Kiçik elmdən böyük
elmə aparan yol
Intel ISEF (Intel International
Science and Engineering Fair) - Beynəlxalq Elm və Mühəndislik Sərgisi - ildə bir dəfə ABŞ-da keçirilən şagird elmi-tədqiqat layihələrinin müsabiqəsidir. Bu, dünyada yuxarı sinif şagirdlərinin elmi yaradıcılığına həsr
olunan ən iri müsabiqədir. Müsabiqənin əsas təşkilatçısı
və sponsoru Intel korporasiyasıdır.
Intel - hesablama texnikası
üçün innovativ
işləmələr sahəsində
dünya lideridir. Korporasiyanın mütəxəssisləri tərəfindən
dünyada istehsal olunan kompüter və hesablayıcı avadanlıqların əsasını
təşkil edən yüksək texnoloji məhsullar yaradılır.
Intel müasir texnologiyalardan
istifadə edərək
təhsilin səmərəliliyinin
və tədrisin səviyyəsinin yüksəldilməsinə
yönəldilmiş təhsil
proqramlarını yaradır
və dəstəkləyir,
yeni texnologiyalar və texniki ixtisaslar haqqında məlumatlara yol açır.
Intel ISEF müsabiqəsi Intel korporasiyasının təhsil
sahəsində həyata
keçirdiyi çoxsaylı
layihələrdən biridir. Intel həmçinin
müəllimlərin ixtisasartırmasına
da dəstək verir və hər
il öz
əməkdaşlarını könüllü işlərə
cəlb edir. Son 10 il ərzində Intel və Intel Foundation təhsil
sahəsinə 1 milyard
dollar investisiya yatırmış,
korporasiyanın əməkdaşları
isə 60-dan artıq ölkədə aparılan
ictimai işlərə
təxminən 3 milyon
saat sərf etmişlər.
Intel ISEF müsabiqəsi 1950-ci ildən
başlayaraq Society for Science and the Public (Cəmiyyət elm və ictimaiyyət üçün)
qeyri-kommersiya təşkilatının
himayəsi altında keçirilir. 1997-ci ildən
etibarən Intel korporasiyası
ISEF-in baş sponsoru kimi bu müsabiqəni
özünün Intel "Təhsildə
novatorluq" korporativ
proqramı çərçivəsində,
habelə Intel Foundation Xeyriyyə
Fondunun dəstəyi ilə təşkil edir.
Intel ISEF və digər təhsil proqramlarının
köməyi ilə
Intel korporasiyası bütün
dünyada uşaqların
savadının yüksəldilməsinə
və onların müxtəlif elmlərə,
o cümlədən riyaziyyata
və mühəndisliyə
maraqlarının artırılmasına
kömək etməyə
çalışır.
Intel ISEF müsabiqəsinin keçirilməsi
şagirdlərin elm və
texnika sahəsində
yaradıcılıq potensialının
yüksəlməsini təmin
edir, eyni zamanda "Məktəb - ali təhsil müəssisəsi - doktorantura"
triadası çərçivəsində
fasiləsiz professional hazırlıq
sisteminin təkmilləşdirilməsinə
səbəb olur. Müxtəlif ölkələrdə
müsabiqələrin keçirilməsinə
və məktəblərdə
şagirdlər tərəfindən
tədqiqatların aparılmasına
ali təhsil müəssisələrinin elmi-pedaqoji
potensialı cəlb olunur ki, bu
da elmin bir peşə kimi populyarlaşmasına xidmət edir.
Intel
ISEF-in ABŞ-da keçirilən
final mərhələsinə hər il dünyanın
müxtəlif ölkələrində
təşkil olunan müsabiqənin 550-dən artıq
qalibi qatılır.
Son illər Intel ISEF beynəlxalq
müsabiqəsində öz
elmi layihələrini
nümayiş etdirmək
istəyən şagirdlərin
sayı xeyli artmışdır. Bu da elmtutumlu tədqiqatlara şagirdlərin marağının
artmasını əks
etdirir. Müsabiqədə
iştirak edən ölkələrin də sayı artır, coğrafiyası genişlənir.
