İsrail Respublikasının təhsil
sistemi
İsrail Respublikası
Ərazisi: 20330 kv.km.
Əhalisi: 7,74 milyon
nəfər
Dövlət dili: ivrit və ərəb dili
Pul vahidi: şekel
Təhsil sistemi
İsrail Qərbi Asiyada, Aralıq dənizinin şərq
sahillərində yerləşən parlamentli respublikadır. Ərazisinin
kiçik olmasına baxmayaraq, yüksək iqtisadi inkişafa
nail olub, müasir texnologiyaya əsaslanan sənaye istehsalı
ilə tanınıb. Olduqca fərqli
coğrafi xüsusiyyətlərinə görə turizm
sektorunda nəzərəçarpacaq uğurlar qazanıb.
İsrail təhsil sistemində varislik prinsipinə ciddi
şəkildə əməl olunur. Ənənələrə
sadiq qalmaqla inkişaf etdirilən təhsil sistemi
uşaqları müxtəlif etnik, dini, mədəni və
siyasi mənsubiyyəti təmsil edən insanların birgə
yaşadığı demokratik, plüralist cəmiyyətin
üzvü kimi hazırlamaq məqsədlərinə xidmət
edir. İsrail təhsilinin ana xəttini vətənə
sevgi, azadlıq və tolerantlıq ideyaları təşkil
edir. Ölkənin davamlı
inkişafı naminə elmi və texniki bacarıqlara əsaslanan
yüksək səviyyəli, əhatəli biliklər vermək
İsrail təhsil sistemini xarakterizə edən başlıca
xüsusiyyətlərdəndir.
Ötən əsrdə bütün dünyada yaşayan
yəhudilərin böyük əksəriyyətinin İsrailə
gəlməsi ölkə təhsilinin ehtiyaclarının ciddi
şəkildə artmasına səbəb oldu. Məktəb
və müəllimlərə olan tələbatın ödənilməsi
ilə yanaşı, müxtəlif mədəni mənsubiyyətləri
olan uşaqların, gənclərin təhsilə
inteqrasiyasını təmin etmək üçün xüsusi
vəsaitlər və metodlar hazırlandı. İmmiqrant şagirdlərə əvvəl
yaşadıqları ölkədə öyrənmədikləri
fənləri, o cümlədən ivrit dilini, tarixini tədris
etmək üçün müvafiq kurikulumlar, dərs vəsaitləri
hazırlandı və qısamüddətli kurslar təşkil
olundu. İmmiqrant uşaqlarla işləmək
üçün yerli müəllimlər ixtisasartırma, əcnəbi
müəllimlər isə yenidənhazırlanma kurslarına
cəlb edildi.
İsrailin
Təhsil Nazirliyi təhsil standartlarının gender bərabərliyi,
müəllimlərin statusunun yüksəldilməsi,
kurikulumların hazırlanması, elm və texnologiyanın
inkişafı sahəsində beynəlxalq və müasir
pedaqoji təcrübənin tətbiqi proseslərinə rəhbərlik
edir. Nazirliyin əsas strategiyası bütün uşaqlar
üçün bərabər təhsil imkanının
yaradılması və ali təhsil
alanların sayının artırılmasından ibarətdir.
Məktəbəqədər təhsil
İsraildə uşaqların ictimai mühitə
uyğunlaşması və dil baxımından
inkişafının möhkəm təməl üzərində
qurulması üçün təhsilə erkən
yaşlarından başlanılır. 2 yaşlı
uşaqların əksəriyyəti, 3-4 yaşlı
uşaqların isə demək olar ki, hamısı məktəbəqədər
təhsilə cəlb olunub. Əksər
proqramlar gündəlik qayğı mərkəzləri, bəziləri
isə özəl əsaslı olmaqla yerli idarələr tərəfindən
maliyyələşir. Təhsil Nazirliyi əhalinin
qismən kasıb hissəsinin təhsil aldığı məktəbəqədər
müəssisələr üçün xüsusi vəsait
ayırır.
5 yaşlı uşaqlar üçün
bağçalar pulsuz və icbaridir. Onlar üçün
nəzərdə tutulmuş kurikulum dil və riyazi
anlayışların tədrisi, idrak, yaradıcılıq
qabiliyyətinin və sosial bacarıqların
inkişafını ehtiva edir. Uşaqların
təhsil aləminə açılan yolunda daha möhkəm
təməl qoyulması üçün məktəbəqədər
təhsil kurikulumu Təhsil Nazirliyi tərəfindən idarə
olunur və bu sənədin icrasına nəzarət edilir.
