Fənn
olimpiadalarının qalibləri mükafatlandırıldı
Mayın 5-də Təhsil Nazirliyində IX-XI sinif şagirdləri arasında keçirilmiş
fənn olimpiadaları
qaliblərinin mükafatlandırılması mərasimi oldu.
Tədbirdə
təhsil naziri Misir Mərdanov, nazir müavinləri, müvafiq
şöbə və struktur bölmələrinin rəhbərləri,
millət vəkilləri, ali məktəblərin
rektorları, görkəmli alim və ziyalılar, bir sıra
dövlət və ictimai qurumların, ümumtəhsil müəssisələrinin
rəhbərləri, müsabiqə qalibləri və KİV təmsilçiləri
iştirak edirdilər.
Azərbaycan
Respublikasının təhsil naziri Misir Mərdanov mərasimi
açaraq iştirakçıları salamladı və belə
bir vacib məqamı diqqətə çatdırdı ki, bu tədbir
müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli
lider Heydər Əliyevin anadan olmasının 88-ci
ildönümünün qeyd olunduğu günlərə təsadüf
edir və bu bizi çox sevindirir. Çünki Azərbaycana
rəhbərlik etdiyi illər ərzində Heydər Əliyev
istedadlı gəncləri, məktəbliləri və tələbələri
həmişə diqqət mərkəzində
saxlayırdı və bu gün həmin siyasət ölkə
başçısı cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
Daha
sonra tədbir iştirakçılarına məktəblilər
arasında keçirilmiş fənn olimpiadaları haqqında
ətraflı məlumat verən Misir Mərdanov bildirdi ki,
bilik yarışları istedadlı şagirdlərin aşkara
çıxarılmasında xüsusi əhəmiyyət kəsb
etməklə yanaşı, onların arasında sağlam rəqabətin
yaranmasına, keyfiyyətli təhsil almağa marağın
güclənməsinə səbəb olur. Məktəblilərin
fənn olimpiadaları mövcud qaydalara uyğun olaraq 3 mərhələdə
təşkil olunur. Cari tədris ilində olimpiadaların I
rayon (şəhər) mərhələsi 2010-cu ilin
dekabrında, II rayon (şəhər) mərhələsi
2011-ci ilin yanvarında, respublika mərhələsi isə
2011-ci ilin martında keçirilib.
Respublika
üzrə 347052 nəfər IX-XI sinif şagirdindən 29322 nəfəri
I turda, 11123 nəfəri II turda, 1132 nəfəri isə
respublika turunda iştirak edib.
7 fənn
- Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi,
riyaziyyat, fizika, kimya, biologiya və informatika üzrə
keçirilən bilik yarışlarında ümumilikdə
1132 iştirakçıdan 30 nəfəri I yer, 40 nəfəri
II yer, 66 nəfəri III yer və 256 nəfəri IV yerə
layiq görülüb. Sabirabad rayonu N.Gəncəvi adına
şəhər 5 nömrəli tam orta məktəbin VIII sinif
şagirdi Emil Aslanlı IX sinif şagirdləri ilə birgə
Azərbaycan dili və ədəbiyyat fənni üzrə
olimpiadada iştirak edib və onun biliyi II yerə layiq
görülüb.
Nazir
diqqətə çatdırdı ki, yekun turunda
Naxçıvan Muxtar Respublikasının, Bakı, Gəncə,
Sumqayıt şəhərlərinin, İsmayıllı,
Şəmkir, Tovuz, Qusar, Balakən, Zaqatala, Kürdəmir,
Neftçala, Cəlilabad, Qazax rayonlarının şagirdləri
daha fəal iştirak ediblər. Əvvəlki illərdə
olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən
özəl türk liseylərinin şagirdləri daha
yaxşı nəticə göstəriblər. Təhsil
Nazirliyinin nəzdindəki Heydər Əliyev adına liseyin,
akademik Zərifə Əliyeva adına tam orta məktəbin,
Bakı Avropa liseyinin, fizika-riyaziyyat və informatika təmayüllü
liseyin, 6 nömrəli məktəb-liseyin, S.C.Pişəvəri
adına humanitar fənlər təmayüllü
gimnaziyanın, "Zəngi" liseyinin, "Elitar"
gimnaziyanın, "Tərəqqi" liseyinin, 132-134 nömrəli
təhsil kompleksinin və kimya - biologiya təmayüllü
liseyin şagirdləri də son turda fərqləniblər.
Naxçıvan
MR üzrə Naxçıvan şəhəri 705 nömrəli
hərbi hissə tam orta məktəbinin, Naxçıvan
şəhəri Heydər Əliyev adına, 2, 8 və 12
nömrəli, Şərur rayonu şəhər 1 nömrəli,
Muğanlı kənd, Babək rayonu Məmmədrza Dizə və
Didivar kənd, Şahbuz rayonu Kükü kənd, Kəngərli
rayonu Qarabağlar kənd 2 nömrəli tam orta məktəblərinin
şagirdlərinin olimpiada nəticələri də qənaətbəxş
olub.
Heydər
Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdləri
isə daha yaxşı nəticə göstəriblər. Belə
ki, 9 iştirakçıdan 8-i (1 nəfər I, 2 nəfər
II, 1 nəfər III, 4 nəfər IV yer) mükafata layiq yer
tutub.
