Azərbaycanın
Milli Qəhrəmanları
Tağızadə Eldar Abdulla oğlu
1963-cü il sentyabrın 6-da Bakı şəhərində
ziyalı ailəsində anadan olub. 1970-1980-ci illərdə paytaxtın Nəsimi
rayonundakı 164 nömrəli məktəbdə orta təhsilini başa çatdırıb. Sonra
Bakı Dövlət Universitetinə
daxil olub. 1985-ci ildə
universitetin biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Eldar Azərbaycan Elmlər
Akademiyasının Botanika İnstitutunda
çalışarkən Səbail rayon DİŞ-in cinayət axtarışı bölməsi ilə
əməkdaşlıq edib. 1988-ci ildə DİŞ-ə işə qəbul edilib və 1989-cu ildə Sverdlovsk şəhərində
cinayət-axtarış üzrə ali ixtisasartırma kursu keçib. DİN-nin millətlərarası
münasibətlər şöbəsində daha
məsul vəzifəyə
irəli çəkilib və ona 1991-ci ildə kapitan rütbəsi verilib. Daha sonra DİN-nin
Terrorizm və Banditizmə Qarşı Mübarizə
İdarəsi rəisinin müavini vəzifəsinə təyin
edilib.
E.Tağızadə
1992-ci il iyunun 3-də Qarabağa ezam olunub və cinayətkarları
zərərsizləşdirərkən həlak olub.
Ailəli
idi. İki övladı var.
Azərbaycan
Respublikası Prezidentinin 3 sentyabr 1992-ci il tarixli 162 nömrəli
Fərmanı ilə Tağızadə Eldar Abdulla oğlu
ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülüb.
Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Təhsil aldığı 164 nömrəli orta məktəb onun adını daşıyır. Bakı şəhərindəki küçələrdən birinə adı verilib.
Tağıyev Şahin
Talıb oğlu
1949-cu il fevralın
3-də Tərtər rayonunda
anadan olub. İlk təhsilini 1956-cı ildə
Bakının Bülbülə
qəsəbəsindəki 208 nömrəli orta məktəbində alıb,
12 nömrəli internat-məktəbdə
isə təhsilini başa çatdırıb.
Şahin
1969-cu ildə Bakı
Energetika Texnikumunu bitirib. O, hərbi xidmətini Novosibirskdə
raket-artilleriya qoşun
hissələrində yerinə
yetirib və eyni zamanda orada
zabitlik kursunu müvəffəqiyyətlə bitirib. Ordudan tərxis olunduqdan
sonra Bakı Mayesiz Transformatorlar Zavodunda işləyib.
1992-ci ildə yeni yaradılan "Qurtuluş" batalyonuna qoşulub. Doğma Vətəni
Azərbaycanın o çətin günlərində
silaha sarılan Ş.Tağıyev Tərtər, Seysulan,
Yarımca və
Levonarxın erməni işğalçılarından müdafiəsi
uğrunda gedən ağır döyüşlərdə bir vətənpərvər
əsgər kimi son dərəcə fədakarlıqla
iştirak edib. Onun döyüş
bacarığı, yağı düşmənə
qarşı aparılan hər bir döyüş əməliyyatı
zamanı göstərdiyi mətinliyi və mübarizliyi
nəzərə alınaraq
1992-ci ilin martında
"Qurtuluş" batalyonuna
komandir təyin edilib. Ş.Tağıyevin
cəbhə bölgəsində göstərdiyi
xidmət ölkə başçısı tərəfindən
yüksək qiymətləndirilib.
Azərbaycan
Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 nömrəli
Fərmanı ilə polkovnik-leytenant Tağıyev Şahin
Talıb oğlu Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülüb.
Ailəlidir.
Teymurov Rizvan Rəhman oğlu
1967-ci il aprelin
16-da Şuşanın Quşçular
kəndində ziyalı
ailəsində anadan olub.
1984-cü ildə doğma kəndlərində
orta məktəbi bitirərək, 1985-ci
ildə hərbi xidmətə cağırılıb. Rizvan əsgəri xidmətini Omsk şəhərində başa
çatdırdıqdan sonra Vətənə qayıdıb. O,
1987-ci ildə Rusiyanın Arxengelsk vilayətinə gedib.
1990-cı ildə yenidən Vətənə qayıdıb. Şuşa Şəhər
Daxili İşlər Şöbəsinin
xüsusı təyinatlı polis dəstəsinə daxil olaraq Qaradağlı, Sırxavənd, Umudlu, Meşəli, Cəmilli kəndlərində
erməni yaraqlılarına qarşı aparılan qeyri-bərabər
mübarizədə əsl vətənpərvər bir polis nəfəri
kimi iştirak edib. O, işğalçı erməni
döyüşçülərinə qarşı
aparılan əməliyyatlarda xüsusi fəallıq və əzmkarlıq göstərib. Elə bu fədakarlığı
onu komandirlərinə və döyüş yoldaşlarına
sevdirib.
