Fənn
kurikulumlarının tətbiqi mövzusunda elmi-praktik konfrans
Martın 4-də
Bakıdakı N.Həmzəyev adına 238 nömrəli orta məktəbdə "Zamanın
tələbi-fənn kurikulumlarının tətbiqi" mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransda Kurikulum Mərkəzinin rəhbərliyi və
bir qrup əməkdaşı,
məktəb direktorları, müəllimlər, beynəlxalq məsləhətçi
Alex (Andru) Krisan və digər qonaqlar
iştirak edirdilər.
Əvvəlcə tədbir
iştirakçıları məktəbin akt zalında təhsil ocağının əldə
etdiyi uğurlar barədə hazırlanmış stendlə tanış oldular. Direktor İlqar
Talıbov qonaqları pedoqoji
kollektivlə tanış etdi və keçirilən
"açıq dərs"lər barədə məlumat
verdi.
Tədbirin proqramına uyğun olaraq
"açıq dərs"lər dinlənildi. Tədbir
iştirakçıları
qruplara bölünərək
məktəbin müəllimlərindən Güləbətin
Tağıyevanın I "d" sinfində riyaziyyat fənnindən
"Həndəsi fiqurların
qruplaşdırılması",
Səkinə Zeynalovanın I
"a" sinfində rus dili fənnindən "Dikiye
jivotnıye", Gülümnaz Hüseynovanın II
"c" sinfində ana dilindən "Qarışqa", Səkinə
İsmayılovanın II "d" sinfində həyat
bilgisindən "Fəsillər" və Sevda Babayevanın
IV "ç" sinfində musiqi fənnindən
"Dünya xalqlarının musiqisi arasında keçilməz
sərhədlər yoxdur" dərslərində
iştirak edərək müşahidələr apardılar.
Sonra dinlənilmiş dərslərin
müzakirəsi keçirildi. Direktor
İlqar Talıbov kurikulumların tətbiqi sahəsindəki
vəziyyətlə daha da yaxından tanış olmaq, müəllimlərin
nə kimi problemlərlə üzləşdiklərini müəyyənləşdirmək
üçün təhsil ocağında tez-tez
"açıq dərs"lərin keçirildiyini dedi.
Müzakirədə
çıxış edən tədbir
iştirakçıları təşkil olunan dərslərin
yüksək səviyyədə keçirilməsindən
razı qaldıqlarını, bu işdə müəllimlərin
böyük əməyi olduğunu diqqətə
çatdırdılar.
Kurikulum Mərkəzinin direktoru, pedaqoji
elmlər namizədi, dosent Ənvər
Abbasov dərslərin kurikulumun tələblərinə
uyğun keçdiyini, müəllimlərin dərslərə
geniş hazırlıq işləri apardıqlarını,
müasir təlim metodlarından, resurslardan gen-bol və
yerli-yerində istifadə etdiklərini vurğuladı.
Rəşad ZİYADOV
Azərbaycan
müəllimi.- 2011.- 11 mart.- S.4.