Azərbaycanda
distant təhsil olsun, yoxsa olmasın?
Dünyada
mövcud olan ən qabaqcıl texnologiyaları tətbiq etmək
Təhsil Nazirliyinin gərək prioritet vəzifəsi olsun. Azərbaycanda
gərək virtual dərslər, yeni texnologiyalar geniş
yayılsın, bütün məktəbləri əhatə
etsin. Bu çox böyük, mürəkkəb, çoxlu
maliyyə vəsaiti tələb edən proqramdır. Amma biz
bunu etməliyik. Çünki biz gələcəyə
baxmalıyıq.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Son vaxtlar təhsil ictimaiyyəti qiyabi
təhsilin distant formada aparılması, bu sistemin
yaradılmasına nə qədər
vaxt lazım olması barədə
müzakirələr aparır. Məqalədə məqsəd ölkədə distant təhsilin yaranması və inkişafı, universitetlərdə
distant təhsilin təşəkkülü barədə
fikirlərimizi bölüşməkdir.
Dünyada gedən
qlobal proseslər, biliyə
əsaslanan iqtisadiyyatın sürətli inkişafı keyfiyyətli insan kapitalının
formalaşmasını, təhsil problemlərini diqqətdə
saxlamağı tələb edir. Təhsilin modernləşdirilməsi zərurəti,
respublikanın regionda İKT sahəsində
lider
dövlət olmaq məqsədləri üçün bu
gün ölkədə
virtual təhsil sistemini
inkişaf etdirmək zəruridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
təhsil sistemi qarşısında qoyduğu
mühüm tələblərdən biri - "...Azərbaycanda virtual dərslər keçirilməlidir" kimi
müəyyən edilmişdir.
Bu tələb milli təhsil sisteminin perspektiv
inkişaf vektorunu müəyyən edir. Bu
səbəbdən bütün strateji təhsil sənədlərində respublikada vurtual təhsilin, distant
təhsilin (DT) yaradılması
və inkişafı xüsusi
qeyd edilmişdir.
DT texnologiyalarının tətbiqi bu gün dünyada geniş vüsət
almaqdadır. Bu sahənin inkişafı milli təhsil
sisteminin təkmilləşdirilməsi, beynəlxalq tələblər
səviyyəsinə qaldırılması, qlobal informasiya təhsil məkanına
inteqrasiya edilməsi baxımından da əhəmiyyətlidir.
DT informasiya cəmiyyətinin
inkişafı və təkamülünün tarixi mərhələsi
olub, hər hansı dövlətin təhsil siyasətindən
asılı olmayaraq, qloballaşmanın tələbidir.
İnkişaf etmiş ölkələrdə
ənənəvi təhsil formaları artıq DT sisteminə inteqrasiya olunmuş,
vahid milli informasiya-təhsil məkanı
yaranmışdır. Bu gün
dünyada on milyonlarla insan
DT texnologiyaları əsasında
sistematik təhsil alır.
DT auditoriyalara sığmayan, sərhədsiz, transmilli təhsil texnologiyasıdır. Təhsil
yönümlü beynəlxalq təşkilatların, cəmiyyətlərin,
o cümlədən
YUNESKO-nun təhsil siyasətinin mühüm istiqamətlərindən biri
DT sisteminin
inkişafıdır. YUNESKO artıq
qlobal şəbəkə universiteti yaratmışdır. MDB səviyyəsində isə
20 universitetin
iştirakı ilə "Universitetlərin şəbəkə işbirliyi (əlaqələri)"
adlı layihə reallaşır. Layihənin məqsədi MDB ərazisində DT texnologiyaları əsasında ali təhsilin
inkişafını dəstəkləməkdir. Layihə
çərçivəsində bu ilin əvvəlində YUNESKO-nun dəstəyi ilə "İnnovativ iqtisadiyyatın kadr təminatı üçün universitetlərin
şəbəkə əlaqələri" adlı
beynəlxalq konfrans təşkil edilmişdir. Bu gün
DT-nin yaradılması
kütləvi və əlçatan ali təhsili
formalaşdırmaqla bərabər, iqtisadiyyatın
kadr təminatı problemlərini operativ
həll edir, ölkənin
qlobal səviyyədə müsbət imicinin
formalaşmasına dəstək verir.
