Naxçıvan
Dövlət Universitetinin tələbə
yataqxanası, qonaq evi və Tələbə
sosial xidmət mərkəzi istifadəyə verilib
Naxçıvan
Muxtar Respublikasında misli görünməmiş inkişaf,
geniş vüsət alan tikinti-quruculuq işləri
buradakı yeganə dövlət ali təhsil ocağı
Naxçıvan Dövlət Universitetində də öz
parlaq təzahürünü tapmışdır. Dövlətin
xüsusi qayğısı ilə
bir-birinin ardınca yeni tədris korpusları tikilib
istifadəyə verilmiş, ali məktəbin maddi-texniki
bazası gücləndirilmiş, ən müasir
informasiya-kommunikasiya texnologiyalarının tətbiqində, təhsildə
və tədrisdə yeniliklərin mənimsənilməsində
böyük uğurlar əldə edilmişdir.
Bu
günlərdə isə universitetdə tələbə
yataqxanası, qonaq evi və tələbə sosial xidmət mərkəzi
tikilib istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin sədri Vasif Talıbov yeni obyektlərin
açılışında iştirak etmişdir. Ali Məclisin
sədri açılış mərasimində
çıxış edərək Azərbaycanda ümummilli
lider Heydər Əliyevin təhsil siyasətinin uğurlu
davamından, ölkədə elmin, təhsilin inkişafı
istiqamətində aparılan çoxsaylı islahatlardan,
muxtar respublikada yüksək ixtisaslı mütəxəssislərin
hazırlanmasından, elmi potensialın formalaşmasından bəhs
etmişdir. Ali Məclisin sədri ümummilli lider Heydər Əliyevin
təhsil strategiyasının uğurlu davamının nəticəsi
olaraq Naxçıvan Dövlət Universitetinin ölkənin
ali məktəbləri sırasında ilk beşliyə daxil
olmasını, beynəlxalq nüfuzunun artmasını
xüsusi vurğulayaraq dünya
təhsil sisteminə inteqrasiya prosesində qazanılan
uğurlardan danışmış, elmin, təhsilin tərəqqisi
istiqamətində dəyərli tövsiyə və
tapşırıqlar vermişdir.
Tələbələr
adından Cənubi Koreya Respublikasının vətəndaşı,
Beynəlxalq əlaqələrin tarixi və nəzəriyyəsi
ixtisaslaşması üzrə magistraturanın I kursunda təhsil
alan Younq Myongga, memarlıq ixtisası üzrə II kurs tələbəsi,
nigeriyalı Anthony Mokvunye, Banqladeş Respublikasından olan,
beynəlxalq münasibətlər ixtisası üzrə II
kurs tələbəsi Khairuz Zaman, hüquqşünaslıq
ixtisası üzrə II kurs tələbəsi Jalə
İbrahimova çıxış edərək təhsilin
inkişafına göstərilən dövlət
qayğısı üçün ölkə
başçısına və muxtar respublika rəhbərliyinə
minnətdarlıqlarını bildirmişlər.
Universitetin
rektoru, akademik İsa Həbibbəyli
çıxışında qeyd etmişdir ki, muxtar respublikada elmin, təhsilin
inkişafına dövlət qayğısı, aparılan
islahatlar, müasir tədris korpuslarının inşası, təhsil
ocaqlarının ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin
olunması ümummilli lider Heydər Əliyev ideyalarına
dönməz sədaqət, onun siyasi kursunun ardıcıl
davamı, müasir inkişafın ən gözəl modelidir.
Rektor çoxsaylı universitet kollektivinin Ali Məclisin sədrinə
Naxçıvanda təhsilin və tədrisin inkişafı
istiqamətindəki məqsədyönlü fəaliyyətinə
görə dərin minnətdarlığını ifadə
etmişdir.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tələbə
yataqxanasının yeni binasının
açılışını bildirən rəmzi lenti kəsmişdir.
