"Mən Vətənin daşıyam" mövzusunda ədəbi-bədii gecə

 

Martın 5-də Bakıdakı 164 nömrəli orta məktəbdə "Mən Vətənin daşıyam" adlı ədəbi-bədii tədbir keçirildi. Tədbirdə məktəbin müəllim-şagird kollektivi ilə bərabər bəstəkar Tahir Əkbər, şair Ənvər Əhməd, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və digər qonaqlar iştirak edirdilər. Tədbir məktəbdə fəaliyyət göstərən "Kimlik" şagird studiyasınınonun rəhbəri Şəhla Gündüzün təşkilatçılığı iştirakı ilə hazırlanmışdır.

 Azərbaycan Respublikasının Dövlət himninin sədaları altında başlayan tədbirdə öncə müasir Azərbaycan gəncliyinin simvoluna çevrilmiş Milli Qəhrəman Mübariz İbrahimov və Fərid Əhmədovun həyat və döyüş yollarını əks etdirən videoklip nümayiş etdirildi. Bu klip iştirakçılarda dərin təəssürat yaratdı.

Tədbirdə kompozisiyaların əsas mövzusu üçün "Oğru" adlı maraqlı bir başlıq seçilmişdir. Bu başlıq altında keçirilən mini-tamaşada Şəhla Gündüzün araşdırdığı dəqiq tarixi faktlarla Azərbaycan mahnılarının, musiqi alətlərinin, milli mətbəximizin və xalçaçılıq sənətimizin milli ornamentlərini bədnam erməni qonşular tərəfindən necə oğurlandığı əks olunurdu. Tamaşada dahi rus şairi A.S.Puşkinin "Tı vor, tı rab, tı armyanin" kimi sitatları səsləndirildi. İştirakçılara ermənilərin iyrənc ideyası və xisləti dəqiq və məzmunlu şəkildə bir daha çatdırıldı.

"Kimlik" studiyasının üzvü VIII sinif şagirdi İzel Zeynalova musiqisi A.Zeynallıya, sözləri C.Cabbarlıya məxsus olan "Ölkəm" romansını və  bəstəkar T.Əkbərin vətənpərvərlik mövzusunda bəstələdiyi mahnıları ifa etdi. Onun ifası iştirakçıları heyrətləndirdi.

Şagirdlərin ifasında Üzeyir Hacıbəyovun "Arşın mal alan" tamaşasından səhnələşdirilmiş kompozisiya iştirakçılar tərəfindən alqışlandı.

Çıxış edənlər belə tədbirlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirərək bu işdə zəhməti olanlara, xüsusilə məktəbin direktoru Kəmalə Qədirovaya və "Kimlik" şagird studiyasının rəhbəri Şəhla Gündüzə minnətdarlıqlarını bildirdilər.

 

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2011.- 11 mart.- S.7.