Tibb fakültəsinin
tələbələri üçün növbəti
mühazirə
Naxçıvan Dövlət
Universitetində elmin, təhsilin inkişafı, tədrisin
yüksək səviyyədə təşkili məqsədilə
kənar mütəxəssislərin buraya cəlb olunması,
respublikanın, dünyanın tanınmış elm xadimlərinin,
pedaqoqlarının universitetdə mühazirələrinin təşkili
artıq ənənə halını almışdır.
Azərbaycan Tibb Universitetinin Uşaq xəstəliklərinin
propedevtikası kafedrasının müdiri, tibb elmləri
doktoru, professor İbrahim İsayev universitetin tibb fakültəsinin
tələbələrinə növbəti mühazirəni
oxudu. Mühazirədən öncə universitetin tədris
işləri üzrə prorektoru, əməkdar elm xadimi
Hüseyn Həşimli həmkarını kollektiv adından
salamlayaraq təmsil etdiyi ali məktəbin Azərbaycan Tibb
Universiteti ilə çoxşaxəli əlaqələrindən,
yerli tibbi kadrların yüksək mütəxəssis kimi
hazırlanmasında belə mühazirələrin əhəmiyyətindən
danışdı.
Sonra professor İbrahim İsayev
"Uşaqlarda həzm sistemi və həzm sistemi üzvlərinin
xüsusiyyətləri" mövzusunda mühazirəyə
başladı. Professor öncə ölkəmizdə
uşaqların sağlamlığına, əqli və
fizioloji inkişafına, uşaq ölümünün
sayının minimum həddə endirilməsinə xüsusi
diqqət ayrıldığını qeyd etdi. Bətndaxili
düzgün qidalanmadan, yenidoğulmuşların gələcək
sağlamlığı üçün ana südünün
əhəmiyyətindən danışan həkim-alim
uşaqlarda ağız boşluğu, mədə, qida borusu,
öd, nazik və yoğun bağırsaq kimi həzm sistemi
üzvlərinin tez-tez rast gəlinən xəstəlikləri,
onların ilkin simptomları, müxtəlif müalicə
üsullarından ətraflı bəhs etdi. Məruzəçi
uşaqlarda həzm sistemi üzvləri xəstəliklərinin
profilaktikası, ağır infeksion xəstəliklər
zamanı düzgün diaqnozun qoyulması barədə gələcək
həkimlərə dəyərli elmi məsləhətlər
verdi, tələbələri maraqlandıran sualları
cavablandırdı.
Universitet ərazisindəki
abadlıq-quruculuq işləri ilə tanış olan professor
İbrahim İsayev təəssüratlarını universitet
televiziyası ilə bölüşdü.
Mehriban SULTAN
Azərbaycan
müəllimi.- 2011.- 11 mart.- S.4.