Elmi məktəb yaratmış böyük alim, görkəmli təhsil işçisi

 

Professor Abuzər Xələfovun anadan olmasının 80 illiyi qarşısında 

 

Azərbaycanda milli kitabxanaşünaslıq elminin banisi, ali kitabxanaçılıq təhsilinin təşkilatçılarından və müstəqil kitabxanaçılıq-informasiya fakültəsinin  yaradıcılarından biri, görkəmli elm, təhsil və mədəniyyət xadimi, əməkdar elm xadimi, əməkdar mədəniyyət işçisi, Birləşmiş Millətlər Təşkilatı yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Prezident təqaüdçüsü, "Şöhrət" ordenli, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti, Bakı Dövlət Universiteti Kitabxanaşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru, professor...  Abuzər Xələfovun adının qarşısında bu titulları yazmadan belə onun nüfuzu hamıya bəllidir. Düz 50 ildir ki, bu nüfuz damla-damla, misqal-misqal yığılıb, tamlaşıb, durulub və nəsillərin iftixar mənbəyinə, güvənc yerinə çevrilib.  Zaman-zaman bu elmi adları və mükafatları qazanmış Abuzər müəllimi fəxarət zirvəsinə aparan yol heç də asan olmayıb. Bu yol enişli-yoxuşlu, acılı-şirinli, keşməkeşli olub. Əsl hikmət sahibləri o şəxslərdir ki, onlar üzü gələcəyə doğru inamla irəliləyərkən qarşılarını kəsən qar-yağışdan, üzlərinə çırpılan tufan-qasırğadan, yollarına yağan daş-kəsəkdən çəkinmir, cəsarətlə öz məqsədlərinə və amallarına doğru yol gedirlər. Professor Abuzər Xələfov da məhz belə cəsarət və iradə sahiblərindəndir. Əgər belə olmasaydı, Azərbaycan elmində yeni cığır açmaq, yeni yol salmaq şərəfi onun taleyinə yazılmazdı.  Abuzər Xələfov əməlisaleh adam kimi çoxlarının könlünə yol tapıb. Adı harada çəkilibsə, hörmət və ehtiram bəsləyiblər. Şəxsiyyətindən harada söz düşübsə, sanbalına, düzgünlüyünə, bütövlüyünə güvəniblər.

 

Tərcümeyi - halından sətirlər

 

1931-ci ilin qışında Qərbi Azərbaycanda - ulu Göyçədə dünyaya göz açan Abuzər Alı oğlu Xələfovu zirvəyə aparan yol hamar olmayıb. O qədər maneələrlə, çətinliklərlə, süni əngəllərlə üz-üzə gəlib ki!.. Amma ustad Nizaminin: "Elm yolunda günə dön,  aya dön, ulduza dön" - qənaətinə köklənib, amalı uğrunda yuxusuz gecələr keçirib, narahat günlər yaşayıb, ömrünü şam kimi əridib...

İkinci Dünya müharibəsi dövründə doğma Cil kəndindəki kolxozda işləyib, "Rəşadətli əməyə görə" medalı ilə təltif edilib.

1950-ci ildə orta təhsilini başa vurub və Azərbaycan Dövlət Universiteti Filologiya fakültəsinin Kitabxanaçılıq şöbəsinə daxil olub. 1955-ci ildə ali təhsilini tamamlayaraq universitetin Kitabxanaşünaslıq və biblioqrafiya kafedrasında müəllim vəzifəsində saxlanılıb.

Abuzər Xələfovun Azərbaycan xalqı qarşısında ən dəyərli tarixi xidmətlərindən biri akademiklər Abdulla Qarayev, Şəfaət Mehdiyev və başqa görkəmli ziyalılarla birlikdə respublika ali məktəblərinin bayraqdarı olan Azərbaycan Dövlət Universitetində müstəqil Kitabxanaçılıq fakültəsinin yaradılması ilə bağlıdır. Belə ki, 1962-ci ildə A.Xələfovun fəal iştirakı ilə ADU-nun kitabxanaçılıq şöbəsi müstəqil Kitabxanaçılıq fakültəsinə çevrilmiş və dosent Abuzər Xələfov bu fakültənin ilk dekanı vəzifəsinə seçilmişdir.

25 il Kitabxanaçılıq fakültəsinin dekanı vəzifəsində işləyən A.Xələfov özünün təşəbbüskar fəaliyyəti, təşkilatçılıq bacarığı və idarəçilik metodları ilə böyük nüfuz qazanmış, yüksəkixtisaslı milli kitabxanaşünaslıq-biblioqraf kadrların hazırlanması istiqamətində səmərəli aparmışdır.