Qeyd
edək ki, beşmərtəbəli tələbə
yataqxanasında əsaslı təmir və yenidənqurma
işləri aparılmış, yataqxananın 1977-ci ildə
istifadəyə verilmiş beşmərtəbəli korpusu
fundamental şəkildə təmir olunaraq müasir standartlar əsasında
tamamilə yenidən qurulmuş, əlavə olaraq ona
bitişik ikinci korpus da tikilmişdir. İnşasına 2010-cu
ilin mart ayından başlanan binanın tikintisini "Gəmiqaya"
Məhdud Məsuliyyətli Cəmiyyət aparmışdır.
Yataqxana 204 nəfər qız, 253 nəfər oğlan
üçün nəzərdə tutulmuşdur. Binanın
zirzəmi qatında memarlıq və mühəndislik
fakültəsinin tələbələri üçün
laboratoriyalar, memarlıq və rəssamlıq emalatxanası,
tennis və şahmat otaqları yaradılmışdır. Burada
qazanxana, hamam, camaşırxana,
dərzi otağı və qəzet köşkü də yerləşir.
Birinci mərtəbədə komendant otağı, Tələbə
Şurası, yataqxana ozünüidarəetmə otağı,
tibb məntəqəsi, iaşə otağı, istirahət
guşələri, mühasibatlıq mövcuddur. Buradakı 2
elektron lövhə otağı tələbələrin müasir informasiya-kommunikasiya
texnologiyalarından istifadə etməsi üçün nəzərdə
tutulmuşdur. Müasir standartlara cavab verən 2, 3, 4 nəfərlik otaqlarda
yaşayış üçün lazımi şərait
yaradılmış, yataqxananın mətbəx və
hamamı ən müasir məişət avadanlıqları
ilə təchiz olunmuşdur.
Ali Məclisin
sədri universitetin qonaq evinin və Tələbə sosial xidmət mərkəzinin də
açılışlarında iştirak etmişdir. Ən
müasir otellər səviyyəsində tikilmiş qonaq evində
beynəlxalq əlaqələri gündən-günə
inkişaf edən bu ali təhsil ocağına xaricdən,
xüsusilə də Avropadan mütəxəssislərin cəlb
olunması, universitet ərazisində yaşayıb
çalışmaları üçün əvəzsiz
şərait yaradılmışdır.
İstifadəyə
verilən üçmərtəbəli Tələbə
sosial xidmət mərkəzi isə ölkədə analoqu
olmayan, dünya ali təhsil sistemi üçün örnək
ola biləcək bir mərkəzdir. Gündən-günə
abadlaşan və böyüyən, 110 hektarlıq ərazini əhatə
edən universitet şəhərciyində çoxsaylı
kollektivin, tələbələrin sosial tələbatlarının,
gündəlik məişət qayğılarının
ödənilməsi üçün bu mərkəz əvəzolunmazdır.
Binanın birinci mərtəbəsində qazanxana, kafeteriya, bərbərxana,
poçt, əczaxana, foto, II mərtəbədə dəftərxana
məhsullarının, ali məktəb tələbələri
üçün nəzərdə tutulmuş vahid
formaların satışı üçün mağaza,
satış-sərgi salonu, qadın gözəllik salonu fəaliyyət
göstərəcək. Binanın üçüncü
qatında isə müdiriyyət və mühasibatlıq
üçün inzibati otaqlar, kompüter zalı, yerli ərzaq
məhsullarının satışı üçün
mağaza və anbar yerləşir. Müasir memarlıq
üslubunda tikilmiş, rəngarəng ornamentlərlə bəzədilmiş
yeni obyektlər füsunkar gözəlliyi, qeyri-adı
arxitekturası ilə də göz oxşayır.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov
universitetin professor-müəllim heyətinin bir qrupu ilə
görüşmüş, yeni tədris korpusunun layihəsi ilə
maraqlanmış, Beynəxalq münasibətlər və
xarici dillər fakültəsində elektron lövhə
quraşdırılmış auditoriyalarda, "Beynəlxalq
münasibətlər və enerji siyasəti",
"Diplomatiya" kabinetlərində olmuşdur. Ali Məclisin
sədri universitetdə tədrisin və təhsilin inkişaf səviyyəsinin
daha da yüksəldilməsi məqsədilə tövsiyə
və tapşırıqlar vermişdir.
Mehriban SULTAN
Azərbaycan müəllimi.- 2011.-
4 mart.- S.7.