"Rast muğamı"

 

Muğam bizim hamımıza ilham verən və eyni zamanda hər birimizin ruhunu oxşayan ecazkar aləmdir. Bu aləmin zənginliyi bizim hamımızın zənginliyi deməkdir.

 

Mehriban ƏLİYEVA,

Heydər Əliyev Fondunun prezidenti

 

Azərbaycan xalqının ən qədim muğamlarından biri də "Rast" muğamıdır. "Rast"ın etimoloji məna çalarları barədə fikir yürüdənlərin demək olar ki, böyük əksəriyyəti bu sözün ərəb və ya fars mənşəli olduğunu sübut etməyə cəhd göstərmişlər. Əslində bu sözün başqa dillərdə məna çalarlarını axtarmağa ehtiyac yoxdur. Çünki "Rast" sözü ən qədim Azərbaycan sözü olmaqla öz forma və mənasını qorumağı bacaran, assimilyasiyaya uğramayan, arxaikləşməyən və bütün zamanlar üçün ümumişlək olaraq qalmış bir sözdür.  Əgər muğamlarımızın yaranışı eramızdan əvvəlki tarixə aid edilirsə, deməli "Rast" sözünü də eramızdan əvvəl mövcud olmuş və zamanımıza qədər gəlib çatmış sözlər sırasına daxil etmək daha düzgün olardı.

Doğrudan da "Rast" muğamı ona görə muğamların anası hesab olunur ki, bütün muğamlar ondan törəmişdir. Ən qədim tarixə malik olan "Rast" muğamı Azərbaycanın bir çox regionlarında müxtəlif formada ifa olunmuşdur.

Yazılı mənbələrdə XIX-XX əsrlərin muğam arenalarında "Rast" muğamının ən azı 8-10, bəzən 16-18, bəzən də 19-22, hətta 30 şöbə və guşədən ibarət ifa olunması göstərilir. Görkəmli musiqi mədəniyyəti xadimi, muğam tədqiqatçısı, professor Ramiz Zöhrabov XIX əsrdə üç regionda ifa olunan "Rast" muğamının variantlarını təsnif edərkən Bakı-Abşeron muğam məclislərində oxunan "Rast"ın 15 (Maye Rast, Novruzi-Rəvəndə, Rast, Üşşaq, Hüseyni, Vilayəti, Xocəstə, Xavərən, Əraq, Pəncigah, Rak, Əmiri, Məsihi, Rast), Şuşa-Qarabağ məclislərində oxunan "Rast"ın 18 (Rast, Pəncgah, Vilayəti, Mənsuriyyə, Zəmin-Xarə, Rak-Hindi, Azərbaycan, Əraq, Bayatı-Türk, Bayat-Qacar, Mavərənnəhr, Balu-Kəbutər, Şahnaz, Əşiran, Zəngi-şütor, Kərkuri, Rast), Şamaxı-Şirvan məclislərində oxunan "Rast"ın isə 21 şöbə və guşədən (Rast, Üşşaq, Mücrü, Hüseyni, Vilayəti, Siyahi-Ləşkər, Məsihi, Dəhri, Xocəstə, Şikəsteyi-fars, Rak-Hindi, Rak-Xosrovani, Şaqianamə, Əraq, Təsnif-Qərai, Məsnəvi, Zəngi-şötor, Nəğmeyi-Hindi, Mənəvi, Kabili, Rast) ibarət olmasını göstərir. R.Zöhrabov "Rast" muğamının XX əsr variantını təsnif edərkən isə Ü.Hacıbəyovun imzası ilə təsdiq olunmuş proqrama əsasən ifa olunan "Rast" (Rast, Üşşaq, Hüseyni, Vilayəti, Məsihi, Dəhri, Xocəstə, Xavərən, İraq, Pəncgah, Raki-Xorasani, Qərai, Rast), görkəmli tarzən Əhməd Bakıxanovun müəllifi və redaktoru olduğu proqrama uyğun ifa olunan "Rast" (Bərdaşt, Mayə, Üşşaq, Hüseyni, Vilayəti, Şikəsteyi-fars, İraq, Pəncgah, Qərai, Rasta ayaq) və hazırda ifa olunan "Rast" (Bərdaşt, Mayeyi-Rast, Üşşaq, Hüseyni, Vilayəti, Şikəsteyi-fars, Əraq, Pəncigah, Rak, Qərai, Rasta ayaq) muğamı da təsnif olunur.

Hazırda "Rast" aşağıdakı şöbə və guşələr olmaqla dəstgah şəklində ifa olunur.

