"Yeni təlim metodları, onların tətbiqi imkanları nəticələri" mövzusunda konfrans

 

Bakı şəhəri İ.Tağıyev adına 26 nömrəli tam orta məktəbdə "Yeni təlim metodları, onların tətbiqi imkanları və nəticələri" mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransa paytaxtın Xəzər və Sabunçu rayonlarından məktəb direktorları və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri dəvət almışdılar. Onlar əvvəlcə məktəbin foyesində açılmış sərgidə şagirdlərin əl işlərinə - yaradıcılıq məhsullarına tamaşa etdilər, hər bir fənn müəlliminin dərs planı, icmalı, mühazirələri, istifadə etdikləri əlavə ədəbiyyatları, yeni metodik vəsaitləri ilə tanış oldular.

Sonra konfrans iştirakçıları 15 fənn üzrə keçilən "açıq dərs"lərdə iştirak etdilər. Dinlənilən dərslər müəllimin bələdçi, şagirdlərin isə tədqiqatçı ola bilmələri ilə yadda qaldı.

Azərbaycan dili və ədəbiyyat müəllimi, əməkdar müəllim Tamella Muradovanın şagirdlərlə birlikdə ərsəyə gətirdiyi "M.Müşfiq ruhu milli ruhumuzdur" mövzusunda ədəbi-bədii kompozisiyası bizə əsl yaradıcılıq gecəsini xatırlatdı. Növbəti tədbir olan "Respublikamızın istirahət məkanları"na şagirdlərlə birlikdə biz də səyahət etdik. "Nə, harada, nə vaxt" intellektual oyununda şagirdlərin geniş biliyə, zəngin informasiyaya malik olması bir daha öz təsdiqini tapdı.

Sonra keçirilən "dəyirmi masa" daha çox hesabat xarakteri daşıdı. Mövzunun aktuallığı, müasirliyi, təhsildə kifayət qədər təcrübəsi olan mütəxəssislərin iştirak etməsi, onların hər bir "açıq dərs"də yeni təlim metodunun tətbiqinin qiymətləndirilməsində qərəzsiz, düzgün mövqe tutması, fəallığı öz önəmliliyi ilə seçildi.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Natiq Səmədov açaraq konfrans iştirakçılarını təhsil ocağı haqqında ümumi məlumatlandırdı. Yeni interaktiv təlim metodlarının tətbiqi yollarından, nəticələrindən, əhəmiyyətindən, gündəlik tədris tələbatı olmasından, müsabiqələrdə şagirdlərin qazandıqları uğurlardan, təcrübəli müəllimlərin fədakarlığından, pedaqoji-psixoloji ustalığından, problemlərdən və vəzifələrdən danışdı.

Təlim-tərbiyə işləri üzrə direktor müavini Elmira Əliyeva "Şagird şəxsiyyətinin formalaşmasında kurikulumun rolu, müəllim-valideyn münasibətləri", ibtidai sinif müəllimi Mətanət Qurbanova isə "Kurikulumun tətbiqi təcrübəsi" mövzularında çıxış etdilər.

Konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Metodik Mərkəzinin direktor müavini Sitarə Məmmədova, məsləhətçi Firudin Abbasov, bölmə müdiri Alı Məmmədov, metodist, əməkdar məşqçi Əmirxan Məmmədov, YAP Xəzər Rayon təşkilatı aparatının rəhbəri İlham Məmmədov və digər çıxış edənlər məktəbdə yeni təlim metodları, onun tətbiqi imkanları və nəticələrini razılıqla qarşıladılar, fikirlərini söylədilər, rəy və təkliflərini bildirdilər.

 

 

Qismət ALIŞOĞLU

 

Azərbaycan müəllimi.- 2011.- 6 may.- S.27.