"Azərbaycanın
təhsil nazirləri"
Azərbaycan
xalqının həqiqi tarixi hələ
yazılmayıbdır. Gərək bizim xalqın əsl tarixi
yazılsın.
Heydər ƏLİYEV
Təhsili Azərbaycanın davamlı
inkişaf strategiyasının ən öncül istiqamətlərindən
biri hesab edən Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev bu sahədə aparılan islahatları
yüksək qiymətləndirərək demişdir: "Təhsil
Nazirliyində düşünülmüş proqram, konsepsiya
vardır". Dövlətin müəyyənləşdirdiyi
bu strategiya və konsepsiya 10 ildən artıqdır ki, təhsil
naziri, əməkdar elm xadimi, professor Misir Mərdanovun bilavasitə
rəhbərliyi və şəxsi iştirakı ilə
uğurla həyata keçirilir.
Bu
illər ərzində Misir müəllim bütün səylərini
təhsil sahəsindəki çatışmazlıqların
aradan qaldırılmasına, təhsilin bütün pillələrində
effektiv yeniliklərin tətbiqinə, Azərbaycan təhsilində
köklü məzmun islahatlarının aparılmasına, təhsil
sisteminin yeniləşməsinə, milli və bəşəri
dəyərlər zəminində Avropa və dünya təhsil
sisteminə uğurla inteqrasiya edilməsinə yönəltmişdir.
Məhz onun Azərbaycan təhsilinə rəhbərlik etdiyi
illərdə təhsil sistemi elmi cəhətdən əsaslandırılmış
proqramlara uyğun idarə olunmağa
başlamışdır.
Təhsil
tariximizdə ilk dəfə olaraq on altı
inkişafyönümlü dövlət proqramı təsdiq
olunmuş və uğurla həyata keçirilməkdədir. Təhsilin
ayrı-ayrı sahələrinin inkişafı üzrə
real vəziyyətin təhlili əsasında hazırlanıb
təsdiq edilmiş bu proqramların
reallaşdırılması nəticəsində təhsil
infrastrukturu müasir tələblərə uyğun
qurulmuş, təhsilin məzmunu yeniləşdirilmiş,
"Azərbaycan Respublikasında ümumi təhsilin
Konsepsiyası (Milli Kurikulum)" təsdiq olunmuş, yeni dərslik siyasəti reallaşdırılmış,
təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi
üzrə yeni model və mexanizmlər tətbiq edilmiş, əmək
bazarının tələbatına uyğun kadr
hazırlığı və təminatı
yaxşılaşdırılmış, təhsil müəssisələri
informasiya-kommunikasiya texnologiyaları ilə təmin
edilmiş, təhsil sisteminin
informasiyalaşdırılması, məktəbəqədər,
texniki peşə, ali təhsil, xaricdə təhsil,
istedadlı uşaqların inkişafı, xüsusi
qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili,
de-institutlaşdırma və digər bu kimi sahələrdə
əhəmiyyətli nailiyyətlər əldə olunmuş,
maddi dəyərlərdən əldə edilən kapital
ölkədə insan kapitalının inkişafına yönəldilmişdir.
Büdcə
vəsaiti hesabına Təhsil Nazirliyi tərəfindən yeni
təhsil-tərbiyə müəssisələrinin tikilməsi və ya əsaslı təmir edilməsi böyük bir vüsətlə həyata
keçirilmişdir. Təbii ki, gələcək tədqiqatçılar
bu illərdə Azərbaycanda təhsilin inkişaf tarixindən
yazarkən çoxşaxəli fəaliyyəti ilə
çağdaş təhsil tariximizin parlaq səhifələrini
yazmış hörmətli təhsil nazirimiz Misir Mərdanovun
sistemli və ardıcıl həyata keçirdiyi əsaslı
tədbirləri, təhsilin infrastrukturunun və məzmununun
yeniləşdirilməsi, mütərəqqi dünya təcrübəsinə
uyğunlaşdırılması sahəsindəki xidmətlərini
tarixi nailiyyət kimi qiymətləndirməklə
yanaşı, həm də onu böyük elmi səriştəyə
və təcrübəyə malik təhsilşünas alim və
təhsil tarixçisi kimi dəyərləndirəcəklər.