Bu gün dünyada təhsil
böyük bir biznesdir. DT beynəlxalq təhsil
xidməti bazarında təhsilin
ixracının mühüm vasitəsi və
texnologiyasıdır. ABŞ hər il DT texnologiyaları
əsasında təhsil ixracından 7 milyard dollar, Avstraliya 3
milyard dollar mənfəət götürür. Qlobal məkanda
DT bu gün elə bir templə
inkişaf edir ki, proqnozlara görə, 2015-ci ildə dünya
universitetlərinin 80%-i bu texnologiya əsasında təhsil
verəcəklər.
DT-təhsil müəssisəsindən istənilən
məsafədə olan öyrənənlərə xüsusiləşdirilmiş
informasiya-təhsil mühiti vasitəsi ilə göstərilən
təhsil xidmətləri kompleksidir.
İnformasiya-təhsil mühiti öyrənənlərin
təhsil ehtiyaclarının təmin edilməsinə yönəlmiş,
verilənlər, informasiya resursları,
qarşılıqlı əlaqə protokollarının
ötürülmə vasitələri, aparat-proqram, metodik-təşkilati
təminat və s. vasitələrin sistemli təşkilidir.
DT tələbə və
müəllim arasında interaktiv əlaqəni
telekommunikasiya və kompüter şəbəkələri
vasitəsi ilə operativ, müntəzəm dialoq, əks-əlaqə əsasında,
uzaq məsafədən həyata keçirən
texnologiyadır. DT-nin əsas
texnologiyaları aşağıdakılardır:
- Keys texnologiyası. Tədris-metodik
materiallar ciddi strukturlaşdırılır, xüsusi
"keys" formasında komplektləşdirilir, müstəqil
mənimsənilmə
üçün tələbələrə göndərilir.
Tələbə ilə məsləhətçi-müəllim,
tyutor arasında müntəzəm məsləhətləşmə
aparılır.
- TV texnologiyası. Tədris prosesi telemühazirələr
əsasında həyata keçirilir, müəllim və
tyutorla sistematik məsləhətləşmələr
aparılır.
- Şəbəkə texnologiyası. Tələbələri tədris-metodik materiallarla təmin
etmək, həmçinin tələbə və müəllim arasında
interaktiv əlaqə yaratmaq məqsədi ilə İnternet
şəbəkəsindən
istifadə edilir. Şəbəkə
texnologiyasında lokal
(İntranet) və qlobal (İnternet) şəbəkə
texnologiyalarından istifadə edilir.
Bu halda distant dialoq
İnternet resursları vasitəsi
ilə həyata keçirilir. Təlim ünsiyyətinin
əsasını DT kursu şəklində tərtib
edilmiş elektron tədris vasitələri təşkil edir.
Beynəlxalq təhsil məkanında belə
bir vəziyyət müşahidə olunur: hansı ölkələrdə
təhsilin ümumi səviyyəsi aşağıdırsa, bu
ölkələrdə DT sistemi ya ümumən olmur, ya da çox
zəif inkişaf edir. Çünki virtual təhsil real
təhsil üzərində qurulur, inkişaf edir, təhsilin məzmunu
hər iki halda
eyni kriteriya ilə - milli təhsil standartları ilə müəyyən edilir.
Əgər universitetin
professor-müəllim heyəti
keyfiyyətcə
müasir tələblərə
cavab vermirsə (bu vəziyyət əsasən professor-müəllim heyətinə az məvacib verilən
ölkələrdə
müşahidə edilir),
bakalavr və magistrlər keyfiyyətli dərslik
və tədris-metodik
komplekslərlə təchiz
edilməyiblərsə, onda bu materialların elektronlaşmasının, pedaqoji
heyətin virtual fəaliyyətinin
səmərəsi olmaz (əgər pedaqoji heyətin ümumiyyətlə
virtual iş vərdişləri
varsa). Bu səbəbdən ali təhsilin ümumi səviyyəsinin
aşağı olduğu
ölkələrdə
DT-nin yaradılması təhsilin məzmun və texnologiya baxımından köklü yeniləşməsini tələb edir. Bu iki işin az vaxt ərzində
paralel aparılması əlavə problemlər yaradır, daha
böyük resurslar tələb edir.
Proses düzgün qurularsa,
sinergetik
qarşılıqlı təsir effekti
yarana bilər. Bunun müəyyən faydası mümkündür, bu
halda real təhsilin inkişafı DT-nin inkişafına və əksinə,
DT-nin inkişafı real təhsilin inkişafına təkan
verə bilər.
