Təhsil Nazirliyinin növbəti
kollegiya iclası keçirilib
Orta ixtisas təhsili müəssisələrində
aparılmış monitorinqin nəticələri müzakirə
olunub
Fevralın
28-də Təhsil Nazirliyində növbəti kollegiya
iclası keçirildi. Kollegiya üzvlərinin, Təhsil Nazirliyinin
struktur-bölmə rəhbərlərinin və orta ixtisas təhsili
müəssisələrinin
direktorlarının iştirak etdiyi iclasda "Orta ixtisas
təhsili müəssisələrində monitorinqin nəticələri"
barədə məsələ müzakirə olundu. Həmin
mövzuda məruzə-təqdimatla çıxış edən
təhsil naziri Misir Mərdanov öncə diqqəti orta ixtisas
təhsilinin cəmiyyətdə yeri və roluna yönəltdi.
Qeyd olundu ki, ölkənin sosial-iqtisadi inkişafı ilə
bağlı məsələlərin həllində,
formalaşan bazar münasibətləri şəraitində
şəxsiyyətin və cəmiyyətin təhsilə olan
tələbatının ödənilməsində orta ixtisas
təhsilinin özünəməxsus yeri vardır. Təhsilin
bu pilləsi iqtisadiyyatın müxtəlif sahələrinin
ixtisaslı kadrlarla təmin olunmasında, milli təhsil
sisteminin nüfuzunun artmasında və cəmiyyətin
intellektual potensialının formalaşmasında, vətəndaşların
təhsil və mədəni səviyyəsinin yüksəldilməsində
mühüm rol oynayırr.
Onun əsas
üstünlüklərindən biri də bu təhsilin məzmununun
əmək bazarının dəyişən şəraitinə
və işəgötürənlərin tələblərinə
daha tez uyğunlaşması, burada nəzəriyyəçilərin
deyil, bilavasitə praktiklərin hazırlanmasıdır.
Nazir
vurğuladi ki, hazırda bu pillənin məzunları əksər
xarici ölkələrdə olduğu kimi respublikamızda da
sosial-iqtisadi inkişafın aparıcı qüvvəsinə
çevrilirlər. Bir çox gənclər müvafiq peşələrə
yiyələnmək üçün əlçatmaz olan ali təhsil
müəssisələrinə üz tutmaqdansa müasir tələblərə
cavab verən orta ixtisas təhsili müəssisələrini
seçməyi daha əlverişli hesab edirlər. Nazir belə
bir faktı da xüsusi diqqətə çatdırdı ki,
Azərbaycanın 2010-cu il statistik göstəricilərinə
görə məşğul əhalinin (4071475 nəfər)
10,9 faizini (445983 nəfər) orta ixtisas təhsillilər təşkil
edirlər.
Təhsil
naziri təqdimatında son illər
orta ixtisas təhsili sahəsində görülən işlərdən
söz açaraq bildirdi ki, "Azərbaycan Respublikasında
təhsil sisteminin təkmilləşdirilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il
13 iyun tarixli 349 nömrəli Fərmanı ilə bir sıra
dövlət qurumlarının tabeliyində olan orta ixtisas təhsili
müəssisələrinin Azərbaycan Respublikası Təhsil
Nazirliyinin tabeliyinə verilməsi orta ixtisas təhsilinin məzmununda
köklü dəyişikliklərin aparılmasına, kadr
hazırlığı strukturunun və təhsil müəssisələri
şəbəkəsinin təkmilləşdirilməsinə
geniş imkan yaratdı. Həmin dövrdə respublikada bir
sıra texnikumların birləşdirilməsi nəticəsində
onların maddi-texniki bazası, pedaqoji kadr potensialı və
bu sahədə olan beynəlxalq təcrübə nəzərə
alınmaqla yeni tipli orta ixtisas təhsili müəssisələri
- kolleclər və təhsil komplekslərinin
yaradılmasına başlanıldı.
Təhsil
Nazirliyinin 13 sentyabr 2001-ci il tarixli əmri ilə
"2001-2004-cü illər üçün Azərbaycan
Respublikasında orta ixtisas təhsilinin İnkişaf
Proqramı" təsdiq olundu və həyata
keçirildi. Nazirlər
Kabinetinin "Orta ixtisas təhsili müəssisələrinin
şəbəkəsinin təkmilləşdirilməsi
haqqında" 26 avqust 2002-ci il tarixli qərarı ilə bir
sıra orta ixtisas təhsili müəssisələrinin fəaliyyəti
dayandırıldı, bir qismi birləşdirilərək
bazalarında yeni tipli tədris müəssisələri
(kolleclər) yaradıldı, bəzilərinin isə profilləri
genişləndirildi.