İbtidai və orta təhsil
Ölkədə 6 yaşından 18 yaşına qədər
uşaqlar üçün təhsil pulsuz və icbaridir. Formal təhsil
ibtidai məktəblərdən (I-VI siniflər)
başlanır, keçid (VII-IX siniflər) və orta məktəblərdə
(X-XII siniflər) davam etdirilir. İbtidai məktəbləri
bitirən şagirdlərin təxminən 9 faizi internat-məktəblərdə
oxuyur.
İsrail cəmiyyətinin milli mənəvi dəyərlərə
üstünlük verməsi ölkənin təhsil sistemində
də əksini tapır. Ölkədə məktəblər 4
qrupa bölünür. Birincisi, şagirdlərin
əksəriyyətinin oxuduğu dövlət məktəbləri.
İkincisi, iudaizm dininə, adət və ənənələrinə
əsaslanan dövlət dini məktəbləri. Üçüncüsü, ərəb və Druza
(Suriya və Livanda İslam dininə əsaslanan dini sekta)
tarixinin, dininin, və mədəniyyətinin tədris
olunduğu ərəbdilli məktəblər. Dördüncüsü, müxtəlif dini və
beynəlxalq təşkilatların dəstəyi ilə fəaliyyət
göstərən özəl məktəblər. Son illərdə valideynlərin uşaqların təhsilinə
artan marağını nəzərə alaraq bir sıra yeni məktəblər
də yaradılıb.
Məktəbdə tədris olunan dərslərin əksəriyyəti
icbari akademik fənlərdən ibarətdir. Fənn
mövzusu bütün sistem daxilində vahid olduğu halda, hər
bir məktəbə Təhsil Nazirliyi tərəfindən təklif
edilmiş çoxsaylı dərs və tədris
materiallarını müstəqil seçmək imkanı
verilir. Şagirdlərin vətənpərvərlik
tərbiyəsinə xüsusi diqqət yetirilir. Belə
ki, məktəblilərə hər il milli
ideyalardan bəhs edən bir mövzu əhatəli şəkildə
tədris olunur. Bu sıraya demokratik dəyərlər,
ivrit dili, immiqrasiya, Yerusəlim, sülh, sənaye və digər
müvafiq mövzular daxildir.
Orta məktəblərin böyük əksəriyyətində
təbiət və humanitar elmlər üzrə akademik
kurikulum əsasında tədris aparılır. Bu pilləni bitirən
şagirdlərə ali məktəbə qəbul
imtahanı (matrikul) sertifikatı verilir. Bu sənədlə ali məktəblərə daxil olmaq
mümkündür. Bəzi orta məktəblərdə
ixtisaslaşdırılmış fənn kurikulumları tədris
olunur. Bu proqram üzrə orta təhsil alanlara da ali məktəbə qəbul imtahanı
(matrikul) sertifikatı və ya peşə diplomu verilir.
Orta texnologiya məktəblərində texniklər və
mühəndislərin 3 səviyyə üzrə təlimi təşkil
edilir. Bu tədris
ocaqlarında oxuyan şagirdlər ya ali təhsilə
hazırlanır, ya peşə diplomları alır, ya da əməli
bacarıqlara yiyələnirlər.
Hərbi hazırlıq məktəblərində isə
İsrail Müdafiə Qüvvələri tərəfindən
tələb olunan spesifik sahələr üzrə kadrlar və
texniklər hazırlanır. Qız və
oğlanların ayrıca oxuması üçün nəzərdə
tutulmuş Yeşiva (yəhudi) orta məktəblərində
dini biliklər daha dərindən öyrədilir. Ümumtəhsil məktəblərində isə
müxtəlif peşə, o cümlədən
mühasibatlıq, mexanika, elektronika, mehmanxana xidməti, qrafika
sənəti və digər sahələr üzrə fənlər
də tədris olunur.
