Xalq şairi məktəbin qonağı olub

 

Martın 5-də Xırdalan şəhər 2 nömrəli orta məktəbdə çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, qüdrətli söz ustası, xalq şairi Zəlimxan Yaqubla görüş keçirildi. Görüşdə tanınmış şairlər, əməkdar incəsənət xadimi Kəmalə Ağayeva və Alqayıt, Abşeron Rayon İcra Hakimiyyətinin məsul işçisi Tofiq Abdullayev, rayon təhsil şöbəsinin müdiri Nadir Ağayev, Xırdalan bələdiyyəsinin sədri Eldar Əhmədov, Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşı Vaqif Mahmudov, Xırdalan şəhər 1 nömrəli orta məktəbin direktoru Sevinc Əliyeva, Abşeron Rayon Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Gülüş Zeynalova, Xırdalan şəhər 9 nömrəli orta məktəbin direktoru Həcər İbrahimova və digər qonaqlar iştirak edirdilər.

 

Şagirdlər "Şairlə canlı görüş" adlandırdıqları ədəbi-bədii gecəyə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Sevil Mahmudova, Kəmalə Aslanova, Gülər Nəsibova və Sevda Zamanzadənin yaxından köməyi ilə şairin həyat və yaradıcılığı mövzusunda maraqlı musiqili kompozisiya hazırlamışdılar və onu böyük məharətlə təqdim etdilər.

Öncə tədbirin aparıcıları XI sinif şagirdi Cavid və IX sinif şagirdi Humay xalq şairini salamlayıb, qəlblərinin, ruhlarının tərcümanı saydıqları, əsərlərini sevə-sevə oxuduqları və bir çox şeirlərini əzbər bildikləri şairin onlarla görüşə gəlməsindən böyük məmnunluq duyduqlarını, bu canlı görüşün onların xatirəsində əbədi qalacağını söylədilər.

Sonra məktəbin direktoru Ədalət Camalova şairə və qonaqlara "xoşgəldin" edib sazlı-sözlü Zəlimxan Yaqubla görüşün məktəbin müəllim və şagird kollektivinin həyatında ən əlamətdar hadisə olduğunu bildirdi, "həmişə öz halal ilhamının sözünü söyləyən, Aşıq Ələsgər, Səməd Vurğun ruhunun daşıyıcısı olan" şairin həyat və yaradıcılıq yolundan söz açdı. Z.Yaqubun ədəbiyyatımız, aşıq sənətimiz qarşısındakı xidmətlərini yüksək qiymətləndirən Ə.Camalova şairin millət vəkili olduğu 1995-2005-ci illərdə ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etdiyini, həmişə seçicilərinin, bütövlükdə xalqın arasında olduğunu diqqətə çatdırdı.

Səhnə yenidən şagirdlərin ixtiyarına verildi. Tədbir boyu aparıcılarla məktəbin istedadlı şagirdlərinin bir-birini əvəzləyən çıxışlarında şairin həyatının bəzi məqamları, yaradıcılığının əsas cəhətləri, sənətkarlıq xüsusiyyətləri, ilhamını qanadlandıran mövzular, çox sevdiyi aşıq sənəti, saz haqqında söz açıldı, şeirləri, onlara yazılmış mahnılar ifa olundu, şairin həyat və yaradıcılığından bəhs edən sənədli filmdən fraqmentlər göstərildi. Şagird Sərcan Tağıyev şairə həsr etdiyi şeiri oxudu. Sahil Qurbanovun, Pərviz Axundovun ifa etdikləri saz havalara, aşıq mahnıları, 7-ci sinif şagirdi Rəşid Səmədovun oxuduğu muğam, IX sinif şagirdi Sevda Sarıyevanın söylədiyi "Azərbaycan torpağıyam" şeiri, bir sıra digər çıxışlar ədəbi-bədii gecənin ən təsirli nömrələri kimi yadda qaldı.

Görüşdə şairə, əməkdar incəsənət xadimi Kəmalə Ağayeva, şair Alqayıt, Abşeron RİH-nin məsul işçisi Tofiq Abdullayev, məktəbin tarix müəllimi Sabir Nağıyev çıxış edərək xalq şairi Zəlimxan Yaqub haqqında ürək sözlərini dedilər, onun yaradıcılığını müxtəlif yönlərdən səciyyələndirdilər, sənətkarlığını, əxlaqi-mənəvi keyfiyyətlərini, insani xüsusiyyətlərini qeyd edib, yüksək qiymətləndirdilər, onunla bağlı xatirələrindən söz açdılar, ona cansağlığı, daha böyük yaradıcılıq uğurları arzuladılar, öz şeirlərini ifa etdilər.

Sonra söz şairə verildi. Məktəbə gəlməsini Allah evinə gəlməsi ilə müqayisə edən Z.Yaqub onu görüşə çağırdıqları üçün məktəbin rəhbərliyinə, müəllim və şagird kollektivinə minnətdarlığını bildirdi, tədbirdən böyük zövq aldığını, burada çoxlu istedadlı yeniyetmə və gənclə tanış olduğunu, onların ictimaiyyətə tanıtdırılmasına kömək göstərəcəyini söylədi. Şagirdləri yaxşı oxumağa səsləyən xalq şairi öz yaradıcılıq yolundan, həyat prinsiplərindən söz açdı, şeirlərini oxudu.

Sonda xalq şairi məktəblilərin çoxsaylı suallarını cavablandırdı, onlarla xatirə şəkli çəkdirdi.

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2011.- 11 mart.- S.6.