Böyük
Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının təhsil sistemi
Böyük Britaniya və
Şimali İrlandiya Birləşmiş Krallığı
Ərazisi: 243000 kv.km.
Əhalisi: 62,2 milyon nəfər
Paytaxtı:
Dövlət dili:
İngilis
dili
Pul vahidi: funt-sterlinq
Təhsil sistemi
Böyük Britaniya və Şimali
İrlandiya Birləşmiş Krallığı (Birləşmiş
Krallıq) yüksək inkişafa malik sənaye ölkəsidir.
Ölkədə adambaşına düşən illik
ümumi daxili məhsul 35720 dollar təşkil edir. Əhalinin
həyat səviyyəsinə görə dünyada 13-cü
yerdədir. Konstitusiyalı monarxiya olan Birləşmiş
Krallıq tərkibində dörd dövləti - İngiltərə,
Şotlandiya, Uels və
Şimali İrlandiyanı birləşdirir. BMT-nin 2010-cu il
üzrə müəyyənləşdirdiyi İnsan İnkişafı
İndeksinə görə Birləşmiş Krallıq
dünyanın yüksək reytinqə malik 30 ölkəsi
siyahısında 0,849 balla qiymətləndirilib.
Ölkədə
təhsilin inkişaf prioritetləri tədrisin səviyyəsini
yüksəltmək, əmək bazarında rəqabətliliyi
artırmaq, uşaqların və gənclərin təhsildən
yayınmasının qarşısını almaq,
yaşlıların təlim imkanlarını genişləndirməkdən
ibarətdir. Böyük Britaniyanın 34000-dən çox
dövlət və özəl ümumtəhsil məktəbində
9 milyondan artıq şagird təhsil alır. Onların təlim-tərbiyəsi
ilə 500 mindən çox müəllim məşğul
olur. Dövlət məktəblərində təhsil pulsuzdur.
Şagirdlər kitab və məktəb ləvazimatları ilə
təmin edilir.
1880-ci ildən
5-10 yaş arasında olan uşaqlar üçün təhsil
icbaridir. 1918-ci ildən isə 14 yaşına qədər məktəblilər
icbari təhsilə cəlb olunurlar. 1944-cü ildə qəbul
olunmuş yeni Təhsil Qanununa əsasən, tədris
ocaqları ibtidai və orta məktəblərə
bölünüb və icbari təhsil yaşı 15-ə,
1972-1973-cü tədris ilindən isə 16-ya
qaldırılıb.
Əvvəllər
ibtidai məktəbi başa vuran uşaqlar müvafiq test
yoxlamasından keçdikdən sonra müxtəlif orta məktəblərdə
oxumaq hüququ əldə edirdilər. Lakin 1960-1970-ci illərdə
bu qayda tədricən aradan qaldırıldı və
bütün şagirdlərə ümumtəhsil məktəblərində
təhsil almaq imkanı verildi.
İngiltərədə,
Uelsdə və Şotlandiyada hər bir uşaq 5-16, Şimali
İrlandiyada isə 4-16 yaş arasında icbari təhsilə
cəlb olunur. Ölkədə qarışıq məktəblərlə
yanaşı, oğlan və ya qızlar üçün
ayrıca təhsil ocaqları da mövcuddur. İngiltərə,
Uels və Şimali İrlandiyadan fərqli olaraq Şotlandiyada
7 illik ibtidai və 4 illik icbari orta təhsildən sonra
şagirdlərdən Təhsil Şəhadətnaməsi almaq
üçün imtahan götürülür. Bu şəhadətnamə
Birləşmiş Krallıq daxilində tanınır və
Ümumi Təhsil üzrə Şəhadətnamənin A səviyyəsi
ilə eyni qüvvəyə malik olaraq universitetə qəbul
imkanı verir.
Birləşmiş
Krallıqda dövlət məktəbləri 3 qrupa
bölünür:
- yerli təhsil
orqanları tərəfindən idarə olunan və maliyyələşdirilən
ərazi məktəbləri;
- əsasən
dini təriqətlər tərəfindən
açılmış könüllü məktəblər;
-
özünü idarə edən və qrantlar hesabına maliyyələşdirilən
məktəblər.