Orta məktəb yaşındakı şagirdlər həmçinin
peşə məktəblərində müxtəlif ixtisaslara
yiyələnə bilərlər. Sənaye, Peşə
və Əmək Nazirliyi tərəfindən təklif edilən
peşə proqramları 3 və ya 4 illikdir. Bu proqramlarda
təhsilin ilk 2 ili nəzəri tədrisindən
ibarətdir. Sonrakı 1-2 ildə isə həm
nəzəri tədrisə, həm də seçilmiş
peşə üzrə istehsalat təcrübəsinə yer
verilir. Peşə məktəblərində
bərbərlik, aşpazlıq, mexanika, makinaçı və
digər ixtisaslar üzrə kadrlar hazırlanır.
Bundan başqa, İsraildə istedadlı, fiziki, əqli
və təlim qüsuru olan uşaqlar üçün
xüsusi, eləcə də fərdi proqramlar təklif olunur. Fiziki, əqli
və təlim qüsuru olan uşaqlar 3 yaşından 21
yaşına qədər pulsuz təhsillə təmin edilir.
Ali təhsil
Hələ İsrail dövlət kimi yaranmamışdan
əvvəl-1924-cü ildə İsrail Texnologiya İnstitutu fəaliyyətə
başlayıb. 1925-ci ildə təsis olunmuş Yerusəlim
Yəhudi Universiteti isə bütün dünyadakı yəhudi
alim və tələbələrini ölkəyə cəlb
etmək məqsədilə yaradılıb. 1948-ci ildə
bu ali məktəblərdə 1600 tələbə
təhsil alırdı.
2009-2010-cu
ilin statistik məlumatlarına görə, ölkənin ali təhsil müəssisələrində
280000-dən çox tələbə təhsil alıb.
Onların 38 faizi universitetlərin, 41 faizi kolleclərin, 21
faizi isə Açıq Universitet vasitəsilə müxtəlif
kurslarda iştirak edən tələbələrin payına
düşür.
Təhsil
prosesinin qurulması və idarəetmə baxımından tam
müstəqilliyə malik olan İsrailin ali
təhsil müəssisələri müvafiq meyarlara cavab verən
bütün abituriyentlərə oxumaq imkanı verir. Yeni
immiqrantlar və münasib kvalifikasiyalara malik olmayan tələbələr
isə xüsusi hazırlıq proqramında oxuduqdan sonra ali təhsil müəssisələrinə qəbul
ola bilərlər.
Bütün
ali təhsil müəssisələri Ali Təhsil
Şurasına tabedir. Ali Təhsil
Şurasına təhsil naziri rəhbərlik edir. Şuranın üzvləri sırasında akademiklər,
icma nümayəndələri və bir tələbə təmsil
olunur. Şura akkreditasiya məsələlərinə
baxır, akademik dərəcələrin verilməsini təsdiq
edir, hökumətə ali təhsilin, elmi
tədqiqatın inkişafı və maliyyələşməsinə
dair məsləhətlər verir.
Ali Təhsil
Şurasının Planlaşdırma və Qrantlar üzrə
Komitəsi maliyyə, o cümlədən büdcə təkliflərinin
verilməsi məsələlərini yerinə yetirir, hökumət
və ali təhsil müəssisələri
arasındakı əməkdaşlığı təmin edir.
Ali təhsil müəssisələrinin büdcəsinin
70 faizi dövlət vəsaitləri, 20 faizi təhsil
haqları hesabına formalaşır. Ali məktəblərin
maliyyələşməsində özəl mənbələrdən
gələn vəsaitlər cəmi 10 faiz təşkil edir.
İsraildə
tələbələrin əksəriyyəti 21 yaşında
ali təhsil almağa başlayır. Bu, kişilər üçün 1 illik, qadınlar
üçün 2 illik hərbi xidmət müddətinin
müəyyənləşdirilməsindən irəli gəlir.
Hazırda İsraildə 20-24 yaşlı əhalinin
yarıdan çoxu ali təhsil müəssisələrində
təhsil alır.
Yaşlıların təhsili
Təhsil
Nazirliyi, eləcə də dövlət və özəl
müəssisələr tərəfindən maliyyələşən
bir sıra kurslar vasitəsilə yaşlıların təhsilinə
geniş imkanlar yaradılır. Böyük
şəhərlərdə və bir çox rayonlarda
yaşlıların müxtəlif sahələr üzrə
peşə təhsili, təlimi və yenidən
hazırlanmasını Təhsil Nazirliyi ilə Sənaye,
Peşə və Əmək Nazirliyi birgə həyata
keçirirlər.