1963-cü ildə eyni zamanda Kitabxanaşünaslıq kafedrasının müdiri vəzifəsinə seçilən A.Xələfov paralel olaraq dekanlığın və kafedranın işinə nəzarət etməli, onların fəaliyyətini əlaqələndirməli və istiqamətləndirməli, başqa sözlə, idarəetmə funksiyası ilə elmi tədqiqatçılıq prosesini bir-biri ilə sıx şəkildə uzlaşdırmalı olur ki, bu da həm fakültənin, həm də kafedranın müasir elmi əsaslar üzərində düzgün istiqamətdə inkişafına ciddi kömək göstərir.

Ali təhsil sistemində tədris proseslərinin mahir bilicisi kimi tanınan professor A.Xələfov istər respublikamızda, istərsə də Bakı Dövlət Universitetində ali təhsilin yenidən qurulması və optimallaşdırılması ilə  bağlı mühüm məsələlərin həllində yaxından iştirak edir və bu sahəyə öz sanballı töhfəsini verir.

A.Xələfov 1955-1970-ci illəri həyatının mühüm dövrü adlandırır. Belə ki, bir mütəxəssis alim kimi özünün ustalığını artırır, elm və tədris prosesinə rəhbərlik vərdişlərinə yiyələnir, bir sözlə, hərtərəfli təkmilləşir. A.Xələfovun xoşbəxtliyi ondadır ki, bu dövrdə o, Yusif Məmmədəliyev, Əliheydər Qarayev, Şəfaət Mehdiyev, Faiq Bağırzadə, Məmməd Arif Dadaşzadə, Cəfər Xəndan, Feyzulla Qasımzadə, Məmməd Cəfər Cəfərov, Həmid Araslı, Əli Sultanlı, Mir Cəlal Paşayev, Məmmədhüseyn Təhmasib, Əliheydər Qəhrəmanov, Mehdixan Vəkilov, Abbas Zamanov, Pənah Xəlilov, Zülfəli İbrahimov kimi görkəmli alim-pedaqoqlar dəstəsi ilə əhatə olunmuşdu və onların təsiri ilə formalaşıb yetkinləşirdi. Bu tanınmış şəxsiyyətlərdən hər biri gənc mütəxəssislərə kömək göstərməyə hər an hazır olan geniş dünyagörüşlü, yüksək səviyyəli qayğıkeş insanlar idi.

 

Elmi araşdırmalar, dəyərli monoqrafiyalar müəllifi

 

Abuzər Xələfov 1961-ci ildə Azərbaycanda kitabxana işi üzrə ilk namizədlik, 1975-ci ildə isə ilk doktorluq dissertasiyaları müdafiə edib.

Gənc tədqiqatçının 60-cı illərin əvvəllərində nəşr etdirdiyi "Azərbaycanda kitabxana işinin tarixindən (1870-1920)" və "Sovet Azərbaycanında kitabxana işinin tarixindən (1920-1932)" monoqrafiyaları elmi ictimaiyyətin böyük rəğbətini qazanır. Sonuncu monoqrafiya müəllifin namizədlik dissertasiyasının əsasını təşkil edir.

A.Xələfovun elmi üslubundakı arxiv sənədlərinə sistemli müraciət, fasiləsiz axtarış, yeni fakt və sənədlərin elmi dövriyyəyə daxil edilməsi və s. kimi fərqləndirici cəhətlər məhz bu araşdırmalarda formalaşmağa başlayır. Onun elmi-tədqiqat işlərinin çoxu məhz təkzibolunmaz arxiv-sənəd bazasına əsaslanması ilə seçilir. Sovet hakimiyyəti illərində mövcud olan ideoloji konsepsiyalara qeyri-standart yanaşması, yaradıcı münasibət bəsləməsi, tənqidi təhlil verməsi A.Xələfova həmin dövrdə kommunist ehkamlarına uyğun olaraq cəhalət və avamlıq ocağı adlandırılan məscidlərin kitabxana işinin inkişafında, xalqın maariflənməsində rolu və əhəmiyyəti haqqında orijinal fikirlər söyləmək üçün imkan yaradır.