1. "Bərdaşt" (Rastın bərdaştı adətən "Rak" ilə oxunmuşdur. Bəzən "Raki" deyilən bu muğam avazatının "Raki-Hindi", "Raki-Əcəm", "Raki-Xorasani", "Raki-Xosrovani" kimi forma-növləri olmuşdur).

2. "Maye Rast" (pəsdən oxunan ən iri şöbədir).

3. "Üşşaq" ("aşiqlər" mənasını verir, guşədir).

4. "Hüseyni" (guşədir, Ə.Marağinin bir əsərində adı çəkilir).

5. "Vilayəti" (şöbədir, adından məlum olduğu kimi vilayətlərdə oxunduğu üçün belə adlandırılıb. Bəzən "Dilkeş"lə birgə oxunur. Bəzi müğənnilər "Dilkeş"dən sonra "Kürdü" oxuyub sonra ayaq edirlər).

6. "Xocəstə" ("Xocəstə"yə "Şikəsteyi-fars" da deyirlər).

7. "Əraq" (bir çox hallarda "İraq" kimi də təqdim olunur).

8. "Pəncgah" (beşinci şöbə kimi nəzərdə tutulur).

9. "Rak" (rak haqqında yuxarıda məlumat verilib).

10 "Qərai" və "Rast"a ayaq.

Rastın "Hüseyni" guşəsi həcmcə kiçik olmasına baxmayaraq, çox gözəl səslənir. "Hüseyn" sözünün etimoloji mənası da elə "gözəl", "qəşəng" deməkdir. "Hüsn" və "Eyn" söz birləşməsindən yaranmışdır.

Görkəmli Azərbaycan şairi, musiqişünas və mütəfəkkiri Seyid Əbdülqadir Maraği özünün "Sinövbət" adlı əsərində Rastın bu şöbəsinin adını çəkir və etimoloji mənasını izah edir.

Yazılı ədəbiyyatda "Rast" muğamı həmişə nəzəri şəkildə şərh olunmuşdur. Biz isə ilk dəfə olaraq "Rast" dəstgahının ifa tərzinə tamaşa edə-edə aldığımız təəssüratların fonunda bu muğam haqqında məlumat vermək istərdik.

2004-cü ildə Azərbaycan Respublikasının xalq artisti Habil Əliyevin rəhbərliyilə ilk dəfə olaraq müğənnilər qrupunun ifasında "Rast" hazırlanaraq təqdim olunmuşdur. "Rast"ın bəzi guşələri, bəzi şöbələrin ayaqları, təsnif və mahnıların bəziləri ilk dəfə olaraq xorla, yəni xanəndələr qrupunun xoru ilə ifa olunmuşdur. İfa zamanı bir sıra qeyri-adilik də müşahidə olundu. Belə ki, "Rast" muğamı dəramədlə başladı. "Rast" "Dəramədi" səsləndi.

"Dəraməd" sona yetən kimi ifaçılar qrupunun aparıcı müğənnisi Zahid Quliyev "Maye Rast"ın debütündə təşnə ürəklərə sərin su çiləyirdi. Adama elə gəlirdi ki, Zahid öz payına düşən şöbəni oxuyandan sonra Sahib İbrahimov, Almaz Orucova, Sevinc Sarıyeva, E.Hüseynov, Əsgər Əhmədov da öz növbələrində müvafiq şöbələri, guşə və avazatları oxuyacaqlar. Amma belə olmadı. Sözün əsl mənasında möcüzəli "Rast"ın möcüzəli təqdimatı hamı kimi mənim də könlümə hakim kəsildi. Elə bu zaman füsunkar  "Üşşaq" başladı. Ömrümdə görmədiyim və eşitmədiyim "Üşşaq"ın xorla ifası doğrudan da əsl möcüzə idi. Klassik şeirin əruz vəznində "Üşşaq"ın ritmik ahəngi 6 istedadlı müğənnimizin zərgər dəqiqliyi ilə titanik bir tərzdə elə bir xoş ovqat bəxş edən ahənglə səslənirdi. Özüm də inana bilmədim ki, "Hüseyni" və "Ayaq"ın ifası nə zaman başa çatdı. Bir də gördüm ki, artıq yenə xorla "Vilayəti" təsnifi oxunur. "Vilayəti"ni Bala Yaqub (Əsgər Əhmədovu hamı belə çağırır) oxudu, özü də çox təmkinlə. O, bəmdə şirin ləhcəsini qəzəlin beytlərindəki fəlsəfi fikirlərin qovşağından yaranan bir çələngə çevirdiyi məqamda Sevinc Sarıyevanın səsi eşidildi. "Şəddi-Vilayəti"ni (Vilayətinin zildən ifası) eşidənlər elə bil donub qalmışdılar. "Dilkeş"i Sahib İbrahimov başladı. Onun təmiz, məlahətli səsi, üzünün cizgilərindəki ədəb-ərkan ifadələrində adama daha tez çatırdı. "Dilkeş"i Almaz Orucova davam etdirdi. Elə bu zaman dinləyiciləri tilsimli bir dünyaya aparan kaman iniltisi eşidildi. Bu, Habil Kaman idi. Sürəkli alqışdan sonra:

