Ümumtəhsil məktəblərində
informatika fənninin tədrisi
Ötən 25 illik tarixdə
qazanılmış təcrübə, perspektivlər
(Əvvəli qəzetin ötən
sayında)
Azərbaycan
Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun 31.07.1998-ci il
tarixli, 0/111 nömrəli, Təhsil Problemləri üzrə
REMM-in 30.07.1998-ci il tarixli, 307/305 saylı məktublarını
və eksperimentin nəticələrini nəzərə alaraq
nazirlik 12.08.1998-ci il tarixli, 553 nömrəli əmri ilə
1998-99-cu dərs ilindən həmin
məktəbin 1-6-cı siniflərində maraq kursu saatları
hesabına "İnformatika və HT-nin əsasları" fənninin
tədrisinin təşkilini məqsədəuyğun
saymışdı.
1990-cı illərdən başlayaraq
orta ümumtəhsil məktəblərində
çoxvariantlı proqramlardan istifadəyə
üstünlük verilirdi.
1991-ci ildə o zamankı SSRİ
Dövlət Xalq Təhsili Komitəsi tərəfindən
"İnformatika və HT-nin əsasları" kursu üzrə
üç proqram təsdiq edildi və bununla da ilk proqramın
vahid metodiki konsepsiyasına, məktəb informatika kursuna
yanaşmalarda vahidliyə son qoyuldu.
Proqramların izahat vərəqəsində
qeyd edildiyi kimi, müəllimlərə bu üç proqram və
onlara uyğun müxtəlif müəlliflər kollektivi tərəfindən
hazırlanmış üç sınaq dərs vəsaitlərinin
birindən istifadə etmək tövsiyə edilirdi.
Hər üç dərs vəsaiti iki
il müddətində (X və XI siniflərdə) 102 saat
üçün nəzərdə tutulurdu. Həmin dərs vəsaitlərinin
müqayisəli təhlili göstərirdi ki, hər
üç dərs vəsaitindəki məsələlərin
hamısını bir proqramda reallaşdırmaq mümkün
deyil. K.A.Kayminin rəhbərliyi ilə hazırlanan proqramda ilk
proqramın nəzəri məsələləri
saxlanılmaqla EHM-də işə daha çox diqqət
verilirdi və o zaman məktəblərə əsasən
BK-0010, "Korvet", "Yamaha", "Aqat" tipli
kompüterlər verildiyindən proqram təminatı onlara
yönəlirdi. A.Q.Qeynin rəhbərliyi ilə hazırlanan
proqramda kurs üç hissəyə - EHM-lə tanışlıq (16 s.), alqoritmlər
və icraçılar (64 s.), informasiya və EHM
informasiyanın emalı vasitəsi kimi (34 s.) hissələrə
ayrılmış, proqram təminatına tədris elektron cədvəli,
mətn redaktoru, "Optima" tətbiqi proqramı və s.
daxil edilmişdi.
A.Q.Kuşnirenkonun rəhbərliyi ilə
hazırlanmış proqram isə üç variantda
(maşınlı, yarımaşınlı və
maşınsız) tədrisin aparılmasına imkan verirdi.
Alqoritmik konstruksiyalar zəruri məsələlərin həllindən
asılı olaraq (praktikadan nəzəriyyəyə) daxil
edilirdi.
Lakin bu dövrdə olan sosial-ictimai
şərait, demokratiya ab-havası həmin proqramlar üzrə
qarşıya qoyulan məqsədlərə
çatmağa imkan vermədi və
nəticədə informatikanın ümumtəhsil məktəblərində
tədrisi vəziyyəti həyəcan doğurmağa
başladı. Əksər hallarda informatikanın ümumtəhsil
aspektləri unudularaq, texnoloji aspektlərinə, praktiki
proqramlaşdırmaya ("Beyzik", "Paskal",
"Si" və s. dillərdə) daha çox fikir verildi.
Respublikamız müstəqillik
qazandıqdan sonra məktəblərimizdə informatika üzrə
1990-cı ilədək istifadədə olan proqramların yeniləşmiş
variantlarından istifadə edilirdi.
IX və X siniflərdə isə R.Ə.Əliyev,
T.M.Əliyev, M.Ə.Salahlı tərəfindən
hazırlanmış dərslikdən istifadə edilirdi və
2004-cü ilədək də həmin dərsliyin müxtəlif nəşrlərindən istifadə
olunurdu.
Azərbaycan dilində ilk yeni proqram isə bu sətirlərin müəllifi-Akif
Əliyev və Ramin Mahmudzadə, Əlif Məmmədov, Hidayət
Tağıyevin daxil olduğu
qrup tərəfindən 1997-ci ildə hazırlanıb Azərbaycan
Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq
edildi. Proqramda bütün kursa 128 saat vaxt ayrılırdı
(64 saat X sinifdə, 64 saat isə XI sinifdə). Bu yeni proqramda
proqramlaşdırmanın öyrədilməsində ənənəvi
metodikadan imtina edilirdi. Çünki artıq məktəb təcrübəsi
göstərirdi ki, proqramlaşdırmanın alqoritm və
riyazi məsələlər (ƏBOB-un hesablanması, tənliklərin
həlli və s.) üzərində qurulması
yararsızdır.
