Azərbaycan məktəblərində fizikanın tədrisi tarixinə dair maraqlı və faydalı tədqiqat əsəri

 

Elmi-tədqiqat institutlarında əsas iş istiqamətlərindən biri gənc tədqiqatçılara elmi məsləhət verməkdir. Həmin müəssisələrdə müxtəlif səviyyəli ixtisas sahibləri tədqiqat aparır. Sevindirici haldır ki, onlardan bəziləri dünyagörüşü, bilik səviyyəsi ilə alimləri və ümumiyyətlə müsahiblərini heyran edir. Belə tədqiqatçılardan biri Vidadi Orucovdur.  Vidadi Orucov ali təhsil aldıqdan sonra müxtəlif təhsil müəssisələrində çalışmaqla yanaşı, elmi-tədqiqat sahəsində də fəaliyyət göstərməyi qarşısına məqsəd qoymuş, fizikanın tədrisi prosesində qarşıya çıxan çətinlikləri müəyyənləşdirmək və onların aradan qaldırılması yollarını göstərməklə, ümumtəhsil məktəblərində çalışan fizika müəllimlərinə metodik məqalələrlə kömək etmiş, təlimin keyfiyyətini yaxşılaşdırmaq işində yardımçı olmuşdur.

 

O, professor A.Mehrabovun rəhbərliyi altında  namizədlik dissertasiyasının müvəffəqiyyətlə müdafiəsindən (1999) sonra da elmi axtarışlarını davam etdirmək arzusunda olmuşdur. "Azərbaycanda fizikanın tədrisi metodikasının inkişafı" mövzusu üzrə tədqiqat aparmağı, doktorluq dissertasiyası yazmağı nəzərdə tutmuş və həmin mövzu üzərində iş aparmaq arzusunu Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun rəhbərliyinə bildirmiş, mövzu institutun Elmi Şurasında müzakirə edilərək bəyənilmiş və təsdiq edilmişdir. Eyni zamanda Elmi Şura fizikanın tədrisi metodikası üzrə tanınmış mütəxəssis, pedaqoji elmlər doktoru, professor Z.Qaralovu elmi məsləhətçi kimi təsdiq etmişdi (2003). O vaxtdan etibarən Vidadi Orucov bizim şöbə ilə əlaqə saxlamış, elmi araşdırmalardan aldığı nəticələr haqqında məlumat vermiş və sonra görəcəyi işi müəyyənləşdirmişdi. Beləliklə, tədqiqat əsərini tamamlayıb şöbənin müzakirəsinə təqdim etdi.  Bu əsərin müzakirəsində metodist, pedaqoq alimlərlə yanaşı, nəzəri fizik alimlərdən (elmi məsləhətçisi professor Z.Qaralov metodist alim kimi tanınmasına baxmayaraq, nəzəri fizikanın kamil bilicisidir) professorlar A.Mehrabov, E.Qocayev, T.Pənahov, A. Abbaszadə, Z.Orucov və başqaları iştirak edirdilər. Alimlər əsərin mövzusunun aktuallığını qeyd etməklə yanaşı, eyni zamanda onun işlənmə tərzini (problemin düzgün planlaşdırılaraq, tarixi-elmi aspektdə işlənməsi) də  yüksək qiymətləndirdilər.

Doğrudur, fizika problemləri tarixi aspektdə araşdırılır, lakin nəzəri məsələlər tarixi inkişafda verilir, nəzəri anlayışlar tarixin ayrı-ayrı dövrlərində tədris prosesi ilə əlaqələndirilir. Haqqında danışılan tədqiqat əsərinin praktik əhəmiyyəti də bundan ibarətdir: keçmişi, dünəni yaxşı bilmədən, bu günü dəyərləndirmək, sabaha - gələcəyə düzgün istiqamət götürmək olmaz.