1974-cü ildə Azərbaycan Dövlət Nəşriyyatında A.Xələfovun "Azərbaycanda kitabxana işinin tarixi (1933-1958)" adlı sanballı əsəri çapdan çıxır. Monoqrafiyada 1930-50-ci illərdə respublikamızda hərtərəfli inkişaf etmiş kitabxana şəbəkələrinin formalaşması prosesinin geniş mənzərəsi yaradılmışdır. Müəllif Azərbaycanda kitabxana quruculuğunun inkişaf dinamikasını ümumiləşdirərək, həmin mərhələdə Azərbaycanın sosial-iqtisadi və mənəvi həyatının bütün cəhətlərini qarşılıqlı əlaqədə göstərib. Kitabxana işinin inkişafı bütün mərhələlərdə Azərbaycan tarixi və mədəniyyəti ilə sıx əlaqədə, cəmiyyətin siyasi, iqtisadi və mədəni həyatının ayrı-ayrı sahələrində baş verən proseslər fonunda əks etdirilib.

Tədqiqatda Azərbaycanda kitabxana işinin inkişafının elmi əsasları və təcrübi metodları açılıb göstərilir, kitabxana quruculuğu sahəsində dövlət siyasəti təhlil edilir.

Həmin monoqrafiya Abuzər Xələfovun 1975-ci ildə uğurla müdafiə etdiyi doktorluq dissertasiyasının mövzusu idi.

Abuzər Xələfovun 15 illik tədqiqatının nəticələrini ümumiləşdirən bu doktorluq dissertasiyası həm Sovetlər İttifaqının kitabxana ictimaiyyətinin, həm də mədəniyyətşünaslıq sahəsi mütəxəssislərinin diqqətini yalnız maraqlı və qiymətli elmi faktların zənginliyi ilə deyil, eyni zamanda elmi nəticələrin yeniliyi, orijinallığı və ümumiləşdirilməsi səviyyəsi ilə cəlb etmişdir. Təsadüfi deyil ki, A.Xələfovun tədqiqatına görkəmli alimlərdən Azərbaycan EA-nın vitse-prezidenti, akademik M.Dadaşzadə, akademiyanın müxbir üzvü, professor A.Aslanov, tarix elmləri doktoru, professor Z.İbrahimov, filologiya elmləri doktoru, professor Q.Qazımzadə, tarix elmləri doktoru, professor A.Atakişiyev, tarix elmləri doktoru, professor M.Vəkilov, tarix elmləri doktoru, professor N.Paşayev, həmçinin Sovet İttifaqının tanınmış kitabxanaşünasları, kitabxana işi tarixçiləri nəzəriyyəçiləri yüksək qiymətləndirmişdilər.

80-ci illərdə A.Xələfovun elmi araşdırmalarının mühüm xarakterik cəhətlərindən biri da onun Azərbaycanda kitabxanaların yaranmasının tarixi köklərinə, ayrı-ayrı mərhələlərdə kitabxanaların tarixi təcrübəsinə müntəzəm müraciət etməsi və bu zaman kitabxanaların inkişafını Azərbaycan xalqının mənəvi mədəniyyətinin inkişafı ilə sıx əlaqədə öyrənməsi, varislik məsələsini diqqətdə saxlamasıdır.

Həmin tədqiqatların nəticəsi olaraq 1986-cı ildə alim "Azərbaycanda kitabxana işinin tarixindən" adlı kitab nəşr etdirir. O, burada ilk dəfə olaraq qədim dövrlərdə və orta əsrlərdə Azərbaycanda kitabxanaların yaranmasının tarixi köklərini araşdırıb, Qədim Albaniya dövründən başlamış XVIII əsrədək kitabçılıq və kitabxanaçılıq işinin inkişaf yolunu izləyib.

XX əsrin 90-cı illərində kitabxana işinin tarixi, nəzəriyyəsi və metodikası sahəsində A.Xələfovun elmi-tədqiqat fəaliyyəti Azərbaycan Respublikasının müstəqilliyi və suverenliyi şəraitində keyfiyyətcə yeni tarixi biçimdə meydana çıxır.

Abuzər Xələfov bu illərdə özünün çoxsahəli elmi və pedaqoji fəaliyyətini Azərbaycanda hüquqi, demokratik cəmiyyət quruculuğu şəraitində siyasi plüralizmin, informasiya azadlığının, milli və ümumbəşəri dəyərlərin ilkinliyinin nəzərə alınması əsasında kitabxana xidmətinin təşkilinin metodik problemləri ilə, şəxsiyyətin və bütövlükdə cəmiyyətin intellektual və mənəvi inkişafında kitabxanaların rolu ilə sıx şəkildə bağlayır.

