"Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda II Beynəlxalq elmi konfrans öz işinə başlayıb

 

 Mayın 4-də Bakı Slavyan Universiteti və Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə BSU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda II beynəlxalq elmi konfrans öz işinə başladı. Öncə iştirakçılar BSU-da ümummilli lider Heydər Əliyevin büstü önünə əklil qoydular.

Konfransda respublikanın ali məktəbləri və elmi müəssisələrinin nümayəndələri ilə yanaşı, Türkiyə, Rusiya, ABŞ, Belarus, Gürcüstan, Litva, Polşa və Qazaxıstandan 30-a yaxın alim və tədqiqatçı iştirak edirdi. Tədbirin keçirilməsində məqsəd azərbaycanşünaslıq ideyalarının bir elmi istiqamət kimi öyrənilməsi və mənimsənilməsi, xarici ölkələrin universitetlərində fəaliyyət göstərən azərbaycanşünaslıq tədris və mədəniyyət mərkəzlərinin fəaliyyətinin gücləndirilməsi, azərbaycanşünaslığın inkişafı, təbliği və tətbiqi, müxtəlif ölkələrdən olan azərbaycanşünasların Azərbaycan dili, ədəbiyyatı, tarixi və mədəniyyətinə marağını artırmaqdan ibarət idi. Qeyd edək ki, BSU ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş tədbirlər planında 48 tədbir keçirməyi nəzərdə tutub ki, bu da həmin tədbirlərdən ən əhəmiyyətlisidir.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Kamal Abdullayev ulu öndər Heydər Əliyevin dövlətçiliyimizə bəxş etdiyi töhfələrdən söz açdı.  Heydər Əliyevin dünya siyasi arenasında böyük bir siyasətçi olduğunu ömrünü xalqına, onun gələcəyinə həsr etdiyini iştirakçıların nəzərinə çatdırdı. Professor K.Abdullayev ulu öndər Heydər Əliyevlə bağlı universitetin ən böyük xatirəsinin ümummilli liderlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin universitetə birgə gəlişi ilə bağlı olduğunu qeyd etdi. Bildirdi ki, universitetin yaranmasının təşəbbüskarı olan Heydər Əliyev BSU-ya diqqət qayğısını əsirgəməmişdir. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının milli mənəvi dəyərlərinə  adət-ənənələrinə daim hörmətlə yanaşaraq, bundan irəli gələn məsələləri diqqət mərkəzində saxlamışdır.

Konfransın artıq ikinci il keçirildiyiniböyük əhəmiyyət daşıdığını qeyd edən K.Abdullayev bildirdi ki, elmi məclisin işi müasir azərbaycanşünaslığın müxtəlif aspektlərini əhatə edəcək. Burada siyasət, hüquq, tarix, etnoqrafiya, dil və ədəbiyyat, mədəniyyət, elm təhsil, iqtisadiyyat coğrafiya sahələri üzrə məruzələr olunacaq.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Elmar Qasımov iştirakçıları və qonaqları salamlayaraq  konfransın əhəmiyyətindən söz açdı. Nazir müavini konfransın ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar keçirilməsinin konfransın əhəmiyyətini daha da artırdığını qeyd etdi. E.Qasımov bildirdi ki, Heydər Əliyev müasir Azərbaycanın qurucusudur və beynəlxalq tədbirin onun ildönümü ərəfəsində keçirilməsi təqdirəlayiqdir. E.Qasımov ulu öndər Heydər Əliyevin ideyaları əsasında formalaşan gündən-günə inkişaf edən respublikamızda azərbaycanşünaslıq sahəsinə böyük diqqət yetirildiyini bildirdi. Nazir müavini gündəliyə salınmış mövzuların aktual olduğunu bu işi davam etdirməyin vacibliyini vurğuladı. Bildirdi ki, konfransın keçirilməsində əsas məqsədlərdən biri dünya universitetlərində azərbaycanşünaslıq bölmələrinin yaradılmasıdır. Artıq bəzi ölkələrdə - Rusiya, Polşa universitetlərində belə bölmələr fəaliyyət göstərir.

Digər çıxış edənlər-Ural Dövlət Universitetinin professoru Aleksandr Nesterov, ABŞ-ın Kolumbiya Universitetinin nümayəndəsi Amanda Erikson, Polşa Şərqşünaslıq İnstitutunun elmi işçisi Elizabeta Kustra-Pirvere, Belarus Dövlət İqtisad Universitetinin nümayəndəsi Eleonora Hüseynova, Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin professoru Stanislav Çernyayevski başqaları azərbaycanşünaslıq haqqında fikirlərini söylədilər.

Konfrans öz işini  mayın 6-da Gəncə Dövlət Universitetində davam etdirəcək.

 

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2011.- 6 may.- S.9.