Yerləşir: Böyük
Britaniya, İngiltərə,
Yaranma tarixi: 1963-cü il
Tipi:
Dövlət
İşçi
heyətinin sayı:
3331 nəfər
Tələbələrin
ümumi sayı: 14074 nəfər
İllik gəlirləri: 242880000
funt-sterlinq
İllik xərcləri: 237035000 funt-sterlinq
Rəsmi
saytı: www.york.ac.uk
Böyük Britaniyanın "Times Higher
Education Supplement - QS World Universities Rankings"
jurnalının 2009-cu ildə apardığı dünya
universitetlərinin reytinqinə əsasən, York Universiteti 100
ən yaxşı ali məktəb
arasında 70-ci yerdə olub. "Times Higher Education World
University Rankings"in 2010-cu il üzrə dünyanın ən
nüfuzlu universitetləri arasında apardığı
araşdırmaya əsasən, York Universiteti 81-ci, "QS World
University Rankings"in açıqlamasına görə isə
88-ci yerdə qərarlaşıb.
York Universiteti Avropa Universitetləri
Assosiasiyasının, Ağ Qızılgül Universitet
Konsorsiumunun, Ümumdünya Universitetlər Şəbəkəsinin
və Böyük Britaniyanın 19
universitetindən ibarət olan "Qrup-1994"ün
üzvüdür.
Tarixi
1617-ci ildə Kral I Ceymsə York
Universitetinin yaradılması təklifi ilə müraciət
olunsa da, bu məsələ 1960-cı ilədək həll
edilməmiş qalır. Bu ildən sonra isə
universitetin yaradılması məsələsi yenidən
müzakirə olunur. Beləliklə, 1963-cü ilin
oktyabrında Kral Malikanəsindəki Heslinqton Holl binasında
28 müəllim və 230 tələbə ilə York
Universiteti fəaliyyətə başlayır. Universitetin
yaradılması və inkişafında bu ali
məktəbin ilk kansleri Baron Ceyms Raşemin böyük rolu
olur.
İlk dövrdə universitet 3 binada
fəaliyyət göstərir. Bir il sonra York Universiteti ərazisinin genişləndirilməsi
işinə başlayır. Universitetin əsas binası olan
Heslinqton Hollun yaxınlığındakı bataqlıq ərazidə
bu ali məktəbin mərkəzi hissəsi
- Heslinqton kampusu tikilir. Kampusda landşaft parkı, süni
göl, örtülü keçidlər və s. istifadəyə
verilir.
1965-ci ildə York Universitetinin Deruent
və Lanqvit kollecləri açılır. 3 il sonra ali məktəbin daha iki kolleci - Vanbraf və
Qudrik yaradılır. 1969-cu il Alkuin
Kollecinin fəaliyyətə başlaması ilə yadda
qalır. 1972-ci ildə Ventvort, 1992-ci ildə
Ceyms, 2003-cü ildə isə Qalifaks kollecləri istifadəyə
verilir.
XX əsrin sonlarına qədər York
Universitetində 8 kollec, 3 laboratoriya, akt zalı, JB Morrell
kitabxanası, idman kompleksi, Cek Layons konsert zalı fəaliyyət
göstərir. Universitetdə təhsil alan
tələbələrin sayı isə 2500-ə qədər
artır.
Büdcəsi və
təhsil haqqı
2009-2010-cu tədris ilində York
Universitetinin illik gəlirləri 242880000 funt-sterlinq olub. Həmin vəsaitin 64155000-i maliyyə şurası
qrantları, 71406000-i təhsil haqqı və təhsil
sazişləri, 57429000-i tədqiqat qrantları və
sazişləri, qalanlarını isə digər vasitələr
hesabına əldə olunan gəlirlər təşkil edib.
Bu tədris ilində ali məktəbin
ümumi xərcləri 237035000 funt-sterlinq olub. Həmin
məbləğin 138424000-i əməkdaşların əməkhaqqı,
14993000-i amortizasiya, qalanlarını isə digər xərclər
təşkil edib.
