cu illərdə mətbuatda gedən idmana aid yazılar, rayonun idman şərəfini qoruyan idmançılardan, yeniyetmə gəncləri, uşaqları müntəzəm surətdə idmana cəlb edən fiziki tərbiyə müəllimlərindən və digər xəbərlərdən bəhs edilir.

Kitab ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəkilləri və idman haqqında müxtəlif vaxtlarda söylədikləri dəyərli fikirləri ilə açılır.

Müəllifin 500 səhifəlik nəfis şəkildə tərtib edilmiş bu qiymətli kitabına isə ön sözü yazıçı-publisist, Milli Məclisin deputatı İmamverdi İsmayılov yazıb.

A.Kərimlinin bu kitabını vərəqlədikcə müxtəlif illərdə yazdığı yazılarla və onun haqqında yazılmış məqalələrlə tanış oluruq. Öyrənirik ki, onun ilk yazısı 1975-ci ildə rayonlarında çıxan "Kənd həyatı" qəzetində dərc edilib. Eyni zamanda müxtəlif qəzetlərə yazdığı irili-xırdalı məqalələri ilə bədən tərbiyəsi və idmanın fəal təbliğatçısı olub. O, təkcə idmanın fəal təbliğatçısı olaraq qalmayıb, həm də futbol üzrə "Respublika dərəcəli hakim" və "Azərbaycanın fəxri bədən tərbiyəsi və idman işçisi" adına layiq görülüb. "Zəngilan şəhidləri" adlı fotoplakatın, "Zəngilan şəhidləri", "İşğal", "Vətən sizi unutmaz", "Soraq verin", "Zəngəzurun qeyrət qalası - Nüvədi", "Şəxsi igidlik", "Yarımçıq qalmış ömür", "Vətən igid oğullarımızı yaşadacaq" və "10 dekabr 1992-ci il faciəsi" adlı kitabların müəllifidir. Akif Kərimlini oxucularla görüşə gəldiyi onuncu - "Zəngilanın idman həyatı" kitabı kimi əvvəlki əsərlərini də yazmağa heç kim məcbur etməyib. O, bu müqəddəs işdə heç bir qazanc, heç bir mənfəət də güdməyib. Onun qazancı yalnız mənəvi rahatlığı olub. Əsl vətənpərvərlik də, vətəndaşlıq da budur. Bu yolda Akif Kərimliyə yeni-yeni uğurlar diləyir, həsrətlə gözlədiyi doğma Zəngilanın da erməni işğalından tezliklə azad olmasını arzulayırıq.

 

 

Ədalət DAŞDƏMİRLİ

 

Azərbaycan müəllimi.- 2011.- 10 iyun.- S.14.