Belə ki, əgər 2006-cı ildə
bu müsabiqədə
47 ölkə, 2009-cu ildə
51 ölkə iştirak
etmişdisə, 2011-ci ildə
ölkələrin sayı
65-ə çatmışdır. Hər il Intel ISEF müsabiqəsinə yeni ölkələr qatılır.
İştirakçıların sayı artdıqca şagirdlər arasında
mübarizə gərginliyi
də artır.
Bu yarışmada şagirdlər
üçün əsas
iş yalnız mükafat qazanmaq deyil. Intel ISEF müsabiqəsində
şagirdlər onları
maraqlandıran sahələrdə
çalışan dünya
şöhrətli alim
və görkəmli mühəndislərlə ünsiyyətdə
ola bilir, onlara sual vermək
və apardıqları
tədqiqatların perspektivləri
barədə daha çox məlumat əldə etmək kimi unikal bir
fürsət qazanırlar.
ISEF-də qazanılmış
kiçik elmi nailiyyətlər bir çoxlarını böyük
elmə gətirib çıxarır.
Maraqlı bir fakt: Intel
ISEF-in 20-dən çox qalibi
sonralar Nobel mükafatı
laureatı, 3 qalibi isə riyaziyyat sahəsində ən yüksək mükafat sayılan Filds mükafatı laureatı olmuşdur. Intel korporasiyasının
direktorlar şurasının
sədri Kreyq Barret deyir: "Intel ISEF şagirdləri yaşadığımız
dünyanın tədqiqinə
sövq edir. Müsabiqə qaliblərinin
uğurları adamı
heyrətləndirməyə bilməz. İnanıram ki, gənc alim
və mühəndislərin
yeni nəsli səhiyyənin daha da inkişaf etməsinə, ətraf mühitin mühafizəsinə
öz töhfələrini
verəcək və dünyanı dəyişdirən
inqilabi texnologiyalar yarada biləcək".
Müxtəlif ölkələrdə Intel ISEF
müsabiqəsinə seçim turunun düzgün təşkil
edilməsi və bu işin səmərəliliyinin
artırılması məqsədilə hər il müsabiqə
ilə eyni vaxtda Intel Təlim Akademiyası fəaliyyət
göstərir. Akademiyanın dinləyiciləri milli
müsabiqələrin keçirilməsi barədə müxtəlif
ölkələrin təcrübəsi ilə tanış
olur, fikir mübadiləsi aparmaq imkanı əldə edirlər.
Burada müxtəlif elm adamları, ISEF-in keçmiş qalibləri
və digər maraqlı şəxslərlə
görüşlər təşkil olunur. Akademiyaya ilk dəfə
dəvət olunan ölkələrin nümayəndələrinə
milli müsabiqələrin hazırlanması və
keçirilməsinə dair tövsiyələr verilir, bu sahədə
fəaliyyət planının tərtib olunmasına yardım
göstərilir.
2011-ci ilin 9-13 may tarixlərində Intel ISEF-in
növbəti 62-ci müsabiqəsi ABŞ-ın Los-Anceles
şəhərində (Kaliforniya ştatı) təşkil
edilmişdi. Müsabiqədə 65 ölkədə
keçirilmiş 443 seçim müsabiqəsinin qalibləri
olan 1500-dən çox finalçı şagird iştirak
edirdi. Avropa, Yaxın Şərq və Afrika regionunun 33 ölkəsindən
müsabiqəyə 198 şagird qatılmışdı. MDB-yə
üzv olan dövlətlərdən Rusiya Federasiyası,
Ukrayna, Belarus və Qazaxıstanın şagirdləri öz
layihələri ilə iştirak edirdilər.
Birinci gün "Los Angeles Convention Center" adlanan
məkanda təntənəli açılış mərasimi
keçirildi. Açılışda finalçı
şagirdlər, Intelin əməkdaşları, media nümayəndələri,
müxtəlif ölkələrdən gəlmiş alimlər,
o cümlədən 7 nəfər Nobel mükafatı
laureatı (Pol Berq, Miçel Bişop, Martin Çalfi, Dadli
Xerşbax, Robert Horvits, Duqlas Oşerov, Riçard Roberts)
Intelin Təlim Akademiyasının dinləyiciləri və digər
qonaqlar iştirak edirdilər. Intel ISEF 2011-in
finalçılarını DreamWorks Animation studiyasının
icraçı direktoru Ceffri Katzenberq salamladı.