Alimin "Müasir şəraitdə kitabxana işinin nəzəri və təcrübi metodoloji əsasları haqqında", "Müasir dövrdə kitabxanaların sosial funksiyaları" və başqa konseptual məqalələrində cəmiyyətdə baş verən sosial-iqtisadi və mədəni proseslərin elmi şəkildə dərk edilməsi əsasında Azərbaycanda kitabxana işinin nəzəriyyə və təcrübəsinin inkişaf konsepsiyası hazırlanmışdır ki, bu da yeni cəmiyyətin  reallıqlarını özündə hərtərəfli əks etdirir.

Yeni əsrin əvvəllərində "Kitabxanaşünaslığın nəzəri əsasları" və "Kitabxana haqqında təlim" adlı 2 hissədən ibarət "Kitabxanaşünaslığa giriş" dərsliyinin çapdan çıxması A.Xələfovun elmi fəaliyyətinin zirvəsi sayıla bilər. Bu nəşr Azərbaycanda kitabxanaçılıq təhsili tarixində kitabxanaşünaslığa dair meydana çıxmış ilk dərslikdir.

Kitabxanaşünaslığı kitabxana-informasiya proseslərinin və sosial kommunikasiyaların qanunauyğunluqları haqqında elm kimi şərh edən müəllif onun inkişafının tarixi və nəzəri cəhətlərini hərtərəfli açıqlayır. Bu baxımdan ilk dəfə işlənmiş "Tarixəqədərki kitabxanaşünaslıq (bizim eradan əvvəl II minilliyin ortalarından XVIII əsrə qədər) fikrinin meydana gəlməsi və inkişafı", "XIX əsrdə kitabxanaşünaslığın inkişafı", "XX əsrdə kitabxanaşünaslığın inkişafı", "Azərbaycanda kitabxanaşünaslıq fikrinin təşəkkülü və inkişafı (ən qədim dövrlərdən XX əsrin əvvəllərinə qədər)", "Azərbaycanda kitabxanaşünaslığın inkişafı (1920-2000-ci illər)" bölmələri xüsusilə qiymətlidir.

Bu əsərdə kitabxanaşünaslığın başqa elmlərlə qarşılıqlı əlaqəsinin və qarşılıqlı təsirinin sistemli xüsusiyyətlərini aydınlaşdırması müəllifin xüsusi xidməti kimi qiymətləndirilə bilər. Professor A.Xələfov "Kitabxanaşünaslıq və fəlsəfə", "Kitabxanaşünaslıq və sosiologiya", "Kitabxanaşünaslıq və iqtisadiyyat", "Kitabxanaşünaslıq və riyaziyyat", "Kitabxanaşünaslıq və informatika", "Kitabxanaşünaslıq və psixologiya" məsələlərini hərtərəfli araşdırmışdır.

 

Ustad müəllim, tədris plan proqramlarının tərtibçisi

 

Professor kitabxanaşünaslığın nəzəri əsaslarını cəmiyyətdə kitabxanaçılıq fəaliyyəti ilə məntiqi şəkildə birləşdirməyə nail olmuşdur.

A.Xələfov yüksək səviyyəli alim, pedaqoq, rəhbər işçi, fəal ictimai xadimdir. Onun səmərəli elmi-tədqiqat fəaliyyəti Azərbaycanda və xarici ölkələrdə geniş şöhrət qazanmışdır. Alim "Kitabxanaçılıq informatikası", "Kitabxanaçılıq pedaqogikası", "Kitabxanaçılıq psixologiyası", "Kitabxana iqtisadiyyatı", "Kitabxanaçı peşəsi" kimi kitabxanaşünaslıq sahələrinin formalaşmasına, həmçinin kitabxanaçı kadrların hazırlığının ixtisaslaşdırılmasına, genişprofilli kitabxana işçilərinin hazırlanmasına dair perspektivli ideya və təkliflər vermişdir.

Bu isə öz növbəsində Bakı Dövlət Universitetində yeni ali təhsil sisteminin - bakalavriatura və magistratura pillələrinin əsasını təşkil etmişdir. O, eyni zamanda BDU-da kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitabşünaslıq və informatika üzrə bakalavr və magistr təhsilinin təşkilatçısı, bu istiqamətlərdə ixtisas fənlərinə dair tədris plan və proqramlarının əsas müəllifidir. Kitabxanaçılıq-informasiya fakültəsinin magistraturasında dissertasiya tədqiqatları mövzularının işlənib hazırlanması prosesi də məhz professor A.Xələfovun başçılığı ilə həyata keçirilir.