2010-2011-ci tədris ilində York
Universitetində yerli və Avropa Şurasına daxil olan
ölkələri təmsil edən tələbələrin
bakalavr pilləsində illik təhsil haqqı 3290-3375
funt-sterlinqdir. Bu ölkələrdən
olan tələbələr tibb bacısı ixtisası üzrə
təhsil haqqından azad olunurlar. Bakalavr səviyyəsi
üzrə əcnəbi tələbələrin təhsil
haqqı təhsil proqramından asılı olaraq, 12000-15000
funt-sterlinq arasında dəyişir. Universitetdə
magistr, PhD səviyyələri üzrə yerli və Avropa
Şurası ölkələrindən olanlar üçün
təhsil haqqı 3732-4200, əcnəbi tələbələr
üçün isə 15000-15600 funt-sterlinq arasındadır.
Burada təhsil haqqı ildən-ilə artır.
Hall-York Tibb Məktəbində yerli
və Avropa Şurasına daxil olan ölkələri təmsil
edən tələbələrin təhsil haqqı 3375, əcnəbi
tələbələrin təhsil haqqı isə 23268
funt-sterlinqdir. Məktəbdə magistr, PhD səviyyələri
üzrə yerli və Avropa Şurası ölkələrindən
olanlar üçün təhsil haqqı 3440, əcnəbilər
üçün isə 14300 funt-sterlinq təşkil edir.
York Universitetində tələbələrə
müxtəlif təqaüdlər və təhsil
haqqını ödəməkdə köməklik etmək məqsədi
ilə kreditlər təklif olunur. Təqaüd
tələbəyə təhsildə, idman və digər sahələrdə
göstərdiyi yüksək nəticələrə görə,
eləcə də maddi vəziyyəti çətin olan tələbələrə
verilir. Bu ali məktəbdə əcnəbi
tələbələr üçün əsas üç təqaüd
- SOS (Scholarship for Overseas Students), ORS (Overseas Research Scholarship),
eləcə də magistr və doktorantlar üçün OCS
(Overseas Continuation Scholarship) təqaüdləri mövcuddur. Bu təqaüdlərin məbləği ildə 5000
funt-sterlinqdir. Həmçinin əcnəbi tələbələr
üçün universitetdə müxtəlif məbləğli
Fulbrayt, Çivninq, York Marşall, Ümumdünya Tədqiqatları
və s. təqaüdlər təklif olunur. Hər
hansı bir təqaüdü almaq istəyən tələbə
universitetə ərizə ilə müraciət etməlidir.
York Universitetində yataqxanaların
qiyməti digər universitetlərin yataqxanalarına nisbətən
daha ucuzdur. Qeyd edək ki, 8000-9800 funt-sterlinq məbləğlə
universitet yataqxanalarında bir il ərzində
qalmaq, qidalanmaq, sığortalanmaq, kommunal xərcləri
ödəmək, eləcə də kitab və geyim almaq
mümkündür.
Universitet bu
gün
York Universitetinin Heslinqton kampusu
Kampusdakı səkkizgüşəli
bina iclas və imtahanlar, müxtəlif tədbirlər, teatr və
konsertlər keçirmək üçün nəzərdə
tutulub. Bu binada Ueylers, Corc Melli, Soft Meçin,
Pink Floyd, Pol Makkartni kimi məşhur şəxslər
çıxış edib. 1985-ci ildə
"Bumtaun Rats" pop qrupunun burada çıxışı
zamanı binanın orkestr çuxurunun örtüyü zədələnir.
Bu səbəbdən zalda pop musiqi və rəqslərinin
nümayişi qadağan olunur. Hazırda həmin
zalda klassik musiqi konsertləri keçirilir.
Heslinqton kampusunda Cek Layons konsert
zalı, Artur Sayks Raymer auditoriyası yerləşir. Kampusun ərazisindəki Raymod Berton
kitabxanasının binası fərqli dizayna malikdir və bu səbəbdən
də bir sıra mükafatlara layiq görülüb. Hazırda universitet bu kampusun genişlənməsi
üzrə yeni tikinti-quruculuq işləri aparır. Heslinqtonun şərqində Şərqi Heslinqton
kampusunun yaradılması məqsədi ilə böyük bir
ərazi təmizlənib və yeni tikintilər
üçün hazır vəziyyətə gətirilib.
Universitet həmin ərazidə meşə salmağı,
bataqlıqları qurutmağı, nəqliyyat yolları
çəkməyi, yeni tikililər ucaltmağı, Əczaçılıq,
Stomatologiya və s. departamentləri açmağı
planlaşdırır. Hazırkı Heslinqton
kampusunun isə Qərbi Heslinqton adlandırılması nəzərdə
tutulur.
