Şeffild
Universiteti
Yerləşir: Böyük Britaniya, İngiltərə, Şeffild şəhəri
Yaranma tarixi: 1897-ci il
Tipi:
Dövlət
İşçi heyəti: 5533 nəfər
Tələbələrin ümumi
sayı: 24916 nəfər
İllik gəlirləri: 408610000 funt-sterlinq
İllik xərcləri: 388929000 funt-sterlinq
Rəsmi saytı: www.sheffield.ac.uk
Şeffild Universiteti (
Böyük Britaniyanın "Times
Higher Education Supplement - QS World Universities Rankings"
jurnalının 2009-cu ildə apardığı dünya
universitetlərinin reytinqinə əsasən, Şeffild
Universiteti 100 ən yaxşı ali məktəb arasında
82-ci yerdə olub. "Times Higher Education World University
Rankings"in 2010-cu il üzrə dünyanın ən
nüfuzlu universitetləri arasında apardığı
araşdırmaya əsasən, Şeffild Universiteti 137-ci,
"QS World University Rankings"in açıqlamasına
görə isə 69-cu yerdə qərarlaşıb.
Şeffild
Universiteti Russell, N8 qruplarının, Avropa Universitetləri
Assosiasiyasının, Dünya Universitetləri Şəbəkəsinin
və Ağ Qızılgül Universitetləri Konsorsiumunun
üzvüdür.
Tarixi
Şeffild
Universiteti üç kollecin birləşdirilməsi nəticəsində
yaranıb. 1879-cu ildə Şeffild şəhərində
ingilis xeyriyyəçisi Mark Fertin yardımı nəticəsində
humanitar və dəqiq elmlər tədris ediləcək Fert
Kolleci, 1828-ci ildə isə Şeffild Tibb Məktəbi
yaradılır. Fert Kollecinin maliyyə dəstəyi nəticəsində
1884-cü ildə tətbiqi elmlərin tədris edildiyi
Şeffild Texnikumu fəaliyyətə başlayır. 1897-ci
ildə bu üç təhsil müəssisəsi birləşdirilərək
Şeffild Universitet Kolleci yaradılır. 1905-ci ildə ali məktəbin
adı dəyişdirilərək Şeffild Universiteti olur.
1909-cu ildə Şeffild Universitetinin Edqard Allen kitabxanası
açılır. Həmin dövrdə universitetdə cəmi
114 tələbə təhsil alırdı. 1919-cu ildə hərbi
qulluqçuların geri dönməsi nəticəsində
universitet tələbələrinin sayı sürətlə
artaraq 1000-i keçir.
İlk
vaxtlar universitet zəif inkişaf etsə də, 1950-1960-cı
illərdə ali məktəb sürətlə irəliləməyə
başlayır. Həmin dövrlərdə Şeffild
Universiteti tələbələrinin sayı getdikcə
artır, yeni alimlər cəlb edilir, binalar tikilir, geniş tədqiqatlar
aparılır.
1995-ci ildə
universitetin Tibb, stomatologiya və səhiyyə fakültəsində
Tibb bacısı və Mamalıq Məktəbi
açılır, Uinter küçəsindəki Sent Corc xəstəxanası
genişləndirilir, Nortern ümumi hospitalının yeni
binası istifadəyə verilir. 1997-ci ildə Şeffild
Universiteti əcnəbi tələbələrin buraya cəlb
edilməsi ilə bağlı layihələr həyata
keçirir. 2000-ci illərdə Şeffild Universitetinin tələbələrinin
sayı sürətlə artaraq 20000-i ötür, ali məktəbdə
milyonlarla funt-sterlinq dəyərində tikinti-quruculuq və tədqiqat
proqramları həyata keçirilir.