Nazir
2009-cu ildə qəbul olunmuş "Təhsil haqqında"
Azərbaycan Respublikası Qanununa müvafiq olaraq
hazırlanmış və Azərbaycan Respublikası hökumətinin
müvafiq qərarları ilə təsdiq edilmiş normativ sənədlərlə
kollegiya iştirakçılarını tanış etdi.
Bildirdi ki,təsdiq olunmuş "Orta ixtisas təhsili üzrə
ixtisasların Təsnifatı"nda orta ixtisas təhsili
müəssisələrində kadr hazırlığı
aparılan ixtisasların sayı 398-dən 157-yə qədər
azaldılmışdır.
Nazirlər
Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş
"2010-2013-cü illərdə Azərbaycan
Respublikasının orta ixtisas təhsili sistemində islahatlar
üzrə Tədbirlər Proqramı" üzərində ətraflı
dayanan nazir proqram çərçivəsində orta ixtisas təhsilində
aparılması nəzərdə tutulan islahatların istiqamətləri,
proqramın reallaşması nəticəsində əldə
olunması gözlənilən nəticələr barədə
məlumat verdi.
Nəzərdə
tutulan tədbirlərin uğurla həyata keçirilməsi
üçün orta ixtisas təhsili müəssisələrində
həmin sahələr üzrə mövcud vəziyyətin
öyrənilməsi, statistik məlumatların təhlili,
qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi
zərurəti yarandığını söyləyən
nazir bu məqsədlə Təhsil Nazirliyinin 22 sentyabr 2010-cu
il tarixli 1249 saylı əmri ilə yaradılmış
işçi qrupu tərəfindən ötən ilin
oktyabr-noyabr aylarında nazirliyin tabeliyində olan orta ixtisas təhsili
müəssisələrində monitorinq keçirildiyini
bildirdi və monitorinqin nəticələri ilə iclas
iştirakçılarını tanış etdi. Təhsil
naziri öncə orta ixtisas təhsili müəssisələri
haqqında bəzi statistik rəqəmləri diqqətə
çatdırdı. Qeyd olundu ki, hazırda ölkədə
orta ixtisas təhsili proqramlarını həyata keçirən
56 dövlət və 1 qeyri-dövlət təhsil müəssisəsi,
o cümlədən Təhsil Nazirliyinin tabeliyində 46, Səhiyyə
Nazirliyinin tabeliyində 7, Mədəniyyət və Turizm
Nazirliyinin tabeliyində 2, Fövqəladə Hallar Nazirliyinin
tabeliyində 1 kollec, Azərittifaqın tabeliyində 1 özəl
kollec fəaliyyət göstərir.
Orta
ixtisas təhsili müəssisələrinin regionlar üzrə
paylanması, ixtisas profilləri üzrə təsnifatı barədə
verilən məlumatdan aydın oldu ki, orta ixtisas təhsili
müəssisələri respublikanın regionları üzrə,
demək olar ki, bərabər paylanmışdır. Kolleclərdən
16-sı texniki və texnoloji, 18-i iqtisadiyyat və humanitar,
6-sı pedaqoji, 10-u mədəniyyət və incəsənət,
7-si tibb profillidir.
Nazir
son illərdə bir sıra orta ixtisas təhsili müəssisələrinin
sahə nazirlikləri, şirkətlər və konsernlər,
işəgötürənlərlə sıx əlaqələr
yaradaraq, onların köməyi ilə maddi-texniki bazanın
möhkəmləndirilməsində, dərs və dərs vəsaitlərinin
hazırlanmasında müsbət nəticələr əldə
etdiyini diqqətə çatdırdı.
Daha
sonra təhsil naziri son 5 ildə orta ixtisas təhsili müəssisələrində
təhsil alan, ştatda olan müəllimlərin sayı,
müəllim-tələbə nisbəti, bu müəssisələrə
tələbə qəbulu barədə ətraflı məlumat
verdi. Bildirdi ki, son 5 ildə orta ixtisas təhsili müəssisələrində
qəbul planlarının azalması ilə bağlı tələbələrin
sayı bir qədər aşağı
düşmüşdür. Belə ki, 2005-2006-cı tədris
ilində tələbələrin sayı 55 min olduğu halda,
2009-2010-cu tədris ilində bu rəqəm 51,1 min nəfər
olmuşdur. Təhsil Nazirliyinin tabeliyində olan məktəblər
üzrə isə həmin illərdə tələbələrin
sayı demək olar ki, eyni səviyyədə qalmış və
2009-2010-cu tədris ilində 43,6 min, o cümlədən
ödənişli əsaslarla təhsil alanların sayı
16,5 min təşkil etmişdir.
