"Nə qədər səhərlər sənsiz açacaq"

 

Şair, jurnalist Ramazan Səməroğlu ikinci dəfə oxucularının görüşünə "Nə qədər səhərlər sənsiz açacaq" kitabı ilə gəlib. Şair "Nə qədər səhərlər sənsiz açacaq",- deyəndə meydana nə qədər suallar çıxırAnasızmı?, işğal olunmuş Vətən torpaqlarısızmı?, əziz dostlarsızmı?, istəkli sevgilisizmi?.. açılacaq o səhərlər suallarına cavab axtarırıq. Şair eyniadlı şeirində yazır:

 

Ömrümə günəş də sənsiz dogacaq,

Sənsiz parıldamaz zirvədə qar da,

Bəlkə unudardım intizarını,

Sən mənə desəydin hardasan, harda.

 

Onun bu misralarını oxuyanda nurani çöhrəsinə hopmuş acılarını, saçındakı  tellərə qonmuş kədərinin, intizarının ağırlığını hiss etdim.

Kitabda toplanmış 323 şeiri, 1 poemanı, 1 müxəmməsi, 41 qəzəli bir nəfəsə oxudum.

Tanınmış telejurnalist Ramazan Səməroğlunun Vətən, ana, sevgi, siyasi məzmunlu şeirlərində bir həsrət, bir nisgil, bir kədər ovqatı yaşanır. O, düşünən düşündürməyi bacaran şairdir, onun misralarındakı məna yükü oxucunu cəlb edir. Ramazan,  təbiətən saf, təmiz bir insan olduğundan bu cəhətlər şeirlərinin misralarında da aydın görünür. Onun duyğuları bulaqların göz yaşı kimi dupduru, şəffaf suyudur, sanki damla -damla hopub şeirlərinə... Bu saflıq, bu duruluq içərisində bir əziz ana obrazı yaşayır...

Şair "Kaş yenidən uşaq olam, ay ana",- deyir:

 

Səni görcək sevincimdən əsəm mən,

Pay böləsən "azdı" deyəm küsəm mən,

Hara getsən qabağını kəsəm mən,

Kaş yenidən uşaq olam , ay ana.

 

"Mənə layla deyinən" şeirində isə:

 

Paltarımı hara gəldi atam mən,

Dizin üstə şirin-şirin yatam mən,-

 

deyir, şair.

Ramazanın misralarındakı kövrəklik, həzinlik, eyni zamanda hər birimizin qəlbində xoş  xatirələrə çevrilən "Son zəng" şeirində aydınca görünür:

 

Elə bil dünəndi əlimdən tutub,

Müəllim əlifba öyrətdiyi gün.

Bu illər son zənglə vuruldu başa,

Təməli qoyuldu gələcək ömrün.

 

R.Səməroğlunun şeirləri təbiliyi, səmimiyyəti, fikir aydınlığı ilə seçilir. O, yaşadıqlarını, duyduqlarını yazır. Bax elə buna görə , bu şeirlər oxucularının hər birinə doğmadır.

Şairin ürəkağrısı, can yanğısı ilə qələmə aldığı "Həsrətdən biçilən kəfən" adlı poemasında qocalar evinə atılmış bir ana ona baş çəkməyə "gələcək" oğlunun yolunu həsrətlə gözləyir:          

 

Bu sonsuz dünyada bu gün bir ana,

Heç kəsi yox yanında təkcə can verir.

Əzrayıl qapısın döyəndə ana,

Düşünür oğludur, deyir: "hardasan"?!..

 

Poemanın finalında deyilən bu sözlərlə sanki bütün laqeyd insanlara qarşı, müqəddəs ana qədrini bilməyən nankor oğullara qarşı şair bir fəryad qoparır.

İnanırıq ki, çox keçməyəcək  neçə-neçə belə həzin duyğulu  yeni şeirləri  çapa hazırladığı üçüncü kitabında  toplanıb biz oxuculara ərməğan ediləcək. Bu yolda şair  dostumuz, jurnalist həmkarımız Ramazan Səməroğluna uğurlar diləyirik.

 

 

Ədalət DAŞDƏMİRLİ

 

Azərbaycan müəllimi.- 2011.- 6 may.- S.30.