R.Teymurov
1991-ci il dekabrın 9-da Xankəndi və Kərkicahan ətrafında
erməni faşistlərinə qarşı gedən qanlı
döyüşlərdə xüsusi hünər və rəşadət
nümayiş etdirərək qəhrəmancasına
həlak olub.
Azərbaycan
Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli
Fərmanı ilə Teymurov Rizvan Rəhman oğlu
ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülüb.
Şuşanın
Quşçular kəndində dəfn olunub. Bakının
Nizami rayonundakı küçələrdən biri onun
adını daşıyır.
Təhməzov Paşa Qurban oğlu
1949-cu il martın
23-də Lənkəran şəhərində anadan
olub.1964-cü ildə doğma
şəhərlərindəki 6 nömrəli
orta məktəbin səkkizinci sinfini bitirib və orta təhsilini fəhlə-gənclər məktəbində
davam etdirib. Paşa əmək
fəaliyyətinə Əhaliyə Məişət Xidməti
İstehsalat Kombinatında
usta köməkçisi kimi
başlayıb. 1993-cü il avqustun 23-də Azərbaycanın cənub
bölgəsində dövlətçiliyimizə
qarşı vəziyyət gərginləşəndə P.Təhməzov
da silaha sarılaraq "Talış Muğan
Respublikası"
adı ilə baş qaldıran daxili çəkişmələrin
qarşısını almağa
yollanıb.
Paşa
Təhməzov dövlətçiliyimizin qorunması,
doğma Azərbaycanımızın bütövlüyü
uğrunda öz canını əsirgəməyib, cinayətkar
dəstə ilə baş verən qaşıdurma zamanı qəhrəmancasına
həlak olub.
Ailəli
idi. Üç övladı var.
Azərbaycan
Respublikası Prezidentinin 24 avqust 1993-cü il tarixli 740 nömrəli
Fərmanı ilə Təhməzov Paşa Qurban oğlu
ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülüb.
Lənkəran
şəhərindəki Şəhidlər xiyabanında dəfn
olunub. Lənkəran şəhərindəki küçələrdən
biri Milli Qəhrəmanın adını daşıyır. Yaşadığı
binanın önünə xatirə lövhəsi vurulub,
"23 Avqust" meydanında büstü qoyulub.
Yəhyayev Elşad Məmmədhənifə oğlu
1966-cı
il sentyabrın
29-da Şəki şəhərində
anadan olub. İlk təhsilini 1973-cü ildə
doğma rayonlarındakı
12 nömrəli məktəbdə
alıb, sonra təhsilini Bakı şəhərindəki 56 nömrəli
orta məktəbdə
davam etdirib. 1984-cü ildə hərbi xidmətə yollanıb. 1986-cı ildə hərbi xidmətini başa çatdıraraq, 1987-ci ildə
Saratov Ali Hərbi Komandirlər Məktəbinə
daxil olub. Elşad
1991-ci ildə hərbi
məktəbi bitirərək,
leytenant rütbəsi
ilə Vətənə
qayıdıb. Müraciətinə əsasən Daxili İşlər Nazirliyinin
Daxili Qoşunlarına
tağım komandiri təyin edilib. O, Sırxavənd, Naxçıvanik,
Papravənd kəndlərində
erməni işğalçılarına
qarşı gedən gərgin döyüşlərdə
yüksək rəşadət
göstərib.
E.Yəhyayev
1992-ci il iyunun 20-də erməni yaraqlılarına
qarşı aparılan ağır döyüşlər
zamanı yağı düşmənin atdığı
snayperə tuş gələrək qəhrəmancasına həlak
olub.
Azərbaycan
Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli
Fərmanı ilə Yəhyayev Elşad Məmmədhənifə
oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülüb.
Bakı
şəhərində Şəhidlər xiyabanında dəfn
olunub. Vaxtı ilə təhsil aldığı Şəki
şəhər 12 nömrəli orta məktəb qəhrəmanın
adını daşıyır. Bakı şəhərindəki
56 nömrəli orta məktəbdə büstü qoyulub.
Milli Qəhrəmanlar Beynəlxalq
İnformasiya Mərkəzinin materialları əsasında hazırladı:
Ədalət DAŞDƏMİRLİ
Azərbaycan müəllimi.- 2011.-
18 mart.- S.22.