Hər
bir ərazi və könüllü məktəbin
özünüidarəetmə orqanı var. Bu qurum yerli təhsil
orqanları tərəfindən seçilmiş sədr,
müəllim, valideyn və yerli icma nümayəndələrindən
ibarət olur. Könüllü məktəblərin
özünüidarəetmə orqanında kilsə nümayəndəsi
də iştirak edir. Şimali İrlandiya və İngiltərədə
ümumtəhsil məktəblərində dini təhsil
bütün mərhələlərdə icbaridir. Belə məktəblərə
ictimai fondlardan da pul vəsaiti ayrılır və onun xərclənməsinə
nəzarət olunur. Müstəqil şəkildə
özünü idarə etməyən dövlət məktəblərini
isə yerli təhsil idarələri maliyyələşdirir.
Birləşmiş
Krallıqda müəyyən peşəyə, ixtisasa yiyələnmək
istəyənlər peşə liseylərində, altıillik
kolleclərdə və ya müvafiq kurslarda təhsil ala bilərlər.
Ali məktəbə qəbul üçün hazırlıq kurslarından
geniş istifadə olunur. Ali təhsil pilləsi bakalavriat,
magistratura və doktorantura mərhələlərinə
bölünür.
Hazırda
Birləşmiş Krallığın ali məktəblərində
2 milyona yaxın tələbə təhsil alır. Gənclərin
təxminən üçdə biri 18 yaşında ali təhsil
müəssisələrinə (Şotlandiyada 50 faizi) üz
tutur. Yaşlıların təhsili isə bütün pillələr
üzrə təmin olunur, onların ümumi təhsil və
ya peşə ixtisası əldə etməsinə hər
cür şərait yaradılır.
Birləşmiş
Krallıqda dərs ili sentyabrda başlanır, iyula kimi davam
edir və bir qayda olaraq, 3 semestrə bölünür.
Məktəbəqədər təhsil
Birləşmiş
Krallıqda məktəbəqədər təhsil icbari olmasa
da, dövlət təhsilin bu pilləsinin ardıcıl
inkişafını təmin edir. 3-4 yaşlı
uşaqların bir qismi bağçalarda və ya ibtidai məktəblərin
uşaq siniflərində ibtidai təhsilə hazırlıq və
azyaşlıların ümumi inkişafını nəzərdə
tutan tədris proqramları əsasında təhsil alırlar.
Bəzi məktəbəqədər
müəssisələrdə həftə ərzində
uşaqlarla müəyyən saatda məşğul olurlar.
Bundan əlavə, bir çox uşaqlar məktəbəqədər
oyun qruplarına cəlb edilirlər. Belə qrupların əksəriyyəti
valideynlər tərəfindən təşkil olunur və Məktəbəqədər
Oyun Qrupları Assosiasiyasında birləşir. Məktəbəqədər
təhsildə uşaqlar oxumağı və yazmağı, həmçinin
hesabın əsaslarını öyrənirlər.
İbtidai təhsil
İngiltərədə,
Şotlandiyada, Uelsdə ibtidai təhsil 5 və Şimali
İrlandiyada 4 yaşdan başlanır və əsasən 6-7
il (bəzən 3-4 il) davam edir. Belə ki, İngiltərənin
bəzi yerli hakimiyyət dairələrinin qərarı ilə
5-9 yaşlı uşaqlar ibtidai məktəblərdə və
8-14 yaşlılar isə icbari orta məktəblərdə təhsil
alırlar. İbtidai məktəblərin əksəriyyətində
qızlar və oğlanlar birgə oxuyur. İngiltərə,
Uels və Şotlandiyada şagirdlər əsasən, 11
yaşında icbari orta məktəbə gedirlər.
Ümumi orta təhsil
Birləşmiş
Krallıqda məktəblilər icbari orta təhsili 16, tam orta
təhsili isə 18 yaşda başa vururlar. Ümumtəhsil məktəbləri
- gimnaziya, lisey, kollec və peşə liseyləri ən
yüksək maddi-texniki bazaya malikdir. Tədris prosesində
kompüter texnologiyalarından geniş istifadə olunur.