Real təhsili zəif
olan ölkələr təhsilin məzmun
yönümlü problemlərini həll
etmədən öz "nailiyyəti"ni virtual
aləmə keçirməklə heç
nə qazana bilməzlər, olsa-olsa
İnternet vasitəsi ilə
öz təhsil "səviyyə"sini bütün dünyaya nümayiş etdirə
bilərlər. Bu isə antireklamdır. Bu
halda DT-in məzmun və keyfiyyətini müəyyən edən
elektron kontent keyfiyyətsiz olduğundan onun səmərəsi ola
bilməz. Bu mənada virtual
təhsil real təhsilin proyeksiyasıdır, nəticəsidir desək
səhv etmərik.
Dünya təhsil təcrübəsində
DT-in müxtəlif modelləri
mövcuddur.
1. Distant təhsilin Asiya modeli. Bu model
açıq universitetlərin yaradılmasını nəzərdə
tutur. Hindistan, Çin, Tailand, İndoneziya. Cənubi Koreya kimi
ölkələr bu modeldən istifadə edirlər.
2. Distant təhsil qiyabi təhsilin reallaşma modeli kimi. Bu halda
yalnız qiyabiçi tələbələr distant
texnologiyalar əsasında təhsil
alırlar. Avstraliya, Yeni Zelandiya, Malayziya kimi ölkələrdə
bu model tətbiq edilir.
3. Distant təhsil əyani təhsilin
reallaşma modeli kimi. Müəllimin auditoriya ilə audiovizual
əlaqələri
telekommunikasiyalarla
reallaşır. Bu model
Amerikada da tətbiq edilir.
4. Tədris materialı əsasında tələbənin
müstəqil işinə əsaslanan distant təhsil modeli.
Bu modeldə tədris kursları modullar formasında
strukturlaşır. Bu modeldən Böyük Britaniyada istifadə
olunur.
Bu gün bir
çox ölkələrdə DT-nin eyni
zamanda müxtəlif modelləri
tətbiq edilir. Bu modellərin tətbiqi
ilə əlaqədar qərarı universitetlər özləri qəbul edirlər.
Universitetin hansı model əsasında DT verməyə imkanı
varsa, o modeli
də seçir. Məsələn,
Türkiyənin Anadolu Universiteti uzun müddətdir ki, açıq universitet
formasında fəaliyyət göstərir. Anadolu Universiteti
hazırda 1,5 milyon tələbə
ilə dünyanın 3-cü
meqauniversiteti hesab edilir. 30 ildən artıq müddət
ərzində Anadolu Universiteti müxtəlif texnologiyalar əsasında,
bu gün isə müasir, yüksək texnologiyalar əsasında
DT reallaşdırır.
Türkiyənin başqa universitetləri isə
digər DT modellərinə üstünlük verirlər. Bu
gün Türkiyənin və
Rusiyanın əksər universitetləri səmərəli DT
sistemi yarada bilmişlər. DT
sistemi resurslarından nəinki qiyabi, eksternat və
distant formada təhsil
alan tələbələr, eyni
zamanda əyani təhsil alan tələbələr də səmərə ilə istifadə edirlər.
Bu
gün universitetlər arasında
olan qlobal rəqabət artıq
virtual məkana keçmişdir. Məsələn, Rusiya ərazisində Amerika
və Avropanın distant
universitetlərinin xeyli
nümayəndəliyi fəaliyyət göstərir. Minlərlə
rusiyalı gənc distant
formada xarici ölkə
universitetlərində təhsil alır.
Bu həm ucuz, həm təhlükəsizdir
(dünyanın indiki narahat vaxtında əksər valideynlər övladlarını gözlərindən uzağa
göndərməyə
risk etmirlər). Bu
halda DT alan tələbələrin təhsillərini başa
vurduqdan sonra vətənə
qayıdıb-qayıtmaması
kimi bir problem də yoxdur.
Bu gün
Anadolu Açıq Meqa Universitetinin bir
çox ölkələrdə, o
cümlədən Azərbaycanda da
nümayəndəliyi
var, bizim ölkədən xeyli tələbə
distant yolla bu universitetdə
keyfiyyətli və
müasir standartlara uyğun təhsil alır. Gələcəkdə digər
açıq və virtual universitetlərin, distant universitetlərin də respublikamızda nümayəndəliklərinin
açılması mümkündür. Getdikcə bu
proses vüsət alacaq. Bunun ölkəmizdə insan
kapitalının
inkişafına yalnız
xeyri ola bilər. Bu proses milli təhsildə beynəlxalq rəqabət mühitini gücləndirəcək.