Proqram aşağıdakı
mövzuları əhatə edirdi:
X sinifdə - informatikanın əsasları
(7 saat nəzəri, 7 saat praktika), alqoritm və
proqramlaşdırma (7s., 7s.), proqramlaşdırmanın əsasları
(17s., 17s.).
XI sinifdə - proqramların layihələşdirilməsi
(17 s., 17 s.), EHM-in proqram təminatı (17 s., 17 s.).
Hazırlanmış həmin proqramda
orta təhsil pilləsini bitirənlərin informatika üzrə
hazırlığına verilən tələblərdə
(bölmələr üzrə) ilk dəfə olaraq mətn
redaktoru, qrafik redaktoru və verilənlər bazasına,
elektron cədvələ aid bilik və bacarıqlar da öz əksini
tapmışdı.
Təəssüf ki, proqramın istifadə
olunduğu bir neçə ildə ona uyğun dərslik
hazırlanmadığından müəllimlər
ayrı-ayrı dərsliklərdən, xüsusilə rus dilində
olan dərsliklərdən istifadə etmək məcburiyyətində
qaldılar.
Uzunmüddətli vahid tədris
planından istifadə cəmiyyətimizdə gedən
demokratik dəyişikliklər nəticəsində öz
dövrünü başa vurdu. 1999-cu ilin 15 iyununda Azərbaycan
Respublikası Prezidenti Heydər Əliyevin "Azərbaycan
Respublikasının təhsil sahəsində İslahat
Proqramının təsdiq edilməsi haqqında" 168
saylı sərəncamı imzalandı. İslahatın əsas
istiqamətlərində təlim və tərbiyənin məzmununda
"Eyeni təhsil texnologiyasının əsas komponentlərindən
biri olan multimedia, monitorinq və sair sistemlərin
yaradılması məqsədilə təhsil sistemi müəssisələrinin
kompüterləşdirilməsi və mərkəzləşdirilmiş
informasiya sistemləri proqramını hazırlamaq və təbliğ
etmək" qarşıya qoyulurdu. Azərbaycan Respublikası
təhsil nazirinin 3 aprel 2000-ci il tarixli 280 saylı əmri ilə
ümumtəhsil məktəblərinin yeni bazis tədris
planları təsdiq edildi və 2000-2001-ci dərs ilindən bu
tədris planı tətbiq olunmağa başlandı. Yeni tədris
planının əvvəlkindən ən müsbət cəhəti
onda idi ki, məktəblərə geniş səlahiyyət
verilir və təhsil sahələrinə müvafiq əlavə
saatlar ayırmağa imkan yaranırdı.
Qeyd edək ki,
1982-ci ildə SSRİ Maarif Nazirliyində mikro-EHM-lərin
təhsil sisteminə həm tədrisin texniki vasitəsi
kimi, həm də öyrənmə
sahəsi kimi tədricən daxil edilməsi haqqında qərar
qəbul edilmişdi. Yenidənqurma ərəfəsində məktəb
islahatlarının əsasını qoyan normativ-hüquqi sənədlərdə
kompüterləşmə məktəblərin
inkişafının vacib istiqamətlərindən biri kimi
qeyd edildi. Bu strateji istiqamətin konkret məzmunla
doldurulması sahəsində akademik A.P.Yerşovun çox
böyük xidmətləri oldu. 1984-cü ilin sentyabrında
SSRİ xalq təhsili rəhbərlərinin təhsil islahatlarına aid
iclasında A.P.Yerşovun məruzəsində məktəblərin
kompüterləşməsinin ilk illərində (1982-1985) informatika
ideya və metodlarının tədricən, mərhələlərlə
məktəblərə tətbiq edilməsi strategiyasına yenidən
baxılması məsələsi gündəmə gəldi. Belə
ki, A.P.Yerşovun məruzəsindən sonra məlum oldu ki,
daha böyük sürətlə
işə başlamaq lazımdır. Ona görə də hökumət müvafiq qərarlar
qəbul etdi və nəticədə
sonrakı altı ayda çox böyük işlər
görüldü. Belə ki, IX-X siniflər üçün
"İnformatika və hesablama texnikasının əsasları"
kursu üzrə 68 saatlıq
ilkin proqram hazırlandı, informatika üzrə I hissə dərs
vəsaitinin nümunəsi hazırlandı (IX sinif) və kütləvi şəkildə nəşr
edildi, I hissə dərs vəsaiti nümunəsinə aid
