Türkiyədə
IX Beynəlxalq Türk Dili Olimpiadası keçirilir
Bu
günlərdə qardaş Türkiyədə "Gəlin,
tanış olaq" devizi ilə IX Beynəlxalq Türk Dili
Olimpiadası keçirilir. Olimpiadanın məqsədi
türk dilini tanıtmaq və sevdirmək, dünyanın
müxtəlif ölkələrinin mədəniyyətləri,
adət-ənənələri, təhsili və milli dəyərləri
ilə tanışlıq, onların bir araya gətirilməsidir.
Diqqətəlayiq
haldır ki, 2003-cü ildən başlayaraq ənənəvi
şəkildə keçirilən bu olimpiadalara maraq ildən-ilə
artır. Bunu olimpiadada iştirak edən dövlətlərin
sayı da sübut edir. Belə ki, əgər 2003-cü ildə
keçirilən ilk türk dili olimpiadasına 17 ölkə
qatılmışdısa, sayca 9-cu olan builki yarışmada
130 ölkədən nümayəndələr iştirak edir.
Açılışı
iyunun 15-də olmuş olimpiada 9 nominasiya üzrə
yarışları -mahnı, şeir, şərqi,
tanıtım stendləri və s. müsabiqələri əhatə
edir. Olimpiada çərçivəsində tədbirlər
Türkiyənin paytaxtı Ankara ilə yanaşı ölkənin
34 şəhərində də keçirilir. İyunun
30-dək davam edəcək olimpiada tədbirlərində
dünyanın müxtəlif ölkələrindən gəlmiş
məktəblilər olimpiada proqramına uyğun olaraq konsertlər
verir, türkcə şeirlər, mahnılar oxuyur, milli rəqslərini
ifa edirlər.
IX Beynəlxalq Türk Dili Olimpiadasında ölkəmizi Azərbaycanda fəaliyyət göstərən türk liseylərinindən və digər ümumtəhsil müəssisələrindən seçilmiş 45 məktəbli təmsil edir. Yeri gəlmişkən qeyd edək ki, bu göstəriciyə görə biz olimpiada iştirakçısı olan ölkələr arasında ön cərgədəyik. Ümumiyyətlə, Azərbaycan məktəbliləri bu beynəlxalq yarışmalarda həmişə öz fəallıqları ilə fərqlənmiş, müxtəlif nominasiyalar üzrə olimpiada medallarına sahib olmuşlar.
Əsas
təşkilatçısı Türkcə Öyrətim Mərkəzi
olan olimpiadanın keçirilməsinə
"Çağ" Öyrətim İşlətmələri
Şirkətinin ayrı-ayrı ölkələrdəki
nümayəndələri fəal dəstək göstərirlər.
Ölkəmizdən beynəlxalq müsabiqədə
iştirak edəcək məktəblilərin seçimi də
Təhsil Nazirliyinin köməyi ilə "Çağ"
Öyrətim İşlətmələri Şirkəti tərəfindən
aparılıb. Şirkətin Azərbaycan-Türkiyə
Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif
Gömleksizin verdiyi məlumata görə, seçim
üçün Azərbaycan-Türkiyə özəl liseylərinin
və digər məktəblərin şagirdləri
arasında 3 mərhələdə müsabiqə
keçirilib. Olimpiadada həmin müsabiqənin qalibləri,
habelə bu ilin fevralında keçirilmiş "Ana dilini sevək,
sevdirək"
yarışmasında fərqlənənlər
iştirak edirlər.
İyunun
18-20-də Ankaranın məşhur "Altunpark" istirahət
guşəsində olimpiada çərçivəsində
iştirakçı 130 ölkənin tanıtım stendləri
sərgiləndi. Böyük ərazidə yerləşdirilən
stendlərdə hər bir ölkənin mədəniyyətini,
tarixi abidələrini, turizm obyektlərini, milli mətbəxini
əks etdirən eksponatlar - şəkillər, maketlər
nümayiş olunurdu. 3 gün ərzində 100 mindən
çox adam tanıtım stendləri ilə tanış olub,
onların vasitəsi ilə iştirakçı ölkələrin
mədəniyyəti haqqında məlumat ala bildilər.
Sevindirici
haldır ki, Azərbaycan bu müsabiqədə Türkiyədən
sonra ən böyük stendlə təmsil olunurdu. Öz
gözəlliyi və eksponatlarının zənginliyi ilə
digərlərindən fərqlənən stendimizdə
ümummilli liderimiz Heydər Əliyevin, ölkə Prezidenti
İlham Əliyevin şəkilləri, Bakının
böyük panoramı, Bayraq meydanı, Neft
daşlarının, Nizami Gəncəvinin məqbərəsinin,
Mömünə Xatın türbəsinin, Quba
xalçasının, qazıntılar zamanı
tapılmış qədim məişət əşyalarının,
digər çoxlu sayda maddi-mədəniyyət abidələrinin
fotoları, milli geyimlərimiz, İçərişəhərin,
Qubanın Xınalıq kəndinin maketləri və s.
eksponatlar nümayiş olunur, tamaşaçılara milli
şirniyyat məhsullarımızdan nümunələr təklif
edilirdi.
Stendlə
tanış olanlara Azərbaycan bayrağı və ölkəmiz
haqqında məlumatlar əks olunmuş bukletlər verilirdi. Milli
nemətlərimizi dadmaq üçünsə stendin
qarşısında növbələr yaranmışdı.
Stendə baxan insanlar həm də canlı olaraq Azərbaycan
musiqisini dinləyir, rəqslərə tamaşa edirdilər.
İyunun 19-da Azərbaycan Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov, habelə ölkəmizdən təşrif gətirmiş ziyalılardan, təhsil və KİV işçilərindən ibarət nümayəndə heyəti Azərbaycan stendi ilə tanış oldular, şagirdlərin çıxışlarına tamaşa etdilər. Stendi yüksək qiymətləndirən səfir, 2011-ci ilin Azərbaycanda "Turizm ili" elan olunduğunu nəzərə alaraq stenddə nümayiş olunan eksponatların bu baxımdan böyük maraq doğurduğunu söylədi.
Elə
həmin gün azərbaycanlı şagirdlər parkda
qurulmuş böyük səhnədə maraqlı konsert
proqramı ilə çıxış etdilər. 8 min
tamaşaçının izlədiyi konsert böyük
müvəffəqiyyətlə keçdi. Şagirdlərimizin
Azərbaycan və türk dillərində oxuduqları
mahnılar, şərqilər, söylədikləri şeirlər
onların doğma ana dili ilə yanaşı türk dilini də
dərin məhəbbətlə sevdiklərini və öyrəndiklərini
bir daha nümayiş etdirdi. Şagirdlərimizin
çıxışlarını meydana toplaşmış və
əllərində Azərbaycan bayraqları tutmuş
tamaşaçılar alqışlarla qarşıladılar.
Sonda
onu da qeyd edək ki, iyunun 25-də olimpiadanın müxtəlif
nominasiyalar üzrə keçirilmiş müsabiqələrinin
qaliblərinin mükafatlandırılması, iyunun 30-da isə
bağlanış mərasimləri keçiriləcək.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2011.-
24 iyun.- S.4.