Ölkədə
orta məktəb yaşlı uşaqların təxminən 90
faizi icbari təhsilə cəlb olunub. Bu məktəblərə
şagirdlər bacarıq və hazırlıq səviyyələri
yoxlanılmadan qəbul edilirlər.
16
yaşından etibarən şagirdlər təhsillərini
altıillik kollec və ya peşə məktəblərində
də davam etdirə bilərlər. Hər iki halda spesifik
peşə, yaxud tətbiqi fənlərlə yanaşı,
ümumi təhsil kursu da keçilir. İngiltərə və
Uelsdə 15 texnoloji kollec fəaliyyət göstərir.
Dövlət 200-dən çox orta məktəbdə texnoloji
ixtisaslaşmaya yardım edir. Bu məktəblər texnoloji təhsili
inkişaf etdirmək üçün qrant alırlar.
Orta məktəblər
hər il valideynlərə övladının tədris nailiyyətləri
haqqında məlumat verməlidir. Məktəb müfəttişi
hər hansı bir tədris ocağında aşağı səviyyədə
təhsil verildiyini müəyyən etdikdə, yerli təhsil
orqanları məktəbin özünüidarəetmə
qurumunun sədrini dəyişir.
Özəl
məktəblər Təhsil Nazirliyində qeydiyyatdan
keçir və açıq rəqabət şəraitində
fəaliyyət göstərirlər. Ölkədə
mövcud olan 2500-ə yaxın özəl məktəbdə
ümumi şagirdlərin təxminən 7 faizi təhsil
alır. Özəl məktəblərdə təhsil pulludur.
Bu təhsil müəssisələrində aztəminatlı
ailələrdən olan şagirdlərə təqaüd
verilir. Belə tədris ocaqları, adətən uşaq
bağçalarını, ümumtəhsil və orta məktəbləri
özündə birləşdirən komplekslər kimi fəaliyyət
göstərir.
Dövlət
məktəblərində müəllimləri yerli təhsil
orqanı və ya məktəbin özünüidarəetmə
qurumu təyin edir. Müəllimlərin ixtisasları Təhsil
Nazirliyi tərəfindən təsdiq olunmalıdır.
İngiltərə və Uelsdə həyata keçirilən
islahatlara əsasən, məktəblər müəllimlərin
ilkin hazırlanmasında daha fəal rol oynayırlar. Belə
ki, məktəblər tələbələrin praktiki
hazırlığı, onların səviyyələrinin qiymətləndirilməsində
yaxından iştirak edirlər.
Təhsildə
Standartları müəyyən edən Müstəqil Qurum
(OFSTED) Təhsil Nazirliyinə məktəb təhsilinin keyfiyyəti,
standartlar və təhsilin effektivliyi haqda vaxtaşırı xəbər
verir. Hər bir məktəb müstəqil müfəttişlər
qrupu tərəfindən yoxlanılır. Yoxlama qrupuna təhsil
mütəxəssisləri ilə bərabər, valideynlər
də daxil edilir. Yoxlamanın nəticələri haqda valideynlərə
məlumat verilir. Yekun nəticələrə müvafiq olaraq
məktəbə rəhbərlik edən qurumlar perspektiv
planlarını hazırlayır və valideynləri gələcək
fəaliyyətləri barədə məlumatlandırırlar.
Böyük
Britaniyanın Milli Kurikulumu 1992-ci ildə qəbul edilib və
dövlət məktəblərində təhsil alan
şagirdlər 16 yaşına kimi bu kurikulum əsasında dərs
keçirlər. 2008-ci ildən qərara alınıb ki,
2013-cü ildə 17, 2015-ci ildə isə 18 yaşlı
şagirdlərə Milli Kurikulum tətbiq olunsun. Özəl məktəblər
isə Milli Kurikulumu tətbiq etməyə məcbur deyillər.
