Yaradıcılıq
müsabiqəsinin yekunlarına
həsr olunmuş konfrans
Mayın 4-də Akademik Milli Dram Teatrında ümummilli
lider Heydər Əliyevin
anadan olmasının
88-ci ildönümünə həsr olunmuş
"İstedada diqqət
və qayğı gələcəyə yönəlik sərmayədir"
adlı konfrans keçirildi.
Tədbir
Bakı Şəhəri üzrə Təhsil İdarəsi və
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin birgə təşkil
etdiyi eyniadlı yaradıcılıq müsabiqəsinin
yekunlarına həsr olunmuşdu.
Konfransda
təhsil naziri Misir Mərdanov, millət vəkilləri,
Bakı Şəhər İcra Hakimiyyətinin və ictimai
qurumların nümayəndələri, ümumtəhsil müəssisələrinin
rəhbərləri və KİV təmsilçiləri
iştirak edirdilər.
Qeyd
edək ki, məktəblilər arasında təşkil olunan ədəbi-bədii
və kompüter layihələri üzrə" İstedada
diqqət və qayğı gələcəyə yönəlik
sərmayədir" müsabiqəsinin
əsas məqsədi istedadlı şagirdlərin
yaradıcılıq qabiliyyətlərinin inkişafı
üçün hərtərəfli əlverişli şərait
yaratmaqdır. Cari ilin fevral-may aylarında məktəb, rayon və
şəhər olmaqla 3 mərhələdə keçirilmiş
yaradıcılıq müsabiqəsinə Bakı şəhərinin
ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri
qatılmışlar. Əsasnaməyə görə, məktəblilər
müsabiqədə ədəbi-bədii layihələr
üzrə inşa yazı, şeir, bədii qiraət və rəsm
nümunələri, kompüter layihəsi üzrə isə
təqdimatlar, veb-saytlar, kompüter proqramları və öyrədici
işlərlə iştirak etmişlər.
Konfransı
açaraq iştirakçıları salamlayan Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin müdiri Nailə
Rzaquliyeva giriş sözü söylədi.
Yaradıcılıq
müsabiqəsində minlərlə paytaxt məktəblisinin
iştirak etdiyini əlamətdar hal kimi dəyərləndirən
Nailə Rzaquliyeva qeyd etdi ki, balaca istedadlar öz
bacarıqlarını nümayiş etdirməklə
yanaşı, həm də ulu öndər Heydər Əliyev
haqqında dəyərli fikirlər söyləmək
imkanı qazandılar. Bu müsabiqə göstərdi ki,
xalqımızın potensial imkanları tükənməzdir,
bəşəriyyətə çox böyük dahilər
verən Azərbaycan xalqı istedadlı gənc nəslə
malikdir.
Ümummilli
lider Heydər Əliyevin istedadlı uşaqları milli sərvət
adlandırdığını, onların qayğısına
qalmağı tövsiyə etdiyini xatırladan idarə
müdiri bu müsabiqənin həmin tövsiyəyə əməl
olunması istiqamətində atılan addımlardan biri
olduğunu vurğuladı.
N.Rzaquliyeva
qeyd etdi ki, təkcə istedadın olması yetərli deyil. Əsas
məsələ bu istedadı üzə
çıxarmağı və inkişaf etdirməyi bacarmaqdır.
İstedadlı
uşaqların qabiliyyətlərinin inkişaf etdirilməsi
evdə valideynlərin, məktəbdə müəllimlərin,
bütövlükdə isə cəmiyyətin işidir. Müsabiqənin
həyəcan dolu anları artıq arxada qalıb. Bu gün
qaliblər mükafatlandırılacaqlar. Yəqin ki, bu
mükafatın maddi tərəfi deyil, mənəvi dəyəri
onlar üçün daha önəmli olacaqdır.
BŞTİ-nin
müdiri N.Rzaquliyeva çıxışının sonunda
Bakı təhsilinə qayğı və diqqətini əsirgəməyən
təhsil naziri Misir Mərdanova, Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin sədri Səttar Mehbalıyevə, bir
neçə ay davam edən müsabiqəyə təqdim
edilmiş hər bir işə obyektiv qiymət verən
münsiflər heyətinə və bu tədbirin keçirilməsində
əməyi olan hər kəsə təşəkkürünü
bildirdi.
Azərbaycan
Respublikasının təhsil naziri Misir Mərdanov
konfransdakı çıxışında hazırda ölkədə
təhsilə xüsusi diqqət və qayğı göstərilməsindən
bəhs etdi: "Ölkənin bütün ali məktəblərində
maddi-texniki baza möhkəmlənib, təmir, yenidənqurma
işləri aparılıb, lazımi avadanlıqlar əldə
edilib. Orta məktəblərdə də analoji proseslər
gedir. Son illər ərzində
Azərbaycada iki mindən artıq məktəb tikilib və
əsaslı təmir olunub, avadanlıqla, kompüterlərlə
təchiz edilib".
Respublikamızda
istedadlı gənclərin üzə
çıxarılması üçün dövlət səviyyəsində
məqsədyönlü iş aparıldığını
deyən təhsil naziri bununla bağlı müəllimlərin
üzərinə daha çox vəzifə
düşdüyünü, onların bu işə çox məsuliyyətlə
yanaşmalarının zəruri olduğunu vurğuladı.
Konfransda
çıxış edən millət vəkilləri Məlahət
Həsənova və Səttar Mehbalıyev müsabiqə qaliblərinə
gələcəkdə daha böyük uğurlar
qazanmağı arzuladılar.
Məktəblilər
tədbir boyu maraqlı ədəbi-bədii proqramla
çıxış etdilər. Çıxışlar
arasında qaliblərin mükafatlandırılması mərasimi
keçirildi.
Konfransı
yekunlaşdıran təhsil naziri Misir Mərdanov ümummilli
lider Heydər Əliyevin anadan olmasının 88-ci
ildönümü münasibətilə belə maraqlı tədbir
hazırladığına görə BŞTİ-nin rəhbərliyinə
təşəkkürünü bildirdi.
Hicran ƏKBƏROVA
Azərbaycan müəllimi.- 2011.-
6 may.- S.4.