O, müasir, qlobal elmi təfəkkürə malik, müsbət
radikal addımlar atmağa meyilli, yeniləşməyə nail
olmağa israrlı, informasiya cəmiyyətindəki
ideyaların daşıyıcısı olan bir alim,
islahatçı nazirdir. Misir müəllim öz
yaradıcılığında müasir təhsilşünaslığın
elə problemlərinə toxunmuş, elə ciddi elmi məsələləri
şərh etmişdir ki, gələcəkdə bu mövzuda
tədqiqat aparanlar mütləq onun
yaradıcılığına müraciət etməli
olacaqlar. O, təhsil sahəsindəki problemləri vaxtında
görür, aktual məsələləri önə
çıxarır, dövlətin və cəmiyyətin diqqətini
qarşıdakı hədəfə yönəltməklə
yanaşı, təhsilşünaslığın bir elm sahəsi
kimi inkişafına öz töhfəsini verir. Məhz o, təhsil-tərbiyə
ilə bağlı xalqımızın min illər boyu
yaratdığı, zamanın, tarixin yaddaşına həkk
etdiyi, milli mənəvi dəyərlərə çevrilən
ideyaları ilk dəfə sistemli təhlil və tədqiq etməklə
ciddi elmi ümumiləşdirmələrin predmetinə
çevirməyə nail olmuşdur. "Azərbaycan təhsili
Xalq Cümhuriyyəti illərində (1918-1920)" (2003),
"Azərbaycanın təhsil siyasəti" (2 cilddə,
2005), "Azərbaycan Müəllimlərinin qurultayları. I-IX"
(2008), "Azərbaycan Müəllimlərinin XIII
qurultayı" (2009) kitabları bu qəbildəndir. O,
ixtisasca riyaziyyatçı olsa da, son illərdə daha
çox təhsilşünas alim kimi tanınır, intensiv
elmi axtarışları, monoqrafiya, kitab və
kitabçaları, silsilə məqalələri ilə
pedaqoq-alimlərin də qibtə edə biləcəyi mənəvi
xəzinə yaradıb. "Azərbaycan təhsili islahat illərində"
(2001), "Təhsil millətin gələcəyidir"
(2002), "Azərbaycan Respublikasının dövlət rəmzləri"
(2002), "Təhsil sistemində monitorinq və qiymətləndirmə"
(2003), "Azərbaycan təhsili müstəqillik illərində"
(2003), "Azərbaycan təhsili dünən, bu gün,
sabah" (2006), "Davamlı inkişaf və təhsil" (2007),
"Prezident İlham Əliyev və Azərbaycanda təhsilin
inkişafı, 2003-2008" (2008), "Azərbaycan təhsili
yeni inkişaf mərhələsində" (2009), "50 ən
yaxşı məktəb, 100 ən yaxşı müəllim"
(2009), "Azərbaycan təhsili: islahatların uğurlu nəticələri
(2009-2010-cu illər)" (2010) kitabları elmi-nəzəri dəyərinə,
tarixi əhəmiyyətinə, dərin məzmununa görə
təhsilşünaslığa dəyərli töhfədir. Bu kitablar Misir müəllimin təhsil
sahəsindəki xidmətlərini əyaniləşdirməklə,
tarixiləşdirməklə yanaşı, həm də onu təhsil
tarixi və təhsilşünaslıq sahəsində səlahiyyətli söz sahibi kimi təqdim edir.