Büdcəsi və təhsil
haqqı
2009-2010-cu tədris ilində
Şeffild Universitetinin illik gəlirləri 408610000 funt-sterlinq
olub. Həmin vəsaitin 125775000-i maliyyə şurası
qrantları, 126822000-i təhsil haqqı və təhsil
sazişləri, 98748000-i tədqiqat qrant və sazişləri,
habelə digər vasitələr hesabına əldə olunan
gəlirlər təşkil edib. Bu tədris ilində ali məktəbin
ümumi xərcləri 388929000 funt-sterlinq olub. Göstərilən
məbləğin 218186000-i əməkdaşların əməkhaqqı,
32128000-i amortizasiya, qalanlarını isə digər əməliyyat
xərcləri təşkil edib.
2010-2011-ci
tədris ilində Şeffild Universitetində yerli və Avropa
Şurası ölkələrini təmsil edən tələbələrin
bakalavr səviyyəsində təhsil haqqı 3000 funt-sterlinq
təşkil edib. 2011-2012-ci tədris ilində həmin məbləğin
6000-9000 funt-sterlinqə qədər qaldırılması nəzərdə
tutulur. Təhsil haqqının qaldırılması yalnız
yerli və Avropa Şurası ölkələrini təmsil edən
tələbələr üçün nəzərdə
tutulub. 2011-2012-ci tədris ilində universitetdə bakalavr səviyyəsi
üzrə oxuyan əcnəbi tələbələrin təhsil
haqqı İncəsənət və İctimai elmlər
fakültələrində 11490-13330, Saf elmlər fakültəsində
13330-15100, Mühəndislik və Tibb fakültələrində
15100-27290 funt-sterlinq olacaq. Həmin tədris ilində
magistratura və doktorantura səviyyələri üzrə
oxuyan tələbələrin təhsil haqqı yerli tələbələr
üçün 3732-18732 (Tibb fakültəsində), əcnəbi
tələbələr üçün isə 11490-42290 (Tibb
fakültəsində) funt-sterlinq arasında dəyişir.
Universitet bu gün
Şeffild
Universitetinin binaları bir-birinə yaxın ərazidə yerləşsə
də, universitetin əsas kampusu yoxdur. Şeffild şəhərinin
mərkəzindən qərbdə bütövlüklə
universitetə məxsus binalar mövcuddur. Bu rayonda universitetin
Tələbə təşkilatı, Oktaqon mərkəzi, Fert
məhkəməsi, Coğrafiya və Planlaşdırma müəssisəsi,
Dəqiq elmlər bölməsi və kiçik muzeylərin
olduğu Alfred Denni binası, Deyton və Riçard Roberts
tikilisi, riyaziyyat və fizika elmlərinin yerləşdiyi Hiks
binası vardır. Universitetin kitabxanaları və İncəsənət
qülləsi də həmin ərazidədir. Burada son illərdə
tikilmiş binalardan İnformasiya fondunu (2007), Saundhaus
binasını (2008), Cessop Qərbi binasını (2009) qeyd etmək
olar. Eyni zamanda 2010-cu ildə universitetin Qərbi Bank
kitabxanası, Şeffild Tələbə təşkilatı
binası, İncəsənət qülləsi yenidən əsaslı
təmir edilib.
Şeffild
Universitetinin əsas binalarının yerləşdiyi ərazidən
şərqdə universitetin Sent Corc kilsəsinin adına
uyğun olaraq Sent Corc kampusu yerləşir. Kampus Mappin
küçəsindədir və burada universitetin Mühəndislik
fakültəsi, İdarəetmə Məktəbi və Kompüter
elmləri departamenti, Törner Şüşə muzeyi,
viktorian üslubda tikilmiş qədim Cessop qadın xəstəxanası
mövcuddur. Kampusa yaxın ərazidə kral Eduardın
dövründə tikilmiş binalar, Sent Corc kilsəsi və
kilsəyə aid torpaq sahələri yerləşir.
Daha qərbə
doğru universitetin Ueston parkı, Ueston Park muzeyi, Harold Kantor
qalereyası, Krukesmur ərazisində idman kompleksləri,
Hallamşir Kral xəstəxanasının
yaxınlığında Tibb, stomatologiya və səhiyyə
fakültəsi yerləşir. 2010-cu ilin noyabrında bu ərazidə
kraliça II Yelizavetanın təşəbbüsü ilə
Şeffild Mütərəqqi (İrəliləyən)
Neyroelmlər İnstitutu istifadəyə verilib. Uotna-Dirn,
Roterhem və Bernsli əraziləri arasında universitetin
Manvers kampusu yerləşir.
