Bu gün Bakıda tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir

 

 İyunun 17-də Bakı şəhəri məktəblərinin XI siniflərində buraxılış imtahanları  keçirilir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsindən aldığımız məlumata görə, 2010-2011-ci tədris ilinin yekununda Bakı şəhərinin ümumtəhsil məktəblərinin 60393 şagirdi ümumi orta və tam orta təhsil səviyyələri üzrə mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları verəcək.

Bu gün Bakı şəhəri üzrə 73 imtahan mərkəzində 25367 nəfər onbirinci sinif şagirdi imtahan verir.

Ötən illərdə tam orta təhsil haqqında sənəd almağa müvəffəq olmayan 2017 məzunla isə 4 imtahan mərkəzində imtahan aparılır.

Qaydalara müvafiq olaraq, tam orta təhsil səviyyəsi üzrə 3 saat ərzində 120 suala cavab verilməlidir. Qeyd edək ki, onbirinci siniflər üzrə keçirilən buraxılış imtahanlarında  sualların ümumi sayı dəyişməsə də, ayrı-ayrı fənlər üzrə dəyişikliklər olmuşdur. Belə ki, ana dili və riyaziyyat fənləri üzrə suallar 25-dən 21-ə qədər azaldılmış, təbiət fənləri üzrə (kimya, biologiya, fizika, coğrafiya) suallar 10-dan 12-yə qədər artırılmışdır. Tarix və xarici dil fənləri üzrə sualların sayı isə (15) dəyişilməz qalmışdır.  Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında istifadə olunacaq test kitabçaları 18 variantda işlənib hazırlanmışdır ki, bu da sinifdə hər şagirdə bir variant deməkdir.

Sabah, iyunun 18-də isə Bakı şəhərinin IX siniflərində ümumi orta təhsil səviyyəsi üzrə mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçiriləcək. Həmin gün 75 imtahan mərkəzində 35026 nəfərlə imtahan aparılacaq. Şagirdlər 90 dəqiqə ərzində ana dili və riyaziyyat fənlərinin hərəsindən 25 sual olmaqla 50 suala cavab verməlidirlər. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında istifadə olunacaq test kitabçaları 12 variantda hazırlanıb.

Hər bir fənn üzrə sualların 20 faizdən 50 faizə qədərinə düz cavab verən şagird "3", 50 faizdən 80 faizə qədərinə düz cavab verən şagird "4", 80 faizdən yuxarı düz cavab verən şagird isə "5" ilə qiymətləndiriləcək.

 

 

Hicran ƏKBƏROVA

 

Azərbaycan müəllimi.- 2011.- 17 iyun.- S.1.