metodiki vəsait yazıldı və nəşr edildi,
1985-86-cı illərdə 100 min müəllim (SSRİ üzrə)
informatika üzrə kurs hazırlığı keçdi,
ölkənin pedaqoji ali məktəblərində
"İnformatika və hesablama texnikası" mütəxəssislərinin
hazırlanmasının təşkilinə
başlanıldı, məktəb
kompüterlərinə texniki tələblər işlənib hazırlandı,
başlanğıc informatika (praktikum) kursuna
uyğun proqram təminatı
işlənib hazırlandı, "AQAT", KUVT-86 bazasında hesablama kabinetləri
yaradıldı, Yaponiyadan "YAMAHA" markalı fərdi
EHM-lər alındı və ölkə məktəblərinə
paylandı, SSRİ və
müttəfiq respublikaların maarif nazirliklərində, vilayət
xalq təhsil şöbələrində, müəllimləri
təkmilləşdirmə institutlarında, peşə və
orta ixtisas təhsili sistemlərində informatika və hesablama
texnikası idarələri və şöbələri yaradıldı, SSRİ PEA-nin
Novosibirsk İnformatika və Hesablama Texnikası Elmi-Tədqiqat
İnstitutu yaradıldı və inkişaf etdirildı,
"İnformatika i obrazovanie" Ümumittifaq jurnalı,
respublikamızda isə "Fizika və riyaziyyat tədrisi"
jurnalı istiqamətini genişləndirərək məqalə müəllifinin də
daxil olduğu redaksiya heyətinin
əzmkarlığı ilə "Fizika, riyaziyyat və
informatika tədrisi" elmi-nəzəri və metodik məcmuə
şəklində fəaliyyətini bərpa edərək nəşr
edilməyə başlanıldı, SSRİ Maarif Nazirliyinin, eləcə
də müttəfiq respublikaların
təhsil nazirliklərinin
elmi-metodik şurasında
informatika bölməsi yaradıldı, İnformatika
üzrə II hissə dərs vəsaiti və ona uyğun
müəllimlər üçün metodik vəsait
hazırlandı (X sinif), müttəfiq respublika
xalqlarının dillərinə tərcümə edildi və
kütləvi şəkildə nəşr edildi. Eləcə də pedaqoji mətbuatda informatika dərslərinə aid
metodiki yazılara aid rubrikalar açıldı, informatika kursuna
aid ümumi həcmi təxminən 100 saat efir vaxtı olan 20
televiziya dərsi çəkildi və Ümumittifaq mərkəzi
televiziyası ilə
nümayiş etdirildi. Yeri gəlmişkən qeyd edim ki,
respublika televiziyası informatika üzrə ayda bir dəfə
olmaqla birbaşa sinfə veriləcək dərslər təşkil
etdi, belə dərslərin aparılması yerli mütəxəssislərə
həvalə edildi. Qürur hissi ilə deyim ki, bir il ərzində
o dərsləri televiziyada mən aparmışam. Sonralar
informatika üzrə stabil dərsliyin hazırlanması
üzrə Ümumittifaq müsabiqəsi təşkil olundu. Məktəb
hesablama texnikasına aid sanitar-gigiyenik tələblər
işlənilib hazırlandı.
O zaman SSRİ-nin tərkibində
olduğumuz üçün bütün qərar və
göstərişlər təbii ki, bizim respublikamıza da aid
idi. Həmin qərarlar
çərçivəsində gələcəkdə
informatika üzrə pedaqoji kadrlar hazırlamaq məqsədi
ilə Azərbaycandan da pedaqoji ali məktəb müəllim
və professorlarından ibarət bir qrup riyaziyyatçı
alim informatika üzrə kurslara göndərildi. Kurslardan sonra
bu alimlər informatika və hesablama texnikasının əsasları
fənnindən ali məktəblərdə dərs deməyə
başladılar.
Tam siyahısını verə bilmədiyimiz
yuxarıda sadalanan tədbirlərin
planlaşdırılmasına və görülməsinə
baxmayaraq, 1986-1991-ci illərdə respublikamızda bu fənnin tədrisində çoxlu problemlər var idi. Bu problemləri üç qrupa ayırmaq
olardı:
* İxtisaslı kadr
çatışmazlığı;
* Maddi-texnika bazanın zəifliyi,
kompüter texnikasının
çatışmazlığı;
* Müvafiq elmi-metodiki vəsaitlərin
azlığı.
