Peşə təhsilində
kurikulumlar
Cəmiyyətin inkişafı
ayrı-ayrı sahələrdə peşə təhsili
sisteminin inkişafı probleminin təxirəsalınmaz həllini
tələb edir. Aparılan təhsil islahatları da peşə
təhsilinin məzmununun, metodlarının və təşkili
formalarının dəyişməsini təklif edir. Tədris
prosesinə müasir texnologiyaların daxil edilməsi təhsilin
keyfiyyətinin yüksəldilməsinə imkan yaradır. Aparılan təhlil və
araşdırmalar göstərir ki, ilk peşə-ixtisas təhsili
müəssisələrində hazırkı şəraitdə
tədris proqramları və vəsaitləri mütəmadi
olaraq yeni tələblərə
uyğunlaşdırılmalıdır. Eyni zamanda peşə
təhsili müəssisələrində tədris olunan fənlərin
bir sıra Qərb və Avropa dövlətlərində,
Rusiya və MDB ölkələrində tədrisi metodikası
və təhsil standartları da bir-birindən xeyli fərqləndiyindən
onların hər hansı birini əsas kimi qəbul etmək
mümkün deyildir.
Ona
görə də əmək bazarının tələbini,
ölkənin mövcud xüsusiyyətlərini, potensial
imkanlarını, mentalitetini, mövcud təlim-tərbiyə
və təhsil sisteminin reallığını, inkişaf kursunu,
qloballaşma və inteqrasiya məsələlərini kompleks
şəkildə araşdıraraq standartlara əsaslanan
peşələrə yiyələnmək məqsədilə
fənlərin təliminə yeni yanaşma mexanizmini işləyib
hazırlayaraq həyata keçirmək lazımdır.
Bunu
da qeyd etmək lazımdır ki, hazırkı şəraitdə
böyük şirkətlər öz işçilərinin
müəyyən hissəsinin bacarıqlarını təkmilləşdirə
və onları yenidən təlimləndirə bilərlər
(məs., yeni texnologiyalar və yeni proseslər sahəsində).
Ancaq onlar bütün işçiləri bütün sahələrdə
təlimləndirə bilməzlər. Kiçik şirkətlərin,
kiçik mağaza və restoranların isə öz
işçilərinə təlim keçməyə
resursları yoxdur, ona görə də onların təhsil
müəssisələrinə ehtiyacı var.
Bunun
üçün peşə kurikulumlarının
hazırlanması vacib şərtlərdəndir.
Modul təlim metodu (modul tipli kurikulumlar)
Peşə təhsili sahəsi öz təlim
proqramlarını beynəlxalq standartlara uyğun şəkildə
müasirləşdirmək istəyindədir. İlk peşə təhsili
proqramlarının (kurikulumların) istehsalatın
proqramlarına uyğun olması və işçilər
arasında tanınmış ixtisasların
çatışmazlığının aradan
qaldırılması yolunda modul tipli kurikulumlar mühüm əhəmiyyət kəsb
edir. Müasir
zamanda hər hansı peşə və ya ixtisası bir dəfə
həmişəlik öyrənmək mümkün deyil.
Çünki peşələrin fəaliyyət dövrü
kəskin azalır: biri köhnəlir və əmək
bazarından çıxır, digəri isə
texnologiyanın inkişafı ilə əlaqədar meydana gəlir.
Eyni zamanda daim yeniləşən və təkmilləşən
bilik və bacarıqlara uyğun olaraq təhsil
proqramlarının ömrü də qısalır. İxtisasın artırılması
üçün və yenidən hazırlanma
üçün proqramlara kəskin ehtiyac yaranır. Ona görə də tez bir zamanda yeni proqramlar işləyib
hazırlamaq və ya mövcud təhsil proqramlarında dəyişikliklər
etmək üçün texnologiyalar lazımdır. Təhsil müəssisəsi regionun inkişaf
strategiyası haqqında məlumatlı olmalıdır və
peşəyə - ixtisasa olan tələblər dəyişdikdə
işçilərə minimum əlavə təhsil verməklə
onların işədüzəlmə imkanlarını təmin etməlidir.
Beynəlxalq aləmdə peşə təhsili
sistemində məzunlara qoyulan tələblər belə
formalaşıb.
O bacarmalıdır:
müəyyən
ixtisas/peşə üzrə effektiv əmək fəaliyyətini
yerinə yetirmək;
şəxsi əmək
fəaliyyətini təşkil etmək;
həmkarları
ilə münasibət qurmaq və qarşılıqlı fəaliyyət
göstərmək;
müəssisədə
əməyin idarə olunmasına öz töhfəsini vermək;
təhlükəsizlik
texnikasının tələblərini və ətraf
mühitin mühafizəsini yerinə yetirmək.
Əslində bu tələblər bütövlükdə
peşə təhsili sisteminə qoyulan tələbləri
müəyyənləşdirməyə imkan verir.
Bu texnologiyada əsas əhəmiyyət qiymətləndirmə
prosesinə verilir, çünki qiymətləndirmə imkan
verir ki, təyin olunmuş təlim nəticəsinə
çatıb-çatmamağı müəyyən edək. Qiymətləndirmə
əmək bazarı ilə peşə təhsili sistemi
arasında əsas bağlantı
yaradan amildir.
Peşə təhsili sistemi kifayət qədər
çevik olmalıdır. Əmək
sferasında texnoloji və əməyin təşkili sahəsində
dəyişikliklərə cavab vermək üçün PT
sisteminin çevikliyi vacibdir. Məhz modul tipli kurikulumlar PT sisteminin
çevikliyini təmin edən
əsas amildir.
