Sumqayıt Dövlət Universitetində "Məzun günü"

 

İyunun 13-də Sumqayıt Dövlət Universitetində 2010-2011-ci tədris ilinin məzunlarını yolasalma mərasimi keçirildi. Tədbirdə  SDU-nun rektoru, professor Nadir Qəhrəmanov çıxış edərək məzunları təbrik etdi, onlara gələcək müstəqil həyatlarında müvəffəqiyyətlər dilədi. Rektor N.Qəhrəmanov bildirdi ki, "Məzun günü" ilə universitetin yaranma tarixi üst-üstə düşür.

 

Düz on bir il bundan əvvəl ümummilli lider Heydər Əliyevin fərmanı ilə 2000-ci ilin iyun ayının 13-də Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dövlət Universiteti yarandı. Əgər vaxtilə bu ali təhsil ocağında yalnız texniki mütəxəssislər yetişdirilirdisə, bu gün universitet çoxprofilli kadrların hazırlanması ilə məşğuldur. Hazırda SDU-da 7 fakültə, 45 kafedra, əcnəbi tələbələrin hazırlıq mərkəzi, zəngin kitabxana, 6 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Əlamətdar hal budur ki, əcnəbi tələbələrin ilk buraxılışıdır. Ümidvaram ki, əcnəbi məzunlarımız hansı ölkədə fəaliyyət göstərmələrindən asılı olmayaraq SDU-nun adını uğurla təmsil edəcəklər.

Beynəlxalq əlaqələrin ildən-ilə genişlənməsindən söhbət açan rektor qeyd etdi ki, universitet TEMPUS layihəsinə qoşularaq 4 layihənin qalibi olmuşdur və universitetlərarası nailiyyətlərimiz az deyildir. Beynəlxalq idman yarışlarında 18 tələbə qızıl medala layiq görülüb. Ümummilli lider Heydər Əliyevin qurduğu, bu gün onun siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin başçılıq etdiyi Azərbaycan Respublikası qüdrətli ölkə kimi həmişə yer üzərində bərqərar olacaqdır.

Məzunları təbrik etmək üçün Azərbaycan Respublikası təhsil nazirinin müavini Elmar Qasımov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Rövşən Sadıqov, Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov, şair-publisist Əvəz Mahmud Lələdağ və başqaları tədbirdə iştirak edirdilər.

Azərbaycan Respublikası təhsil nazirinin müavini Elmar Qasımov SDU-nun rektoru, professor Nadir Qəhrəmanov başda olmaqla, bütün professor-müəllim heyətini və məzunları təbrik edərək dedi ki, SDU-nun həyatında əlamətdar hadisə yaşanır. Belə ki, bu gün universitet növbəti "Məzun günü"nü keçirir. Təbii ki, məzunların formalaşmasında, uğurlarında müəllimlərin əvəzsiz xidməti olmuşdur. Bu gündən sonra harada çalışıb işləməyinizdən asılı olmayaraq, öz universitetinizin adını uca tutmalısınız.

Sumqayıt gənclər şəhəridir. Siz də öz bilik və savadınızla, gənclik ruhunuzla bu şəhərə enerji verməlisiniz. Ulu öndər Heydər Əliyev dəfələrlə Sumqayıtda olmuş, hər gəlişi ilə bu gənclər şəhərini diqqət mərkəzində saxlamış, Sumqayıtda elm və təhsilin inkişafına xüsusi qayğı göstərmişdir.

Bu gün siz universitetə "Əlvida" yox, "Hələlik" deməlisiniz! Çalışın universitetlə əlaqənizi kəsməyin və öz uğurlarınızla müəllimlərinizi sevindirin.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi R.Sadıqov məzunları Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun adından da təbrik edərək fəaliyyətlərində uğurlar arzuladı.

Şair Əvəz Mahmud Lələdağ çıxışında bildirdi ki, Sumqayıt Dövlət Universiteti mənim üçün əziz və doğmadır. Çünki bu universitetin rektoru, professor Nadir Qəhrəmanov mənim yetirməm olub və mən onunla bu gün yanaşı dayanmaqdan qürur hissi duyuram. Arzu edirəm ki, siz də nə vaxtsa öz yetirmələrinizlə belə qürur duyasınız. Mən bu gün sizin hər birinizi millətimizə və dövlətimizə layiqli vətəndaş kimi görmək istəyirəm.

Çıxışlar bitdikdən sonra "Məzun günü" bədii hissəyə keçid aldı. Respublikamızın tanınmış incəsənət nümayəndələrinin ifasında mahnılar dinlənildi. Universitetin "Səma" rəqs qrupunun ifasında rəqs nömrələri izləndikdən sonra meydan məzunlara verildi.

 

 

İlahə ƏHMƏD

 

Azərbaycan müəllimi.- 2011.- 24 iyun.- S.4.