Təbiətşünaslıq dərslərində inteqrasiya

 

Məktəblərdə təbiətin, onun sərvətlərinin öyrənilməsi ibtidai siniflərdən başlanır. Təbiətşünaslıq fənnini tədris edərkən mən ancaq qanun və anlayışları şagirdlərə öyrətməklə kifayətlənmirəm, onların diqqətini fənlər arasında olan əlaqəyə, ekoloji məsələlərə cəlb etməyə çalışıram. Çünki şagirdlərin möhkəm və keyfiyyətli biliyə malik olmalarında fənlərarası əlaqə böyük rol oynayır.

Təbiətdən kənar elm yoxdur, bütün fənlər təbiətlə əlaqədardır. Ümumiyyətlə, təbiətşünaslığın tədrisində inteqrasiya (fənlərarası əlaqə) yaratmaq o qədər də asan deyil. Bu əlaqə ya keçilən mövzu ilə eyni vaxtda, ya da əvvəlcədən yaranmalıdır. Təbiətşünaslıq fənni şagirdə ilk anlayışları verir, hələ şagirdin təsəvvür etmədiyi fənlərə ilk yolu, cığırı açır. Ona görə də bu bizim işimizdə  olduqca diqqətli və səbrli olmağı tələb edir. Yeni bir anlayışla tanış olan şagirdin hər sualına səbrlə yanaşmaq lazım gəlir.

Təbiətşünaslıq əsasən fizika, biologiya, kimya, coğrafiya elmləri ilə daha çıx əlaqədardır, lakin riyaziyyat, ədəbiyyat,  əmək, rəsm kimi fənlərdən də yan keçmək olmur. Odur ki, çalışıram keçdiyim mövzudan asılı olaraq dərsin gedişində fənlərarası əlaqə yaradım.

"Yer və Günəş sistemi" mövzusunu keçərkən fizika, coğrafiya fənləri ilə sıx əlaqə yaradıram. Astronomiya ilə bağlı Yerin, Günəşin forması, ölçüləri, ulduzlar, bürclər haqqında ilk anlayışları mənimsədirəm. "Materiklər" mövzusunda şagirdlər gələcəkdə tədris olunacaq coğrafiya fənni ilə tanış olurlar. "Havanın tərkibi, xassələri" mövzusunda ekologiya (havanın mühafizəsi), biologiya (havanın rolu), kimya (tərkibi), fizika (sıxılması, elastikliyi) fənlərinə aid bilikləri məişətdə baş verən, şagirdlərin hər gün rast gəldiyi hadisələrlə əlaqələndirməyə çalışıram.

"Külək, küləyin  təbiətdə gördüyü işlər" mövzusunda fizika (külək enerjisindən istifadə, elektrostansiyalar), coğrafiya (buludların əmələ gəlməsi, yağıntıların tənzim edilməsi) fənləri, "Su-həlledicidir" mövzusunda bir neçə fənlə əlaqə yaradıram: fizika - suyun 3 halı, kimya - maddə hissəcikləri, həlledici, həll olan və həll olmayan maddələr haqqında ilk məlumatlar, faizlə qatılıq anlayışı, riyazi hesablamalara əsaslanmaqla - məhlul hazırlama qaydası.

"Dağ süxurları" mövzusunda coğrafiya fənni ilə əlaqə yaradılır: faydalı qazıntıların müəyyən işarələri, xəritə ilə iş qaydası, əraziləri xəritədə göstərmək və s. haqqında ilkin məlumatlar verilir.

Ədəbiyyat fənni ilə əlaqədar yeni terminləri yazı taxtasına yazaraq yazılış qaydası ilə tanışlıq aparılır. Əmək dərsində sinifdə "Küləyin gücü" mövzusuna aid fırlanğıcın modeli düzəldilir və s.

Təbiətşünaslıq həyatla, təbiətlə əlaqədar olduğu üçün otaq ağac bitkiləri, açıq havada kol üzərində müşahidə aparmağı, onlara qulluq qaydalarını öyrədirəm.

Təbiətşünaslığın təbiətlə bağlı olan elmlərin əlifbası olduğunu nəzərə alaraq, ilk elementar anlayışların şagirdin yaddaşına nə dərəcədə həkk olunacağına məsuliyyət daşıdığımız üçün gərək biz öz işimizdən səmərəli istifadə edək.

 

 

Rəfiqə MƏMMƏDOVA

 

Azərbaycan müəllimi.- 2011.- 4 mart.- S.24.