Şeffild
Universitetində 5 fakültə, 50 departament, 82 institut və
elmi-tədqiqat müəssisəsi fəaliyyət göstərir.
Eyni zamanda Yunanıstanın Saloniki şəhərində
Şeffild Universitetinin Beynəlxalq fakültəsi
mövcuddur.
İncəsənət və humanitar
elmlər fakültəsi Arxeologiya, Bibliya elmləri, Fransız, Alman, İspan, Rus
və Slavyan tədqiqatları, Tarix, Musiqi, Fəlsəfə
departamentlərindən, İngilis dili Məktəbindən,
Müasir Dillərin Öyrənilməsi Mərkəzindən
ibarətdir.
Mühəndislik fakültəsinə Aerokosmik sənaye, Avtomatik nəzarət
və sistemlər mühəndisliyi, Kimya və biologiya mühəndisliyi,
Vətəndaş və quruculuq mühəndisliyi, Kompüter
elmləri, Elektronika, Elektronika və elektrik mühəndisliyi,
Texniki materiallar, Maşınqayırma departamentləri daxildir.
Saf elmlər fakültəsinə Heyvan və bitki aləmi
elmləri, Riyaziyyat və statistika, Tibbi biologiya elmləri,
Kimya, Molekulyar biologiya və biotexnologiya, Fizika və astronomiya,
Psixologiya departamentləri aiddir.
İctimai elmlər fakültəsi Memarlıq, Şərqi Asiya
tədqiqatları, İqtisadiyyat, Təhsil tədqiqatları,
Coğrafiya, Jurnalistika, Peyzaj, Hüquq, Siyasət, Sosioloji tədqiqatlar,
Şəhər və regional planlaşdırma departamentlərindən,
İnformasiya, Menecment məktəblərindən ibarətdir.
Tibb, stomatologiya və səhiyyə
fakültəsində Ürək-damar elmləri, İnsan kommunikasiyası elmləri,
İnsan metabolizmi, İnfeksiya və immunitet, Nevrologiya,
Onkologiya departamentləri, Stomatologiya, Tibb, Tibb bacısı və
Mamalıq, Səhiyyə və Əlaqəli Problemlər məktəbləri
mövcuddur.
Yunanıstanın
Saloniki şəhərindəki Siti Kollecdə fəaliyyət
göstərən universitetin Beynəlxalq
fakültəsi Biznes administrasiyası və iqtisadiyyat,
Kompüter elmləri, Psixologiya, Humanitar və sosial elmlər
departamentlərindən, İcraedici Təhsil Mərkəzindən
ibarətdir.
Şeffild
Universiteti zəngin kitabxana sisteminə malikdir. Universitetin
kitabxana sisteminə bütün kampuslarda yerləşən 5
müxtəlif kitabxana daxildir. Kitabxanalarda yer
qıtlığı yaşandığı üçün
yeni kitablar gətirildikdə köhnə kitablar Qərbi Bank
kitabxanasının mağazasında yerləşdirilir.
Kitabxanalarda ümumilikdə 1300000 kitab və digər
çaplı nəşr saxlanılır. Burada minlərlə
qəzet, jurnal, sənəd, mikrofilm, biblioqrafik verilənlər
bazası və elektron resurs mövcuddur. 1850-ci ilədək
çap edilmiş kitablar kitabxananın Xüsusi kolleksiyalar
bölməsində qorunur. Bu bölmədə 500 il əvvələ
aid çaplı materiallar, əlyazmalar mövcuddur. Müəllim
və tələbələr həmin materiallarla bölmədən
müvafiq razılıq aldıqdan sonra
Şeffild
Universiteti bir neçə orqan tərəfindən idarə
olunur. Həmin orqanlara İcraçılar Şurası,
Universitet məhkəməsi, Şura və Senat daxildir.