Bu
günlərdə işıq üzü görən "Azərbaycanın
təhsil nazirləri" ("Bakınəşr", 2010,
240 s.) adlı kitabı Misir müəllimin yeni bir elmi
hesabatıdır. Ulu öndər Heydər Əliyevin və Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
işıqlı, aydın çöhrəli portretləri ilə
açılan bu kitab müqəddəs sözün
işığından doğan, nazir
təfəkküründən
süzülərək yeni məzmun və mahiyyət kəsb
edən nurlu bir işıq, vətənimiz
qarşısında xidmətləri olan insanlara (nazirlərə)
ucaldılan mənəvi bir abidədir ki, onun da müəllifi
professor Misir Mərdanovdur.
Kitaba
yazılan "Ön söz" Azərbaycan təhsilinin ən
qədim zamanlarından bu günə kimi olan dövrünə
işıq tutur, həcmcə böyük olmasa da məzmun,
problematika, işlənmə səviyyəsi, fakt və hadisələrin tarixilik və müasirlik
baxımından müqayisəli təhlili, şərh üslubu ilə akademik səciyyə
daşıyır. Azərbaycanda təhsil sahəsində
aparılan uğurlu işlər, buraxılan nöqsanlar,
onların obyektiv və subyektiv səbəbləri müəyyənləşdirilir,
təhsil quruculuğu ayrıca, əlahiddə şəkildə
deyil, dövrün ictimai-siyasi hadisələri fonunda təhlil
və tədqiq olunur, azərbaycanlı ziyalıların
(nazirlərin) ömür kitabının həm məşəqqətli,
həm də fərəhli səhifələri vərəqlənir.
ADR, sovet hakimiyyəti və müstəqillik illərində təhsilin
məzmununda aparılan islahatların xarakteri, səciyyəvi
xüsusiyyətləri önə çəkilir. Sərt və
ciddi qanunların tətbiqi ilə səciyyəvi olan keçən
əsrin 30-cu illərində məktəblə bağlı qəbul
edilmiş qərarların, sinfi mübarizənin gücləndirilməsi
haqqında Stalin ideyasının təhsildə demokratik ənənələrin
inkişafını ləngitməsinin, yeni arzuolunmaz istiqamətin
formalaşmasının əsasını qoyduğu bildirilir. Əsaslandırılır
ki, o dövrdə milli dəyərlər sərt şəkildə
arxa plana keçirildi, saxta bolşevik beynəlmiləlçiliyi
aparıcı amilə çevrildi, təhsilin məzmunu
tamamilə sovet ideologiyasının prinsiplərinə tabe
etdirildi. Müəllif haqlı olaraq 30-cu illərdə məktəb
haqqında qəbul edilmiş qərarları təkcə
siyasi sənəd deyil, həm də pedaqoji prosesə
Sov.İKP-nin rəhbərliyini təmin edən metodoloji proqram
kimi qiymətləndirir.
