Ostin Texas Universiteti
Yerləşir: ABŞ,
Yaranma tarixi: 1883-cü il
Tipi:
Dövlət
İşçi heyətinin ümumi
sayı: 24000 nəfər
Tələbələrin ümumi
sayı: 51195 nəfər
İllik gəlirləri: 7030037 ABŞ dolları
İllik xərcləri: 5033208 ABŞ dolları
Rəsmi saytı: www.utexas.edu
Ostin
Böyük
Britaniyanın "Times Higher Education Supplement - QS World
Universities Rankings" jurnalının 2009-cu ildə
apardığı dünya universitetlərinin reytinqinə əsasən,
Ostin Texas Universiteti San-Diyeqo Kaliforniya Universiteti ilə birgə
100 ən yaxşı ali məktəb arasında 76-cı yerdə
olub. 2010-cu il üzrə "QS World University Rankings"in
açıqlamasına görə dünyanın ən
nüfuzlu universitetləri arasında Ostin Texas Universiteti 67-ci
yerdə qərarlaşıb.
Tarixi
Texasda
dövlət universitetinin yaranması haqqında ilk məlumat
1827-ci ilə təsadüf edir. Həmin dövrdə Texas
Meksika dövlətinin tərkibində idi və burada ilk
universitet yaradılması haqqında maddə Meksika dövlətinin
konstitusiyasında qeyd olunmuşdu. Konstitusiyada incəsənət
və elm sahələrini əhatə edən universitetin
yaradılması göstərilsə də, həmin dövrdə
Meksika hökuməti bu istiqamətdə heç bir tədbir
görmür. 1836-cı ildə
1846-cı
ildə Texas Amerika Birləşmiş Ştatlarının tərkibinə
birləşdirilir. 1858-ci ildə
Vətəndaş
müharibəsi bitdikdən sonra 1862-ci ildə qəbul
edilmiş Morrill Qanununa əsasən Texas Kənd Təsərrüfatı
və Mexanika Kolleci yaradılır. Kollec 1876-cı ildə
Texas Kənd Təsərrüfatı və Mexanika Universiteti
adlandırılır. Yeni Texas Konstitusiyası tələb
edir ki, yaxın zamanlarda ştatda birinci dərəcəli
universitet yaradılsın. Qərbi Texasda dəmiryolu tikintisi
üçün ayrılmış 1 milyon akr (4000 km2) ərazidə
yeni universitetin tikintisi planlaşdırılır. 1883-cü
ildə universitet üçün daha 2 milyon akr ərazi
ayrılır. Bu ərazilərə sahiblik Texas Kənd Təsərrüfatı
və Mexanika Universitetinin üzərinə düşür.
1881-ci ildə yeni yaradılacaq universitetin əsas korpusu kimi
Ostin, tibb bölməsinin kampusu
isə Qalveston şəhərləri seçilir. 1882-ci
ilin ikinci yarısında universitetin tikintisinə
başlanılır. 1883-cü ilin 15 sentyabrında Ostin Texas
Universiteti ilk tələbələrini qəbul edir.
1934-cü
ilədək universitetin qədim viktorian-qotik üslubuna aid
binası ali məktəbin inzibati hissəsi kimi fəaliyyət
göstərir. Həmin bina hündür olmasa da, geniş ərazini
əhatə edir. Universitetdə yer qıtlığı
yaşandığı üçün həmin ildə bir çox müəllim və
tələbənin etirazına baxmayaraq, əsas bina
sökülür, onun yerində
daha müasir qüllə və hündür mərtəbəli
bina tikilir. 1920-ci ildə biznesmen və filantrop Corc Brakenric
Ostin Texas Universitetinə Kolorado çayının sahilində
500 akr ərazi bağışlayır. Naiblər
Şurasının səsverməsinə əsasən
universitetin kampusunu yeni əraziyə köçürmək
niyyəti əhalinin etirazı ilə
qarşılandığı üçün baş tutmur. Həmin
vaxtdan başlayaraq bu ərazi
yataqxana və digər köməkçi məqsədlərə
xidmət edir. 90-cı illərdə qeyd olunan ərazinin bir
hissəsi satılır. 1923-cü ildə universitet ərazilərində
neft aşkar olunduğu üçün ali məktəbin gəlirləri
sürətlə çoxalmağa başlayır. 1931-1947-ci
illərdə universitetdə genişləndirmə və yenidənqurma
işləri sürətlənir. 1950-1965-ci illərdə
Ostin Texas Universiteti yeni 19 bina inşa etdirir, 1965-ci ildə
sahibkarlara kompensasiya ödəyərək ətraf əraziləri
alır. Beləcə, universitet ətraf ərazilərdə
daha 40 akr ərazi əldə edir.