İnformatika müəllimi kimi kadr
çatızmazlığı çox ciddi problem idi. İnformatika
müəllimlərinə böyük ehtiyac olduğundan
Maarif Nazirliyi pedaqoji təhsili
olmayan texniki profilli elmi
işçiləri, mühəndisləri,
riyaziyyatçıları da informatika müəllimi kimi məktəblərdə
çalışmağa çağırdı. Bu
çağırışa cavab verərək bu gün də qabaqcıl informatika müəllimlərimiz
Sevgüladə Əzizova, Rafiq Qasımov, Mətanət Əhmədova, Aygün Əzizova, Cəmalə Nəbiyeva və başqaları məktəblərimizdə
informatika müəllimi kimi çalışmağa
başladılar. Bu problemi həll etmək
üçün məktəblərin
fizika və riyaziyyat müəllimləri seçilərək
müvafiq təkmilləşdirmə kurslarına göndərilir
və sonradan informatika dərslərinin tədrisi
üçün onlara icazə verilirdi. Fənnin
spesifikasını bir çox məktəb direktorları da
hiss etmirdi. Ona görə də bəzən təkcə
riyaziyyat və fizika müəllimləri deyil, dərs
saatı az olan digər fənn müəllimlərinə də
bu fənni tədris etmək həvalə olunurdu. Ali və
orta ixtisas məktəblərində başlanan kadr
hazırlığı bir neçə ildən sonra öz bəhrəsini
verdi və ildən-ilə bu problem və
çatışmazlıqlar aradan tədricən qaldırıldı.
1987-88-ci illərdə artıq bəzi məktəblərdə
Yaponiyadan alınmış "YAMAHA" kompüterləri
var idi. Bununla paralel olaraq
Bakı şəhərindəki Radio Zavodunda iş prinsipinə
görə "YAMAHA" kompüterlərinə oxşar
"KORVET" elektron hesablama maşınları da istehsal
olunmağa başlandı. Bu hesablama maşınları
SSRİ-nin digər respublikalarını da təmin edirdi.
Bunlar "KUVT KORVET" adlanan 13
ədəd fərdi kompüterdən ibarət dəst idi, lakin imkanları məhdud idi. Cəmiyyətin
bir çox sahələrində artıq çoxfunksiyalı
İBM kompüterlərindən istifadə olunurdu.
Odur ki, Moskvada SSRİ EA və SSRİ Elm və
Texnika Komitəsi Amerikadan İBM kompüterlərini almaq qərarı
verdi. Lakin bu bahalı kompüterlərlə bütün məktəbləri
təmin etmək də çox çətin idi.
ABŞ ilə
SSRİ arasında SSRİ məktəblərinə ilk dəfə
İBM PC/2 markalı xeyli fərdi kompüterlərinin
bağışlanması haqda birgə saziş imzalandı. Bu
fərdi kompüter dəstləri sinfi müttəfiq
respublikalara paylandı. Məktəblərin say nisbətinə
görə Azərbaycan
Respublikasına da təxminən 38 dəst İBM PC/2
kompüter sinfi ayrıldı. İBM firması ilə birlikdə
respublikamızın ümumtəhsil məktəblərində
həmin kompüterlərin tətbiqi üzrə Ümumittifaq
Pilot Layihəsinin rəhbəri, eləcə də bu layihəni
dəstəkləyən "AzİNFO" mərkəzinin
direktoru Ramin Mahmudzadə idi. 1995-ci ilədək həmin mərkəz
informatika müəllimlərimizin
metodiki kömək üçün müraciət edə
bildiyi yeganə mərkəz idi.
Tədrisdə
informatika fənninin inkişafına nəzər salanda yaddaqalan ən yaxşı hadisələrdən
biri də olimpiadalarla bağlıdır. 1987-ci ilin sonunda informatika üzrə I Ümumittifaq
Olimpiadasının keçirilməsi qərara alındı.
Respublikamızda isə İnformatika üzrə ilk Respublika
Olimpiadası 1990-cı ildə keçirildi. Belə ki,
1989/90-cı dərs ilində əvvəlki illərdən fərqli
olaraq məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsinə xüsusi
diqqət və əhəmiyyət verilmiş, bir sıra əməli
tədbirlər
görülmüşdü. O zamankı Azərbaycan SSR
Xalq Təhsili Nazirliyinin 10
oktyabr 1989-cu il tarixli, 1100 nömrəli əmri ilə ciddi surətdə
yenidən işlənmiş "Məktəblilərin fənn
olimpiadaları haqqında Əsasnamə" təsdiq edildi, olimpiadaların
coğrafiyası daha da
genişləndirilərək olimpiada keçirilən fənlərin
sayı 4-dən 9-a
çatdırılmış (olimpiada keçirilən
fənlərin sırasına informatika da daxil
edilmişdi), olimpiadaların məktəb
və rayon (şəhər) turlarında şagirdlərin VI sinifdən
başlayaraq iştirak etməsi nəzərdə
tutulmuşdu.
Hazırda respublikamızda informatika üzrə olimpiada geniş vüsət almış, məktəblilər
arasında daha da populyarlaşmışdır.
İndi informasiya və kommunikasiya texnologiyalarına aid digər
müsabiqələr də həm
şagirdlər, həm də müəllimlər
arasında keçirilir. Belə
ki, 2008-ci ildən şagirdlər arasında "Gənc
kompüter istedadları" müsabiqəsi müxtəlif
nominasiyalar üzrə, müəllimlər arasında
"İnnovativ müəllimlər" müsabiqəsi
keçirilir. Lakin informatika üzrə Məktəblilərin
Respublika Olimpiadası həm əhəmiyyətinə, həm
də dövlət dəstəyinə
görə əsas yer tutur. Digər
tərəfdən, bu olimpiadanın qalibləri İnformatika
üzrə Beynəlxalq Olimpiadada respublikamızın şərəfini
qoruyurlar.