Kampusun ərazisində süni
göl yerləşir və bu, Avropanın ən böyük
plastik dibli gölüdür. Həmin
ərazidə vəhşi və yarımvəhşi su
quşları, müxtəlif canlılar məskunlaşıb.
Göl quş qoruğu hesab olunur. Qoruqda Kanada, Barnakl, boz, ağ və digər ördəklər, qara və
ağ qu quşları, müxtəlif növ balıqlar
saxlanılır. Göldə yalnız
lisenziyası olan ovçulara mövsümdən asılı
olaraq balıq ovuna icazə verilir. Kampusun
digər hissəsində dovşanlar yaşayır. Dovşanları ovlamaq qadağandır və onlar
xüsusi şəraitdə bəslənir. Heslinqton kampusunda qapalı və açıq idman
kompleksləri, hovuz və s. yerləşir.
Kampusdan 5 km aralıda yerləşən
tarixi Kral Malikanəsində York Universitetinin Memarlıq, Tarix
departamentləri, Orta əsrlər və XVIII əsr tədqiqatları
bölməsi, bir sıra incəsənət mərkəzləri
yerləşir. Malikanənin
yaxınlığındakı Dekan parkında böyük
miqdarda nadir kitabların saxlandığı Minster
kitabxanası yerləşir.
York Universitetinin nəzdində 8 kollec (Lanqvit, Deruent, Alkuin,
Vanbraf, Qudrik, Uenvort, Ceyms, Qalifaks kollecləri), 23 departament (Arxeologiya, Biologiya,
Kimya, Kompüter elmləri, İqtisadiyyat və əlaqəli
elmlər, Təhsil tədqiqatları, Elektronika, İngilis dili
və ədəbiyyatı, Ətraf mühit, Sağlamlıq
elmləri (Tibb bacısı), Tarix, İncəsənət
tarixi, Dil və linqvistika elmləri, Hüquq, Riyaziyyat, Fizika,
Musiqi, Fəlsəfə, Psixologiya, Siyasət, Sosial siyasət
və sosial fəaliyyət, Sosiologiya, Teatr, kino və televiziya
departamentləri), 3 məktəb
(York İdarəetmə, Hall-York Tibb, Siyasət, İqtisadiyyat
və Fəlsəfə məktəbləri) fəaliyyət
göstərir.
Departament və məktəblər
kolleclərin binalarında, Kral Malikanəsində və ya
Heslinqton kampusunda xüsusi binada yerləşir. York Universiteti kollegial sistemə malikdir - universitetin tələbələri
kolleclərdə məskunlaşır və təhsil müəssisəsini
bitirənədək burada qalırlar.
Lanqvit universitetin
birinci yaradılan kolleclərindən biridir və 1965-ci ildə
fəaliyyətə başlayıb. Bu
kollecdə Təhsil tədqiqatları, İngilis dili və ədəbiyyatı
departamentləri yerləşir. Kollecin xüsusi Rəsm,
Norman Ri qalereyaları mövcuddur. Burada mütəmadi olaraq sərgilər təşkil
olunur, açıq havada şahmat oyunları və s.
keçirilir. Kollec tələbələrin
məskunlaşdığı A, B, C, D, E, F bloklarından ibarətdir
və burada 500-ə yaxın tələbə qalır.
Deruent
Kolleci 1965-ci ildən fəaliyyət göstərir. Kollecdə Siyasət departamenti, Siyasət,
İqtisadiyyat və Fəlsəfə Məktəbi
mövcuddur. Kollec burada oxuyan bütün
bakalavr, magistr və doktorantları yerləşdirmək
imkanına malikdir. Deruent Kolleci təşkil
etdiyi müxtəlif tədbirləri və festivalları ilə
seçilir.
Alkuin
Kolleci 1967-ci ildə yaradılıb. Bu
kollecdə İqtisadiyyat və əlaqəli elmlər, Sosial fəaliyyət
və sosial siyasət, Sağlamlıq elmləri departamentləri,
Hall-York Tibb Məktəbi mövcuddur. Kollecin yataqxana
otaqları duş, İnternet, telefon birləşməsi,
camaşırxana ilə təchiz olunub. Kollec
Heslinqton kampusunun şimal hissəsində yerləşir.
Vanbraf
Kolleci 1967-ci ildə fəaliyyətə başlayıb və
York Universitetinin incəsənət yönümlü
kollecidir. Kollecdə Tarix, İncəsənət
tarixi, Dil və
linqvistika elmləri, Musiqi departamentləri yerləşir.