 

Nadan bu gözəl musiqinin sirrini bilməz,

Aqil olana daima sirdaşdı muğamat

 

beytilə qəzəl üstündə Sahiblə Almaz "Dilkeş"ə rövnəq verdilər. "Dilkeş" sona yetirdi, tamaşaçılar istəsələr də, istəməsələr də muğam qatarı öz mənzilinə doğru gedirdi. Muğam qatarı mənzilinə yaxınlaşa-yaxınlaşa daha şaqraq, daha şux muğam nəğmələri tamaşaçıya nikbin ruh təlqin edirdi. Muğam xorunun oxuduğu təsnif kimi:

 

Mən sənə aşiqəm, sən də ey gözəl,

İnsafa, mürvətə gələsən gərək...

 

Təsnifin şux ovqat bəxş eləyən bu sözlərinin sonunda tamaşaçılar Sahibin, Almazın solo ifası ilə yanaşı, onların duetinin də şahidi oldular. Təsnifə muğam ifaçılarının xoru yekun vurdu. Bütün bunlar isə "Rast"a daha orijinal-estetik bir görkəm verirdi. "Kürdü"nü Zahid Quliyev başladı.

Sonra "Zəmin-xarə"ni Azərbaycan musiqi mədəniyyətinin salnaməsinə qızıl səhifə kimi yazan Habil Kaman müşayiətə qoşularaq hamını məsti-xumar elədi. Almazla Sevincin hərəyə bir zəminxarə boğazı,  Zahidin şaqraq zəminxarə naləsi şöbəni daha da gözəlləşdirdi. Elə bu zaman Bala Habil (bundan sonra mən Elnuru belə adlandıracağam - F.S.) "Zəmin-xarə"ni Habilsayağı əvəzləndirdi. Tamaşaçılar onu və Habil Kamanı alqışladılar. Zahid Quliyev şöbəyə yekun vuraraq "Rast"a ayaq etməklə öz məharətini büruzə verdi.

Muğam xorunun oxuduğu təsnifin kadensiyasından sonra Bala Yaqub (Əsgər Əhmədov) "Şikəsteyi-fars"la dəstgahı davam etdirdi. Almaz xanım şöbənin onun üçün ayrılan hissəsini Üzeyir Hacıbəyov üslubunda səsləndirdi. Bütün şöbə və guşələrin ifasında özünü yaxşı göstərən gənc müğənni E.Hüseynov bu dəfə də "Şikəsteyi-fars"ın ona məxsus olan hissəsini "Sərvi zülfün kimi heç kəs pərişanlığı bilməz" mətləli qəzəl üstündə oxuyarkən həm şöbənin lirik kontekstini qəzəlin əruz vəznindəki ölçü və bölgülərinə ustalıqla uyğunlaşdıra bildi, həm də şirin avazı ilə tamaşaçıları razı saldı. Burada Bala Yaqubun "Şikəsteyi-fars" üstündə Nəbatinin "Yoxdu-yox" qəzəlinə müraciət edərək tamaşaçıların rəğbətini  qazanmasını xüsusi qeyd etmək lazımdır. Tamaşaçılar "Şikəsteyi-fars"ın sonluğunda Sevinc Sarıyevanın ecazkar səsindən qopan Segah nəfəsini eşitdilər. "Şikəsteyi-fars"ın Segah variasiyasının müşayiətini Habil Kaman öz üzərinə götürdü və "Habil Segahı"nın rişələri hamını məftun etdi. Bu rişələrdən süzülən Segahın əntiq sirlərini Hacı Mailin "Nə olar, yar məni bircə dəfə yad eləsin" mətləli qəzəlinin poetik-fəlsəfi mənasını yavaş-yavaş açmağa başladıq...

