"Boyum balaca olduğuna
görə məni meydana buraxmaq
istəmirdilər"
Müsahibimiz "Regional Futbol Federasiyaları" İctimai
Birliyinin prezidenti, "Şöhrət" ordenli İsgəndər Cavadovdur.
Gələn ayın əvvəllərindən
dünyanın ən populyar idman növü olan futbolun ölkəmizdə
yüzillik tarixi ilə bağlı yubiley tədbirləri keçiriləcək. Bir əsrlik tarixi olan Azərbaycan
futbolunun bu müddət ərzində
uğurları az olmayıb. Ölkəmiz
müstəqillik əldə etdikdən sonra
idmanın bütün
sahələrində olduğu kimi, futbola da
diqqət və
qayğı xeyli artmışdır. Futbolumuzun yubileyi ərəfəsində
məşhur dəri top
ustası, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, "Regional Futbol Federasiyaları" İctimai
Birliyinin prezidenti,
"Şöhrət" ordenli İsgəndər Cavadovla
söhbət etdik. İsgəndər
Cavadov 1956-cı il sentyabrın 20-də Bakı şəhərində
anadan olub. Orta təhsilini 6 nömrəli internat-məktəbdə
alıb. 1976-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olaraq 1980-ci ildə
oranı bitirib. 1983-cü ildə
Bakı Dövlət Universitetinin hüquq fakültəsinə
daxil olub. Peşəkar
idman fəaliyyəti ilə yanaşı, Respublika
Prokurorluğunda işləyir. Ailəlidir,
iki oğlu var.
- İsgəndər
Cavadovun dünyaya göz açdığı yurd
yeri haqqında düşüncələri...
- Hər şeydən
əvvəl, Azərbaycan futbolunun yüzillik yubileyi münasibəti
ilə bütün idmansevərləri,
veteranları, azarkeşləri və bu idman növünün
inkişafı üçün əmək sərf edənlərin
hamısını təbrik edirəm. Mən 6 nömrəli
internat-məktəbdə təhsil almışam. Uşaq yaşlarımdan idmanın gimnastika və sərbəst
güləş növlərinə böyük
həvəsim olub və
bir neçə il bu idman
növləri ilə məşğul olmuşam. Təxminən on yaşımdan sonra məhəllələrdə keçirilən
futbol oyunlarında
oynamışam. Heç yadımdan
çıxmır, mənim boyum balaca olduğuna görə,
məhlə uşaqları məni ilk vaxtlar meydançaya
buraxmırdılar. Amma qardaşlarımın
futbolçu olmalarını nəzərə
alıb, hərdənbir oyunlarda iştirak etməyə
icazə verirdilər. Sonradan mənim cəldliyimi görüb komanda yoldaşlarım həmişə oyunlarda önə çəkirdilər. Suraxanı və Balaxanı
rayonlarının uşaqları ilə məhəllələr
və rayonlararası yarışlar keçirirdik.
Məhəllə futbolu
məni bir az da peşəkarlaşdırdı. 14 yaşımda məşqçilərin
köməyi ilə futbolun texniki sirlərini öyrənməyə
başladım. Uğurlarım da bundan sonra
artdı.
- İsgəndər
Cavadova futbolu sevdirən nə oldu?
- Ailədə 9 uşaq olmuşuq. Mən ailənin sonuncu övladıyam. Məndən böyük qardaşlarım Rza Cavadov, Tofiq Cavadov, Füzuli Cavadov da məşhur futbolçular olub. Onların futbola həvəsi məndə də bu idman növünə maraq oyatdı. Müəllimim Eduard Dadaşoviç Cəbrayılovun mənim peşəkar və təcrübəli futbolçu olmağımda böyük zəhməti vardır. O, mənim boyumun balaca olmasına baxmayaraq, çevikliyimə görə deyərdi: sən peşəkar və tanınmış futbolçu olacaqsan. 1974-1976-cı illərdə "Xəzər" (Sumqayıt) və "Avtomobilçi" (Bakı) komandalarında iştirak etmişəm. Təcrübə toplayaraq 1977-ci ildən böyük futbola çıxdım. 1980-ci ildə idman ustası adına layiq görüldüm. Peşəkar futbolçu kimi "Neftçi", "Dinamo" klublarında çıxış etmişəm.
- Böyük futbola gəlməyinizdə kimlərin köməyini gördünüz?
