Müasir informasiya texnologiyalarını öyrənənlərə yeni töhfə

 

NDU-nun Elmi Kitabxanasında universitetin Rabitə və informasiya texnologiyaları kafedrasının müdiri, texnika elmləri namizədi, dosent Cavanşir Zeynalovun "İnformatika informasiya texnologiyaları" kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli bu elm ocağında informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin vacib amilə çevrildiyini vurğulamışdır. Rektor Naxçıvan Dövlət Universiteti Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunan dərs vəsaitinin də təhsilin informasiyalaşdırılması sahəsində əldə olunan nailiyyət kimi dəyərləndirmişdir.

Daha sonra çıxış üçün söz Naxçıvan MR rabitə və informasiya texnologiyaları nazirinin müavini Əli Mikayılova verilmişdir. Natiq bu ali məktəblə nazirlik arasında yaradılmış əməkdaşlıqdan bəhs edərək, ali təhsil ocağının mütəxəssis hazırlığı baxımından imkanlarını yüksək dəyərləndirmişdir. O, eyni zamanda C.Zeynalovun ötən il Naxçıvan Dövlət Universitetində təşkil olunmuş "Elektron Naxçıvan-5: problemlər, həllər" adlı beynəlxalq konfransdakı fəal iştirakına görə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Fəxri fərmanla təltif olunduğunu qeyd etmişdir.

Memarlıq və mühəndislik fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri namizədi, dosent Mübariz Nuriyev müəllifin "İnformatika və informasiya texnologiyaları" kitabının informatikanın əsas anlayışları, EHM-lərin yaranma tarixi və inkişaf yolları, fərdi kompüterlərin arxitekturası və tərkib hissələri, alqoritmləşdirmə, kompüterlərin proqram təminatı, əməliyyat sistemləri, verilənlər bazası, kompüter və İnternet şəbəkələri haqqında məlumatları özündə əks etdirdiyini bildirmişdir.

NDU-nun magistratura üzrə dekanı, tarix elmləri namizədi, dosent Elbrus İsayev Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının proqramına uyğun hazırlanmış yeni nəşrin ali məktəbin bakalavr pilləsində təhsil alan tələbələr, müəllimlər, kompüter istifadəçiləri və xüsusilə magistraturaya qəbul olmaq istəyənlər üçün sanballı mənbə olduğunu vurğulamışdır.

İnformatika kafedrasının müdiri, fizika-riyaziyyat elmləri namizədi Elşən Məmmədov isə, öz növbəsində, informatika və informasiya texnologiyaları sahəsində ana dilimizdə belə bir vacib vəsaitin yazılmasını təqdirəlayiq hesab etmişdir. Xatırlatmışdır ki, müəllif ötənilki məhsuldar elmi fəaliyyətinə görə universitetin Elmi Şurasının qərarı ilə "İlin alimi" fəxri adına layiq görülmüşdür.

Universitetin Elmi Kitabxanasının Xidmət və biblioqrafiya şöbəsinin müdiri Səadət Zeynalova da müəllifin bir müəllim kimi insani məziyyətlərindən danışmış, onu yeni işıq üzü görən kitabı münasibətilə təbrik edərək belə ədəbiyyatların hər zaman arzuolunan olduğunu vurğulamışdır.

Qeyd edək ki, tədbirdə Cavanşir Zeynalovun həyat və elmi fəaliyyətini əks etdirən kitab sərgisi və slayd nümayiş etdirilmişdir.

Sonda müəllif onun əməyinə göstərilən diqqətdən məmnunluğunu ifadə etmiş, universitet rəhbərliyinə və tədbirin təşkilatçılarına minnətdarlığını bildirmiş, yeni kitabını tədbir iştirakçılarına hədiyyə etmişdir.

 

 

Çinarə MƏMMƏDOVA

 

Azərbaycan müəllimi.- 2011.- 11 mart.- S.16.