Bu proseslər
qloballaşmanın, Boloniya
prosesinin, tələbə
və müəllim mobilliyinin
(hələlik virtual
mobilliyin) addım səsləridir. Çünki bu,
qlobal informasiya təhsil məkanına inteqrasiyanın yeganə yoludur. Görəsən, təhsil
sistemimiz, universitetlərimiz bu ciddi
rəqabətə
hazırdırmı?
Bu
gün respublikada bəlkə də yüzlərlə gənc
virtual olaraq müxtəlif
ölkələrin universitetlərində distant
ali və əlavə təhsil
alır. Yəqin ki, valideynlər də, tələbələr də
təhsilin keyfiyyətindən və səviyyəsindən
çox məmnundurlar. Gələcəkdə işəgötürən təşkilatlar da
bu kadrların hazırlığından məmnun
qalacaqlar. Virtual məzunların alacaqları diplom
da bütün
dünyada tanınacaq.
Boloniya prosesi tələblərinə uyğun olaraq bu
diplomlar bizim ölkədə də problemsiz
tanınacaqdır. Gələcəkdə
xaricdə virtual təhsil alan tələbələrimizin
sayının sürətlə
artması ehtimal edilir.
Strateji məqsədi qlobal informasiya-təhsil
məkanına inteqrasiya olan milli təhsil sistemimizdə DT-nin
tətbiqi bu gün aktualdır. Bu sahədə qlobal
inkişafdan, təxminən, 15 il geri qalsaq da, hər halda nə vaxtsa əməli
işə başlamalı, bu geriliyi
aradan
qaldırmalıyıq.
Çünki bu gün DT
sistemi olmayan ölkələrin təhsilinin sabah
heç bir perspektivi
ola bilməz. DT təhsil
innovasiyasıdır, informasiya cəmiyyətinin,
innovasiya cəmiyyətinin təhsilidir.
Respublikada DT sistemi yaradıldığı halda
dünya azərbaycanlılarının, o
cümlədən
diasporada yaşayan azərbaycanlıların öz ana dilində təhsil almaq imkanı
yaranacaq. Bu yolla
onların ailə üzvləri,
uşaqları vətəndən uzaqda yaşasalar da, əcdadlarının dilini, mədəniyyətini,
tarixini müstəqil öyrənə biləcəklər. Digər tərəfdən, azərbaycanlıların
kompakt yaşadığı
ölkələrdə azərbaycandilli təhsil müəssisələrinin
olmaması problemi də
bu yolla tədricən həll edilə bilər.
Təəssüflə qeyd edək ki,
bu günə qədər biz Azərbaycan
dilini müstəqil öyrənmək istəyən əcnəbilər
üçün heç bir
elektron dərslik, distant
təhsil resursu hazırlamamışıq. Amma
Moskva Dövlət Beynəlxalq
Əlaqələr Universiteti Azərbaycan dilini öyrənən tələbələri üçün belə
bir elektron dərslik artıq yaratmışdır (Azərbaycan dili bu
universitetin regionşünaslıq ixtisası alan tələbələrinə tədris edilir).
Bu istiqamətlərdə elektron resurslarımızı
artırmalıyıq, bunun xalqın
mədəniyyətinin təbliğində böyük imkanları var.
Bütün
dünyada bu gün DT texnologiya kimi qəbul
edilir, çünki onun təhsil
forması kimi qəbul
edilməsi bu texnologiyanın geniş
tətbiqini əngəlləyə bilər.
Amma DT-nin texnologiya kimi qəbul edilməsi
ondan fasiləsiz təhsilin
bütün səviyyələrində (orta, ali və diplomdan
sonrakı mərhələlərdə),
bütün formalarında (əyani, qiyabi, eksternat və s.) istifadəni mümkün edir. Bununla
belə, yeni "Təhsil haqqında" Qanunda DT təhsil formalarından biri
kimi qeyd edilir. Yəqin ki, DT
sistemi respublikada formalaşdıqca, gələcəkdə bu məsələlərə
təkrarən baxılacaq, qanunda
müəyyən əlavə və
dəyişikliklər ediləcəkdir.