Keçmişi
pisləmək düzəltməkdən asandır. Misir müəllim
inkarçılıq stixiyasından çıxış edərək
o dövrü pisləmir, əksinə, ulu öndərimiz Heydər
Əliyevin "1920-ci ildən 1991-ci ilə qədər Azərbaycanın
həyatında xüsusi bir dövr olmuşdur. Azərbaycan
müstəqil olmamışdır, ancaq Azərbaycan xalqı
böyük inkişaf yolu keçmişdir" - müddəalarını
o dövr tariximizin obyektiv öyrənilməsinin metodoloji əsası
kimi qəbul edir, sovet hakimiyyəti illərində təhsil
quruculuğu ilə bağlı konseptual problemləri məhz
həmin prizmadan işıqlandırır. Yaxın tarixi
keçmişə obyektiv qiymət vermənin yeganə elmi
yolu belədir. Professor Misir Mərdanov
bu konsepsiyaya əsaslanaraq sübut edir ki, xalq maarifinin, məktəbin
nailiyyətlərini itirmək, əldə edilənlərin ən
yaxşılarını, məktəbin prinsipial
özülünü inkar etmək olmaz. Tarixən rasional
toxumlardan, rüşeymlərdən cücərib boy
atmış, sistem halını almış ideyaları
möhkəm özül üçün qəbul etməsək,
bunun üzərində gələcəyin binasını
ucalda bilmərik. Dəhşətli Stalin terroru vaxtı da,
sonralar da pedaqoji fikirdə, təhsil quruculuğunda
işıqlı cəhətlər çox olmuş, pedaqogikamız yüksək ideallar
və məqsədlər uğrunda mübarizəyə
hazır nəslin tərbiyəçisi olmuş, Azərbaycan
pedaqoji elmində təhsil-tərbiyənin strategiyası və
taktikası hazırlanmış, məktəbdə isə həyata
keçirilmişdir. Doğrudur, sovet hakimiyyəti illərində
müstəqil dövlət siyasətimiz, aydın milli
ideologiyamız olmayıb, xalqın milli təfəkkürünün
daşıyıcıları olan on minlərlə ziyalı
günahsız ittiham edilib, ölüm və cəza
maşını fasiləsiz işləyib. Ancaq bu heç də
o demək deyil ki, məktəbimiz, təhsilimiz inkişaf etməyib.
Son
yüz ildə təhsilin inkişaf tendensiyalarını təhlil
edən professor Misir Mərdanov
bu qənaətə gəlir ki, qazandıqlarımız
itirdiklərimizdən daha çoxdur. O, yazır: "Mən təhsil
naziri kimi müxtəlif ölkələrdə, o cümlədən
qonşu İran və Türkiyə respublikalarında dəfələrlə
xidməti səfərlərdə olmuşam. Bu səfərlər
zamanı bir fakt məni həmişə
qürurlandırıb: Azərbaycanda insanların təhsil səviyyəsi
hər iki ölkədəkindən qat-qat yüksəkdir. Sovet
dövründə ən ucqar kəndlərimizdə belə məktəblər
fəaliyyət göstərib və Azərbaycanda savadsız
adam yoxdur. Bütün bunlar bizim bugünümüz
üçün etibarlı zəmin olubdur. Əgər belə
olmasaydı, biz öz müstəqilliyimizi bərpa edib Azərbaycanı
uğurla irəli apara, daha böyük nailiyyətlərə,
cəsarətli islahatlara imza ata, təhsilimizi, mədəniyyətimizi,
iqtisadiyyatımızı müasir tələblər səviyyəsində
inkişaf etdirə bilməzdik" (s.21).
Yetmişillik
keçmiş elə bir tarixi materialdır ki, onu tənqidi
mövqedən dərk edib qiymətləndirmədən,
nailiyyətlərimiz, səhvlərimiz barədə tam həqiqət
olmadan ictimai özünüdərk və millətin tərəqqisi
mümkün deyil.