Kollecdə tələbələr sərbəst yataqxana
seçimi imkanına malikdir və hazırda burada kollecin
1700-dən çox tələbə və əməkdaşı məskunlaşıb.
Qudrik
Kolleci 1968-ci ildə açılıb və Heslinqton kampusunun
şərqində yerləşir. Kollecin
ərazisi və binaları özünəməxsusluğu,
gözəlliyi ilə seçilir. Riyaziyyat
departamenti də bu kollecdə fəaliyyət göstərir.
700-ə yaxın tələbənin
qaldığı bu kollecdə tələbələr
üçün yüksək yaşayış şəraiti
yaradılıb.
1972-ci ildən
açılmış Uenvort
Kollecinin bir sıra binaları 2002-ci ildə istifadəyə
verilib. Burada Sosiologiya, Psixologiya, Fəlsəfə
departamentləri fəaliyyət göstərir. Kollecdə
600-ə yaxın tələbə (magistr və doktorant)
yaşayır. Onların 75%-ni əcnəbilər
təşkil edir. Kollecdə magistr və
doktorantların, eləcə də tədqiqatçı və
əməkdaşların elmi işlər aparmaları, həmçinin
rahat yaşamaları üçün ən müasir şərait
mövcuddur.
Ceyms Kolleci 1992-ci ildən fəaliyyət
göstərir. Kollec 12 blokdan ibarətdir və
ümumilikdə burada 1500-ə yaxın tələbə
qalır. Gölün
yaxınlığında yerləşən bu kollecdə tələbələrə
rahat və müasir şəraitə malik otaqlar, mükəmməl
xidmət təklif olunur.
Qalifaks York
Universitetinin ən son yaradılmış (rəsmi
açılışı-2003-cü ilə təsadüf
edir) və ən böyük kollecidir. Kollec
burada məskunlaşan əcnəbi magistr və
doktorantların, tədqiqatçıların çoxluğu,
idman yönümlülüyü ilə seçilir. Kollecdə yataqxanalar evlərdən və mənzillərdn
ibarətdir, bu da tələbə kəndi təsəvvürü
yaradır. Qalifaks Kollecində 970 tələbə
məskunlaşıb.
York Universitetinin kansleri BBC-nin sabiq
baş direktoru, York Universitetinin fəxri doktoru Qreq Daykdır. O bu vəzifəyə
2004-cü ilin avqustundan təyin edilib və universitetin
beşinci kansleridir. Ali məktəbin beşinci
vitse-kansleri isə 2002-ci ildən bu vəzifəni
daşıyan professor Brayan Kantordur. Universitetdə
ümumilikdə 3331 nəfər işçi
çalışır. Əməkdaşların
1214 nəfərini professor-müəllim, qalanlarını isə
inzibati heyət təşkil edir.
Universitetdə təhsil alan
tələbələrin ümumi sayı 14074 nəfərdir. Onların 10000-ə qədəri bakalavr, 4000-dən
çoxu isə magistr və doktorantlardır. Burada dünyanın bir çox ölkələrindən
çoxlu sayda əcnəbi tələbə təhsil
alır.
"2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində
York Universitetində azərbaycanlı gənclər də
oxuyur. Onlardan Pəhlivan Elnur oğlu Rəsulov
beynəlxalq münasibətlər, Nərmin Qasım
qızı Seyidova hüquqşünaslıq, Ramin Rəhman
oğlu Həkimov siyasət və beynəlxalq münasibətlər,
Orxan Əli oğlu Rüstəmov və Aqşin Akim oğlu Bədəlov
riyazi iqtisadiyyat və maliyyə ixtisasları üzrə bu ali
məktəbin bakalavr səviyyəsində təhsil
alırlar. 2009-2010-cu tədris ilində Səbuhi Akim oğlu
Rzayev dövlət idarəçiliyi və dövlət siyasəti,
Mahir Həmid oğlu Məmmədov beynəlxalq biznes və
strateji idarəetmə, Rafael Rafiq oğlu Gülmalıyev
iqtisadiyyat, Emin Zakir oğlu Zeynalov iqtisadiyyat və maliyyə
ixtisasları üzrə magistratura səviyyəsinin məzunları
olublar.
