"Ətraf mühiti qoruyaq" rəsm müsabiqəsinə yekun vuruldu

 

Aprelin 30-da  T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının "Uşaq dünyası" rəsm qalereyasında "Ətraf mühiti qoruyaq" movzusunda  məktəblilərin  respublika  rəsm müsabiqəsinin  yekun tədbiri keçirildi.

Tədbirdə  Azərbaycan Respublikası  təhsil  nazirinin müavini Elmar Qasımov, ekologiya və təbii sərvətlər nazirinin  müavini  Firdovsi Əliyev, Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov, Dövlət Rəssamlıq Akademiyasının  əməkdaşları  Asif Azərelli və Ceyhun Həmzəyev,  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar təhsil sektorunun müdiri Qənirə  Sultanova,  aparıcı mütəxəssis Rövşən Əliyev, Respublika Ekoloji Tərbiyə  və Təcrübəçilik Mərkəzinin direktoru Əli Şükürov və müavini Lalə Dadaşova, T.İsmayılov adına  Uşaq-Gənclər Yaradıcılıq Sarayının direktoru Bədaye Ramazanova və b.  iştirak edirdilər.

Tədbiri giriş  sözü ilə açan təhsil nazirinin müavini  Elmar Qasımov qonaqları və məktəbliləri salamlayaraq son dövrdə Təhsil Nazirliyinin təşəbbüsü ilə  məktəblilərin ekoloji təhsili və tərbiyəsi işini daha da təkmilləşdirmək məqsədilə geniş və çoxsaylı tədbirlərin həyata keçirildiyini söylədi.  Qeyd etdi  ki, son illərdə ekoloji təhsilin inkişafında  olan irəliləyişlər ekoloji biliklərin daha dərindən mənimsənilməsinə və əməli fəaliyyətdə tətbiq olunmasına şərait yaradır. Bu  gün sərgidə Azərbaycanın bütün regionlarının təbii gözəlliklərini, ətraf mühitin qorunmasını təbliğ və təmsil edən 207 yaradıcılıq işi nümayiş olunur.

Nazir müavini  həmin rəsmləri yüksək  dəyərləndirərək  Naxçıvan Muxtar Respublikasının, Bakı, Sumqayıt, Gəncə şəhərləri, Masallı, Goranboy, Saatlı, Siyəzən, Ağdam, Ağcabədi, Lənkəran, Qusar rayon ETTM-lərinin, UYM-nin uğurlu yaradıcılıq işlərini xüsusi olaraq vurğuladı. E.Qasımov qeyd etdi ki, rəsm müsabiqəsi   3 yaş qrupu  (6-9 , 10-13 ,14-17 yaşlar) və 3 mərhələ ( məktəb, rayon, (şəhər) və  respublika) üzrə keçirilərək respublikanın müxtəlif regionlarında  istedadları üzə çıxarıb.  Müsabiqənin  məktəb və rayon mərhələlərində  2000-dən artıq məktəbli öz rəsmlərində  ana yurdun zəngin təbiətini, misilsiz təbii sərvətlərini, ətraf mühitin ekoloji vəziyyətini məhəbbətlə əks etdirib.  Müsabiqənin  respublika mərhələsinə  52 rayon  və şəhərdən təqdim olunan 360-a qədər yaradıcılıq işində  məktəblilər təbiətin gözəllikləri ilə yanaşı,  antropogen təsirin neqativ nəticələrini, təbii sərvətlərə və  canlılara qayğıkeş münasibətin zəruriliyini də təsvir ediblər.

Tədbirdə çıxış edən qonaqlar məktəblilərə  ekoloji təhsildə  yeni nailiyyətlər arzulayıb, ətraf mühitin qorunması məqsədilə keçirilən aylıqlarda, ekoloji aksiyalarda və digər tədbirlərdə daha yaxından iştirak etməyi  tövsiyə etdilər.

Tədbirin sonunda   müsabiqə qaliblərinə Təhsil Nazirliyinin diplom və hədiyyələri təqdim olundu.  "Ətraf mühiti qoruyaq" movzusunda nümayiş olunan rəsmlərə baxış keçirildi.

 

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2011.- 6 may.- S.15.