Xalq artisti Nurəddin Mehdixanlı ilə görüş

 

Artıq bir neçə ildir ki, Azərbaycan Müəllimlər İnstitutunda görkəmli elm adamları, incəsənət xadimləri ilə görüşlərin keçirilməsi ənənə halını alıb. Bu günlərdə respublikanın xalq artisti Nurəddin Mehdixanlının öz sənət dostları - respublikanın xalq artisti Ramiz Novruz və əməkdar artist Münəvvər Əliyeva ilə birlikdə AMİ-də qonaq olması bu ənənənin davamıdır. 

İnstitutun professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə keçirilən tədbirdə ilk öncə baş rolda Nurəddin Mehdixanlının çəkildiyi "Cavad xan" filmindən fraqmentlər nümayiş etdirildi. Sonra tədbiri giriş sözü ilə institutun rektoru, millət vəkili, professor Aqiyə Naxçıvanlı açaraq iştirakçıları və qonaqları salamladı. Qeyd etdi ki, tarix boyu Azərbaycanın incəsənət xadimləri mütərəqqi fikirli ziyalılarla birlikdə milli azadlıq hərəkatının ön cərgəsində getmiş, xalqın ağır günlərində ona mənəvi dayaq olmuşlar. Teatr xadimlərimiz oynadıqları rollarla xalqımıza tarixi bilmək üçün yardım etmiş, onları tarixi keçmişimizə hörmət bəsləməyə sövq etdirmiş və yaşadığımız indiki zamanda da mənəviyyat, əxlaq, insanlıq, Vətənə, millətə sədaqət ruhu aşılamışlar. Onlar bu gün də qədim mədəniyyətimizin dünyaya tanıdılmasında böyük işlər görürlər.

Millət vəkili A.Naxçıvanlı Nurəddin Mehdixanlının həyat və yaradıcılığından söz açaraq onun romantik pafosa, coşqun daxili temperamentə, gözəgəlimli səhnə görkəminə malik bir aktyor olduğunu bildirdi. Qeyd etdi ki, elə buna görə də o, mürəkkəb hadisələr burulğanında mənəvi çarpışmalar keçirən, faciə tonlu, dramatik xarakterli qəhrəman rollarını yüksək məharətlə yarada bilir.

Nurəddin Mehdixanlının yaradıcılığı dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. O, 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, 1998-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2002-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adlarına layiq görülüb və həm də Prezident təqaüdçüsüdür.

Sonra qonaq alqışlarla səhnəyə dəvət edildi.

Tədbir boyu Nurəddin Mehdixanlının çəkildiyi tamaşalardan və filmlərdən fraqmentlər göstərildi. Görkəmli aktyor tələbələrin çoxsaylı suallarını cavablandırdı və onların arzusunu nəzərə alaraq şeir söylədi.

Aktyorun sənət dostları, eyni zamanda oynadığı bir çox rollarda tərəf müqabilləri olmuş respublikanın xalq artisti Ramiz Novruz və əməkdar artist Münəvvər Əliyeva da, öz növbələrində, aktyor haqqında ürək sözlərini söylədilər. Onlar Nurəddin Mehdixanlının həm sənət aləmində, həm də həyatda əsl dost, məharətli aktyor və eyni zamanda gözəl ailə başçısı, fədakar ata olduğundan ürəkdolusu danışdılar. Qonaqlar çəkilişlər zamanı baş verən asan və çətin məqamlardan da söhbət açdılar.

Sonda Nurəddin Mehdixanlı belə yüksək səviyyəli görüşə görə AMİ-nin rektoru Aqiyə Naxçıvanlıya öz dərin təşəkkürünü bildirdi.

  

 

 Azərbaycan müəllimi.- 2011.- 4 mart.- S.9.