York Universitetinin Tələbə Təşkilatı
tələbələrin nümayəndəlik
orqanıdır. Ali məktəbdə təhsil alan bütün tələbələr bu təşkilatın
üzvü hesab olunur. Tələbə Təşkilatının
əsas məqsədi burada təhsil alan gənclərin
sosial həyatının
yaxşılaşdırılması, onların asudə
vaxtlarını və əyləncələrini səmərəli
təşkil etməkdir.
Ali məktəbin Tələbə
Kinostudiyası 1960-cı illərdən, Tələbə
Televiziyası isə 1967-ci ildən fəaliyyət göstərir
və İngiltərənin ən qədim tələbə
televiziya stansiyasıdır. Universitetin
Radiostansiyası Böyük Britaniyanın ən qədim
müstəqil radiostansiyasıdır və 2005-ci ildə
"Ən yaxşı
radiostansiya" mükafatına layiq
görülüb. "Nouse" tələbə
qəzeti universitetdə 1964-cü ildən fəaliyyət
göstərir və 2009-cu ildə "Ən yaxşı tələbə
KİV-i" adını, eləcə də müxtəlif
mükafatlar qazanıb. Universitetin "The
Lemon Press" satirik jurnalı 2009-cu ildən dərc edilir.
Jurnal tez bir zamanda onlayn və çap formatlarda
populyarlıq qazanır. "Yorker"
veb-saytında universitet haqqında məlumatlar, xəbərlər,
şəkillər və s. yayımlanır. 2005-ci ildən
ali məktəbdə "The Zahir" mədəni-fəlsəfi
jurnal çap olunur.
Hər yay
Ötən il York
Universiteti "Times-High Education" jurnalı tərəfindən
"2010-cu ilin universiteti" adı alıb. Mükafatı təqdim
edən komitə bildirib ki, universitet təkcə yüksək
əhəmiyyətli akademik və elmi kəşflərini
deyil, sosial sahə üzrə əldə etdiyi nailiyyətləri
də nümayiş etdirib. Universitet kampusunun birinci mərhələ
üzrə planlaşdırılmış vaxtda və
ayrılmış 500 milyon funt-sterlinq çərçivəsində
genişlənməsi, malyariya xəstəliyi ilə
mübarizədə göstərdiyi mühüm xidmətlər,
3 il dalbadal Kraliça mükafatına layiq görülməsi
də ali məktəbin əsas nailiyyətləri kimi qeyd
olunub. Bütün bunlarla yanaşı, York Universiteti incəsənət
və humanitar sahələrin inkişafı məqsədi ilə
Humanitar Tədqiqat Mərkəzi və Effektiv Təhsil İnstitutunun
yaradılması üçün 11 milyon funt-sterlinq
ayırıb.
York Universitetinin missiyası
professional bacarıq və ictimai dəyərlərə malik gələcək
liderlər nəsli yetişdirməkdir.
İngiltərənin qədim ərazisi olan Yorkşirin zəngin
mühiti əsasında tələbə və müəllimlərin
şəxsi, intellektual və peşəkar yüksəlişi
üçün bu ali məktəb
müstəsna imkanlar yaradır. Universitetin
"Müdrikliyin kandarında" sözlərindən ibarət
olan şüarını doğrultmaq məqsədi ilə
burada tədris və tədqiqat sahəsində ən yeni
texnologiyalardan istifadə edilir.
Universitetin məşhur
məzunları
Anibal Kavaku Silva Portuqaliyanın
21-ci prezidenti
Han Seunq-Soo Cənubi
Koreyanın 39-cu baş naziri
Mühəmməd Hənif Atmar Əfqanıstanın
daxili işlər naziri
Kolvill Norbert Younq Mərkəzi
Amerikada yerləşən Beliz
dövlətinin general-qubernatoru
Qreq Dayk BBC-nin
sabiq direktoru,
Universitetinin kansleri
Edvard Ekton Şərqi
Anqlia Universitetinin vitse-kansleri
Con Uiterou "Sunday Times" qəzetinin
baş redaktoru
Mett Karter Leyboristlər partiyasının
baş katibi
Hyu Beyli Cənubi-Afrika tədqiqatçısı
Helen Bell İngiltərə
bəstəkarı və musiqiçisi
Kerol Bromli İngiltərə
şairi
Hazırladı: Lamiyə
ƏLİYEVA
Azərbaycan
müəllimi.- 2011.- 18 mart.- S.16-17.