NDU-da jurnalist tələbələrlə görüş

 

Naxçıvan Dövlət Universitetində ali məktəbin tədris  və tərbiyə işləri üzrə prorektorlarının, tarix-filologiya fakültəsinin dekanının, Jurnalistika və dünya ədəbiyyatı kafedrasının müdiri və müəllimlərinin iştirakı ilə jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədr müavini Fəxrəddin Əliyevlə görüşü keçirildi.

Tədbirdə çıxış edən rektor, akademik İsa Həbibbəyli belə görüşləri  ölkə və  muxtar respublika rəhbərliyinin yaradıcı  gənclərə olan diqqətinin təzahürü kimi dəyərləndirdi. Görüşün əhəmiyyətindən danışan rektor burada məqsədin ali təhsil ocağının  Jurnalistika və dünya ədəbiyyatı kafedrası əməkdaşlarının, eləcə də jurnalistika ixtisası üzrə təhsil alan, habelə bu peşəyə marağı olan,  yüksək potensiallı  tələbələrin  muxtar respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələri ilə əməkdaşlığının genişləndirilməsi və möhkəmləndirilməsindən ibarət olduğunu diqqətə çatdırdı.

Natiq bu işdə tələbələrə uğurlar dilədi.

Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədr müavini Fəxrəddin Əliyev çıxışında məzunu olduğu ali məktəblə bağlı xatirələrini bölüşdü, burada çalışan müəllimlərinin onun formalaşmasındakı əvəzsiz xidmətlərindən danışdı. Qeyd olundu ki, tələbəlik illəri insan həyatının qızıl dövrüdür və ondan səmərəli istifadə etmək, yaradılan şəraitdən faydalanmaq gəncliyin ümdə vəzifəsidir.

Vurğulandı ki, muxtar respublikada yüksək intellektli, müasir təfəkkürlü, geniş dünyagörüşlü, milli ideologiyalı, yenilikçi kadrlara tələbat böyükdür və artmaqdadır. Natiq bu gün ali məktəb tələbələrinin muxtar respublikanın istər dövlət, istərsə də özəl tele-radio kanallarındakı peşəkar fəaliyyətini diqqətə çatdıraraq bu istiqamətdə işlərin davam etdirilməsinin zəruriliyini bildirdi.

Sonda tələbələri maraqlandıran suallar ətraflı cavablandırıldı, birgə əməkdaşlıq məsələləri müzakirə olundu.

 

 

Nərmin CƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2011.- 11 mart.- S.3.