Onun "Azərbaycanda kitabxana işinin tarixindən (Ən qədim zamanlardan başlayaraq XVIII əsrə qədər)", "Azərbaycanda kitabxana işinin tarixi (1870-1920-ci illər)", "Sovet Azərbaycanında kitabxana işinin tarixindən (1920-1932-ci illər)", "Azərbaycanda kitabxana işinin tarixi (1933-1958-ci illər)", "Azərbaycanda kitabxana işinin tarixindən (Qədim dövrlərdən başlamış XVIII əsrin axırınadək)", "Azərbaycanda kitabxana işinin tarixi (Ən qədim dövrlərdən XX əsrə qədər)", "Respublika Elmi-Texniki Kitabxanası (1930-2000-ci illər)", "Heydər Əliyev və Azərbaycanda kitabxana işi", "Kitabxana işinin tarixi kursuna giriş" və s. kitabları milli mədəniyyət tariximizin bu zəruri sahəsinin keçdiyi şərəfli yolu hərtərəfli izləməyə imkan yaradan əvəzsiz mənbələrdir.

Professor A.Xələfovun 2006-cı ildə nəşr etdirdiyi "XXI əsrin əvvəllərində Azərbaycanda kitabxana işinin inkişaf istiqamətləri (mülahizələr, təkliflər və proqnozlar)" monoqrafiyası müstəqillik illərində Azərbaycanda kitabxanaşünaslıq fikrinin zirvəsidir.

A.Xələfovun "Azərbaycanda kitabxanaçılıq təhsilinin inkişafı", "Azərbaycanda ali kitabxanaçılıq təhsili" kitabları, çoxsaylı məqalələri, tədris-metodik materialları respublikada kitabxanaçılıq-biblioqrafiya təhsilinin, yüksəkixtisaslı mütəxəssislər hazırlanmasının konseptual cəhətdən həllinə ciddi təsir göstərmişdir.

XXI əsrin əvvəllərində Abuzər Xələfovun xalqımızın mədəniyyət tarixinə verdiyi qiymətli töhfələrindən biri də 2004-2010-cu illərdə çap etdirdiyi 3 cildlik "Azərbaycanda kitabxana işinin tarixi" adlı dərslik olmuşdur.

Son illərdə A.Xələfovun elmi-tədqiqat istiqamətlərindən biri ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda kitabxana işinin inkişafındakı xidmətlərinin təhlili, onun nəzəri irsinin kitabxanalarda təbliği məsələləri təşkil edir.  Onun 2006-cı ildə çapdan çıxmış "Heydər Əliyev və Azərbaycanda kitabxana işi" adlı fundamental monoqrafiyası mühüm tarixi elmi əsər kimi mütəxəssislərin diqqətini cəlb etmiş, həm elmi nəşrlərdə, həm də kütləvi informasiya vasitələrində çox yüksək qiymətləndirilmişdir.

Professor A.Xələfov kitabxanaşünaslıq-biblioqrafiya elmi sahəsində elmi-pedaqoji kadrların hazırlığında da əvəzsiz rol oynamışdır. O, Azərbaycanda kitabxanaşünaslıq elmi sahəsində xüsusi elmi məktəb yaratmış, 1 doktorluq və 13 namizədlik dissertasiyası məhz onun elmi rəhbərliyi ilə müdafiə edilmişdir. Tanınmış alim eyni zamanda 25 nəfər elmlər namizədi və elmlər doktorunun hazırlanmasında elmi məsləhətçi və ya opponent kimi xüsusi fəallıq göstərmişdir.

Azərbaycan Respublikasının təhsil naziri, əməkdar elm xadimi, professor Misir Mərdanov onu belə xarakterizə edir: "Professor Abuzər Xələfov Azərbaycanda kitabxanaşünaslıq elminin yaradıcısı, bu sahədə elmi məktəb yaratmış tanınmış alim, bacarıqlı elm və təhsil təşkilatçısıdır. İftixar etməli haldır ki, Azərbaycanda kitabxanaşünaslıq nəzəriyyəsinin elmi əsası A.Xələfov tərəfindən qoyulmuş, ölkəmizdə kitabxana işinin tarixi və inkişaf perspektivlərinə həsr edilən araşdırmaları ilə vətənimizdə mədəniyyət tarixinin nəzəriyyə təcrübəsini zənginləşdirmişdir".

