"Microband" teatr qrupunun maraqlı musiqi proqramı

 

Martın 9-da Azərbaycan Dillər Universitetində İtaliyanın "Microband" teatr qrupu musiqi proqramı ilə çıxış etdi.  Tədbirdə universitetin professor-müəllim heyəti tələbələrlə yanaşı, İtaliyanın Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri Mario Baldi iştirak edirdi.  Proqramdan öncə ADU-nun prorektoru, dosent Jalə Qəribova "Microband" teatr qrupu haqqında məlumat verdi.  Prorektor "Microband" teatr qrupunun aktyorları   Luka Domensial Danilo Maggionun qeyri-adi ifa tərzinə aktyorluq bacarığına malik olduqlarını qeyd etdi. O, musiqi proqramının təşkilinə görə İtaliyanın Azərbaycandakı səfirliyinə minnətdarlığını bildirdi. İtaliyanın Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri Mario Baldi isə çıxışında İtaliyanın qədim sivilizasiya beşiyi olduğunu vurğuladı.  Bu il İtaliyanın birləşdirilməsinin 150-ci ildönümünün qeyd edildiyini  deyən diplomat bununla bağlı mədəni fəaliyyət proqramının həyata keçirildiyini dedi. Bu proqramın bir başlanğıc olduğunu bildirən M.Baldi  musiqi proqramının nümayişinə şərait yaratdığına görə ADU-ya  öz təşəkkürünü bildirdi.

Sonra "Microband" teatr qrupunun aktyorları Luka Domensial Danilo Maggion 70 dəqiqəlik proqramla çıxış etdilər. Gənc tamaşaçılara uyğun səs mimikadan istifadə etməklə heyrətli musiqi interpretasiyası həyata keçirən komik cütlüyün çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılandı.

Proqramda  Rossinidən Astro Piatsolaya, Albano Rominadan tutmuş Paolo Konteyə qədər çeşidli italyan musiqisindən istifadə olundu.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2011.- 11 mart.- S.16.