Maqsud Məmməd oğlu Məmmədov

 

Maqsud Məmməd oğlu Məmmədov 1897-ci ilin dekabrında İrəvan şəhərində anadan olub. İrəvan kişi gimnaziyasını bitirib. Azərbaycan Politexnik İnstitutunda, Yakov Sverdlov adına Kommunist İnstitutunda təhsil alıb. 1936-cı ildə Moskvada Qırmızı Professura İnstitutunun üçüncü kursunda oxuyarkən Bakıya çağırılıb. Maqsud Məmmədov 1916-cı ildən ictimai və siyasi həyatda fəal iştirak edib. 1917-ci ilin Fevral inqilabından sonra şagird komitəsi təşkil edərək proletar və zəhmətkeş ailələrdən olan şagirdləri ətrafına toplayıb. Komitə tez-tez nümayişlər təşkil edib və şagird qəzetinin nəşrinə nail olub. 1920-ci ilin sentyabrından Azərbaycan Kommunist Partiyası sıralarına qoşulub.

Əmək fəaliyyətinə 1915-ci ildə İrəvan şəhərində müəllim kimi başlayıb. 1920-1923-cü illərdə Bakı Şəhər Xalq Ərzaq Komissarlığı İdarəsinin rəisi vəzifəsində çalışıb. 1925-1927-ci illərdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Xalq Maliyyə Komissarlığında işləyib, 1929-1930-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) rektoru olub. 1930-1931-ci illərdə Azərbaycan xalq maarifi komissarı vəzifəsində çalışıb. Maqsud Məmmədov Azərbaycan xalqının təhsil və mədəni səviyyəsinin yüksəlməsinə yönəlmiş partiya kursunun uğurla həyata keçirilməsi üçün böyük güc və enerji sərf edib.

1931-ci ildə Azərbaycan K(b)P MK-nın katibi təyin edilən Maqsud Məmmədov 1933-cü ilə kimi bu vəzifədə çalışıb.

1933-1934-cü illərdə Azərbaycan Partiya Tarixi İnstitutunun direktoru olub.

Partiya işində zəngin təcrübəsini nəzərə alaraq onu yenidən Mərkəzi Komitədə işləməyə dəvət edirlər. 1936-1937-ci illərdə Azərbaycan K(b)P MK-nın şöbə müdiri işləyib, 1937-ci il iyulun 29-dan sentyabrın 19-na qədər "Azərnəşr"in direktorunun səlahiyyətlərini icra edib. Respublikanın həyatında fəal iştirak edən Maqsud Məmmədovun həmin dövrdə gördüyü işlər mətbuat səhifələrində öz əksini tapıb, onun müxtəlif məsələlərlə bağlı çıxışlarına geniş yer verilib.

Marksizm-leninizm ideyalarının fəal təbliğatçısı olan Maqsud Məmmədov Azərbaycan K(b)P MK-nın büro üzvü seçilib, 1933-cü ildə Azərbaycan Dövlət Nəşriyyatında ilk dəfə Azərbaycan dilində nəşr olunan "V.İ.Lenin. Seçilmiş əsərləri" altıcildliyinin redaksiya heyətinin tərkibinə daxil edilib. Həmcinin V.İ.Leninin Azərbaycan dilində nəşr olunmuş digər seçilmiş əsərlərinin redaktor və tərcüməçilər qrupunun tərkibində təmsil olunub.

1925-1927-ci illərdə Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin, 1930-1934-cü illərdə Azərbaycan K(b)P Bakı Komitəsinin, 1931-ci ildən Azərbaycan K(b)P MK-nın, 1931-1933-cü illərdə Ümumittifaq K(b)P Zaqafqaziya Diyar Komitəsinin üzvü seçilib.

O, 1937-ci ilin sentyabrında Xalq Daxili İşlər Komissarlığı tərəfindən həbs olunub, repressiyaya məruz qalıb.

Maqsud Məmmədov 1938-ci ildə vəfat edib.

  

 

Azərbaycan müəllimi.- 2011.- 24 iyun.- S.11.