Fənn
olimpiadaları qaliblərinin ümumtəhsil məktəbləri
şagirdlərinin ən qabiliyyətliləri
olduqlarını deyən Misir Mərdanov bildirdi ki, onlar bizim gələcəyimizdir
və hər birimizin ən mühüm vəzifələrindən
biri belə istedadlı gənclərə xüsusi
qayğı ilə yanaşmaq, onların öz
istedadlarını nümayiş etdirməsi və təkmilləşdirməsi
üçün şərait yaratmaqdır.
Təhsil
naziri Misir Mərdanov çıxışının sonunda
qalibləri, onların valideynlərini və şagirdlərin
hazırlığında, biliklərə dərindən yiyələnməsində
xüsusi əməyi olan müəllimləri təbrik etdi, məktəblilərə
elmin çətin, lakin şərəfli yollarında inamla
addımlayaraq daha böyük uğurlar, yeni-yeni nailiyyətlər
qazanmağı arzuladı. Nazir eyni zamanda çox çətin
bir işi öhdələrinə götürərək
obyektiv seçim aparan, olimpiadaların keçirilməsi,
materialların hazırlanması, işlərin
yoxlanılması və yerlərin müəyyənləşdirilməsində
xüsusi əmək sərf edən münsiflər heyətlərinin
sədrləri və üzvlərinə minnətdarlığını
bildirdi.
Sonra
çıxış üçün söz Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının sədri
Məleykə Abbaszadəyə verildi.
Ümummilli
lider Heydər Əliyevin gənclərə həmişə
xüsusi diqqət yetirməsindən söz açan M.Abbaszadə
xatırlatdı ki, hələ 1969-cu ildə Azərbaycanda
hakimiyyətə gələndən sonra ulu öndər ilk dəfə
olaraq azərbaycanlı gəncləri keçmiş
SSRİ-nin ən böyük və nüfuzlu ali məktəblərinə
göndərməyə başlamışdı.
TQDK-nın
sədri qeyd etdi ki, yalnız istedadla hansısa uğur əldə
etmək mümkün deyil. Elə xoşbəxt insanlar var ki,
onlar elmlə məşğul olmağı bacarırlar. Siz də
onların sıralarına qoşulmaq üçün öz
üzərinizdə çox
çalışmalısınız. Sizə istedad verilibsə,
elmlə məşğul ola biləcəksiniz. Bu uğurunuz isə
elmi fəaliyyətə atılan ilk addımdır.
Milli
Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət
Aslanova artıq ikinci dəfə Təhsil Naziriyində
yaranmış gözəl ənənənin şahidi
olduğunu deyərək bildirdi ki, ənənə təkcə
keçmişdə yaranmış və bu günə gəlib
çatmış irs deyil. Hər bir nəsil özünün ənənəsini
yaradır. Millət vəkili gənclərə müraciətlə
dedi: "Sizin bugünkü biliyiniz, bacarığınız,
uğurunuz təkcə şəxsi rifahınıza xidmət
edən bir məqam deyil. Bu, ümumdövlət sərvətidir.
Bu dövlətin sabahı üçün məsuliyyət hissi
duymaq, bu dövlətin sabahkı tərəqqisini təmin etmək
üçün əlinizdə olan ən böyük vasitədir".
R.Aslanovanın
sözlərinə görə, ən güclü və
qüdrətli o dövlətdir ki, hər bir insanın bilik və
bacarığını aşkar edərək onu cəmiyyət
üçün önəmli, gərəkli, böyük bir
şəxsiyyət olduğuna inandıra bilsin. Bu baxımdan,
gənclərin istedadlarının üzə
çıxarılması və inkişaf etdirilməsi ilə
bağlı yaranan ənənələr, bu istiqamətdə
atılan addımlar göstərir ki, dövlətin gənclər
siyasəti çox uğurlu bir
siyasətdir.
Bakı
Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov
hamını salamlayaraq qalib adını qazanmış gəncləri
təbrik etdi və bu tədbirin ölkəmiz
üçün çox əlamətdar olan bir vaxtda -
ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci
ildönümü ərəfəsində keçirildiyinə
görə təhsil naziri Misir Mərdanova təşəkkürünü
bildirdi.
Abel
Məhərrəmov qeyd etdi ki, son zamanlar bütün dövlətlərin
səviyyəsi və reytinqi onların hərbi qüdrəti
və ya iqtisadiyyatı ilə deyil, məhz elmi və təhsili
ilə ölçülür. Yəni gələcək elm və
təhsilin əlindədir. Elmi daha çox inkişaf etmiş
dövlət cəmiyyətin aparıcı qüvvəsinə
çevrilir. Bu gün Azərbaycanda ölkə Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi altında bu siyasət
uğurla həyata keçirilir.
Sonra
olimpiada qaliblərinin mükafatlandırılması mərasimi
keçirildi. Qaliblərə diplom və hədiyyələr
təqdim olundu. Onlar təhsil naziri ilə xatirə şəkli
çəkdirdilər.
Hicran ƏKBƏROVA
Azərbaycan müəllimi.- 2011.-
6 may.-S.5.