Modul -
sonda öyrənənə qoyulan
tələblər şəklində göstərilən, bacarıq,
bilik, münasibət və
təcrübələrin
(kompetensiyaların) mənimsənilməsinin bütöv dəstidir.
Kompetensiyaların üç əsas tipi var:
1. Texniki peşə kompetensiyaları: peşə fəaliyyətinə aid olanlar.
2.
Keçid modul kompetensiyalar: sosial, kommunikativ,
metodik və digər sahələrə aid kompetensiyalar.
3. Yeni baza (həlledici)
kompetensiyaları: ənənəvi həlledici bacarıqlar və:
- yeni biliklərin alınması və
mövcud biliklərin yeni tələblərə adaptasiyası;
- dəyişən situasiyada şəxsi peşə və
karyera yüksəlişinin adaptasiyası.
Yeni baza
bacarıqları vətəndaşın sosial
və iqtisadi həyatda fəal iştirakı üçündür.
Səriştəyə əsaslanan təlimin
əsas prinsipi əmək bazarı üçün vacib olan nəticəyönümlü olmasıdır. Bu təlim modul proqramı
formasında daha yaxşı reallaşır. Səriştələrə
əsaslanan modul proqramının formalaşması iş adamlarının bilik və bacarıqlara olan daim yeniləşən tələbatını
özündə əks etdirir. Bu tələbatlar haqqında məlumatı
iki mənbədən almaq olar:
1. Əmək bazarının analizi
2. Bacarıqlara olan tələbatın analizi
Əmək bazarının
analizi əmək təşkilatlarının işi olmaqla yanaşı, İlkin
Peşə Təhsilinin İnkişaf Mərkəzinin də ümdə vəzifələrindən biridir.
Bacarıqlara olan
tələbatın
analizi ilə peşə təhsili
müəssisələri (PTM) mütəmadi olaraq məşğul olmalıdırlar. Bu analiz
ən çox peşə standartları olmayan hallarda
lazımdır, çünki peşə standartları daim dəqiqləşmə tələb edir. Əmək bazarının inkişaf tempi
standartların təzələnməsini qabaqlayır. Ona görə də
bacarıqlara olan tələbatın analizi üçün sahibkarlar
qrupu arasında sorğu
keçirmək lazımdır.
Modul proqramı ümumtəhsil pilləsində
effektiv ola bilməz. Modul proqramı İlkin Peşə Təhsilində
(İPT), Orta Peşə Təhsilində
(OPT), yaşlı əhalinin təhsilində və
işçilərin
ixtisasının artırılmasında səmərəli istifadə oluna bilər.
Səriştələrə əsaslanan
modul proqramının ənənəvi təlim
proqramından üstünlüyü aşağıdakılardır:
Əmək bazarında tələbatın dəyişməsinə görə modulda
operativ olaraq zəruri dəyişikliklər etmək;
Şagirdlərin tələbatından və
ilkin səviyyəsindən asılı olaraq
modulların müxtəlif kombinasiyası əsasında fərqli
təlim kursları formalaşdırmaq mümkündür.
Yeni ilk
peşə-ixtisas təhsili (İPİT) proqramları struktur və məzmun baxımından
modul tipli kurikuluma əsasən hazırlanmalıdır. Proqramların strukturu aşağıdakı kimidir:
Ümumtəhsil
Əsas
bacarıqlar üzrə modullar
Peşə modulları
Kənar imtahan
İş təcrübəsi.
Peşə standartlarının məzmunu ilə
İPİT proqramlarının strukturu və məzmunu
arasında birbaşa uyğunluq olmalıdır. Belə ki, şagird hər
bir modulu uğurla bitirdiyi halda, hər hansı iş fəaliyyətlərini
icra etmək sahəsində öz bacarıqlarını inkişaf
etdirir.
Ümumtəhsil - mövcud
İPİT proqramlarının hüquqi tələblərinə
əsasən, Azərbaycan qanunvericiliyinin əsasları, fiziki
tərbiyə, çağırışaqədərki hazırlıq fənlərinə
aid olur.
Əsas bacarıqlar üzrə modullar - şəxsin
bir sıra peşələr üzrə ümumi fəaliyyətini
effektiv etmək üçün lazım olan bilik və
bacarıqlarla təmin edir. Onlar həmçinin təhsili
davam etdirmək üçün
fundament yaradır.
Peşə modulları - İPİT proqramlarının əsasını
təşkil edir, çünki bu modullar hər bir peşə
üzrə spesifik səriştələrin
formalaşmasına gətirib
çıxarır.
İş təcrübəsi - yeni İPİT proqramında tələb olaraq qoyulmalıdır.
Beynəlxalq təcrübədə İPİT
proqramları kreditlə ölçülür, bir kredit - 40
saat nəzərdə tutulur. Bütün
proqramın bu qaydaya uyğun olması üçün
ümumtəhsil fənləri, imtahan və istehsalat təcrübəsi də kreditlərlə ölçülür.
İlk peşə-ixtisas
təhsili pilləsində islahatlarda uğur qazanmağın əsas
yollarından biri məhz ilk peşə-ixtisas təhsili
proqramlarının hazırlanmasına diqqəti
artırmaqdır.
Sultan ƏSƏDOV
Azərbaycan müəllimi.-
2011.- 4 mart.- S.19.