Dəyərli
kitabları oxuyanlar dəyərli insanlarla
görüşmüş kimi olurlar. Bu kitabı oxuyanlar
zamanın yaddaşına yazılan dəyərli şəxsiyyətlərlə
- xalqının tarixində, taleyində, böyüyən nəslin
təhsil-tərbiyəsində böyük rol oynayan insanlarla
-Azərbaycanın xalq maarifi və dini etiqad nazirləri
(N.Yusifbəyli, R.Qaplanov, H.Şaxtaxtinski, N.Şahsuvarov), xalq
maarif komissarları (D.Bünyadzadə, M.Quliyev, R.Axundov, M.Məmmədov,
A.Sultanova, M.Ağayev, M.Cuvarlinski, M.Şahbazov, M.Əfəndiyev,
M.Məmmədov, M.İbrahimov, M.Ələkbərov), xalq
maarif nazirləri (M.Mehdizadə, R.Rəhimov, E.Qafarova, K.Rəhimov,
T.Hacıyev), texniki peşə təhsili komitəsinin sədrləri
(Ə.Ənnağıyev, M.Ağayev, T.Allahverdiyev,
H.İsayev), ali və orta ixtisas təhsili komitəsinin sədrləri
(Ş.Məmmədov, A.Qarayev), ali və orta ixtisas təhsili
nazirləri (Z.Hüseynova, D.Quliyev, Q.Əliyev, A.Abbasbəyli),
xalq təhsili nazirləri (M.Məmmədov, R.Feyzullayev, F.Cəlilov)
və təhsil nazirləri (L.Rəsulova, M.Mərdanov) ilə
görüşür, bu insanların qazandıqları təcrübə
ilə, dünyagörüşləri və həyat fəlsəfələri
ilə yaxından tanış olurlar. Kitabda onların yaradıcılığının
özünəməxsus çalarları, onların təhsil
tariximizdəki yeri və mövqeyi, pedaqoji nəsillərin
taleyində oynadıqları rol yeni pedaqoji təfəkkür
işığında geniş və hərtərəfli
şəkildə araşdırılır.
Millətin
mədəni gücü onun siyasi gücündən daha dərin
olur. Millətin əzəməti onun hər bir nümayəndəsində
öz əksini tapır. Millətin güclü olması milli
ideologiya ətrafında sıx birləşməsi ilə
bağlıdır. İdeya insanı və dünyanı hərəkətə
gətirən yeganə fikir axınıdır. Nəsib bəy
Yusifbəyli, Rəşid xan Qaplanov, Həmid bəy
Şaxtaxtinski, Nurməmməd bəy
Şahsuvarov əqidələri uğrunda, Dadaş
Bünyadzadə, Mustafa Quliyev, Ruhulla Axundov, Maqsud Məmmədov,
Ayna Sultanova, Məmməd Çuvarlinski, Müseyib
Şahbazov... ideologiya naminə öldürüldülər. Bu
şəxslər Azərbaycanın xalq maarifinə və təhsil
sisteminə rəhbərlik etmiş insanlardır. Onların
hamısı "xalq düşməni" kimi mühakimə
edilib, repressiyaya məruz qalıblar.
Onların
şəxsiyyətləri ilə tanışlıq insanın
fikir dünyasını genişləndirir, hiss və duyğu
aləmini zənginləşdirir. Belə insanlar heç vaxt
ölmür, dünyaya gələn hər yeni nəsillə
yenidən dünyaya gəlir, oxunduqca, xatırlandıqca
yaşayırlar. Ümumiyyətlə, insanlar ölərkən
birdəfəlik ölmürlər, tamam yox olmurlar, nə qədər
ki, onları xatırlayan, onların səslərini, sifətlərini
yaddaşında saxlayan adamlar durur, bu ölənlər də
hələ yaşayır - fikirlərdə, xəyallarda, təsəvvürlərdə...
F.Dostayevski haqlı olaraq yazırdı ki, xalq ancaq sevdiyi
insanları yaddaşında saxlayır.
Təkrar-təkrar
nəzərdən keçirdikcə bir daha yəqin edirsən
ki, bu kitab 1918-2010-cu illərə kimi davam edən böyük
və çox mürəkkəb, kəşməkəşli
təhsil tariximizin bütöv bir mərhələsinin parlaq
salnaməsidir.
Bəşəriyyət
gələcəyə, baxışlarını
keçmişə yönəldərək gedir. İnsanlar gələcək
haqqında yalnız keçmiş əsasında mühakimə
yürüdə bilirlər. Keçmiş nəsillər
bizim üçün sualların hazır həllini deyil,
özünü qoyub gediblər (Seneka). Keçmişinə
xor baxan, gələcəyinə kor baxar. Misir müəllimin
yaradıcılıq manerasına bələd olan adam kimi deyə
bilərəm ki, böyük elmi səriştə və ciddi
məsuliyyətlə, yüksək həvəs, enerji,
şövq və zövq ilə hazırladığı bu
kitab o dövrün təcrübə və müdrikliyini
müasirlərimizə çatdırır, tariximizin
yaddaşından müasirliyimizə işıq salır,
tarixi-pedaqoji irsə müasir baxış həyata
keçirir.
