BDU ilə Almaniyanın Vürzburq Universiteti arasında əməkdaşlıq sazişi imzalandı

 

Bakı Dövlət Universiteti ilə Almaniyanın Julius Maksimilian Vürzburq Universiteti arasında "Avropa hüququ üzrə magistr" proqramının yaradılmasına dair əməkdaşlıq sazişi imzalanıb. Sazişi Almaniya tərəfindən Vürzburq Universitetinin Beynəlxalq əlaqələr və informasiya texnologiyaları üzrə prorektoru, professor Eckhard Pache, Azərbaycan tərəfindən isə BDU-nun rektoru, akademik Abel Məhərrəmov imzalayıblar.  

Avropa hüququnun son zamanlarda hüquq elminin ən dinamik inkişaf edən və prioritet təşkil edən istiqamətlərdən birinə çevrildiyini deyən rektor Abel Məhərrəmov bu əməkdaşlığın ölkəmiz üçün çox əhəmiyyətli olacağını qeyd edib.

Tədbirdə iştirak edən təhsil nazirinin müavini Elmar Qasımov BDU-nun Hüquq fakültəsinin ölkəmizin ən məşhur hüquqşünaslarını hazırladığını və layiqli kadrlar yetişdirilməsində illərdən bəri lider mövqeyini saxladığını bildirib. 

Almaniyalı qonaqlar - Beynəlxalq əlaqələr və informasiya texnologiyaları üzrə prorektor, professor Eckhard Pache və Hüquq fakültəsinin dekanı, professor Eric Hilgendrof  BDU ilə tanış olub, daxili işlər naziri Ramil Usubovun sədrliyi ilə Hüquq fakültəsində keçirilən bakalavr pilləsi üzrə diplom işinin müdafiəsində iştirak ediblər.

Qeyd edək ki, "Avropa hüququ üzrə magistr" proqramı dörd semestr davam edəcək. Birinci təhsil ili (iki semestr) magistrantlar Bakıda  alman dilini öyrənəcək və Azərbaycanın magistr təhsilinə uyğun olaraq təhsillərini davam etdirəcəklər. İkinci təhsil ilində (iki semestr) magistrantlara şəxsi hesablarına Almaniyanın Vürzburq Universitetində təhsillərini davam etdirmək və magistr dissertasiyasını hazırlamaq imkanı veriləcək. Mühazirələr alman və azərbaycanlı müəllimlər tərəfindən deyiləcək.

Sonda magistrlərə ikili diplom - Vürzburq Universiteti və BDU-nun Hüquq fakültələrinin diplomu veriləcək. 

 

 

BDU-nun Mətbuat informasiya şöbəsi

 

 

Azərbaycan müəllimi.- 2011.- 24 iyun.- S.3.