Son
vaxtlar təhsil ictimaiyyəti qiyabi
təhsilin distant formada
aparılması haqqında, bu sistemin yaradılmasına
nə qədər vaxt
lazım olması barədə
müzakirələr aparır.
Bu problemin praktik həlli çətin, miqyası geniş, əhatəli,
maddi məsrəfləri isə
çox
böyükdür. Çünki DT təhsilin
kompleks
informatlaşmasını
tələb edir, bu isə heç
də asan məsələ deyil. Təbii ki, böyük işlərin həlli asan olmur. Milli təhsil sistemimiz bu problemi yaxın
10 il ərzində həll
edə bilsə, onun rəqabətqabiliyyətliliyi,
keyfiyyəti və reytinqi yüksələ bilər.
Bütün
inkişaf etmiş və
inkişafda olan ölkələr kimi,
biz də DT-nin köməyi ilə
əlçatan, keyfiyyətli və kütləvi fasiləsiz təhsil
sistemi yarada bilərik.
Ölkədə
DT-nin yaradılması və inkişafı üçün görülməli işləri şərti olaraq 4 səviyyəyə ayırmaq olar: ölkə səviyyəsində görülməli işlər; sahə nazirlikləri səviyyəsində görülməli işlər; təhsil
sistemi səviyyəsində
görülməli işlər; universitetlər səviyyəsində görülməli işlər.
Ölkədə
DT-nin yaradılması və inkişafı üçün ilkin mərhələdə "Azərbaycan Respublikasında
distant təhsilin yaradılması və inkişafı"
strategiyası
hazırlanmalıdır. Strategiyada hər
bir səviyyənin görməli olduğu
işlər istiqamətlər üzrə qeyd edilməlidir. Daha
sonra bu strategiya əsasında xüsusi
Dövlət
Proqramı
hazırlanmalıdır. Bu proqram çərçivəsində ölkə səviyyəli ümumi
işlər icra edilməli, normativ-hüquqi baza,
texniki, pedaqoji, təşkilati,
standartlaşma və
s. məsələlər həll edilməlidir.
Sahə
nazirlikləri səviyyəsində isə
hər bir nazirlik
öz tabeliyində olan
ixtisasartırma, təkmilləşdirmə, yenidənhazırlanma,
təcrübəkeçmə, kadrların attestasiyası, bir sözlə,
fasiləsiz əlavə təhsilin bu
nazirliyə dair fəaliyyətini distant
texnologiyalara transfer etməlidir. Bu, iqtisadi cəhətdən, keyfiyyət və
səmərəlilik, insanların
rahatlığı baxımından əlverişlidir.
Regionlarda işləyən kadrların bu halda paytaxta uzunmüddətli və ya qısamüddətli kurslara ezam
olunmasına ehtiyac olmayacaq.
Bu mənada hər bir nazirliyin
DT sisteminin yaradılması və
inkişafına dair xüsusi
proqramı olmalıdır.
Bu
gün əksər ölkələrdə (o cümlədən bir çox MDB ölkələrində) yaşlıların təhsili
elektron formada, distant
texnologiyalar əsasında reallaşır.
Respublika pedaqoji kadrların
ixtisasartırma, təkmilləşdirmə, yenidənhazırlanma
kursları hələ də distant
texnologiyalarla
aparılmır (bir
çox MDB ölkələri 10 ildən
artıqdır ki, pedaqoji kadrların ixtisasartırma, təkmilləşdirmə,
yenidənhazırlanma kurslarını distant texnologiyalarla aparır). Bu iş
respublikada əvvəlcə
məhz təhsil sistemində yaradılmalı idi.
Sonra isə sahə nazirlikləri bu nümunə əsasında sahə DT sistemlərini
qurmaları, öz kadrlarını bu yolla təkmilləşdirmə
və ixtisasartırma kurslarına cəlb etməli idilər.
DT-nin inkişafı ilə əlaqədar
qlobal problemlərə
varmadan, təhsil sistemi səviyyəsində
görüləcək bəzi işləri qeyd etmək istərdik.
Təhsil sistemində təhsilin
səviyyələri
üzrə və peşə təhsili istiqamətləri üzrə
DT-nin inkişafı üçün konkret layihələr
reallaşmalıdır. Təhsil sistemində DT-nin
inkişafı məqsədi ilə
kadr təminatı, proqram-texniki
təminat, kontent təminatı problemləri həll edilməli,
ciddi investisiyalar cəlb edilməlidir.