Məsul katib
kimi olimpiadanın münsiflər heyətinin sədri Ramin Mahmudzadənin uzun illərdir
ki, bu olimpiadaların yüksək səviyyədə təşkili
və istedadlı uşaqların seçilməsinə böyük qayğı və gərgin
əmək sərf etdiyinin şahidi olmuşam.
İnformatikanın
yalnız yuxarı təhsil pilləsində tədrisinin kifayətləndirici
olmaması bir çox alim-pedaqoqlara, hətta ilk informatika
proqramını işləyib hazırlayan qrupun rəhbəri
A.P.Yerşova da aydın idi.
1990-cı ilin əvvəllərindən,
yəni inormatika kursunun tədris planına daxil edilməsindən
cəmi 5 il sonra informatika təliminin yeni strukturu haqqında
müxtəlif eksperimentlər aparılmağa
başlanıldı. Yeni strukturun əvvəlkindən əsas
fərqi onda idi ki, təlimin məzmunundakı bir sıra vacib
məsələlər aşağı sinif şagirdləri
üçün də nəzərdə tutulurdu.
Hələ
90-cı illərdə məktəb təhsilinin müxtəlif
pillələri üçün informatika üzrə təlimin
məzmununun formalaşdırılmasına yanaşmalar
informatika təliminə aşağı siniflərdən
başlamaqla fasiləsiz təhsil tendensiyasına yönəlmişdi.
Məktəb informatika kursunun ilk
proqramının işlənməsində
əsas 3 (üç) bazis anlayışına-informasiya,
alqoritm və EHM-ə istinad edilmişdi. EHM-də praktiki
işlərin aparılmasının təşkilindən
asılı olaraq X sinifdə kursun həcmi və məzmunu
iki variantda (tam və qısa) aparılırdı. EHM-i olan məktəblərdə
əlavə 34 dərs saatı EHM-də müxtəlif riyazi və
fiziki məsələlərin həllinə, kompüterlərdə
iş və onların proqram təminatının tətbiqi vərdişlərinin
qazanılmasına verilirdi.
Kursun bu ilk variantının ətraflı
məntiqi-didaktik təhlili müəllimlər
üçün xüsusi hazırlanmış iki hissədən
ibarət kitablarda verilmişdi.
İlk proqramda konkret təlim məqsədi
kimi şagirdlərin kompüter
savadlılığının (KS) yüksəldilməsi
qarşıya qoyulmuşdu. Lakin
müəllimlər üçün hazırlanmış ilk
metodik kitabda kompüter savadlılığının yüksəldilməsinin
şagirdlərin alqoritmik mədəniyyətinə (AM)
"maşınla" bağlı komponentləri əlavə
etmək yolu ilə mümkünlüyü təhlil edilirdi.
Başqa sözlə, alqoritmik mədəniyyətdən
kompüter savadlılığına keçidi təbii idi.
İlk proqramın tətbiqindən heç
bir il keçməmiş məlum oldu ki, məktəb
informatika kursunun tədrisi məqsədlərini
belə məhdudlaşdırmaq olmaz və yaxın gələcək
üçün bu məqsədlər genişləndirilməlidir.
Yeni məqsəd
şagirdlərin informasiya mədəniyyəti (İM) ilə
bağlı idi. Onda informatika üzrə təhsil məqsədlərini
sxemi ilə vermək olar.
Sxemin sonundakı (E) məqsədlərin
ildən-ilə genişlənməsinin zəruriliyini göstərir.
Məsələn,
müasir dövrdə məktəb informatika kursunun əsas məqsədlərindən
biri şagirdlərin yeni informasiya və kommunikasiya texnologiyaları
(İKT) ilə tanışlığıdır. Yəni bu məqsədi
həmin sxemə artıq əlavə etmək olar. Onu da qeyd edək ki, məktəb
informatika kursunun tədrisi məqsədlərinə belə təshihlər
edilməsi təkcə informatika elminin inkişafı ilə
deyil, həm də digər amillərdən
asılıdır. Gələcəkdə də belə yeni məqsədlər
ola bilər.
1990-cı ilədək
hazırlanmış və istifadə edilən proqramlarda
kursun məzmunu üç fundamental anlayışa -
informasiya, alqoritm, EHM-ə əsaslanırdı.
Ona görə də yeni şəraitə
uyğun informatika proqramının hazırlanması zərurəti
nəticəsində məqalə müəllifi-Akif Əliyev
və Ramin Mahmudzadə, Nəbi Mahmudov, Oqtay Nəbiyevin daxıl olduğu müəlliflər
qrupu tərəfindən ümumtəhsil məktəblərinin
yeni informatika proqramları hazırlanıb təsdiq edildi və tətbiqinə
başlanıldı.