İcraçılar Şurasının üzvləri
vitse-kansler, 5 pro-vitse-kansler, 3 institusional pro-vitse-kansler (Tədqiqat
və innovasiya, Təhsil və tədris, Xarici əlaqələr
üzrə), qeydiyyatçı və katib, maliyyə üzrə
direktor, insan resursları (əməkdaşlar) üzrə
direktor, elmi katibdir. Universitet məhkəməsi universitet və
cəmiyyət arasındakı əlaqələri tənzimləyən
böyük orqandır və ruhani olmayan şəxslərdən
ibarətdir. Məhkəmənin üzvləri Şeffild şəhərindən
olan deputatlar, yepiskoplar, eləcə də Cənubi Yorkşir
polis xidmətinin əsas konsteblləridir (İngiltərə
və ABŞ-da aşağı polis rütbəsi). Məhkəmə
həmçinin İncəsənət Şurası, Kral cəmiyyəti,
Baş Tibbi Şuradan ibarətdir. Şura universitetin maliyyə
və mülkiyyət işlərinə nəzarət edir.
Universitetin
Senatı ali məktəbin akademik işləri ilə məşğuldur.
Bu, universitetin ən nüfuzlu elmi orqanıdır və
senatın üzvləri vitse-kansler, 3 institusional və 5
fakültə pro-vitse-kanslerləri, fakültə dekanları
və əməkdaşları, departamentlərin və məktəblərin
rəhbərləri, kitabxanaçılar, əməkdaşlar
arasından seçilmiş şəxslər, hər
fakültədən seçilmiş tələbə, magistr və
doktorantlar arasından seçilmiş
iki tələbə, Senat katibi və digər şəxslərdir.
Kansler universitetdə formal xarakter daşıyır, əsasən
elmi dərəcələrin verilməsi tədbirlərində
iştirak edir. Şeffild Universitetinin hazırkı kansleri ser
Piter Edvard Middlton, vitse-kansleri isə 2007-ci ildən bu vəzifəni
daşıyan professor Kit Bernettdir. Universitetdə ümumilikdə 5533 nəfər
işçi çalışır. İşçilərin
397 nəfərini professor, 1160 nəfərini akademik,
qalanlarını isə inzibati heyət təşkil edir.
2010-2011-ci
tədris ilində universitetdə təhsil alan tələbələrin
sayı ümumilikdə 24916 nəfər təşkil edib. Tələbələrin
4000-ə qədəri dünyanın 130 ölkəsindən
olan əcnəbi tələbələrdir.
"2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı" çərçivəsində
Şeffild Universitetinin bakalavr səviyyəsində Aslan Həmzə
oğlu Aslanlı mühasibatlıq, maliyyə və biznes
menecmenti ixtisası üzrə təhsil alır. 2009-2010-cu tədris ilində Faiq
Qalib oğlu Abbasov, Pərviz Nəsir oğlu Muradov, Günay
Baba qızı Bayramova beynəlxalq münasibətlər, Fərid
Məmmədəli oğlu Babayev beynəlxalq maliyyə və
iqtisadiyyat ixtisasları üzrə Şeffild Universitetinin
magistratura səviyyəsinin məzunu olublar.
Şeffild
Universitetinin yataqxanaları Şeffild şəhər mərkəzinin
qərbində yerləşir. Burada universitetin Tapton, Endkliff
Veyl, Yarımay, Kru mənzilləri, Berbaj, Stanec, Houden, Froqqat,
Rivelin, Yarnkliff, Berçen, Kerbar, Kartkliff, Lourensfild, Deruent
yataqxana kompleksləri, Endkliff Tələbə kəndi
mövcuddur. Bu ərazidə tikilmiş yeni yataqxana kompleksləri
2007-ci ilə aid Berbaj, 2009-2010-cu tədris ilində istifadəyə
verilmiş 1200 nəfərlik Renmur Tələbə kəndidir.
Universitet tələbələrin qalmaqları
üçün özəl mənzillər də təklif
edir. Endkliff Tələbə kəndində otaqların illik
qiyməti 3272-5558, Renmur Tələbə kəndində 4577-6882,
əsas və mərkəzi kampuslardakı yataqxanalarda isə
3748-4948 funt-sterlinq arasında dəyişir. Ümumiyyətlə, Şeffild
şəhəri Böyük Britaniyada yaşamaq və oxumaq
üçün ən əlverişli və ucuz şəhərlərdən
biridir.