Sonra
"Society for Science and the Public"ın prezidenti Elizabet
Marinkola çıxış etdi. O dedi ki, yuxarı sinif
şagirdlərinin müsabiqəsi olan Intel ISEF elə bir
meydançadır ki, buraya dünyanın hər bir yerində
yaşayan ən yaxşı gənc alimlər öz işlərini
və müasir elmi layihələrini təqdim edə bilərlər.
Artıq 62-ci ildir ki, bu müsabiqə bizim ümumi gələcəyimizi
təmin edərək gənc alimlərə dünyanın
aktual problemləri ilə üz-üzə durmaqda və
onların həll yollarını tapmaqda kömək
edir".
Mayın
12-də "Los Angeles Convention Center"də Açıq
Qapı Günü keçirildi. Həmin gün qonaqlar və
jurnalistlər finalçıların layihələri ilə
tanış oldular. Müsabiqəyə təqdim olunan layihələr
arasında zəlzələnin
proqnozlaşdırılması, hovuzların neft ləkələrindən
təmizlənməsi, sunami daxil olmaqla, təbii fəlakətlərə
qarşı mübarizə sistemi, eləcə də Altsgeymer
xəstəliyi, kimyaterapiyanın yeni növləri və digər
aktual məsələlərə həsr olunmuş çoxlu
sayda maraqlı layihələr vardı.
Layihələr müsabiqənin şərtlərinə
uyğun hazırlanmışdı: onlar
müvafiq sahə üzrə alimlərdən və ya müəllimlərdən
birinin elmi rəhbərliyi ilə yerinə yetirilmiş, elmi cəhətdən
əsaslandırılmışdı; aparılan işin
praktiki əhəmiyyəti əks olunmuş və alınan nəticələrin
istifadəsinə dair tövsiyələr verilmişdi. Layihələrdən
görünürdü ki, bir çox
iştirakçıların ölkələrindəki
müxtəlif müəssisələrin elmi
avadanlıqlarından istifadə etmək imkanı olmuşdu.
ISEF-dəki təqdimatlar elmi konfranslardakı stend
çıxışlarına bənzəyirdi. Maraqlananlara
işin xülasəsi verilirdi. İştirakçılar
öz işləri haqqında böyük həvəslə
danışırdılar.
Bu il layihələr 17 kateqoriya
üzrə qiymətləndirilirdi (dəqiq, təbiət elmləri
və mühəndislik üstünlük təşkil edirdi,
humanitar elmlərdən sosial elmlər təmsil olunmuşdu).
Intel ISEF müsabiqəsinə təqdim olunan layihələri
qiymətləndirmək məqsədilə dünyanın
müxtəlif ölkələrindən hakim qismində 1000-ə
yaxın alim dəvət olunmuşdu. Hakimlər hər bir
iştirakçı ilə müsahibənin
aparılmasına 15 dəqiqə vaxt ayırırdılar.
Müsabiqənin tələblərinə görə həmin
gün iştirakçılar rəsmi geyimdə olmalı və
öz layihələrini ingilis dilində təqdim etməlidirlər.
Mayın
13-də qaliblərin mükafatlandırma
mərasimi "Los Angeles Convention
Center"də media nümayəndələrinin
iştirakı ilə keçirildi.
75.000
ABŞ dolları məbləğində
olan əsas mükafat Qordon Mur
mükafatı adlanırdı. Bu mükafat Intel Foundation tərəfindən
Intel korporasiyasının əsasını qoyan və onun
keçmiş rəhbərlərindən biri olan insanın
şərəfinə təsis edilmişdir.
Qordon Mur mükafatına xərçəng xəstəlikləri
ilə mübarizədə daha səmərəli
və nisbətən ucuz metoda həsr edilmiş layihənin
müəllifləri Metyu Fedderson və Bleyk Marqraff (Kaliforniya
ştatının Lafayett şəhəri) layiq
görüldülər. Apardıqları tədqiqat nəticəsində
onlar müəyyən ediblər ki, xərçəng
şişinin şualanma nahiyəsinin
yaxınlığında metal plastina yerləşdiriləndə
bu xəstəliklə mübarizə daha səmərəli
olur.