Dahi İbn Sina çox gözəl deyirdi ki, dünyada insan üçün elmdən daha yaxşı dost yoxdur. Elm dövlətdən də yaxşıdır, çünki dövləti sən saxlamalısan, elm isə səni saxlayır.

Bu baxımdan, Abuzər müəllim görkəmli ziyalılarla sağlam elmi müzakirələr aparmağın və müəyyən bir fikir formalaşdırmağın ustasıdır.

Abuzər müəllim alimliklə müəllimliyi, insanlıqla ziyalılığı, müdrikliklə aqilliyi qoşalaşdıran, birləşdirən, zirvələşdirən şəxsiyyətlərdəndir.

Ömrünün böyük hissəsini yaradıcısı olduğu fakültənin inkişafına, müasir tələblərə cavab verən kitabxanaçı kadrların hazırlanması işinə həsr etmiş alim, haqlı olaraq, respublikamızda çalışan 5 mindən artıq yüksəkixtisaslı kadrlar ordusunun müəllimi adlandırılır. Bu gün Azərbaycanda kitabxanaçı kadrların orta nəslinin elə bir nümayəndəsi tapılmaz ki, o, "Professor Abuzər Xələfov məktəbi"ni  keçməmiş olsun, onun mühazirələrindən, dərsliklərindən bəhrələnməmiş olsun.

Ömrünün müdriklik və kamillik dövrünü yaşayan Abuzər müəllim bütöv  şəxsiyyətdir. Onun həyatı, şəxsi və ictimai fəaliyyəti, insanlara məhəbbəti, qayğısı və səmimiyyəti yeni nəsil üçün əsl nümunə məktəbidir. O, qəlbində Vətən sevgisi, torpaq nisgili, yurd həsrəti yaşadan vətəndaş-ziyalıdır. İnanırıq ki, təkcə Azərbaycanda deyil, həmçinin yaxın və uzaq xarici ölkələrdə yaxşı tanınan görkəmli alim bundan sonra da Azərbaycan kitabxanaşünaslıq elmini özünün yeni-yeni sanballı əsərləri ilə daha da zənginləşdirəcəkdir.

 

 

Şərəfli ömürdən sətirlər

 

Bayram ALLAHVERDİYEV, BDU-nun Kitabşünaslıq nəşriyyat işi kafedrasının müdiri, tarix elmləri doktoru,  professor   

 

XX əsrin 50-ci illərində əvvəlcə tələbə, bir qədər sonra isə bir yerdə işləyən həmkarım kimi təmasda olduğum səmimi insan, gözəl ziyalı Abuzər Xələfovu həmişə xoşxasiyyət, həm də ciddi şəxsiyyət kimi tanıyıram. Bu illər ərzində Abuzər müəllimə ağsaqqal gözü ilə baxmış, səmimiyyətinə inanmış və məsləhətlərinə ehtiyac duymuşam. 

Professor Abuzər Xələfovun fəaliyyətinin əsas hissəsi kitabxanaçılıq işi, kitabxanaçılıq sənəti ilə bağlıdır. Abuzər müəllimin bu ixtisasa böyük sevgisi var. O, öz biliyi, istedadı, tələbkarlığı və ziyalılığı ilə ölkəmizdə və keçmiş SSRİ məkanında böyük nüfuz qazanmış alimdir.

Azərbaycanda müstəqil kitabxanaçılıq fakültəsinin yaradıcısı ilk dekanı kimi mənalı həyat yolu keçmiş Abuzər Xələfov  XX əsrin 50-ci illərinin  sonlarında kitabxana işinin tarixinə xüsusi maraq göstərmişdir. Çünki kitabxana işinin tarixi xalqın, vətənin keçmişi, inkişaf səviyyəsi, mədəniyyəti, əxlaqı, elmi ilə sıx surətdə bağlıdır. Bu, görkəmli alimdə müqəddəslik kitaba olan müqəddəslikdən yaranmışdır. Abuzər Xələfovun fəaliyyəti çoxşaxəli çoxcəhətlidir. İndiyə qədər o, respublikamız üçün kitabxanaşünaslıq sahəsi üzrə çox sayda elmlər namizədi elmlər doktoru yetirmişdir.

Professor A.Xələfov Azərbaycanda kitabxana işi sahəsində ilk sanballı elmi tədqiqatlar aparmış, ilk dəfə namizədlik doktorluq dissertasiyalarını müdafiə etmişdir. Bununla da ölkəmizdə həmişəlik kitabxanaşünaslıq elminin banisi statusunu qazanmışdır.

