Ruhulla Əli oğlu Axundov
Ruhulla Əli oğlu Axundov 1897-ci il yanvarın 13-də
Bakının Şüvəlan kəndində müəllim
ailəsində anadan olub.
Dörd
yaşı olanda atası
vəfat edib, çətinliklərlə böyüyüb.
Əvvəlcə kənd məktəbində təhsilə başlayan, sonra Bakı şəhər birinci
realnı məktəbində
oxuyan sakit təbiətli,
mütaliəyə meyilli Ruhulla
Axundov 1916-cı ildən mətbəədə
korrektor və tərcüməçi işləyib.
1917-1920-ci illərdə inqilabi mübarizədə iştirak
edib, bolşevik partiyası sıralarına daxil
olub. O, "Bakıətrafı fəhlə,
əsgər və matros deputatları
şurasının əxbarı"
(1918), "Hürriyyət" (1919), Azərbaycan dilində
çıxan gizli bolşevik
"Kommunist" qəzetlərinin (1919) redaktoru olub. 1920-1921-ci illərdə
Moskvada V.İ.Leninlə
görüşüb. Sonralar
AK(b)P BK-nın katibi, AK(b)P MK katibi, "Azərnəşr"in direktoru, ÜİK(b)P Zaqafqaziya Ölkə Komitəsinin katibi
kimi mühüm vəzifələrdə
çalışıb.
Marksizm-leninizm
klassiklərinin əsərlərinin, Kommunist
Partiyasının ikinci proqramının Azərbaycan dilinə
tərcüməsində iştirak edib, "Kənd füqərası",
"Bakinski raboçi", ikicildlik "Rusca-türkcə
lüğət"in redaktoru olub. Azərbaycan SSR və
SSRİ MİK-in üzvü, ÜİK(b)P-nin bir neçə
qurultayına, Kominternin II konqresinə nümayəndə
seçilib. Lenin ordeni ilə təltif edilib.
1927-1930-cu
illərdə Azərbaycanın xalq maarifi komissarı olan
Ruhulla Axundov hələ Azərbaycanda sovet hakimiyyətinin
qurulduğu ilk illərdə yazırdı ki, tarix Azərbaycanın
öhdəsinə Yaxın Şərq zəhmətkeşlərinin
avanqardı olmaq kimi bir vəzifə qoyub. Bəs, savadsız
Azərbaycan lazımi mədəni səviyyəyə
çatmadan Şərq ölkələrinin rəhbəri ola
bilərmi?
1923-cu
ildən yeni əlifbanın tətbiqi məsələsində
fəallıq göstərən Ruhulla Axundov Yeni Əlifba
Komitəsinin orqanı olan "Yeni yol" qəzetinin səhifələrində
bu mövzuda bir sıra məqalələrlə
çıxış edib.
Xalq
maarifi sahəsində məktəbəqədər tərbiyə
müəssisələrinə özək kimi dəyər verən
Ruhulla Axundov tədris plan və proqramlarının keyfiyyətini
yaxşılaşdırmağı vacib sayırdı.
O, Azərbaycan
K(b)P-nin VIII qurultayında xalq maarifi haqqında məruzə
edib, bu sahədəki nailiyyətlərdən
danışıb, məcburi pulsuz təhsili həyata
keçirməyin, məktəbəqədər tərbiyə
müəssisələrinin, kənd yerlərində yeddiillik
məktəblərin sayının artırılması zəruriliyini
göstərib. Ruhulla Axundov həmin qurultayda stabil tədris
proqramları, ideyaca daha sağlam dərsliklər yaratmaq,
texniki təhsilə diqqəti artırmaq, müəllimlərin
maddi vəziyyətini yaxşılaşdırmaq və s.
mühüm məsələlərdən də bəhs edib.
Ruhulla
Axundov Azərbaycan xalq maarifi komissarı olarkən SSRİ XKS
və ÜİK(b)P MK-nın qərarı ilə əlaqədar
kənd məktəblərində kənd təsərrüfatı
təmayülü üzrə geniş tədbirlər həyata
keçirilir, şagirdlərə aqronomluq və zootexnik
ixtisasları üzrə minimum biliklər verilən məktəblər
üçün torpaq sahələri ayrılır, şagirdlərin
ictimai-faydalı əməyinə xüsusi diqqət yetirilir.
1929-cu
ildə savadsızlıqla mübarizə daha da güclənir,
Azərbaycan XMK bu məqsədlə bir sıra tədbirlər
həyata keçirir: kurslar təşkil edir, kitabların qiymətini
ucuzlaşdırır. 1929-1930-cu illərdə Azərbaycanda
ümumtəhsil məktəblərinin sayı təxminən
2000-ə çatdırılır. Bütün bu tədbirlərdə
xalq maarifi komissarı, ictimai xadim, vətənpərvər
alim kimi Ruhulla Axundov fəal iştirak edib.
Azərbaycanda
yeni əlifbanın tətbiqini böyük nailiyyətlərdən
sayan Ruhulla Axundov Azərbaycan ədəbi dilinin
inkişafına böyük qayğı göstərib.
1928-ci ilin yanvarında maarif komissarının təşəbbüsü
ilə I Ümumazərbaycan imla konfransı keçirilib,
imlanın təkmilləşdirilməsi, vahid imla prinsiplərinin
tətbiqi kimi məsələlər geniş müzakirə
edilib.
Gəncləri
sevən, onlara qayğı ilə yanaşan görkəmli
maarif xadimi və istedadlı alim Ruhulla Axundov bədii ədəbiyyat
sahəsinə gələn gənclərin
yaradıcılığına istiqamət verib, onları hər
cür qərəzkar hücumlardan qoruyub.
O, həyatının
son illərində Partiya Tarixi İnstitutunda, SSRİ Elmlər
Akademiyasının Azərbaycan filialında rəhbər vəzifələrdə
çalışıb.
Ruhulla
Axundov repressiyaya məruz qalıb, 1938-ci ildə vəfat edib.
Azərbaycan müəllimi.- 2011.-
17 iyun.- S.7.