Həmin
illərdə müəllimlərin sayı 6706-dan 7013-ə qədər
artmış, Təhsil Nazirliyinin tabeliyində olan müəssisələrdə
bu rəqəmlər müvafiq olaraq 5258 və 5595 nəfər
təşkil etmişdir. Nazir
diqqəti belə bir fakta cəlb etdi ki, son 5 ildə tələbələrin
sayının ölkə üzrə təxminən 4000 nəfər,
o cümlədən Təhsil Nazirliyi üzrə isə 1000 nəfər
azalmasına baxmayaraq, ştatda olan müəllimlərin
sayı 302 nəfər (Təhsil Nazirliyi üzrə 337 nəfər)
artmışdır. Nəticədə müəllim-tələbə
nisbəti respublika üzrə 8,2-dən 7,3-ə, Təhsil
Nazirliyi üzrə isə 8,4-dən 7,8-ə qədər
azalmışdır.
2005-2010-cu
illərdə orta ixtisas təhsili müəssisələrinə
tələbə qəbulunun və ərizə verənlərin
dinamikasına aid diaqramı təhlil edən nazir həmin illərdə
tələbə qəbulu planı azalsa da ərizə verənlərin
sayının artdığını, 2005-ci ildə 1 yerə
2,1 nəfər ərizə verdiyi halda, 2010-cu ildə həmin
rəqəmin artaraq 3,1 nəfər təşkil etdiyini
söylədi, bunu gənclər arasında orta ixtisas təhsilinə
marağın artması kimi dəyərləndirdi.
Təhsil
naziri məruzə-təqdimatında orta ixtisas təhsili
müəssisələrinə tələbə qəbulunun nəticələri
barədə də söz açaraq diqqəti 2009 və
2010-cu illərdə ümumi orta təhsil bazasından qəbul
olunan abituriyentlərin topladıqları balların paylanma diaqramına cəlb etdi.
Aparılan müqayisə və təhlildən aydın oldu
ki, qəbul imtahanlarının nəticələrinə
görə keyfiyyət göstəriciləri yüksəlmiş,
əvvəlki illərə nisbətən 2010-cu ildə tələbələr
daha yüksək ballarla qəbul olunmuşlar.
Təhsil
müəssisələrinin maliyyələşdirilməsi məsələsindən
danışan və diqqəti son 5 ildə bu müəssisələrə
ayrılan vəsaitlərin dinamikasını əks etdirən
diaqrama yönəldən nazir dövlət tərəfindən
ayrılan büdcə və ödənişdən əldə
olunan vəsaitlərin ilbəil artmasına baxmayaraq,
onların həcminin bu təhsil müəssisələrinin
inkişafı üçün kifayət
olmadığını bildirdi. 2010-cu ildə Təhsil
Nazirliyinin tabeliyində olan orta ixtisas təhsili müəssisələrinə
təmir üçün ayrılan vəsaiti misal gətirən
nazir qeyd etdi ki, həmin vəsait ümumi büdcənin
1,7%-ni (cari təmir üçün 250000, əsaslı təmir
üçün 299000 manat) təşkil edir ki, bu da zəruri
təmir işlərinin aparılmasına kifayət etmir. Nazir
bu vəziyyətdən çıxmaq üçün Təhsil
Nazirliyi tərəfindən orta ixtisas təhsili müəssisələrinin
cari və əsaslı təmirinə ayrılan ümumi vəsaitin
kolleclərin hamısına deyil, ilk növbədə, təmirə
zəruri ehtiyacı olanlara istiqamətləndirilməsinin qərara
alındığını, bunun nəticəsi olaraq son illərdə
bir sıra orta ixtisas məktəblərində maddi-texniki
bazanın möhkəmləndirilməsi istiqamətində
müəyyən işlər görüldüyünü
söylədi.
Təhsil
naziri məruzə-təqdimatında kolleclərin fəaliyyətinə
mənfi təsir edən amillərə də toxunaraq bildirdi
ki, kadr istehlakçılarını, investorları, biznes
nümayəndələrini orta ixtisas təhsilinin
inkişafına cəlb olunmasını stimullaşdıran
mexanizm yoxdur. Bir çox hallarda işəgötürənlər
mütəxəssislərin kompetensiyasına olan tələbatın
müəyyənləşdirilməsində iştirak etmədiyindən
kadr hazırlığının məzmununda lazımi
çevik dəyişikliklər aparılmır. Bu istiqamətdə
ciddi tədbirlər görülməli və elə bir
mexanizm yaradılmalıdır ki, həmin kateqoriyadan olan fiziki
və hüquqi şəxslər ixtisaslar üzrə dövlət
standartlarının hazırlanmasında, ixtisas təsnifatının
tərtib edilməsində, təhsil müəssisələrinin
akkreditasiyasında, müasir avadanlıqlarla, İKT ilə təmin
olunmasında, istehsalat təcrübəsinin təşkilində
yaxından iştirak etsinlər.