Respublikada DT-nin inkişafı
üçün bu gün
real şərait var.
İKT sektorunun respublikada prioritet
sahə elan edilməsi, bu sektorun son
illər sürətli
inkişafı, o cümlədən İKT üzrə Milli
Strategiyanın qəbul
edilməsi, "Elektron Azərbaycan"
Dövlət Proqramının, təhsil sisteminin
informatlaşması üzrə 2 dövlət
proqramının reallaşması bu sahənin real inkişafı üçün
infrastruktur və texniki baza
yaratmışdır. Digər tərəfdən,
ali təhsilin inkişafı üzrə, orta ixtisas təhsilinin
inkişafı üzrə,
texniki peşə təhsilinin inkişafı üzrə dövlət
proqramlarının hər birində DT-nin yaradılması və inkişafı məsələləri
xüsusi qeyd edilmişdir. Bu proqramlar
çərçivəsində real
iş görmək mümkündür. Bunun üçün bir sıra
ciddi işlərin görülməsinə, o
cümlədən
hazırda icra olunan bu
proqramların əlaqələndirilməsi və DT-nin inkişafı məqsədləri ilə
bir meqalayihə formasında icra edilməsinə, böyük həcmdə əlavə investisiya
qoyulmasına ehtiyac var.
Hər
bir sahədə olduğu
kimi, DT-nin
inkişafında da insan
resursları,
onların peşəkarlıq səviyyəsi həlledicidir (bu
amil texnologiyaya nisbətən daha prioritetdir). DT
texnologiyasının reallaşması üçün ilkin
şərt hər bir
universitetdə xüsusi
hazırlıq
keçmiş kadr heyətinin olmasıdır. Çünki bütün
elektron tədris resurslarının
hazırlanması və tətbiqi, virtual
təlimin təşkili və
idarə edilməsi, yeni texnologiyalardan səmərəli istifadə məhz pedaqoji və
texniki heyətin hazırlıq
səviyyəsindən
asılıdır. Kadr
problemlərinin həlli maliyyə
məsələsinə bağlıdır, bu günə qədər
DT-nin yaradılması və inkişafı üzrə investisiya qoyulmadığından bu
istiqamət üzrə kadr
hazırlanmamışdır.
Bu səbəbdən respublikanın, demək olar ki,
heç bir universitetində beynəlxalq
standartlar səviyyəsində DT
sistemi yarada bilən
komanda
formalaşmamışdır.
Eyni vəziyyət ali təhsilin
informatlaşması sahəsində də
mövcuddur (əslində bu
iki məsələyə bir
rakursdan baxmaq lazımdır).
Universitetin DT
texnologiyasını
reallaşdırması üçün professor-müəllim heyəti,
mühəndis-texniki və tədris-köməkçi
personalı təhsil proqramlarının distant texnologiyalarla
reallaşması üçün xüsusi hazırlıq
kurslarına cəlb edilməlidir. Beynəlxalq təcrübə göstərir ki,
bu tədris kurslarının həcmi 72 saatdan az
olmamalıdır. DT sistemində
fəaliyyət göstərən professor-müəllim heyəti
informasiya-kommunikasiya texnologiyalarına da yaxından
bələd
olmalıdır.
Universitetlərdə DT-ni təşkilatı baxımdan reallaşdırmaq
üçün əlavə
bir çox məsələlər həll edilməlidir. Əvvəla,
universitetin İnternetdə xüsusi kontentlə zəngin təhsil portalı olmalıdır
(bunu informasiya portalı ilə qarışdırmaq olmaz). Hər bir ixtisas üzrə tədris
planında olan fənlərdən normativlə müəyyən
edilmiş sayda (təxminən tədris kurslarının
80-90%-i) elektron dərsliklər hazırlanıb portalda yerləşdirilməlidir.
Bundan əlavə, hər fənn
üzrə elektron formada tədris-metodik kompleks
hazırlanmalı və virtual
formada onlara əlyetərlik təmin edilməlidir. Bu tədris
kontentlərinin (məzmunun) idarə
edilməsi LCMS tipli proqram sistemi ilə, tədris
prosesinin idarə edilməsi isə LMS tipli
proqram sistemi ilə həyata
keçirilir. Bu iki sistem və DT
portalı birgə DT
platformasının özəyini təşkil edir.