Kitabda
Azərbaycan cəmiyyətinin mövcudluğunun, fəaliyyətinin,
bütövlükdə həyatının ideya-konseptual
prinsiplərində yeni milli mənəvi dəyərlərin
formalaşdığı 70-ci illər mərhələsinə
xüsusi diqqət yetirilir. Ulu öndərin 14 iyul 1969-cu ildə
hakimiyyətə ilk gəlişi Azərbaycanın tərəqqiyə
dönüşü, cəmiyyətin keyfiyyətcə irəliyə,
milli özünüdərkə, milli özünəqayıdışa
dönüşün başlanğıcı oldu. Qısa müddətdə cəmiyyət
həyatının bütün sahələrinin sürətli
yüksəlişi, istehsalın, elmin, mədəniyyətin,
mənəviyyatın tərəqqisi əslində daha
böyük nailiyyətlərin - milli ruhun inkişafına,
milli özünüdərkin və milli qürurunun yüksəlməsinə
səbəb oldu. Bütün bunlar az sonra müstəqil Azərbaycan
dövlətinin yaranmasına xidmət edən əzəmətli
planın tərkib hissələrini təşkil etdi. Misir
müəllim 70-80-ci illəri Azərbaycanın intibah
dövrü kimi səciyyələndirərək belə qənaətə
gəlir ki, həmin illərdə təhsilimiz sürətlə
inkişaf etməsəydi, keçən əsrin 90-cı illərində
imperiya hakimiyyətinin təzyiqi bir az zəifləyən kimi,
uzun illərdən bəri zamanın diqtə etdiyi təhsil
siyasəti əsasında tərbiyə almış millətimizin
indiki nəsli milli ruhla azadlıq mübarizəsinə,
istiqlal mücadiləsinə qalxa bilməzdi.
80-ci
illərin sonu-90-cı illərin əvvəllərində
müstəqillik hərəkatının genişlənməsinə
aparan çətin, ziddiyyətlərlə dolu tarixi yolun
mühüm, bəlkə də başlıca mərhələlərindən
biri, şübhəsiz, 70-ci illərin ümumi milli yüksəlişi
və onun sayəsində xalqın daha da qabarıq
mübarizlik ruhunun formalaşması olmuşdur. Bu illərdə
Heydər Əliyevin uzaqgörənliklə istiqamətləndirdiyi
ən dəyərli təhsil ənənələri
kitabda genişliyi ilə təhlil
olunmuş, müstəqilliyimizin ilk illəri gələcək
islahatlara hazırlıq, 1993-1998-ci illəri axtarışlar,
yeniliklərin öyrənilməsi, 1998-ci ildən sonrakı
dövr dünya təhsilinə inteqrasiya, dövlət
proqramları və beynəlxalq layihələrin
reallaşdırılması, əsaslı quruculuq, tədrisin
keyfiyyətinin yüksəlişi və islahatlar dövrü
kimi xarakterizə olunur.
Kitaba
daxil edilən 200-ə yaxın şəklin hər birinin məna
yükünü, pedaqoji-psixoloji siqlətini, ictimai-siyasi əhəmiyyətini
dərindən duymaq yüksək zövq tələb edir. Bu mənada
kitabda verilmiş hər bir şəklin yerli-yerində işlədilməsi
və hər bir şəklin məzmun və ideyasını
tamamlayan şəkilaltı yazıların verilməsi
faktları bir daha göstərir ki, müəllif təhsil
tariximizin incəliklərini bilməklə yanaşı, bədii
tərtibat sahəsində də zəngin təcrübəyə
malikdir.