Intel
Foundation tərəfindən - Intel
Foundation Young Scientist Avards (Ən yaxşı gənc alimlər
üçün mükafatlar) - təsis edilmiş və hər
biri 50.000 ABŞ dolları məbləğində olan iki
mükafat Teylor Vilsona (Nevada ştatının Reno şəhəri)
və Tailanddan gələn 3 nəfərdən ibarət
komandaya təqdim olundu.
Intel Best of Cateqory Avards (Kateqoriyalar
üzrə ən yaxşı mükafatlar) mükafatı hər
biri 5.000 ABŞ dolları məbləğində olmaqla 17
kateqoriya üzrə qaliblərə təqdim olundu. Bundan əlavə,
həmin şagirdlərin təhsil aldığı məktəblərə
və onların seçimini həyata keçirən milli
müsabiqəyə Intel tərəfindən 1.000 ABŞ
dolları ayrıldı.
2011-ci il üçün Intel
ISEF-in ümumi mükafat fondu 4 milyon dollar təşkil edirdi.
Intel Foundation mükafatlarından əlavə, müxtəlif
elmi təşkilatların, dövlət müəssisələrinin
və kommersiya strukturlarının da müxtəlif prizləri
təqdim olundu (600-dən artıq layihənin müəllifi
mükafatlandırıldı).
Beləliklə, bu möhtəşəm
tədbir başa
çatdı.
Yuxarıda qeyd olunduğu kimi, Intel ISEF müsabiqəsinə qatılan
ölkələrin sayı ildən-ilə artmaqdadır. MDB-yə
üzv ölkələrdən bu müsabiqəyə ilk olaraq
Rusiya Federasiyası 1998-ci ildə qatılmışdır.
Hazırda Intel ISEF müsabiqəsində Qazaxıstan, Ukrayna və
Belarus respublikaları da fəal iştirak edirlər.
Bu nüfuzlu müsabiqə bütün dünya üçün aktual
olduğu kimi, Azərbaycan üçün də aktual və əhəmiyyətlidir.
Təhsil sahəsində aparılan islahatlar, orta ümumi təhsil
müəssisələrində tətbiq olunan kurikulumlar yeni
düşüncəli, geniş dünyagörüşlü
gənclərin hazırlanmasına yönəldilmişdir. Bu
gün Azərbaycan məktəblərində tədqiqatlar aparmağa, yeni
informasiya texnologiyalarından istifadə etməyə geniş
imkanlar yaradılır. Orta ümumi təhsil müəssisələrində
Kiçik Akademiyalar fəaliyyət göstərir, həmin
akademiyalar çərçivəsində elmi konfranslar keçirilir.
Bu işlərin aparılmasında əsas məqsəd
şagirdlərə kiçik yaşlarından elmi vərdişlər
aşılamaq, onları yeni elmi axtarışlara, ətraf
mühiti yaxşılığa doğru dəyişdirməyə
sövq etməkdən ibarətdir.
Bütün bunlar imkan verir ki, ölkəmizin ümumi təhsil
müəssisələrinin yuxarı sinif şagirdləri
arasında elm və mühəndislik sahəsində biz də
milli müsabiqə keçirək və həmin müsabiqənin
qalibləri sırasından ən layiqlilərini seçərək
Intel ISEF müsabiqəsinə göndərək. Əlbəttə,
bu işdə həm ümumi təhsil müəssisələrinin
müəllim kollektivləri, həm də ali təhsil müəssisələrində
və Azərbaycan Milli Elmlər Akademiyasında
çalışan alimlər öz töhfələrini verməlidirlər.
Ümidvaram ki, bu işə ölkəmizin
pedaqoji və elmi ictimaiyyəti tərəfindən
maraq get-gedə artacaq.
Gültəkin HÜSEYNOVA
Azərbaycan müəllimi.-
2011.- 24 iyun.- S.5.