Yeni proqram müasir tipli kompüter
texnikası olan ümumtəhsil məktəblərinin V, X-XI
sinifləri üçün nəzərdə tutulmuş, həmçinin
ümumtəhsil məktəblərinin eksperiment aparılan I
sinifləri üçün informatika (məsələ və
oyunlarda) kursunu əhatə edirdi. Həmin proqramlara uyğun dərsliklər
olmadığından fənn müəllimləri əvvəlki
dərsliyin sonradan yenidən işlənmiş nəşrlərindən
və rus dilində olan dərs vəsaitlərindən istifadə
etmək məcburiyyətində idilər.
R.Ə.Əliyev, T.M.Əliyev, M.Ə.Salahlının
IX-X siniflər üçün hazırladıqları dərslikdə
alqoritmlər, kompüterin hesabı və məntiqi əsasları,
proqramlaşdırmanın əsasları, Beyzik
proqramlaşdırma dili, əməliyyat sistemləri
haqqında geniş məlumat verilirdi. Lakin yeni proqramda olan məzmun tam əhatə olunmurdu.
Ona görə də yeni dərsliyin hazırlanması zərurəti
yaranırdı.
Azərbaycan Respublikası Təhsil
Nazirliyi tərəfindən 2005-ci ildə təsdiq edilmiş
"2005-2006-cı dərs ili üçün ümumtəhsil
məktəblərinin tədris planı"nda "Riyaziyyat və
informatika" təhsil sahəsi üzrə informatikaya X və
XI siniflərdə həftədə 1 saat olmaqla cəmi
2 saat vaxt verilmişdi. Lakin tədris planına dair qeydlərin 5-ci bəndində və
2.9-cu alt-bəndində həmin
dərslərə əlavə saatların necə
ayrılması haqqında və eləcə də
ixtisaslı kadrları və
müvafiq kompüter texnikası olan məktəblərin
I və V siniflərində fənnin
tədrisi tövsiyə olunurdu.
Ona görə də yeni tədris
planına uyğun informatika proqramının
hazırlanması zərurəti nəticəsində Ramin
Mahmudzadə, Akif Əliyev, Nəbi Mahmudov, Bilal Hüseynov,
İradə Səfərovanın
daxıl olduğu müəlliflər qrupu tərəfindən
ümumtəhsil məktəblərinin I-XI sinifləri üçün yeni informatika
proqramları hazırlanıb Təhsil Nazirliyinin 30 dekabr 2004-cü il tarixli, 978
saylı əmri ilə təsdiq
edildi və tətbiq edilməyə
başlanıldı.
Sonrakı illərdə də ayrı-ayrı
lisey və məktəblərdə ilk təşəbbüslər
olmuş, Bakı şəhəri Nəsimi rayonunun 41 nömrəli
məktəbində V sinifdən (Təhsil Nazirliyinin
11.09.2001-ci il tarixli, 46-14-4546/16 nömrəli məktubu), Xətai
rayonu R.Məmmədov adına 269 nömrəli məktəbdə
I və V siniflərdə (məktəb direktorunun Azərbaycan
Respublikası Təhsil Problemləri İnstitutunun direktoruna 25.06.2002-ci
il tarixli, 35 nömrəli məktubu) informatikanın məqalə
müəllifinin də daxil olduğu qrupun tərtib etdiyi
eksperiment proqramla tədrisinə başlamışdılar.
Lakin bütün bu təşəbbüslər
müvafiq elmi-metodiki araşdırmalar olmadan
aparıldığından uğurla nəticələnməmiş,
yeni tədqiqat, dərslik və didaktik vəsaitlərə
ehtiyac yaranmışdı.
2005-ci idə V siniflər
üçün ilk dəfə
Azərbaycan dilində informatika dərsliyi məqalə müəllifinin
də daxil olduğu müəlliflər qrupu tərəfindən
hazırlanıb istifadəyə verildi və bu dərslik indi
də istifadə olunur.
2006-cı ildən başlayaraq informatika
fənni I sinifdən tədris edilməyə başlandı və
R.Mahmudzadə, İ.Sadıqov və başqalarının daxil
olduğu müəlliflər qrupu tərəfindən I-IV,
VI-XI siniflər üçün informatika dərslikləri, eləcə
də müvafiq metodiki vəsaitlər hazırlanıb
şagirdlərin istifadəsinə verilmişdi.