Ümumən DT
platforması proqram kompleksi olub, xeyli
sayda proqram modullardan ibarətdir.
Bu modullar tədris
prosesinin ayrı-ayrı servislərini virtual olaraq icra
edir. DT platforması
açıq və qapalı kodlu ola bilər.
Vaxtı ilə
Təhsil Nazirliyi tərəfindən
(2005-ci ildə) ali təhsilin bəzi istiqamətləri üzrə (məsələn, ali
pedaqoji təhsil istiqaməti) distant
texnologiyaların tətbiqi
üçün konseptual və strateji əhəmiyyətli
müəyyən sənədlər
hazırlanmışdır. Bu sənədlərə
müəyyən əlavələr etməklə, ali
pedaqoji təhsilin distant
texnologiyalar əsasında reallaşdırması istiqamətində
hazırlıq işlərinə
başlamaq mümkündür.
Növbəti mərhələdə universitetdə distant təhsilin
reallaşması üçün
müfəssəl
texniki
tapşırıq, strateji
sənədlər və
operativ tədbirlər
planı
hazırlanmalıdır.
Universitetdə DT-nin yaradılması prosesini 5-10
illik böyük bir
meqalayihə formasında
reallaşdırmaq məqsədəuyğundur. Bu müddət ərzində mərhələlərlə, ayrı-ayrı ixtisaslar üzrə
real təhsili tədricən
distant texnologiyalar əsasında
virtual formaya keçirmək
olar. Bu sistemin istismarı (real
olaraq tədrisdə tətbiqi) üçün paralel
olaraq müəyyən
infrastruktur
yaradılmalıdır (məsələn,
universitetin "Distant Təhsil
Mərkəzi" və ya "Distant Təhsil" fakültəsi).
Hər hansı ixtisasın tədris
planına uyğun olaraq fənlər üzrə elektron
resursların hazırlanması
(prosesin təşkili və
maliyyələşməsi səviyyəsindən
asılı olaraq) işi 2-4 il ərzində
reallaşa bilər. Əgər tədris
planında 40 fənn varsa, deməli 30-35 fənn üzrə elektron dərslik və
elektron tədris-metodik kompleksi yaradılmalıdır. Bu işi paralel olaraq bir neçə
ixtisas üzrə eyni zamanda
reallaşdırmaq mümkündür. Bir
universitetdə 5-6 ixtisas
üzrə DT-nin həyata keçirilməsi üçün hazırlıq
işi, təxminən, 5-6
il ərzində aparıla
bilər. Bu halda 150-200 fənn
üzrə elektron dərsliklər,
mükəmməl test sistemi
və digər tədris-metodik materialların elektron versiyaları
hazırlanmalıdır.
Ölkə
səviyyəsində ali təhsilin bütün mühüm istiqamətləri
üzrə DT sistemini
yaratmalı olsaq, minlərlə elektron dərslik
hazırlanmalıdır.
Bu işə 10 il vaxt və 150
milyon manatdan artıq vəsait lazım ola
bilər. Bu məqsədlə
təhsilin illik büdcəsindən hər il 1-2% vəsait ayrılarsa, problem
10 il ərzində həll edilə bilər. İnkişaf etmiş və inkişafda olan bir
çox ölkələr bu
işi 10-15 il əvvəl
və daha çox investisiya
ilə həll etmişlər.
Göründüyü kimi, DT sisteminin
yaradılması çətin və
böyük maliyyə tutumlu məsələdir. Belə
olduğu halda, görəsən, Azərbaycanda DT-nin yaradılmasına başlamağına dəyərmi?
Görəsən, Azərbaycanda
DT sistemi olsun, yoxsa
olmasın? Hesab edirik
ki, daha
vaxt itirməyə haqqımız yoxdur, onsuz
da xeyli vaxt itirmişik. Milli DT sistemini hökmən
yaratmalıyıq. Çünki cənab Prezidentin bildirdiyi
kimi, "...Azərbaycanda gərək
virtual dərslər, yeni texnologiyalar geniş yayılsın...
Bu çox böyük, mürəkkəb, çoxlu maliyyə
vəsaiti tələb edən proqramdır. Amma biz bunu etməliyik.
Çünki biz gələcəyə baxmalıyıq".
İlham ƏHMƏDOV
Azərbaycan
müəllimi.- 2011.- 18 mart.- S.14-15.