Görkəmli alim respublikanın keçmiş SSRİ-nin nüfuzlu dövri mətbuat səhifələrində kitabxana işinin tarixi, kitabxanaşünaslığın tarixi, nəzəriyyəsi, kitabxanaçılıq təhsili digər əlaqədar problemlər üzrə 200 addan çox elmi məqalə dərc etdirmişdir.

Professor Abuzər Xələfovun elmi-pedaqoji fəaliyyətində ali kitabxanaçılıq təhsilinin təşkili xüsusi yer tutur. O, ali kitabxanaçılıq təhslinin nəzəriyyəçisi və təşkilatçısıdır. Ölkəmizdə ali kitabxanaçılıq-biblioqrafiya təhsilinin inkişafında və optimallaşdırılmasında onun xidmətləri əvəzsizdir.

1999-cu ildə professorun təşəbbüsü ilə Azərbaycanda respublika kitabxanaçılarının ilk peşəkar ittifaqı - Azərbaycan Kitabxanaçılar Cəmiyyəti yaradılıb və prezidenti Abuzər Xələfov seçilib.

Professor Abuzər Xələfov işləməkdən, elmi əsər yazmaqdan zövq alır. Çox maraqlıdır ki, 2011-ci ildə "Kitabxanaşünaslıq və informasiya" adlı elmi-nəzəri və praktiki jurnalı nəşr olunur. Təsisçisi və baş redaktoru Abuzər Xələfov olan bu jurnal kitabxanaşünaslığın, kitabxana işinin tarixi, nəzəriyyəsi və təcrübi problemlərinə dair elmi məqalələri dərc edən nüfuzlu elmi jurnallardan hesab edilir. 

O, indi ömrünün müdriklik çağını yaşayır. Hər il yeni əsərləri, dərslik və dərs vəsaitləri  ilə Azərbaycan kitab mədəniyyətini zənginləşdirir və inkişaf etdirir. 

 

 

Milli ziyalılıq meyarı 

 

Aybəniz ƏLİYEVA-KƏNGƏRLİ, AMEA-nın Mərkəzi Elmi  Kitabxanasının direktoru, filologiya elmləri doktoru

 

Görkəmli ziyalı, minlərlə tələbəyə elm öyrətmiş insan, müəllim haqqında yazmaq həm məsuliyyətlidir, həm də şərəfli. Bu məsuliyyət həmin alimin nüfuzu, elmə verdiyi töhfələri, insanlara, vətənə, millətə, dövlətə münasibəti ilə bağlıdır. Adını həmişə böyük hörmət hissi ilə çəkdiyimiz, şəxsiyyətinə sonsuz rəğbət bəslədiyimiz müəllimimiz Abuzər Xələfov da məhz elə alimlərdəndir ki, onun haqqında fikirlərimiz bir neçə vərəqlik təəssüratla kifayətlənmir. Abuzər Xələfovun böyüklüyü ondadır ki, onun mənəviyyat dünyası ilə intellektual aləmi tam harmoniya təşkil edir. Abuzər müəllim klassik müəllimlərə, köhnə kişilərə xas olan ədəb-ərkanı, səliqə-sahmanı, oturuşu-duruşu ilə hamını özünə cəlb edən saf ürəkli, həlim təbiətli bir insandır. Biz onu həmişə belə görmüşük, belə tanımışıq...Bu gün - 80 yaşının tamamında da o, belədir!..

 

***

 

Universitetə təzəcə daxil olmuşduq, kitabxanaçılıq şöbəsi filologiya fakültəsinin tərkibindən çıxaraq fakültəyə çevrilmişdi. Lakin bu çevrilmə yalnız hər hansı bir göstərişin, əmrin məntiqi nəticəsi deyildi, bu həmkitabxana işi sahəsində kadr potensialının formalaşmasının, kitabxanaçılığın bir elm kimi ortaya çıxmasının bu elmə öndərlik edə biləcək, onun inkişafı naminə əlindən gələni əsirgəməyəcək bir insanın - Abuzər Xələfovun məsələyə olduqca ciddi ardıcıl yanaşmasının bəhrəsi idi. Təhsil aldığımız ilk günlərdə Abuzər müəllim haqda çox az şeydən xəbərdar idik, hələ onun bu gün göz bəbəyi kimi qoruduğumuz sənətimizin var olması üçün nələri etdiyindən, nələrlə üzləşdiyindən, kitabxanaçılığı bir elm kimi qurub-yaratmaq yolunda hansı məşəqqətlərdən keçdiyindən xəbərsiz idik.

