Təhsil Şurası İdarə Heyətinin iclası keçirilib

 

Martın 9-da Bakıdakı 177 nömrəli orta məktəbdə Azərbaycan Təhsil Şurası İdarə Heyətinin iclası keçirilib. İclası şuranın sədri, professor Əjdər Ağayev açaraq heyət üzvlərini qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib, İdarə Heyətinin növbəti iclasına ev sahibliyi etdiyinə görə 177 nömrəli orta məktəbin direktoru Həqiqə Məmmədovaya təşəkkürünü bildirib.

İclasda 177 nömrəli orta məktəbin innovativ fəaliyyəti ilə tanışlıq, Təhsil Şurası İdarə Heyətinin birillik fəaliyyəti barədə və ümumtəhsil məktəblərinin yeni təsdiq olunmuş nümunəvi Nizamnaməsinin müddəalarına əməl olunmasının vacibliyi mövzularında məsələlər müzakirə olunub.

İlk  məsələ haqqında İdarə Heyətinin üzvü, 177 nömrəli məktəbin direktoru, əməkdar müəllim Həqiqə Məmmədova təqdimatla çıxış edib. Təqdimatında məktəb haqqında ümumi məlumat verən H.Məmmədova tədris ocaqlarının 2010-cu ildə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olduğunu bildirib və məktəblərində tətbiq olunan innovativ axtarışların nəticələrindən, layihələrdən söz açıb.

Direktorun məktəbdə artıq bir neçə ildir ki, uğurla həyata keçirilən ikimərhələli tədris eksperimental layihəsinin mahiyyəti və onun tətbiqi nəticəsində əldə olunmuş uğurlar barədə məlumatı iclas iştirakçılarında maraq doğurub. Qeyd olunub ki, aparılan eksperiment bazis tədris planında məktəb komponenti üçün nəzərdə tutulmuş, yəni seçmə fənlərə ayrılmış saatlardan səmərəli istifadə etməyə imkan verib ki, bu da nəticədə məktəbin yuxarı sinif şagirdlərinin repetitor xidmətindən imtina etməsinə gətirib çıxarıb.

İclasda çıxış edən Təhsil Şurası İdarə Heyəti üzvlərindən professorlar Əjdər Ağayev, Mirzəli Murquzov, əməkdar müəllim Arif Muradov, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov və başqaları məktəbdə həyata keçirilən tədbirləri, innovativ axtarışların nəticələrinin təlim-tərbiyə prosesinə tətbiqi istiqamətində atılmış addımları yüksək qiymətləndirib, toplanmış müsbət təcrübənin yayılmasını tövsiyə ediblər.

İclasda ikinci məsələ haqqında Təhsil Şurasının sədri, professor Əjdər Ağayev məlumat verərək rəhbərlik etdiyi qeyri-hökumət təşkilatının son bir ildə gördüyü işləri diqqətə çatdırıb. Şura sədri hesabat dövrü ərzində təşkilatın xətti ilə bir sıra mövzularda elmi-praktik konfransların, müzakirələrin keçirildiyini, həmin tədbirlərdə, habelə pedaqoji kollektivlərlə görüşlər zamanı irəli sürülmüş təkliflərin ümumiləşdirilərək aidiyyəti qurumlara çatdırıldığını bildirib.

Çıxış edənlər hesabatı qaneedici sayaraq Təhsil Şurasının İdarə Heyətinin birillik fəaliyyətini kafi qiymətləndiriblər. İclasda  müzakirələr zamanı qaldırılmış problemlərin, söylənən təkliflərin, o cümlədən üçüncü  məsələnin müzakirəsi zamanı irəli sürülmüş təhsil ocaqlarının mövcud nümunəvi Nizamnamədən kənar fəaliyyətinə imkan verilməməsi təklifinin Təhsil Nazirliyinə çatdırılması barədə qərar qəbul olunub.

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2011.- 11 mart.- S.3.