Təxminən min il bundan əvvəl böyük şair Nizami Gəncəvi demişdi ki, məni görmək istəsən, əsərimə bax.  Həmin fikri bu tədqiqat işinə də şamil etmək olar. Belə ki, əsərdə müəllifin yüksək elmi təfəkkürə malik olduğu aydınlaşır. İstifadə olunan mənbələr Vidadi Orucovun tədqiqatının əhatə dairəsi haqqında aydın təsəvvür yaradır. Başqalarından fərqli olaraq, tədqiqat əsəri haqqında deyilənləri diqqətlə dinləyir, lazım gəldikdə fikrini elmi dəlillərlə izah edir.

Müzakirə prosesində N.Gəncəvinin "İskəndərnamə" əsərində şairin fizika haqqında fikirlərinə nəzər salmağı doktoranta məsləhət gördük. Növbəti gəlişində əsəri oxuduğunu dedi və şairin fizikaya dair fikirlərinə heyranlığını bildirdi, eyni zamanda Nizaminin bu barədə fikirlərinə aid xüsusi məqalə ilə mətbuatda çıxış edəcəyinə də söz verdi və yazdı da.

Doğrudur, müdriklər "Elmin nəzəriyyəsi olmadan tarixi yoxdur" deyirlər. Fikrimizcə, hər hansı elmi bilmək üçün onun tarixinin öyrənilməsi də zərurət təşkil edir. Nəzəriyyə tarixi inkişaf prosesində yaranır, formalaşır, kamilləşir.

Müzakirə zamanı aydın olur ki, əsərin mövzusu fizikanın tədrisi tarixinə həsr olunmasına baxmayaraq, ayrı-ayrı dövrlərdə fizika anlayışlarının şagirdlərə çatdırılması metodikasına da nəzər salınır. Belə nəticə çıxarmaq olar ki, bu tədqiqat əsərində tarixlə metodika əriş-arxac kimi bir-birilə bağlıdır.

Müzakirə iştirakçıları əsəri yüksək qiymətləndirərək, onun çap olunmasını fizika mütəxəssisləri üçün faydalı hesab etdilər.

Nəhayət, əsər müzakirə iştirakçıları tərəfindən dərin tədqiqatın nəticəsi kimi dəyərləndirilərək, AAK-ın fizikanın tədrisi metodikası üzrə pedaqoji  elmlər doktoru alimlik dərəcəsi almaq üçün dissertasiyaya verilən tələbləri tam ödədiyi fikrinə gəlirlər.

Vidadi müəllim ixtisasca fizikdir, onun başqa bir keyfiyyəti haqqında da söz deməyə ehtiyac yaranır. O, müsahibi ilə yerindəcə, poetik dillə də danışmağı bacaran alimlərdəndir.

Əlli il əvvəl müdrik bir şəxsdən eşitdiyim, müəllifinin adını unutduğum bir fars beyti ( iki misra) yadıma düşdü:

 

Səyyad əz peyi seyd dəvidən əcəbi nist,

Seyd əz peyi səyyad dəvidən məzə darəd...

 

(Ovçunun ov dalınca qaçması təəccüblü deyil, ovun ovçu dalınca qaçmasının məzəsi var). Beyti xatırlamaqla, bizə görə, hər ziyalıya nəsib olmayan, geniş erudisiyalı şəxslər haqqında söhbət açıb, digərlərinin ondan nümunə götürməli olmalarını nəzərə çatdırmaqdır.

İctimai elmlər üzrə mütəxəssislər poeziya dili ilə danışırsa, bu, çox yaxşıdır,  belə də olmalıdır, təəccüb doğurmur. Digər elm sahələrində elə mütəxəssislər var ki, öz sevdiyi ixtisaslarını gözəl bilməklə yanaşı, ədəbiyyatımıza, poeziyamıza da dərindən bələddir, onu yaxşı bilir, təhlil edir, aydın nəticə çıxarır, dinləyicinin diqqətini nəinki özünə cəlb edir, hətta onu heyrətə gətirir. Belə adamların geniş kütlə, xüsusilə ziyalılar arasında böyük nüfuza malik olduqları məlumdur. Bu barədə istənilən qədər misal gətirmək mümkündür. Nümunə kimi şahidi olduğumuz bəzi faktları demək yerinə düşər:

Mərhum Əli Fəhmi (Allahın min rəhməti olsun onun ruhuna) ixtisasca həkim idi, müxtəlif yerlərdə baş həkim, həkim işləməsinə baxmayaraq, poeziya vurğunu,  klassik şeir ölçüsü olan əruzun yaxşı bilicisi idi, Bakı Dövlət Universitetində Füzuli mövzusu üzrə xüsusi kurs aparır, klassik şeirin ən mahir şərhçilərindən sayılırdı.

Yaxud, başqa bir nümunə. Bir nəfər yaxın dostum fəlsəfə üzrə doktorluq dissertasiyası müdafiəsindən sonra ziyafət təşkil etmişdi. Məclisi Azərbaycanın tanınmış filosofu F.Köçərli aparırdı. Məclisin gedişində təklif olundu ki, Fürudin müəllim, burada bir nəfər var, onu dilləndirin!

- Kimi deyirsiniz?

- Adı Mircəfərdir, Siz ona söz verin. Fürudin müəllim qəfildən sözü Mircəfərə verdi. Mircəfər diksinmiş halda ayağa durdu.

- Axı mən sizdən söz istəməmişəm deyərək, S.Ə.Şirvanidən bir qəsidə deməyə başladı. Bu vaxta qədər səs-küylü məclisə bir sükut çökdü, hamı Mircəfərin şeir demək tərzinə heyran qalmışdı. Fəlsəfə ixtisasına malik olan məclis üzvlərindən bir nəfər məclisdəkilərdən heç kəsin tanımadığı Mircəfərə xitabən: bir az da Füzulidən deyin. Söz ona (Mircəfərə) xoş gəlmədi, cavabında: Füzulidən elə qəzəl deyərəm ki, eşitməmiş və heç bir nəşrində oxumamış olarsan.  Qəzəli dedi və məclisə müraciətlə: kim eşidibsə, desin. Hamı heyrətə gəlmişdi. Məclisdəki filosoflardan biri "Füzulinin fəlsəfəsi" mövzusunda namizədlik dissertasiyası yazmışdı (Rəşid). Yoldaşları çox istədilər ki, o, Füzulidən bir qəzəl desin, lakin Rəşid - bunun qarşısında şeir söyləmək çətindir, - deyə imtina etdi. Xalqımız arasında bu cür söz xiridarları az deyildir. Belə ziyalılardan biri bacarıqlı təhsil işçisi kimi tanınan Vidadi Ömər oğlu Orucovdur.

 

***

 

Vidadi Orucov həmin tədqiqatın əsasında "Azərbaycanda fizikanın tədrisi metodikasının inkişafı" adlı kitab hazırlayıb nəfis şəkildə çap etdirmişdir. Kitab dərs vəsaiti kimi işlənmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21 dekabr 2010-cu il tarixli 1680 saylı əmri ilə təsdiq edilmişdir. Kitabın annotasiyasında deyilir: "Vəsaitdə fizikanın tədrisi metodikası elminin yaranması və Azərbaycanda onun təşəkkülü göstərilmişdir. Fizikanın tədrisi metodikası üzrə müxtəlif dövrlərdə aparılan elmi-tədqiqat işləri araşdırılmış və onların istifadə imkanları açıqlanmışdır. Fizikanın tədrisi metodikası sahəsində əməyi olan Azərbaycan alimlərinin elmi-pedaqoji fəaliyyətləri haqqında məlumat verilmiş və məktəb fizika kursunun tədrisinin müasir metodoloji əsasları açıqlanmışdır.

Vəsaitdə məqsəd ali pedaqoji məktəblərdə fizikanın tədrisi metodikası kursunun əsas vəzifəsini, onun inkişaf yollarını tələbələrə çatdırmaq, fizika müəllimlərinə metodiki kömək göstərməkdir".