Təhsil Sektorunun İnkişafı
Layihəsinə əsasən,"Ümumi təhsilin keyfiyyəti
və real tələbatlara uyğunluğu" komponenti
çərçivəsində "Kurikulum islahatı"
alt-komponenti üzrə icra planına uyğun olaraq Təhsil
Nazirliyinin 08.02.2006-cı il
tarixli, 87 nömrəli əmri ilə bütün fənlər,
o cümlədən informatika fənn kurikulumunun və
müvafiq qiymətləndirmə standartlarının hazırlanması məqsədilə
işçi qrupu yaradıldı. Qrupa BDU-nun kafedra müdiri Ələkbər
Əliyev, alimlərdən Ramin Mahmudzadə, Zemfira
Tağıyeva, Əlövsət Əliyev, Firudin Ağayev,
Bilal Hüseynov, metodistlərdən Akif Əliyev, Hidayət
Tağıyev, fənn müəllimlərindən Aygün Əzizova,
Mətanət Əhmədova, Fatma Hacıyeva, Valid Məhərrəmov
və başqaları daxil idi. Həmin qrup I-IV siniflər üçün
informatika fənn kurikulumunu hazırladı, nazirliyin müvafiq
əmri ilə 2007-2008-ci tədris ilindən həmin
kurikulum eksperiment
qaydasında bir neçə məktəbdə
tətbiq edilməyə başladı. 2008-2009-cu tədris
ilindən başlayaraq bütün ümumtəhsil məktəblərinin
I siniflərində həmin kurikulum tətbiq edilməyə
başlanıb və hər il
ardıcıl olaraq hər
sinif üçün bu kurikuluma uyğun Ramin Mahmudzadə,
İsmayıl Sadıqov, Naidə İsayeva və
başqaları daxil olan müəlliflər qrupu tərəfindən
hazırlanmış dərslik, işçi dəftəri və
metodik vəsaitdən istifadə olunur. Növbəti dərs ilində IV siniflər yeni kurikulumla tədrisə
davam ediləcəkdir. 2009-cu ildə isə V-XI siniflər üçün informatika fənn
kurikulumu hazırlanaraq layihə şəklində "Azərbaycan
müəllimi" qəzetinin 12 iyun 2009-cu il tarixli nömrəsində
çap edilmişdir.
Yuxarıda qeyd
etdiyimiz kimi, fənnin tədrisində olan problemlərdən
biri məktəblərin texnika ilə, informasiya və
kommunikasiya texnologiyaları ilə
təminatı idi.
Əvvəla
respublikamızda ilk dəfə yalnız 1991-ci ildə elektron
poçt xidmətindən istifadə olunmağa
başlanıb. İnternet bağlantısı Rusiyanın
"Relcom" şirkətinə məxsus kanallar vasitəsilə həyata
keçirilib. İnternet bağlantısının sürəti
isə cəmi 9600 Kbit/s olub, "Relcom" şirkəti
özü isə Avropanın EUNet şəbəkəsi vasitəsilə
İnternet şəbəkəsinə 2Mbit/s sürətlə
bağlanırdı.
1995-ci ilin əvvəllərində
Azərbaycan Milli Elmlər Akademiyasının ASU
laboratoriyasında Azərbaycanda ilk dəfə olaraq
İnternetə qoşulma həyata keçirilib. İnternet
bağlantısı üçün Türkiyə
kanallarından istifadə edilib və bağlantının
sürəti 9600 Kbit/s olub. İndi ölkəmizin bir çox elmi-tədqiqat
institutlarını, elm, təhsil müəssisələrini
birləşdirən AZRena şəbəkəsinin özəyi
də məhz AMEA-nın həmin
qurumu tərəfindən qoyulub.
1996-cı ildə
İntrans şirkəti tərəfindən Azərbaycanda ilk dəfə
olaraq kommersiya məqsədli
İnternet xidmətləri təklif
edilməyə başlanıb və İnternetə qoşulmaq üçün
Rusiyanınn kanallarından istifadə edilib. İlkin dövrlərdə qoşulma sürəti 64 Kbit/s
olub. Məktəblərimizin
İnternet şəbəkəsinə qoşulmasında vahid
koordinasiya sistemi yox idi.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 21
avqust 2004-cü il tarixli, 355 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
ümumtəhsil məktəblərinin informasiya və
kommunikasiya texnologiyaları ilə təminatı Proqramı
(2005-2007-ci illər)" bu istiqamətdə atılmış
ən əhəmiyyətli addım oldu.
Üçillik Proqram çərçivəsində 2005-2007-ci illərdə 3693 məktəb
31677 kompüter, 1103 noutbuk və proyektor dəsti, 2059 UPS, 2060
çap qurğusu və digər İKT avadanlığı,
28661 masa, 23346 stul ilə təchiz olunmuş, 1722 kompüter
sinfi yaradılmışdır. 1851 dəst şəbəkə
avadanlığı quraşdırılmışdır.
Proqrama müvafiq olaraq 14 minə yaxın müəllim İKT üzrə treninqlərdən
keçmişdir. V-XI siniflərdə hər 29 şagirdə 1 kompüter nisbəti təmin
edilmişdir.
