"Şahmat dünyası" multimedia sisteminin təqdimatı keçirildi

 

Aprelin 29-da Təhsil Nazirliyində "Şahmat dünyası" multimedia sisteminin təqdimat mərasimi keçirildi.

Tədbirdə təhsil naziri Misir Mərdanov, təhsil nazirinin müavinləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Təhsil Nazirliyi Aparatının məsul işçiləri, nazirliyin şöbə müdirləri və struktur bölmələrinin rəhbərləri, Bakının, eləcə də respublikanın, bir sıra bölgələrinin uşaq-gənclər şahmat məktəblərinin direktorları, idman mütəxəssisləri, gənc şahmatçılar və başqaları iştirak edirdilər.

Mərasimi təhsil naziri Misir Mərdanov açaraq qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluq hissi keçirdiyini söylədi. Nazir ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirdi. Qeyd olundu ki, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə ölkədə bədən tərbiyəsi və idmanın inkişafına xüsusi dövlət qayğısı olmuşdur. Hazırda ümummilli lider Heydər Əliyev kursunun layiqli davamçısı, respublika Prezidenti cənab İlham Əliyevin fəaliyyətində bu sahəyə xüsusi önəm verilir.     

Azərbaycanda sevilən idman növlərindən biri olan şahmatın zəngin tarixi ənənələri ilə xalqımızın mədəniyyətində özünəməxsus yer tutduğunu qeyd edən nazir bu intellektual oyunun inkişaf yolu, müstəqillik illərində qazanılan uğurlar haqqında ətraflı söz açdı. Məlumat üçün bildirdi ki, şahmata dövlət tərəfindən göstərilən yüksək qayğı nəticəsində 1992-ci ildən başlayaraq idmançılarımız dunya və Avropa birinciliklərində 82 medal qazanmışdır ki, onlardan da 33-ü qızıl, 25-i gümüş, 24-ü isə bürünc medaldır. Beynəlxalq Şahmat Federasiyasının (FİDE) iki aydan bir yeniləşən reytinq cədvəlinə görə, Azərbaycan həmişə birinci onluqda olur və hazırda 159 ölkə arasında 9-cu yerdədir. Dünyanın 20 ən güclü şahmatçıları sırasında Şəhriyar Məmmədyarov 8-ci, Vüqar Həşimov 11-ci, Teymur Rəcəbov isə 12-ci yerdədir.    

Xalqın intellektual səviyyəsini göstərən idman növü kimi ölkəmizin dünyada tanınmasında şahmatın rolundan bəhs edən nazir Misir Mərdanov 2002-ci ildə Bakıda gənclər arasında Avropa, 2003-cü ildə isə Naxçıvanda Dünya çempionatlarının, 2008-ci ildən başlayaraq Bakıda, bu il isə Naxçıvanda  ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən mötəbər turnirlərin keçirilməsini Azərbaycana beynəlxalq miqyasda göstərilən etimad kimi qiymətləndirdi.

Təhsil naziri ölkə başçısı cənab İlham Əliyevin 5 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı" çərçivəsində həyata keçirilən tədbirləri mərasim iştirakçılarının diqqətinə çatdırdı. Qeyd edildi ki, proqram qəbul olunduqdan sonra respublikamızda şahmat hərəkatı daha da inkişaf etməyə başlamış, şahmat məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, onların müasir inventar və kompüter avadanlıqları ilə tam təmin olunması istiqamətində işlər görülüb. Bütün bunların şahmatçılarımızın beynəlxalq yarışlarda uğurlarının sayının artmasına zəmin yaratdığını söyləyən nazir məktəblilərin 2009-cu ildə Avropa və dünya birinciliklərində 5 medal, 2010-cu ildə isə 15 medal qazandıqlarını, şahmatçılarımızın bir sıra digər beynəlxalq turnirlərdə də çoxlu sayda medal əldə etdiklərini bildirdi. Nazir Misir Mərdanov şahmat sahəsində mövcud potensial, bu idman növünün gələcəyinin təmin edilməsi, şahmatçılarımızın  beynəlxalq yarışlarda daha parlaq uğurlara imza atması istiqamətində görülən işlərdən biri kimi "Şahmat dünyası" multimedia sisteminin hazırlanmasını yüksək dəyərləndirdi. Təhsil naziri qeyd etdi ki, multimedia sistemində bölmələrdə verilən mövzular yüksək səviyyəli peşəkar şahmatçılar və beynəlxalq dərəcəli məşqçilər tərəfindən yazılıb. Dünya təcrübəsinə əsaslanan bu tədris vəsaitinin gənc şahmatçılarımız üçün gözəl bir töhfə olduğunu söyləyən nazir hazırda "Şahmat dünyası" multimedia sisteminin 2-ci hissəsinə hazırlıq işlərinin görüldüyünü, bura Azərbaycan şahmatçılarının yaradıcılığı, debüt hazırlığı, taktika və kombinasiyalar, şahmat praktikasında rast gəlinən mübahisəli hallar, klassik bəstələr, dünya çempionlarının 101 miniatürü və digər bölmələrin daxil ediləcəyini bildirdi. Bundan başqa, şahmat tarixində ən vacib sayılan 15 adda tədris vəsaitinin tərcümə edilməsi və onun elektron multimedia sisteminin hazırlanması nəzərdə tutulduğu da  qeyd olundu.