Yüksək poliqrafik  tələblər əsasında  260 səhifə həcmində çap olunmuş bu tədqiqat əsəri ön söz, dörd fəsil, istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. Ön sözdə müəllif  müasir dövrdə insanlığın rahatlığına xidmət edən elmi-texniki tərəqqidə  fizikanın əvəzolunmaz rola malik olduğunu, məktəbdə onun öyrədilməsinin vacibliyini qeyd edir. O, eyni zamanda tədqiqat obyektinə tarixilik baxımından yanaşaraq, bütün zamanlarda məktəbdə fizikanın tədrisi keyfiyyətinin eyni səviyyədə olmadığını, lakin zaman keçdikcə məktəblərdə bu fənnin tədrisi sahəsində də nailiyyətlərin əldə olunduğunu deyir. Müəllif "Ön söz"də fikrini respublikada aparılan təhsil islahatı ilə əlaqədar olaraq fizikadan proqram və dərsliklərin yeniləşdirilməsi ilə tamamlayır.

Kitabın birinci fəsli "Fizikanın tədrisi metodikası elminin inkişaf yolları" adlanır. Müəllif bu fəsildə, haqlı olaraq, Azərbaycanda fizika tədrisi metodikası elminin inkişafı haqqında aydın təsəvvür yaratmaq üçün, mövzudankənar görünsə də, Rusiyada fizikanın tədrisi metodikasına nəzər salır, bir sıra müəlliflərin əsərlərinin adını çəkir. 

Bu fəsildə müəllif  professor Abbasqulu Abbaszadənin Azərbaycanda fizika elminin ilkin inkişaf dövrünü,  şərti olaraq ayırdığı mərhələləri əsas götürür və onlara yeni münasibət bildirir, nəzərəçarpan yenilikləri qeyd edir, hər inkişaf mərhələsində fəaliyyət göstərən alimlərin adını göstərir ki, bu da oxucuda elmin dinamikası haqqında aydın təsəvvür yaradır. Müəllif haqlı olaraq, yeri gəldikcə, respublikada fizika elminin nəzəri cəhətdən inkişafına nəzər salır, sonra onun tədrisi məsələlərini tədqiq edərək münasibət bildirir.

Vəsaitdə Azərbaycanda fizikanın tədrisi metodikası elminin inikşaf tarixi iki mərhələyə bölünür: 1) Azərbaycanın müstəqilliyə qədərki - 1991-ci ilə qədər olan mərhələ, 2) Azərbaycan Respublikası müstəqillik qazandıqdan - 1991-ci ildən sonrakı mərhələ. Birinci mərhələ də özlüyündə dövrləşdirilir. Aydın olur ki, Azərbaycanda fizikanın tədrisi metodikası üzrə tədqiqat işləri keçən əsrin 30-cu illərindən diqqət mərkəzində olub. Müəllif əsərdə bu sahədə çalışan alimlərin, onların hər birinin tədqiqat əsərinin adını çəkir və münasibət bildirir. Tədqiqatdan aydın olur ki, keçən əsrin 30-cu illərindən etibarən fizikanın tədrisi metodikası sahəsində çalışan alimlər arasında Abbasqulu Abbaszadə aparıcı mütəxəssis olmuş, aparılan tədqiqat işlərinə rəhbərlik etmiş, fizik alimlərin yetişməsində, əgər demək mümkündürsə, müstəsna rolu olmuşdur.