Şeffild
Universitetinin tələbə təşkilatı 1906-cı ildə
yaradılıb. Tələbə təşkilatının
xüsusi kafeləri, restoranları, klubları, kinoteatrı,
supermarketi, idman zalları, yüzlərlə idman komandası,
teatr truppası, Forge tələbə radiostansiyası,
"Forge Press" tələbə qəzeti və digər
xidmət sahələri mövcuddur. Universitetin 26 idman komandası
mövcuddur. Onların idman formaları qara və
qızılı rənglərdən ibarətdir. Universitetdə
oğlanlardan ibarət badminton, boks, basketbol, kanoe-polo, Amerika
futbolu, futbol, futzal, xokkey, örtülü kriket, lakross, reqbi,
voleybol, su polosu, xizəkçilik, qızlardan ibarət
badminton, basketbol, kanoe-polo, futbol, futzal, xokkey, örtülü
kriket, lakross, voleybol, su polosu, xizəkçilik, qız və
oğlanlardan ibarət atletika, velosport, Muay Tay boksu, qolf, frizbi,
dzü-do, korfboll, lakross, avarçılıq, skvoş,
üzgüçülük, tennis, xizəkçilik və
digər idman komandaları fəaliyyət göstərir.
Şeffild
Universiteti fəaliyyəti dövründə çoxlu sayda
yazıçı, alim və iş adamı yetirib. Universitetin
məşhur məzunları arasında ədəbi tənqidçi
Uilyam Empson, yazıçı Ancela Karter, siyasi nəzəriyyəçi
Bernar Krik, beş Nobel mükafatı laureatı var. Bu ali təhsil
müəssisəsində geniş sahələri əhatə
edən yüksək səviyyəli təhsil və tədris
mövcuddur və dünya səviyyəli tədqiqatlar
aparılır. Universitet "Boeing", "Rolls Royce",
"Unilever", "Boots", "AstraZeneca",
"Slazenger" və s. kimi dünya şöhrətli
şirkətlər və xeyriyyə fondları, eləcə də
bir çox ölkənin nüfuzlu ali məktəbləri ilə
tədqiqat əməkdaşlığı aparır.
Universitetin məşhur məzunları
Nikolas
Liverpul Dominikan Respublikasının
Prezidenti
Devid
Blankett Böyük Britaniyanın
sabiq daxili işlər naziri
Baronessa Teylor Böyük Britaniyanın
sabiq müdafiə naziri
Frederik
Arçibald Uorner Avropa Parlamentinin sabiq üzvü
Kadi
Sesay
Syerra-Leone dövlətinin sabiq ticarət
və sənaye naziri
Stüart Piç Böyük Britaniyanın
aviasiya marşalı, Hərbi Kəşfiyyat İdarəsinin
rəhbəri
Lim Neo
Çian
Sinqapur hərbi qüvvələrinin
sabiq rəhbəri
Uesli
Karr
Böyük
Britaniya Vestminister abbatlığının sabiq dekanı
Hovard
Flori
tibb və
fiziologiya üzrə Nobel mükafatı laureatı
Hans
Krebs
tibb və
fiziologiya üzrə Nobel mükafatı laureatı
Riçard Roberts tibb və fiziologiya üzrə
Nobel mükafatı laureatı
Corc
Porter
kimya
üzrə Nobel mükafatı laureatı
Harri
Kroto
kimya
üzrə Nobel mükafatı laureatı
Helen
Şarman Böyük Britaniyanın
ilk astronavtı
Con
Tompson
Kanada
şairi
Li
Çayld, Coan Harris
Böyük Britaniya
yazıçıları
Toni
Mils
Böyük
Britaniyanın şahmat üzrə ilk qrossmeysteri
Hazırladı:
Lamiyə ƏLİYEVA
Azərbaycan
müəllimi.- 2011.- 17 iyun.- S.12-13.