Tədrisdə Abuzər müəllim ən mürəkkəb məsələni belə özünəməxsus şəkildə elə anlaşıqlı təsvir və şərh edirdi ki, elə bil ən sadə bir şeydən danışır. Və təbii ki, bu sadəlik böyük zəhmətin sayəsində fəth edilmiş yüksəklikdən xəbər verirdi. Təsadüfi deyil ki, Abuzər müəllim həmişə öz mühitində güclü hafizəyə, aydın ağıla və çox geniş erudisiyaya malik bir şəxsiyyət kimi xarakterizə olunub. O, demək olar ki, istənilən sahədə (dil, ədəbiyyat, incəsənət, tarix və s.) öz müsahibini maraqlandıran söhbətlər apara bilər və öz konkret mülahizələrini təvazökarlıqla şərh edər. Tələbə olduğumuz illərdə onu dinlədikcə əmin olurduq ki, o, hansı bir sahə ilə məşğul olsa, ciddi uğurlar əldə edər və həmin sahənin görkəmli mütəxəssisi olar.

Bu məqamda Abuzər müəllimin qəzetlərə verdiyi müsahibələrdən birini xatırlayır və bir sitata toxunmaq istəyirəm: "Əvvəllər bizim sənətə o qədər ağız büzən, istehza edənlər vardı ki... Məhəl qoymadım, dövlət orqanları qarşısında dəfələrlə məsələ qaldırmaqla məqsədimə nail oldum. Mən enerjimi ancaq işə verdim. Kimsənin qeybətini eləmədim, kimsəyə pisliyim dəymədi. Buna görə də ətrafımdakılar həmişə hörmətimi saxlayıblar". O, uzun illərdən sonra qəbul olunmuş "Kitabxana işi haqqında" Qanunun hazırlanmasında bilavasitə iştirak etmiş və çox mürəkkəb bir məsələnin həllinə - qanunda kitabxanaların elm, mədəniyyət mərkəzi olmaqla bərabər, həm də təhsil müəssisəsi adlanmasına nail olmuşdur.

Kitabxanaşünaslıq elminə dair bir çox elmi əsərlər yaratmış Abuzər müəllim bu gün də usanmadan çalışır, yeni əsərlər üzərində işləyir. Onun müəllifi olduğu 3 cildlik "Kitabxanaşünaslığa giriş", "Azərbaycanda kitabxana işinin tarixi", "Kitabxana işinin tarixi kursuna giriş" kimi əsərləri kitabxana işi sahəsinin bütün mütəxəssisləri üçün ən dəyərli mənbədir. "Heydər Əliyev və Azərbaycanda kitabxana işi" kitabı Abuzər müəllimin Heydər Əliyev şəxsiyyətinə dərin ehtiramının təcəssümüdür. İki fəsildən ibarət olan bu kitabda  ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan kitabxana işi sahəsindəki misilsiz xidmətlərindən bəhs olunur.

Professor Abuzər Xələfovu tanıyanlar yaxşı bilirlər ki, o, daim elmi axtarışlardadır, o, daim tədqiq edir, daim yazır, öyrənir, öyrədir. Abuzər müəllimin elmi və pedaqoji fəaliyyəti bütöv bir vəhdət təşkil edir.  Onun həyat salnaməsində alimlik və müəllimlik hər zaman qoşa addımlamış, bir-birini tamamlamışdır.

Abuzər müəllim kimi ziyalılar millətin yoluna işıq tutan, insanlara elm, təhsil, mənəviyyat nuru çiləyən, onu aydın sabaha aparan insanlardır. Ziyalı isə Vətən və millət yolunda zəkasını, intellektini əsirgəməyən insan olub, yaxşıların yaxşısı, mənəviyyatca zəngin şəxsiyyətdir. Ziyalı millətinə, dövlətinə sədaqətlə xidməti ilə, cəmiyyətə verdiklərinin sanbalı və miqyası ilə böyükdür. Abuzər Xələfov milli ziyalılıq meyarıdır, ustaddır.  80 yaşın mübarək, ustad!

 

 

Knyaz ASLAN,

pedaqogika üzrə fəlsəfə doktoru,

dosent,

 

Şamxəlil MƏMMƏDOV,

Azərbaycan Respublikasının

əməkdar jurnalisti

 

Azərbaycan müəllimi.- 2011.- 6 may.- S.12-13.