- Əldə etdiyim uğurlara görə həmişə özümü ümummilli lider Heydər Əliyevə borclu bilirəm. Məhz onun diqqət və qayğısı nəticəsində biz - Maşallah Əhmədov, İqor Ponomaryov, Səməd Qurbanov, Asim Xudiyev və başqaları peşəkar futbolçu kimi yetişmişik. O, sovetlər dönəmində respublikaya rəhbərlik etdiyi vaxt tez-tez idmançılarla görüşür, onların problemləri ilə maraqlanır və yerindəcə həll edirdi. Ötən əsrin 80-90-cı illərində "Neftçi"də yerli futbolçuların artması da ulu öndərin diqqət və qayğısı hesabına həyata keçmişdi. Onun tapşırığı ilə komandamız üçün yeni təlim - məşq bazası tikilmiş, respublika stadionu təmir olunmuşdu. 32 il bundan əvvəl Heydər Əliyev komandanın üzvlərini qəbul etmişdi. Həmin görüşdə bir çox məsələlər müzakirə olundu, bizə tövsiyələr verildi. Ümummilli lider həmin görüşdə bildirmişdi ki, "Neftçi"nin hər bir qələbəsinə mən də xalqımız kimi sevinirəm. Ulu öndər "Neftçi"nin o vaxtkı rəhbərliyinə tapşırmışdı ki, Azərbaycanın bütün regionlarında olan istedadlı, futbola marağı olan yeniyetmələri tapıb üzə çıxarsın. Ümummilli liderimiz deyirdi ki, hər bir idman növündə olduğu kimi, futbolda da böyük məsuliyyət, özünə qarşı tələbkarlıq və əzmkarlıq lazımdır. Bu görüşdən çox ruhlanmışdım. Bu görüşdən sonra mənim həyatımda, futbolçu kimi futbol karyeramda bir dönüş yarandı.
- Sizcə, futbolumuzu irəli aparmaq üçün idman məktəblərində
və cəmiyyətlərdə
hansı işlər görülməlidir?
- İlk növbədə, idman məktəblərində və idman cəmiyyətlərində peşəkar müəllim - mütəxəssislər olmalıdır. Müəllim bilməlidir ki, o, idmanın hansı növünün incəliklərini uşaqlara öyrədir. Sevinirik ki, ümummilli liderin layiqli davamçısı ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında idmanın bütün sahələrində Azərbaycan dünya ölkələri arasında öz sözünü deyir. Ölkə başçısı futbolumuzun da dünya standartlarına çatması üçün böyük işlər görür. Bunun nəticəsi olaraq bu yaxınlarda ölkəmizdə yüksək səviyyədə stadionun tikilməsinə start verilib.
- Rəhbərlik
etdiyiniz "Regional Futbol
Federasiyaları" İctimai
Birliyi üç ildir ki, fəaliyyət
göstərir. Bu müddət ərzində
hansı işləri
həyata keçirə
bilmisiniz?
- Təşkilat hazırladığımız plan üzrə fəaliyyət göstərir. Bölgələrdə futbol ictimaiyyətinin nümayəndələri ilə görüşlər keçirilmişdir. "Danone" klub yarışları bütün bölgələri əhatə etmişdir. 17 yaşlı futbolçular arasında region kuboku yarışları keçirilmişdir. Ötən il 1995 -1996-cı il təvəllüdlü futbolçular arasında yeddi region üzrə yarışlar start götürmüşdür. Turnirdə regionlar üzrə 45 komanda mübarizə aparırdı. Bu yaxınlarda ikinci region kuboku keçirildi. Bu turnirdə artıq 64 komanda iştirak etdi. Hesab edirəm ki, futbolun inkişafında bölgələr diqqət mərkəzində saxlanılmalıdır. Futbolumuzu irəli aparmaq üçün bölgələrdə peşəkar kadrlar işləməlidir. Bunun üçün müvafiq işlər görürük. Xüsusilə qeyd etmək istərdim ki, məhz bütün ölkədə kütləvi və uşaq futbolunun populyarlığı bu idman növünün uğurlu sabahı üçün zəmin yarada bilər. Uşaq futbolunun inkişafı üçün aidiyyəti nazirliklər də böyük diqqət göstərirlər. Bu yaxınlarda Təhsil Nazirliyi və AFFA-nın dəstəyi ilə müasir standartlara cavab verən yüksək səviyyədə stadion yeniyetmələrin istifadəsinə verildi.
- Sonda xahiş edərdik ki, yarışlarda olan maraqlı və
yumoristik məqamlardan yadda qalanını bizə danışasınız.
- Klubun fiziki baxımdan
çox güclü olan administratoru var idi. Uzun illər
sərbəst güləş
və ağırlıqqaldırmaqla
məşğul olduğuna
görə, həmişə
çempionata səfərə
gedəndə tibbi avadanlıqlarla dolu olan ağır çanta götürərdi.
Güclü olduğuna
görə fikir verməzdi ki, əlində 10 və yaxud 20 kq yük var. Mən də uşaqlarla sözləşib
zarafat üçün
bunun çantasına
5 dənə qırmızı
kərpic qoydum. Hava limanının polis işçiləri
çantanı monitordan
keçirəndə ona
sual verdilər ki, kərpicləri hara aparırsan. O əsəbiləşdi ki,
kərpic nədi, tibbi avadanlıqlar aparıram. Çantanı yerə boşaldanda
5 dənə kərpic
çıxdı. Hava limanının
işçiləri bizimkilərlə
yarım saat gülüşdülər.
Rəşad ZİYADOV
Azərbaycan müəllimi.- 2011.-
24 iyun.- S.16.