Təhsil
naziri diqqətə çatdırdı ki, qeyd olunanlarla
yanaşı, orta ixtisas təhsili müəssisələrində
tədris prosesinin təşkilində, müəllim
kadrlarının işə qəbulunda və onlar arasında
dərs yükünün bölüşdürülməsi
işində bir sıra nöqsanlar mövcuddur.
Bəzi
təhsil müəssisələrində müəllimlərə
öz ixtisaslarına uyğun olmayan fənlərin tədrisinin,
digər müəllimlərə isə 7 və daha çox fənnin
tədrisinin həvalə olunması halları mövcuddur.
Müəllimlərin
işə qəbulunda da nöqsanlara yol verilmişdir. Bəzi
orta ixtisas təhsili müəssisələrində xarici
ölkələrin ali təhsil müəssisələrini
bitirmiş şəxslərin diplomları nostrifikasiya olunmadan
onlar işə qəbul olunmuşlar.
Bəzi
kolleclərdə işçilərin şəxsi işlərinin
aparılması, əmək kitabçalarının doldurulması,
saxlanılması və qeydiyyatı barədə mövcud təlimata
riayət olunmur. Müəllimlərin ixtisasartırmasında
mövcud normativlərin tələbləri gözlənilmir.
Bir sıra orta ixtisas təhsili müəssisələrində
tədris prosesinin təşkilində və normativ sənədlərin
tələblərinin yerinə yetirilməsində də
nöqsanlara yol verilir.
2003
və 2010-cu illərdə ayrı-ayrı ixtisaslar üzrə
dövlət standartlarına müvafiq olaraq təhsilin məzmununda
yeniləşmə aparılmasına baxmayaraq, bəzi orta
ixtisas məktəblərində hələ də köhnəlmiş
və Təhsil Nazirliyinin qrifi alınmamış fənn
proqramlarından istifadə olunur.
Bütün orta ixtisas təhsili müəssisələrində
buraxılış imtahanlarında iştirak edən məzunların
hamısı müsbət qiymət almaqla ixtisas dərəcəsi
və diplom alırlar. Halbuki bu günədək aparılan
akkreditasiyada orta ixtisas təhsili müəssisələrində
sonuncu kurs tələbələri arasında
keçirilmiş test yoxlamalarında müvəffəqiyyət
faizinin 75-85% arasında olması qeydə
alınmışdır. Belə hallar buraxılış
dövlət imtahanlarının obyektiv keçirilməsinə
şübhə yaradır. Buna oxşar vəziyyət imtahan
sessiyaları zamanı da müşahidə olunur. Belə ki,
2010-2011-ci tədris ilinin qış imtahan sessiyasının nəticələrinə
görə imtahan sessiyasında iştirak edənlərin
(32304) arasında qeyri-müvəffəq qiymət alanların
sayı (1682) 5,2 faiz olmuşdur.
Təhsil
naziri orta ixtisas təhsili müəssisələrində
istehsalat təcrübəsinin təşkili vəziyyətinə
də toxundu və bir sıra orta ixtisas təhsili muəssisələrində
təcrübələrin təşkilində nöqsanlara yol
verildiyini söylədi.
Məruzə-təqdimatının
sonunda iclas iştirakçılarını monitorinqin
ümumi nəticələri ilə tanış edən təhsil
naziri mövcud problem və nöqsanların aradan
qaldırılması, orta ixtisas təhsili müəssisələrinin
fəaliyyətində yüksək keyfiyyətə nail
olunması üçün irəli sürülmüş təklifləri
onların diqqətinə çatdırdı, orta ixtisas təhsili
müəssisələrinin istilik sistemi ilə təchizatı,
onların informasiya-kommunikasiya texnologiyaları ilə təminatı,
təmirə ehtiyacı olan kolleclərin müəyyənləşdirilməsi,
bu sahə üzrə dərs vəsaitlərinin
hazırlanması və digər mühüm məsələlərlə
əlaqədar müvafiq şəxslərə
tapşırıqlar verdi.
Sonda
müzakirə olunan məsələ barədə rəy və
təkliflər dinlənildi.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2011.-
4 mart.- S.4.