Yaşlılar arasında təhsil və mədəni fərqliliyin
azaldılması üçün müxtəlif təhsil
formalarından istifadə edilir. Xüsusi
hazırlanmış metoddan istifadə etməklə ivrit
dilinin müxtəlif səviyyələrdə tədrisi
immiqrantların, yaşlıların İsrail həyatına
inteqrasiya olunmasını sürətləndirir.
Tədqiqat və inkişaf
İsrail tədqiqat və elmi inkişafa ən çox
maliyyə vəsaiti yatıran ölkələr
sırasındadır. Təsadüfi deyil ki, ötən illər
ərzində bir çox İsrail alimləri Nobel
mükafatına layiq görülüblər. 2009-cu ildə Ueizmən Elmlər İnstitutunun əməkdaşı
Ada Yonat kimya sahəsində əldə etdiyi nailiyyətlərə
görə Nobel mükafatçıları sırasına
daxil olub.
İsraildə tədqiqat və elmi inkişaf əsasən
7 universitetdə, dövlət tədqiqat institutlarında,
tibbi mərkəzlərdə, yüzlərlə mülki və
hərbi müəssisələrdə həyata keçirilir. Hökumət
və dövlət qurumları tədqiqat və elmi inkişaf
üçün lazım olan vəsaitin yarıdan çox
hissəsini verir. Bu vəsaitlərin
böyük hissəsi iqtisadi inkişafa, əsasən də sənaye
və kənd təsərrüfatı sektoruna ayrılır.
Müxtəlif səhiyyə və sosial rifah sahələrinə
aid tədqiqat işlərinə də kifayət qədər
vəsait sərf olunur.
Elmi tədqiqatların böyük əksəriyyəti
universitetlərdə həyata keçirilir. İsrail universitetləri hər
il çoxsaylı patent əldə edirlər.
Bu, universitetlər ilə sənaye sahələri
arasındakı praktik əlaqənin yüksək səviyyədə
olmasından irəli gəlir.
Hüquqi baxımdan müstəqil qurum olan İsrail Elm
Fondu rəqabətli tədqiqatın əsas maliyyə mənbəyidir. İsrail Elm
Fondu minlərlə fərdi tədqiqatçıları,
xüsusi proqramları maliyyələşdirir.
Təhsilin idarə olunması
Təhsil
Nazirliyi, əsasən məktəb kurikulumunun
hazırlanması, təhsil standartlarının tətbiqi,
müəllimlərin fəaliyyətinə nəzarət edilməsi,
məktəb binalarının tikilməsi məsələlərinə
nəzarət edir. Yerli təhsil idarələri
isə məktəblərə texniki xidmətin göstərilməsi
ilə yanaşı, təchizat və avadanlıqların
alınmasına cavabdehlik daşıyır.
Məktəbəqədər və ibtidai təhsil pilləsində
işləyən pedaqoji heyət nazirlik, yuxarı sinif müəllimləri
isə yerli təhsil idarələri tərəfindən
işə qəbul edilir. Təhsilin 80 faizi
hökumət və yerli təhsil idarələri, digər
hissəsi isə kənar mənbələr hesabına maliyyələşir.
İsraildə Təhsil Nazirliyi tərəfindən təsis
edilmiş xüsusi telekanal - Təhsil Televiziyası fəaliyyət
göstərir. Bu telekanalda xüsusi tədris və elmi
proqramlar, geniş ictimaiyyət üçün təhsilə
həsr olunmuş verilişlər yayımlanır. Bundan əlavə, Təhsil Televiziyası yeni tədris
metodlarının hazırlanması istiqamətində
universitet müəllimləri ilə əməkdaşlıq
edir.
Fasiləsiz təlim xidmətlərinin göstərilməsinə
sadiq qalan Təhsil Televiziyasında bütün yaş
qruplarını təmsil edən izləyicilərin
maraqları nəzərə alınır. Belə ki, məktəbəqədər
təhsil üzrə inkişafetdirici proqramlara, gənclər
üçün əyləncəli proqramlara və
yaşlılar üçün təhsil kurslarına geniş
yer verilir.
Hazırladılar: Bəşarət
MƏMMƏDOV,
Ramil HÜSEYNOV
Yazının
hazırlanmasında İsrailin rəsmi dövlət saytlarının
materiallarından istifadə olunub.
Azərbaycan müəllimi.- 2011.- 17 iyun.- S.8.