İfaçılar "Rast"ın zirvəsinə yüksəlirdilər. Bu zirvədə muğam vokalçılarının və instrumentalçılarının yarışı finala yaxınlaşırdı. Xorun kodensiyasından sonra Zahid "Əraq" başladı, Sahib davam etdirdi. Tar-kaman yarışdı, tamaşaçılar bu yarışı alqışladılar. Alqışlar altında Sahib özünəməxsus bir nəfəslə tamaşaçıların diqqətini özünə cəlb etməyə cəhd göstərdi. Lakin tar-kamanın "Zəngi-Şütor" (dəvə zəngi deməkdir) sayağı duet yarışı yenidən tamaşaçı alqışına səbəb oldu. Zirvə yaxınlaşdıqca ifaçıların yarışı əsl rəqabət təsəvvürü yaradırdı. Beləliklə, Rastın zirvəsinə öz bayrağını sancan Zahid "Əraq"ı yekunlaşdırmağı xatırladan gözəlliyi, estetik ricəti ilə seçilən nəfəs edir, tar-kamanın cavab gəzişmələri bitər-bitməz Sahib "Pəncgah"ı zirvənin sonuncu pikinə yüksəldir və estafeti Almaza ötürür, ondan təhvil alır və tamaşaçıların daha sürəkli alqışını qazanır. Alqışlar səngiyən kimi Sevincin tutyə kimi dəyərli, ipək kimi təmiz səsi gəlir. "Rak" (buna Raki-Xorasanı da deyilir), "Qərai" bir-birini əvəz edir. Nəhayət, Zahid zirvədə Cabbarı, Seyidi, Hacı Hüsünü, İslamı xatırladan nəfəsini şaha qaldırır və alqışların müşayiəti ilə "Rast"a ayaq verir.

Muğam xoru "Rast" muğamı tonikasının (mayəsinin) "sol" səsinə birgə yetişirlər. "Rast" sona yetir. Tamaşaçılar ayaq üstə "Rast"ı, onun ifaçılarını da, müşayiətçi qrupu da, "Rast"ı yeni bir cazibədar üslubda, qeyri-adi formada hazırlayıb təqdim edən respublikamızın xalq artisti, Prezident təqaüdçüsü Habil Əliyevi sürəkli alqışladılar.

Hələ XII əsrdə Nizami Gəncəvi "Xəmsə"də "Rast"ı birinci muğam hesab etmişdir. Xosrovun şərəfinə təşkil edilmiş musiqi məclisində müğənni Nikisa ilk muğam kimi "Rast" oxuyur. Nizami onu belə şərh edir:

 

Nikisa, necə ki, demişdi Şirin,

Bir qəzəl oxudu, "Rast" üstə həmin.

 

Maraqlıdır ki, ikinci müğənni Barbəd isə "Rast"ın "Üşşaq" guşəsini Xosrovun adından oxuduğu bir qəzəllə ona cavab verir.

XIII əsrdə yaşamış böyük mütəfəkkirimiz Urməvi də "Rast"ı birinci muğam adlandırır. Səfiyəddin Urməvi (XIII əsr) "Rast"ın 33 şöbə və guşədən ibarət olduğunu göstərmişdir.

Nizami, S.Urməvi, Əbdülqadir Marağayi, Üzeyir Hacıbəyov, Əfrasiyab Bədəlbəyli, Əhməd Bakıxanov, Ramiz Zöhrabov, Kamil Əhmədovla bağlı olan mənbələrə istinad etsək deməliyik ki, "Rast" dəstgahında həm "Şikəsteyi-fars", həm də "Xocəstə" vardır. "Şikəsteyi-fars" sözü muğamlarımızın sırasına eramızın II-VII əsrlərində daxil olmuşdur. "Fars  şikəstəsi" mənası verən bu sözün muğam ailəsinə daxil olması təsadüfi deyil. Çünki bu sözə qədər muğam ailəsində "Kəsmə şikəstə", "Şirvan şikəstəsi", "Qarabağ şikəstəsi" həm ad kimi, həm də şöbə və guşə kimi bu ailəyə mənsub idi. "Şikəsteyi-fars"a qədər "Rast" dəstgahında "Xocəstə"nin olması ehtimalı da istisna deyil. "Rast" sözünün lüğəti mənasındakı "düzlük", "doğruçuluq", "səadət" və "xoşbəxtlik" kimi məna çalarları da deməyə əsas verir ki, "Rast"ın bütün şöbə və guşələrinin məna çalarlarının birinci məna çalarları ilə həmahəng səslənməsi məntiqə uyğundur. Məsələn, deyək ki, "Üşşaq" sözü əgər aşiqlərin-məşuqların, şəbu-hicran, vüsal-dəmi mənasını verdiyindən "Üşşaq"ın ritmik oynaq ahəngi ilə aşiq və məşuq vəsf olunmalıdır. Deyilənlərdən belə qənaətə gəlmək olar ki, "Şikəsteyi-fars"dan əvvəl "Xocəstə"nin mövcud olması, sonrakı dövrlərdə onların həm müstəqil, həm fərqli, həm də oxşar formada ifa olunmasını da məqbul saymaq mümkünsə, şöbənin "Xocəstə" adlandırılmasını da məqsədəuyğun hesab etmək olar.