Milli
Kurikulumda ingilis dili (Uels dilində tədris aparılan məktəblərdə
Uels dili), riyaziyyat, təbiət elmləri, dizayn və
texnologiya, informasiya və kommunikasiya texnologiyası, tarix,
coğrafiya, xarici dillər, musiqi, incəsənət və
fiziki tərbiyə fənləri əsas yer tutur. Bunlarla
yanaşı, bir sıra digər icbari fənlər də
mövcuddur ki, bu sıraya da dini fənləri aid etmək
olar.
Şimali
İrlandiyada da oxşar proqram tətbiq olunur. Lakin məktəblər
şagirdlərin fərdi tələblərini, şəraiti
nəzərə alaraq kurikuluma əlavə elementlər daxil
edə bilərlər.
İcbari
orta təhsili başa vuran şagirdlər Orta Təhsil üzrə
Ümumi Şəhadətnamə imtahanı verirlər. Bu
imtahan hər fənn (10-a yaxın) üzrə verilir və
müstəqil imtahan eksperti tərəfindən qiymətləndirilir.
Orta Təhsil üzrə Ümumi Şəhadətnamə
imtahanından uğurla keçən şagirdlər tam orta təhsil
ala, yaxud da peşə və texniki kolleclərdə müəyyən
ixtisasa yiyələnə bilərlər.
Şagirdlər
tam orta məktəbdə bir il təhsil aldıqdan sonra AS səviyyəsini
(Advanced Subsidiary Level) əldə etmək üçün
yenidən imtahan verirlər. Tam orta təhsilini başa vuran
şagirdlər isə universitetlərə qəbul olunmaq
üçün ən yüksək mərhələ
sayılan A-Level adlandırılan imtahanda iştirak edirlər.
Peşə təhsili və təlimi
Birləşmiş
Krallıqda şagirdlər icbari və ya tam orta təhsillərini
başa vurduqdan sonra peşə məktəblərində
müvafiq ixtisaslara yiyələnə bilərlər.
Yaşlılar isə yeni peşə öyrənmək və
ya ixtisas səviyyələrini artırmaq üçün
müraciət etmək imkanına malikdirlər.
Ölkədə
peşə təhsili və təlimi sistemi gənclərin
müəyyən peşələrə yiyələnməsinə,
yaşlıların məşğulluq səviyyəsinin
yüksəldilməsinə, peşə təhsili və təlimi
vasitəsilə fasiləsiz təlimin təşkil
olunmasına xidmət edir. Bunun üçün müvafiq
islahatların həyata keçirilməsini davam etdirən
hökumət Milli Kvalifikasiya Çərçivəsini tətbiq
edib. Milli Kvalifikasiya Çərçivəsi və peşə
ixtisasları zamanın və iqtisadiyyatın dəyişən
tələblərinə cavab verən yeni bacarıqların
formalaşdırılması strategiyasına uyğun olaraq tənzimlənir.
Təlim proqramlarının və ixtisasların təkmilləşdirilməsi
bu strategiyanın ən vacib elementlərindəndir.
Əmək
bazarında iştirak edənlərin təhsil səviyyəsi
yüksəldikcə bu sahədə yeni prioritetlər müəyyənləşdirilir.
Bütün bunlar Birləşmiş Krallıqda biliklərə
əsaslanmış cəmiyyətin və iqtisadiyyatın
inkişaf etdirilməsinə xidmət edir.
Ali təhsil
Böyük
Britaniyada ali təhsil bakalavriat, magistratura və doktorantura pillələrinə
bölünür. Bakalavriat pilləsi İngiltərə, Uels
və Şimali İrlandiyada 3 il (tibb, baytarlıq, hüquq və
pedaqoji ixtisaslar 5 il), Şotlandiyada 4 il davam edir. Magistr dərəcəsi
1 ilə, tədqiqi magistr dərəcəsi üzrə 2 ilə,
doktorluq dərəcəsi isə 3 ilə başa
çatır.