Çıxışının sonunda təhsil naziri "Şahmat dünyası" multimedia sisteminin hazırlanmasında əməyi olan hər bir kəsə təşəkkürünü bildirərək şahmatçılarımızın ölkəmizi bundan sonra da mötəbər yarışlarda  layiqincə təmsil edəcəklərinə ümidvar olduğunu söylədi.

Azərbaycan şahmatçılarının ümummilli lider Heydər Əliyevin qayğısı və diqqəti sayəsində dünya arenasında tanınmasından, ölkə başçısı cənab İlham Əliyev tərəfindən idmanın bütün sahələrinin, o cümlədən şahmatın inkişafı istiqamətində aparılan məqsədyönlü işlərdən söz açan təhsil nazirinin müavini Elmar Qasımov əldə olunan uğurlu nəticələrdən danışdı. Nazir müavini bildirdi ki, həyata keçirilən tədbirlərin nəticəsidir ki, Azərbaycanda şahmatın kütləviliyi artıb, uşaq-gənclər şahmat məktəbləri ən müasir avadanlıqlarla, informasiya - kommunikasiya texnologiyaları ilə təmin edilib,  elektron vəsaitlər hazırlanaraq gənc şahmatçıların ixtiyarına verilib. Bundan başqa, xarici ölkələrdə keçirilən nüfuzlu yarışlarda şahmatçılarımızın mütəmadi olaraq iştirakı təmin olunub. Elmar Qasımov bu gün bizim tanınmış şahmatçılarımızla yanaşı perspektivli, ümidverici yeniyetmələrin də yetişdiyini və onların yaxın illərdə xoş sorağının mötəbər yarışlardan gələcəyinə əmin olduğunu söyləyərək həmin idmançıların adlarını qeyd etdi. Nazir müavini daha sonra mərasim iştirakçılarına  şahmatın inkişafı ilə bağlı Təhsil Nazirliyinin həyata keçirdiyi tədbirlər barədə də ətraflı məlumat verərək şahmatçıların ixtiyarına verilən "Şahmat dünyası" multimedia sisteminin əhəmiyyətinə toxundu.

Sonra "Şahmat dünyası" multimedia sisteminin təqdimatı oldu. Elektron vəsaitdə ayrı -ayrı bölmələrdə şahmat tarixi, Azərbaycanda şahmatın tarixi, ölkəmizdə şahmatın inkişafına göstərilən dövlət qayğısı öz əksini tapıb. Adıçəkilən multimedia sisteminə daxil olan istifadəçi həmçinin hakimlik, şahmat bəstəçiliyi, gedişlər və uduşlar, fiqurların gediş qaydaları, dahi şəxsiyyətlər, bütövlükdə şahmat, eləcə də  tanınmış şahmatçılarımız  barədə ətraflı  məlumat almaqla yanaşı, həmçinin bu sahədə işlənən terminlərin izahlı lügəti ilə tanış olmaq imkanı əldə edəcəkdir.

Çıxış üçün söz alan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, "Çaşıoğlu-Multimedia" şirkətinin direktoru Rəhilə Səfərəliyeva, Şamaxı rayon Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru Asif Ağayev ölkəmizdə şahmatın inkişafına göstərilən diqqət və qayğıdan danışdılar və "Şahmat dünyası" multimedia sisteminin istifadəyə verilməsinin şahmatçılar, eləcə də şahmatsevərlər üçün qiymətli bir hədiyyə olduğunu bildirdilər.

Mərasimin sonunda təhsil naziri Misir Mərdanov "Şahmat dünyası" multimedia sisteminin ilk nüsxələrini gənc şahmatçılara təqdim edərək onlara daha  yüksək nailiyyətlər əldə etməyi arzuladı.

 

 

Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.- 2011.- 6 may.- S.4.