Təhsil Nazirliyində müşavirə keçirilib

 

İyunun 14-də Təhsil Nazirliyində birbaşa nazirliyin tabeliyində olan orta təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib

Müşavirə iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov 2010-2011-ci tədris ilinin uğurla başa çatdığını bildirib. Birbaşa nazirliyin tabeliyində olan lisey və gimnaziyaların fəaliyyətindən razılığını ifadə edən nazir həmin təhsil müəssisələri şagirdlərinin buraxılış imtahanlarında yüksək nəticələr göstərəcəyinə ümidvar olduğunu söyləyib.

Misir Mərdanov "Ən yaxşı müəllim" və "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqələrində birbaşa nazirliyin tabeliyində olan orta təhsil müəssisələrinin fəal iştirak etdiyini nəzərə çatdırıb. Bu tədris ocaqlarında çalışan müəllimlərin builki "Ən yaxşı müəllim" müsabiqəsində göstərdiyi nəticələrdən söz açan təhsil naziri qazanılmış uğurların həmin məktəblərdə tədrisin keyfiyyətinin bariz nümunəsi olduğunu qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkə təhsilinin inkişafına xüsusi qayğı göstərildiyini bildirən nazir son illərdə orta təhsil müəssisələrində işin müasir tələblər səviyyəsində qurulması üçün həyata keçirilən tədbirlərin davamlı xarakter daşıdığını vurğulayıb. Birbaşa nazirliyin tabeliyində olan orta təhsil müəssisələrinin bütün ehtiyaclarının vaxtında ödənilməsinin vacibliyini qeyd edən təhsil naziri bununla bağlı müvafiq tapşırıqlarını verib. Bu təhsil müəssisələrinin fəaliyyətinin daha səmərəli təşkili baxımından bir sıra digər məsələlərə toxunan nazir I siniflərə qəbul, yuxarı sinif şagirdlərinin yerdəyişməsi, müəllim-şagird nisbəti və siniflərdə şagirdlərin sıxlığı ilə bağlı fikirlərini bildirib.

Sonra birbaşa nazirliyin tabeliyində olan lisey və gimnaziya direktorları rəhbərlik etdikləri təhsil müəssisələrinin mövcud vəziyyəti, görüləcək işlər barədə məlumat verib, onları maraqlandıran bir çox məsələlərə aydınlıq gətirilib. Müvafiq məsələlər ətrafında müzakirələr aparılıb, bir sıra təklif və tövsiyələr səsləndirilib.

  

 

Azərbaycan müəllimi.- 2011.- 17 iyun.- S.2.