Ölkəmizin tarixində ilk dəfə
olaraq Azərbaycan tarixi, biologiya, fizika və kimya fənləri
üzrə elektron tədris resursları (multimedia CD) və əyani
vəsaitlər hazırlanıb məktəblərə
çatdırılmışdır. Bununla da Azərbaycan təhsil
sistemində İKT infrastrukturunun inkişafı və
İKT-nin tətbiqinin müasir standartlar səviyyəsinə
çatdırılması prioritet istiqamətə
çevrilmişdir.
Beynəlxalq təşkilatlarla
əməkdaşlıqla yanaşı, Təhsil Nazirliyi
İKT-nin təhsil sistemində tətbiqi üzrə
dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən
də yararlanır. "Helwett Packard" (HP) şirkətinin
maliyyə dəstəyi ilə 2006-cı ilin iyununda Təhsil
Nazirliyinin nümayəndə heyəti Böyük
Britaniyanın Belfast şəhərində "Elektron təlimi
sahəsində innovasiyalar" mövzusunda keçirilən
beynəlxalq seminarda iştirak etmişdir.
"İntel"
şirkəti uzun illərdir ki, dünyada İKT-nin təhsil
sistemində səmərəli tətbiqinə yönəlmiş
proqramlar həyata keçirir. "Gələcək
üçün təhsil" "İntel"in dünyada həyata
keçirdiyi 7 innovasiya proqramından biridir. Proqram ümumtəhsil,
texniki peşə məktəblərinin və pedaqoji ali məktəblərin müəllimlərinin
ixtisasının artırılmasına yönəlmişdir.
Bu proqram dünyanın 37 ölkəsində uğurla həyata
keçirilir. Rusiya və Ukraynadan sonra Azərbaycan MDB məkanında
3-cü ölkədir ki, bu proqrama qoşulmuşdur.
2005-ci ildə Mingəçevir
şəhərində "KÜR" Elektron
Avadanlıqları Zavodu yaradılmış və indi məktəblərimiz
həmin zavodun istehsal etdiyi kompüterlərlə təmin
olunur.
İKT yalnız ümumi orta təhsil
sistemində deyil, ali təhsil müəssisələrində
də geniş tətbiq olunur. Hazırda kadr
hazırlığını İKT üzrə bacarıqlar
aşılamadan həyata keçirmək mümkün
deyildir. İndi respublikamızın ali və orta ixtisas məktəblərində
informasiya və kommunikasiya texnologiyaları sahəsində ixtisaslar üzrə
kadrlar hazırlanır. Bakı Dövlət Universitetində,
ADNA, ADPU, AMİ və digər ali məktəblərdə,
Bakı Kompüter Kollecində informatika ixtisası üzrə
həm müəllim, həm də mühəndis kadrları
hazırlanır.
Respublikamız
müstəqillik qazandıqdan sonra İKT üzrə
qanunvericilik bazası da genişləndirilmış, Prezident fərman
və sərəncamları ilə
bir sıra sənədlər qəbul edilmişdir.
Beləliklə,
ötən 25 il ərzində informatika üzrə məktəb
kursu daim yeniləşir və təkmilləşdirilir.
Perspektivdə isə görüləsi hələ çox
işlər var. Apardığımız araşdırmalar
aşağıdakı təklifləri
irəli sürməyə imkan verir:
1. İnformatika
kursunun məzmunu və tədrisi yolları daim yeniləşdirilməli
və tətbiqi proqram təminatından asılı olaraq zənginləşdirilməlidir.
2. İnformatika
kursunun həm kurikulumu, həm də
proqram-metodiki sistemi daim təkmilləşdirilməli və
yeniləşdirilməlidir.
3. Müəllimlərin
hazırlığının məzmunu həm ali və orta
ixtisas məktəblərində, həm də ixtisasartırma
mərhələsində daim yeniləşməli və zənginləşdirilməlidir.
Xüsusilə ali məktəblərin ibtidai təhsilin
pedaqogikası və metodikası ixtisası üzrə müəllim
hazırlığının məzmununa informatika üzrə
daim yeniləşən biliklərin daxil edilməsi vacibdir.
4. İnformatika
üzrə fasiləsiz təhsil konsepsiyası, fənnin
kurikulumu istiqamətlərində işlər davam etdirilməlidir.
5. Məktəblərin
İnternetə qoşulması işi davam etdirilməli,
İnternetdən istifadə zamanı uşaqların təhlükəsizliyi
məqsədilə arzuolunmaz
kontentin filtrasiyasından istifadə edilməlidir.
Sonda qeyd edim ki,
informatika sahəsinə daim
dövlət qayğısının göstərilməsi bu
sahədə müəllimlərimizin gələcəkdə də yeni
uğurlar qazanmasına inam yaradır.
Akif ƏLİYEV,
Təhsil Nazirliyinin TİMS
şöbəsinin baş məsləhətçisi,
Azərbaycan
müəllimi.- 2011.- 17 iyun.- S.10-11.