Kitabda
diqqəti cəlb edən məziyyətlərdən biri
xalqımızın o illərdəki düşüncə tərzinin,
həyata baxışlarının, təhsil sahəsindəki
nailiyyətlərinin elmi fakt və hadisələrin fonunda təhlil
edilməsidir. Ensiklopedik bir mənbə olan bu yazılar oxucunu
xəyalən çox da uzaq olmayan yaxın keçmişə
aparır və düşündürür. Nazirləri yetirən
və yaşadan ictimai-siyasi, elmi-mədəni və pedaqoji
mühitin ən xarakterik və qabarıq cəhətlərini
əks etdirən tərcümeyi-hal xarakterli yazılar
onların şəxsiyyəti, mühiti haqqında dolğun məlumat
verməklə bərabər həm də professor Misir Mərdanovun
yaradıcılıq imkanlarının genişliyinə dəlalət
edir, onun yeni-yeni keyfiyyətlərini üzə
çıxarır. Etiraf edək ki,
sələfləri olan nazirlər haqqında Misir müəllimin
səmimi fikirləri həm də onun öz şəxsiyyətinin
böyüklüyünə dəlalət edir. İlk mənbələr
- arxiv sənədləri və nazirlərin ailə üzvlərinin
təqdim etdiyi materiallar əsasında hazırlanan bu
oçerklərdə fərqləndirici cəhət müəllifin
təqdim etdiyi nazirlərin şəxsiyyəti ilə
yaradıcılığını bütöv görmək
bacarığıdır, yəni hər yazıda bir nazirin
portreti cızılır, həyatı, ictimai-siyasi, pedaqoji fəaliyyəti,
elmi əsərləri vasitəsilə onun şəxsiyyətinə
işıq tutulur, təhsil tariximizdəki yeri və rolu
müəyyənləşdirilir.
Onların yaradıcılığı hər cür
senzura məhdudiyyətindən və ideoloji buxovlardan azad bir
şəraitdə tam şəkildə ortaya
çıxarılır. M.Mərdanov tərcümeyi-halları
təqdim edərkən quru sxematizmdən, cansız və
duyğusuz nüanslardan qaçaraq, duyğu və
düşüncələri ilə özünün dərk
etdiyi, gördüyü və görmək istədiyi nazir
obrazı yaradır. Dolğun və məzmunlu tərcümeyi-hallar,
fərqləndirici şriftlə verilən əlamətdar
hadisələr, şəkillər nazirlər haqqında
oxucuda tam təsəvvür yaratmaq işinə xidmət edir. O,
özündən əvvəlki nazirlərin fərqləndirici
xüsusiyyətlərini, Azərbaycan dövlətinə və
dövlətçiliyinə xidmətlərini ön plana
çəkməklə sanki həm də öz portretini
çəkmiş olur.
Yüksək
poliqrafik nəşr nümunəsi olan kitabın ərsəyə
gəlməsində redaktor kimi siyasi elmlər üzrə fəlsəfə
doktoru Bayram Hüseynzadənin, tərtibçilər Bəşarət
Məmmədovun, Şamxəlil Məmmədovun, Ədalət
Daşdəmirovun, Elman Əbdülovun bu sahədəki peşəkarlıqlarını
qeyd etmək yerinə düşərdi.
...Müdriklərdən
biri deyib ki, tarix yazmaq, tarix yaratmaq qədər çətindir.
Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov
ölkəmizdə həyata keçirilən təhsil
islahatlarında rəhbərliyi və şəxsi
iştirakı ilə tarixin yaddaşında qalan işlər görür, həm
də gördüyü bu işlərin tarixini yazır. Tarixdə
isə tarixi yaradanlarla yanaşı, həm də tarixi yazanlar
qalır.
Fərrux RÜSTƏMOV
Azərbaycan müəllimi.- 2011.-
4 mart.- S.5, 6.