Ali məktəbə
qəbul üçün hazırlıq kurslarından
geniş istifadə olunur. Hazırda ölkə üzrə təxminən
600 hazırlıq kursu fəaliyyət göstərir. Bu
kurslarda ali məktəbə qəbul üçün
müvafiq bilik səviyyəsinə malik olmayan abituriyentlər
hazırlaşır. Onların arasında etnik icmaların
nümayəndələri çoxluq təşkil edir.
Ölkədə
165-ə yaxın universitet və ali təhsil institutu fəaliyyət
göstərir. Ali məktəblər tədrisin təşkilində
sərbəstdirlər. Universitetlər əməkdaşlarını
müəyyənləşdirir, tələbə qəbulu barədə
qərar çıxarır, tədris planlarını tərtib
edir və məzunlara müvafiq dərəcələr verirlər.
Oksford və
Kembric universitetləri XII, XIII, Qlazqo, Aberden və Edinburq
universitetləri isə XIV, XV əsrlərdən fəaliyyət
göstərir. Britaniyanın digər universitetlərinin əsası
XIX və XX əsrlərdə qoyulub. Ötən əsrin
60-cı illərində və 1992-ci ildə politexnik və digər
ali təhsil müəssisələrinə universitet statusu
verildikdən sonra universitetlərin sayı nəzərəçarpacaq
dərəcədə artıb.
Ali məktəblər
ticarət və sənaye müəssisələri ilə
sıx əlaqə saxlayırlar. Universitetlər dərəcə
verə bilməyən digər ali təhsil müəssisələrinin
məzunlarına dərəcə vermək hüququna malikdir.
Ali təhsildə fərqlənmiş tələbələrin
bir qismi elmi işlərə cəlb olunurlar.
1987-ci ildə
hökumətin dəstəyi ilə Açıq Universitet
yaradıldıqdan sonra ölkədə açıq təhsil
almaq imkanları daha da genişlənib. Avropa Birliyi ölkələrində
yaşayan şəxslərə dərəcələr vermək
səlahiyyətinə malik Açıq Universitetin daimi tədris
korpusu olmasa da, müvafiq kurslar təşkil edir. Nəzəriyyəçi
pedaqoqlar, peşəkar diktorlar və iş adamları ilə əməkdaşlığa
üstünlük verən bu tədris ocağı xüsusi hazırlanmış
mətnlərdən, qiyabi təhsil formasından, televiziya və
radio verilişlərindən, audio və videomateriallardan, məktəblərdən,
təhsil mərkəzləri şəbəkəsindən
istifadə edir. Müstəqil 4-cü telekanal vasitəsi ilə
tədris proqramları müntəzəm olaraq tamaşaçılara
çatdırılır və maarifləndirici verilişlər
təşkil olunur.
Birləşmiş
Krallığın universitetlərində illik təhsil
haqqı 2009-2010-cu tədris ilində bakalavr pilləsi
üçün maksimum 3225 ingilis funtu təşkil edib.
Universitetdən asılı olaraq magistr və yuxarı pillələr
üzrə təhsil haqqı isə daha yüksəkdir.
Əcnəbi tələbələr
Universitetləri əcnəbi tələbə
kontingentinə görə dünyada öncül yerlərdən
birini tutur. Təbii ki, bunun əsas səbəbi ölkədə
yüksək təhsilin və məşhur universitetlərin
olmasıdır. Oksford və Kembric kimi tanınmış
universitetlərin Britaniyada yerləşməsi də ölkə
təhsilinə əlavə nüfuz gətirir.
Bakalavr təhsili
almaq istəyən əcnəbi tələbələr
Böyük Britaniyada Baza (Foundation) proqramını keçməlidirlər.
Baza proqramı, bakalavr təhsili almaq istəyənlər
üçün dünyada tanınan və çox
üstünlük verilən universitetə hazırlıq
proqramıdır. Əgər tələbənin TOEFL və
IELTS imtahanından keçmək barədə sertifikatı
yoxdursa, o zaman bu proqram vasitəsilə xaricdə təhsil
almağa nail ola bilər. Amma bəzi məşhur universitetlər
Baza proqramına qəbul apararkən TOEFL və ya IELTS
imtahanlarının nəticəsini də tələb edir. Bu
baxımdan Baza proqramını iki qrupa bölmək olar:
-
Universitetlərin nəzdində
fəaliyyət göstərən Baza proqramları;
-
Universitetdən kənar fəaliyyət göstərən Baza
proqramları.
