Sərgidə 500-dən çox əl işi nümayiş olunub

 

Martın 3-də Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksində 8 Mart  Beynəlxalq Qadınlar  Günü Novruz bayramı münasibətilə ənənəvi əl işləri sərgisi keçirildi. Sərgidə xanımların biçmə-tikmə, toxuma, rəsm, karikatura nümunələri, dizayner Xanım Məmmədovanın hazırladığı Azərbaycanın müxtəlif regionlarına aid milli geyimlər, xalçaçılıq sənətini nümayiş etdirən əsərlər, yağlı boya ilə çəkilmiş rəsm əsərləri, milli üslubda bəzədilmiş gəlinciklər, pannolar, təbii güllərdən hazırlanan kompozisiyalar, muncuq qiymətli daş-qaşlarla hazırlanmış qadın bəzək əşyaları məmulatlarından ibarət 500-dən çox əl işi nümayiş olundu. Bununla yanaşı, sərgi iştirakçılarına ilk dəfə olaraq yalnız kağız məmulatlarından hazırlanan əl işləri də təqdim olundu.

Qeyd olundu ki,  tədbirin  keçirilməsində əsas məqsəd milli dəyərlərin saxlanılması və qorunması, istedadlı insanların aşkar edilməsi, onlar arasında əlaqə yaratmaq mədəni irsin xarici ölkələrdə tanıdılmasıdır.

Sərgidə çıxış edən ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov  sərgi iştirakçılarını 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibətilə təbrik etdi.  S.Seyidov sərginin əhəmiyyətinə, eləcə də qadınların cəmiyyətdə roluna  toxundu: "Əl işləri sərgisinin keçirilməsi mühüm əhəmiyyət daşıyır.  Belə sərgilərin keçirilməsi Azərbaycan mədəniyyətinin təbliğ edilməsi baxımından önəmlidir. Azərbaycan qadınının milli mənəvi dəyərlər sistemimizin təşəkkülündə və yaşadılmasında müstəsna rolu vardır".  

Millət vəkili Asim Mollazadə isə çıxışında ADU-nun milli dəyərlərimizin dünyaya tanıdılmasında rolundan danışdı. 

Sərginin əsas təşkilatçılarından olan ADU-nun Türk Folklor Mərkəzinin direktoru Rəna Salehova sərgidə müxtəlif məmulatlardan hazırlanmış əl işlərinin nümayiş olunduğunu vurğuladı.

Regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyeva isə "Azərbaycan milli geyimləri" adlı təqdimatla çıxış etdi.   O, təqdimatda müxtəlif dövrlərdə istifadə olunan və bu gün də öz aktuallığını saxlayan milli geyim növlərindən geniş bəhs etdi.

Sərgiyə gələnlər Regionşünaslıq kafedrasının təşkilatçılığı  ilə tələbələr tərəfindən hazırlanan "Xına gecəsi" adlı bədii kompozisiyaya  tamaşa etdilər. Kompozisiyada Azərbaycanda evlilik və  toy adət-ənənələri nümayiş olundu.   

Qeyd edək ki, sərgidə beynəlxalq təşkilatların, səfirliklərin, QHT-lərin nümayəndələri və ADU-nun professor-müəllim heyəti  iştirak edirdi.

Xatırladaq ki, əl işləri sərgisi son iki ildə sayca dördüncü dəfədir ki, keçirilir. İlk belə sərgi 2009-cu il martın 5-də reallaşıb.

 

 

 Azərbaycan müəllimi.- 2011.- 4 mart.- S.15.