Mənim müəllimlərim
Mənim uşaqlığım rəngarəng
hadisələrlə zəngindir. Bunların bəzilərini
oxuculara çatdırmaq fikrinə düşməyim mənim
yetişməyimdə əvəzsiz rolu olan müəllimlərimlə
onları tanış etmək niyyətimlə
bağlıdır.
Mənimlə
orta və ali məktəblərdə təhsil alan
yoldaşlarım etiraf edərlər ki, mən bütün fənlərə
eyni münasibət bəslədiyimdən istənilən ali məktəbin
istənilən ixtisasına qəbul oluna bilərdim. Müəllimlərim
məndə müəllimliyə o qədər həvəs
yaratmışdılar ki, bu həvəs məni fizika müəllimliyi
ixtisasını seçməyə sövq etdi.
Bu
istiqamətdə məni yönəldən bu elmin dünyəvi
olmasıdır. Fizika dünyanın
bütün ölkələrində eyni qanunları ilə
öyrənilir. Əgər təsəvvür etsək ki,
fizika qanunlarından istifadə olunmur, onda dünyanın mənzərəsi
necə olardı? Cavab çox
sadədir. Həyat dözülməz görünərdi.
Mən
Böyük Vətən müharibəsinin sonuncu ilində məktəbə
getmişəm. Yadımdadır, soyadımı atamın
soyadı kimi yazmışdılar. Mən təkidlə Adilov
familiyasını Vahidova dəyişməyə nail oldum,
özü də sol əllə yazmağa başladım. Beşinci
sinfə kimi sol əllə yazdım. Beşinci sinifdə
çox hörmət etdiyim Baloğlan müəllim mənim
yaxşı oxumağımı deməklə yanaşı həm
də dedi ki, sağ əllə yazsaydın daha yaxşı
olardı. Mən müəllimimin sözünü yerə
salmayıb, hüsnxətt alaraq hər gün bir hərf
yazmaqla sağ əllə də yazmağı öyrəndim və
həmin vaxtdan başlayaraq hər iki əlimlə yazıram. Məhz
buna görə həmin müəllimin ruhuna indi də dua
oxuyuram.
V-VII
siniflərdə riyaziyyatı mərhum Səməd Azadovdan
öyrəndim. Rayonda müəllim işlədiyim son iki ili mən
əvvəllər təhsil aldığım Kürdəmir dəmiryol
orta məktəbində Səməd müəllimin direktor
olduğu təhsil ocağında fəaliyyət göstərdim.
O, həmişə mənimlə fəxr etdiyini söyləyirdi.
Mən
məktəbin VII sinfini tərifnamə ilə bitirib,
Göyçay Pedaqoji Məktəbinə ərizə verdim. İmtahansız
qəbul olunmaq ümidində ikən mənim ərizəmi qəbul
etmədilər və dedilər ki, sənin boyun çox
balacadır. Səndən müəllim olmaz. Mən çox pərişan
halda otaqdan çıxarkən bir nəfər məndən
kvadrat tənliyi, bikvadrat tənliyi, irrasional ədədi
soruşdu, mən cavab verdiyimə görə o, mənim sənədlərimi
qeydə aldırdı, bu şərtlə ki, mən yeddi
imtahan verməli oldum.
İmtahanları
təkcə rus dilindən dörd, qalanlardan beş olmaqla verib
pedməktəbə qəbul olundum.
Öyrəndim
ki, məni boyuma görə pedməktəbə götürmək
istəməyən partiya katibi İlyas Şəfiyev, sənədlərimi
qəbul etdirən isə riyaziyyat müəllimi Sultanmurad Məmmədzadə
imiş.
Bir həftə
sonra 45 nəfər əlaçı qəbul olunanları bir
auditoriyaya yığıb ifadə yazı keçirdilər,
nədənsə mən də onlarla ifadə yazdım. Bir
neçə gün keçdikdən sonra ifadə yazanları
bir auditoriyaya topladılar və məni qarşıya
çağırıb, bir stula çıxmağımı təklif
etdilər. İlyas müəllim üzünü onlara tutaraq:
"Təkcə pedməktəbə götürmək istəmədiyim
bu kiçik boylu uşaqdan başqa heç biriniz "əla"
qiymət almamısınız", - dedi.