Universitet
nəzdində fəaliyyət
göstərən proqramlar, adətən TOEFL və ya
IELTS imtahanlarının nəticəsini tələb edir.
Universitetdən kənar fəaliyyət göstərən
proqramlar isə belə bir tələb irəli sürmür.
Əcnəbi
tələbələrin təhsil haqqının müəyyənləşdirilməsində
bir sıra meyarlar nəzərə alınır. Bu məbləğ
universitet, ixtisas və tədris olunan fənlərdən
asılı olaraq illik 5000-20000 ingilis funtu arasında dəyişə
bilər.
Təhsilin idarə olunması
İngiltərədə
təhsil üzrə dövlət katibi məktəb və məktəbdənsonrakı
təhsilə nəzarət edir. Şotlandiya, Uels və
Şimali İrlandiyanın müvafiq dövlət katibləri
də öz ölkələrində eyni səlahiyyətə
malikdirlər.
Dövlət
tərəfindən maliyyələşdirilən məktəblərin
bir çoxu yerli təhsil orqanlarının tabeliyindədir.
Yerli təhsil orqanları müəllimlərin
maaşının verilməsini təmin edir, məktəblərin
maddi-texniki təchizatı işini yerinə yetirir.
Özünüidarəetmə sisteminə malik dövlət məktəblərində
isə bu işlə idarəedici orqanlar məşğul olur.
İngiltərə,
Şotlandiya və Uelsdə təhsil xidmətlərinin bir
qismi bilavasitə mərkəzi hökumət tərəfindən
maliyyələşdirilir. Vəsaitin böyük bir hissəsi
ali təhsilə ayrılır və müxtəlif fond
şuraları tərəfindən təyinatı üzrə
sərf olunur. Hökumət, eyni zamanda özünüidarəetmə
sisteminə malik dövlət məktəblərinin də xərclərini
ödəyir.
Yerli təhsil
orqanları tərəfindən həyata keçirilən,
xüsusi əhəmiyyət kəsb edən layihələrin
xərclərini dəstəkləmək məqsədilə mərkəzi
hökumət dotasiya ayırır. Bu vəsaitlər dövlət
tədris planı, məktəblərin yerli
özünüidarəetməsi, müəllimlərin təkmilləşdirilməsi,
məktəblərdə texniki biliklərin və tibbi təhsilin
dəstəklənməsi üçün xərclənir.
Yerli hökumət orqanları dövlət tərəfindən
edilən yardımın bölüşdürülməsində
sərbəstdirlər.
Şimali
İrlandiyada təhsil xərcləri, əsasən Təhsil
Nazirliyi tərəfindən ödənilir. Əmək, Ticarət
və Sənaye departamentləri də təhsil proqramlarına
maliyyə yardımı göstərirlər.
İngiltərə,
Şotlandiya və Uelsdə universitetlərə və digər
ali təhsil müəssisələrinə hökumət
yardımı bu ölkələrdəki Ali Təhsilə Yardım
şuraları tərəfindən həyata keçirilir.
Şimali İrlandiyada isə universitetlərə yardım
Şimali İrlandiya Ali Təhsilə Yardım
Şurasının tövsiyəsi ilə birbaşa Təhsil
Nazirliyi tərəfindən edilir.
Ali təhsil
müəssisələri kommersiya qurumları
üçün tədqiqatlar aparmaq, məsləhətlər
vermək xidmətlərindən də müəyyən qədər
yararlanırlar. Hökumət ali təhsil müəssisələrinin
bu mənbələrdən gəlir götürməsinə
geniş imkanlar yaradır.
Bəşarət MƏMMƏDOV,
Ramil HÜSEYNOV
Azərbaycan müəllimi.- 2011.- 6
may.- S.16-17.