Vəsaitin ikinci fəsli "Azərbaycanda fizikanın tədrisi metodikası sahəsində aparılan elmi-tədqiqat işləri" adlanır. Bu başlıq altında respublikada fizikanın tədrisinə dair aparılan tədqiqat işlərinin hər biri ayrılıqda nəzərdən keçirilir və alınan nəticə oxucunun nəzərinə çatdırılır. Fikrimizcə, bu, olduqca səmərəli yoldur. Bu baxımdan da vəsait, fikrimizcə, çox böyük əhəmiyyətə malikdir.  Nümunə kimi  bəzilərinə nəzər salmaq olar. Məsələn, orta məktəbin fizika kursunda əhatə edilməsi mümkün olan qanunların, sayının, yerinin, onların tədrisi sisteminin işlənib hazırlanması, nəticələrinin şagirdlərin bilik və bacarıqlarının keyfiyyətinin yaxşılaşdırılmasına xidmət etməsi, onların tərbiyəsinə, dünyagörüşünün inkişafına təsirinin öyrənilməsi fizikanın tədrisi metodikasında çox aktual problem olduğunu əsaslandırmağa ehtiyac yoxdur. Bu problemin həlli baxımından  professor Zahid İbrahim oğlu Qaralovun tədqiqatı maraq doğurur. Bu tədqiqat işi Vidadi Orucovun hazırladığı vəsaitdə geniş təhlil olunur, faydalı vəsait kimi qiymətləndirilir. Və yaxud, fənlərarası əlaqə problemi ilə bağlı: Azər Abbasqulu oğlu Abbaszadə "Orta məktəblərdə fizikanın tədrisi prosesində fizikanın kimya ilə əlaqələri haqqında" adlı tədqiqat işində fizikanın kimya ilə əlaqəli tədrisinin yollarını axtarır, pedaqoji eksperiment keçirir, nəticələri ümumiləşdirir (nəticələr vəsaitdə öz əksini tapır). Həmin fəsildə fizikanın tədrisi metodikası sahəsində aparılan bütün tədqiqatlar haqqında belə ətraflı məlumat verilir.

Vəsaitin "Fizikanın tədrisində Azərbaycan alimlərinin elmi-pedaqoji fəaliyyətinin öyrənilməsi" adlı üçüncü fəslində bu sahədə ardıcıl tədqiqat işi aparan tanınmış alimlərin elmi fəaliyyəti daha ətraflı tədqiq olunur.

Vəsaitin dördüncü fəsli "Məktəb fizika kursunun tədrisinin müasir metodoloji əsasları"na həsr olunmuşdur. Bu bölmədə Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyası ilə əlaqədar fizika tədrisinin qarşısında duran vəzifələr müxtəsər şəkildə şərh olunur, fizika tədrisinin metodoloji əsası müəyyənləşdirilir, bu istiqamətdə aparılan işlərin məzmunu nəzərdən keçirilir, təhsil islahatı ilə əlaqədar aparılan fizikadan hazırlanmış proqram və dərsliklərin müəyyən üstünlüklərə malik olduğu qeyd edilir.

Vidadi Orucovun hazırladığı, yuxarıda adıçəkilən vəsaitin müsbət cəhətlərindən biri fizikanın tədrisi metodikası üzrə respublikada aparılan tədqiqatların qrafik şəkildə ardıcıllıqla  göstərilməsidir. Fikrimizcə, adıçəkilən qrafik cədvəl təkcə fizikanı tədris edən müəllimlər üçün deyil, eyni zamanda gənc tədqiqatçılar üçün də çox faydalı mənbədir. Bu cədvəldə müdafiə olunmuş 4 doktorluq, 72 namizədlik dissertasiyasının adları ardıcıllıqla göstərilir ki, bu da istər müəllim, istərsə də tədqiqatçı üçün tutarlı mənbədir.

Vəsait tədqiqat prosesində istifadə olunmuş ədəbiyyat siyahısı ilə tamamlanır. Bu siyahı Vidadi Orucovun bir tədqiqatçı kimi mütaliə dairəsinin aydın ifadəsidir. Bütün bunlar  Vidadi Ömər oğlu Orucovun  fizikanın tədrisi metodikası sahəsində bir alim kimi yetişməsindən, püxtələşməsindən, kamilliyindən xəbər verir.

 

 

Şəmistan MİKAYILOV,

 

Asya BƏKİROVA

 

Azərbaycan müəllimi.- 2011.- 18 mart.- S.20.