Həmin gündən o müəllimin mənə münasibəti dəyişdi. Komsomol təşkilatına seçkidə o, məni büronun tərkibinə təklif etdi. Təşkilatın rəhbərliyinin seçkisində isə o məni pedməktəb komsomol komitəsinin katibliyinə məsləhət bildi və mən katib seçilməklə respublika komsomolunun qurultayına nümayəndə seçildim.
Maraqlı
idi, dünən boyuma görə məni pedməktəbə
yaxın qoymaq istəməyən İlyas müəllim bu
gün mənim qızğın tərəfdarım oldu. Səbəb
nə idi? Əlbəttə, o balaca boylu uşağın
biliyi idi.
Bizim mənəvi tərbiyəmiz bədii kitablarla formalaşırdı. Məhz buna görə ən tənbəl şagird il ərzində ən azı iki-üç kitab oxuyur, kitab müzakirələrində iştirak edirdi. İndi radio, televiziya, video, kompüter, mobil telefonlar həyata daxil olmaqla kitabı bir növ sıxışdırıb, filmlərə əksər hallarda televiziyada mahiyyət və məzmunca tərbiyəyə müsbət təsir etmək gücündə olmayan seriallar şəklində baxılır.
Çox
keçmişdə qalsa da bizim Şövqi Ağayev,
İlyas Şəfiyev, Zəki Kazımzadə, Mehdi Mehdizadə,
Mərdan Muradxanov, Əhməd Seyidov, Abasqulu Abaszadə,
Mühidin Bağırlı, Akif Süleymanov, Xanməmməd
Mirzəyev kimi örnək olan müəllimlərimiz olub.
Yadımdadır,
biz tənəffüslərdə Şövqi Ağayevi rahat
buraxmırdıq, Mərdan müəllimi, Mehdi müəllimi
səbirsizliklə gözləyirdik. Bizim müəllimlərimiz
müəllim adına layiq olan, müəllimliyi sevərək
onu peşə seçmiş insanlar idilər.
Yadımdadır,
aspirant kimi mən Moskva və Leninqrad şəhərlərinə
gedəndə Zəki müəllim mənə məsləhət
verdikdən sonra pul da verdi.
Yadımda
olan bir hadisə də oxucu üçün maraqlı olar. Məni
istəmədiyim halda məktəb
direktoru göndərirdilər. Ümid edirdim ki, yalnız bir
il işlədiyimə görə məni bu vəzifəyə
qoymazlar. O vaxt rayon partiya komitəsi və maarif müdiri mənim
məktəb direktoru olmağımı təkid edirdilər.
Mehdi
müəllim sənədlərimə baxdı, maarif müdiri
ilə telefonla danışdı, sonra təhsil
aldığım ali məktəbdə buraxılış
zamanı mənə verilən xasiyyətnaməni tələb etdi. Xasiyyətnamədə nə
yazılmışdısa, o mənə dedi ki, təəssüf,
sənin istəyini yerinə yetirə bilmərəm, ancaq
direktor kimi səni təbrik edirəm.
Mehdi
müəllimin əsl təhsil adamı olmağını mən
fizika-riyaziyyat təmayüllü məktəbdə dərsimi
dinləyərkən bir daha yəqin etdim. Dərsi dinlədikdən
sonra o məni yanına çağırıb təbrik etdi və
nəyə ehtiyacımın olduğunu soruşdu. Mənim istəyimlə
nazirlik mənə bir fizika kabineti, avadanlıq və
cihazlarını bağışladı.
Demə,
Mehdi müəllim dərsimi dinləyərkən "Azərbaycan
müəllimi" qəzetinin fotomüxbiri dərsdən
fraqmentlər çəkibmiş. Sonrakı gün qəzetdə
o vaxt mənim dərs dediyim, indi Neft Akademiyasının müəllimi
olan M.Musayevlə təcrübə apardığımız
anın şəkli verilmişdi.
Tacəddin VAHİDOV,
pedaqoji elmlər üzrə fəlsəfə
doktoru,
respublikanın qabaqcıl təhsil
işçisi
Azərbaycan müəllimi.- 2011.-
24 iyun.- S.10.