Qaldı ki, muğamların tarixi, onların adlarının yozumu ilə bağlı bəzi tədqiqatçıların həm tarixilə, həm də adlarının yozumu ilə bağlı bütün faktları ərəb və fars folkloru, etnoqrafiyası, məntiqi, əski astrologiyasına tərəf dartmalarına, bunlarla qəti razılaşmaq olmaz. Unutmamalıyıq ki, muğamlarımız təkcə zövq mənbəyi deyil, onlar həm də Azərbaycan xalqı ilə yanaşı bütün Şərq xalqlarının müxtəlif ictimai-iqtisadi formasiyalar üçün səciyyəvi olan həyati coğrafiyası, tarixi barədə dinləyicidə zəngin təsəvvür yaradır.  Götürək elə "Rast"ın "Əraq" və vaxtilə oxunan "Mavərənnəhr", "Kabulu" şöbələrini. Bildiyimiz kimi, muğam ifaçılarımız da, muğam tədqiqatçılarımız da "Əraq"a həm də "İraq" deyirlər. Yadda saxlamalıyıq ki, muğamlarımızın adında ifadə olunan Əraq da, İraq da, Şiraz da (Bayatı Şiraz), İsfahan da (Bayatı-İsfahan), Nişapur da, Nəhavənd də, Qatar da, Əcəm də (Bayatı-Əcəm), Mavərənnəhr də, Dəşti də, Herat da (Heyratı) ölkə, məmləkət, vilayət, şəhər, vadi adlarıdır və vaxtilə azərbaycanlılar həmin ünvanlarda yaşamış, işləmiş, fəaliyyət göstərmiş, öz muğamlarından mənəvi qida kimi bəhrələnmişlər. Nizami Gəncəvi "Xosrov və Şirin"də "Rast"ın şöbələri içində "İraq"ın, "Sazi-Novruz" və "Kini-Səyavuş"un  adlarını çəkir və onların hər birini müxtəlif tarixi hadisələrlə vəhdətdə götürür. Nizamidəki "Sazi-Novruz" bu gün bizə "Novruzi-rəvəndə" kimi gəlib çatmışdır.

Nizami əgər bir tərəfdən muğamın dinləyicidə məhəbbət və gözəllik hissləri ilə yanaşı qoçaqlıq, igidlik, qəhrəmanlıq, qələbə əzmi (bu gün bizə bu hisslər mənfur ermənilərə qalib gəlmək üçün çox  vacibdir - F.S.), mübarizlik kimi hisslərin doğurmasını təlqin edirsə, ikinci bir tərəfdən böyük şair Firdovsinin "Şahnamə" əsərindəki Səyavuşla bağlı bir tarixi hadisəni yada salır.

Göründüyü kimi, muğamlarımız, dəstgahlarımız zövq mənbəyi olduğu kimi, nəinki Azərbaycanın tarixi keçmişi ilə bağlı ən zəngin və çox nadir informasiyalarla soydaşlarımızın dünyagörüşünü formalaşdırır, hətta Şərq xalqlarının ictimai-siyasi həyatında baş verən tarixi hadisələrin üzə çıxarılıb müqayisəli şəkildə araşdırılmasında, öyrənilməsində mühüm rol oynayır...

Adıçəkilən muğam nümunələri "Mahur", "Orta Mahur", "Mahur-Hindi" kimi "Rast" ailəsinə daxildirlər. "Bayatı-Qacar", "Zəmin-Xarə", "Azərbaycan", "Şah-Xətai", "Bayatı-Türk" də "Rast" ladı əsasında nəşvi-nüma tapdıqları üçün bu ailənin üzvləri hesab olunur.

 

 

Fərahim SADIQOV

 

Azərbaycan müəllimi.- 2011.- 4 mart.- S.14.