1969-cu ildə
universitetdə Şimali Amerikanın ən böyük
yataqxanası olan Caster mərkəzi tikilir. 14 və 10 mərtəbəli
iki qüllədən ibarət yataqxana kompleksi 3500-ə qədər
tələbə tutumuna malikdir. 1971-ci il mayın 22-də
universitetin kampusunda ABŞ-ın 36-cı prezidenti olmuş
Lindon Beyns Consonun və onun xanımının, eləcə də
həmin dövrdə ABŞ-ın prezidenti olan Riçard
Niksonun iştirakı ilə Prezident kitabxanasının
açılışı baş tutur. Kitabxana Lindon Beyns
Consonun şərəfinə onun adını
daşıyır. Ostin Texas Universitetinin Lindon Beyns Conson
Kitabxanası və Muzeyi Milli Arxiv və Sənəd İdarəsinin
tərkibindəki 12 prezident kitabxanasından biridir. 2006-cı
il aprelin 30-da universitetin Blanton İncəsənət Muzeyi
istifadəyə verilir. 14000 m2 əraziyə malik muzey
dünyanın ən böyük incəsənət muzeylərindən
biridir. 2008-ci ilin avqustunda təmir edilmiş Darella Kral stadionu
(94113 yerlik) Texasın ən böyük stadionuna
çevrilir.
Büdcəsi və təhsil
haqqı
2010-cu il
üzrə ali məktəbin ümumi illik büdcəsi 2,14
milyard dollar olub.
2009-2010-cu
tədris ilində Ostin Texas Universitetinin illik gəlirləri
7030037 ABŞ dolları olub. Bu məbləğin 667561-ni
ümumi ödəmələr və qrantlar, 356500-ni dövlət
yardımları, 458495-ni ianə, 1285066-nı universitetin
mağazaları, zavodları, eləcə də icarəyə
verdiyi binalar hesabına əldə olunan, qalanlarını isə
digər gəlirlər təşkil edib. Həmin tədris
ilində universitetin ümumi xərcləri 5033208 ABŞ
dolları olub. Vəsaitin 1128493-ni ictimai təbliğat,
978554-ni ekoloji bərpa və tədqiqatlar, 532706-ni
yaşıllaşdırma və quruculuq, 288924-ni təhsil və
tədris proqramları, qalanlarını isə digər məsrəflər
təşkil edib.
2010-2011-ci
tədris ilində Ostin Texas Universitetinin bakalavr pilləsində
təhsil haqqı yerli tələbələr
üçün seçdikləri ixtisasdan asılı olaraq
ildə 4661-5163, əcnəbi tələbələr
üçün isə 14958-17144 ABŞ dolları arasında
dəyişib. Magistratura və doktorantura səviyyələrində
yerli tələbələrin təhsil haqqı yenə də
seçilən ixtisasdan asılı olaraq 5116-6225, əcnəbi
tələbələrin təhsil haqqı isə 10310-11789
ABŞ dolları arasında dəyişib.
2010-2011-ci
tədris ilində Ostin Texas Universitetində oxumaq
üçün tələbəyə, təhsil
haqqını çıxmaq şərti ilə, ümumilikdə
24026 ABŞ dolları lazım gəlib. Həmin vəsaitin
10112 ABŞ dollarına yataqxana, 874 ABŞ dollarına kitab və
dərs ləvazimatları, 1200 ABŞ dollarına nəqliyyat,
2424 ABŞ dollarına isə digər xərclər
daxildir.
Universitet bu gün
Ostin Texas
Universitetinin əsas kampusu 423,5 akr (171,4 hektar) ərazini əhatə
edir və həmin ərazidə ali məktəbin 150
binası yerləşir. Burada əsas diqqətçəkən
məqamlardan biri memar Pavel Filipp Kret tərəfindən
inşa edilmiş və şəhərciyin mərkəzində
yerləşən 94 metr hündürlükdə qüllə
və əsas binadır. Hər axşam ağ işıqla
işıqlandırılan qüllə müxtəlif tədbirlərdə,
idman yarışlarında qalibiyyət zamanı
narıncı, eləcə də digər rənglərdə
işıqlandırılır. Qüllənin yuxarı hissəsində
56 zəngin yerləşdirildiyi karilyon (zənglərin yerləşdirildiyi
musiqi aləti) Texasda ən böyük karilyon hesab edilir.
Qüllənin zəngləri iş günləri səhər
saat 6-da və axşam saat 21-də çalınır.
Universitetin kampusundakı digər binalardan Bətl Holl, Qriqori,
Anna Hiss gimnaziyalarını, Litfild Haus, Diş-Falk Fild
binalarını, Darella Kral-Texas Memorial, Mark Mayers Trek futbol
stadionlarını, Li və Co Cemeyl Texas Üzgüçülük Mərkəzini,
Frenk Ervin Xüsusi Hadisələr Mərkəzini və s. qeyd
etmək olar.
Ostin Texas
Universiteti ali məktəbin kampusunda yerləşən
bütün binaları birləşdirən geniş tunel
sisteminə malikdir. 1930-cu illərdə Fizika zavodunun rəhbəri
Karl Ekxardt tərəfindən yaradılmış tunel sonradan
kampus böyüdükcə genişləndirilib. Hazırda
tunelin ümumi uzunluğu 6 mildir və kommunal xidmətlər
üçün istifadə olunur. 1940-cı ildən ali məktəb
elektrik enerjisi istehsal edərək özünü təchiz
edir.
Hazırda
universitet kampuslarında yerləşən obyektləri
genişləndirməkdədir. 2010-cu ildə kimya və
biologiya tədqiqatları üçün nəzərdə
tutulmuş Norman Hakerman binası istifadəyə verilib, Bill və
Melinda Geyts Kompüter Elmləri Kompleksi, Dell Kompüter Elmləri
binası, Belo Yeni Media mərkəzinin tikintisinə
başlanılıb. Kampusda KUT radiostansiyası, kampus daxilində
tələbələrin hərəkətini tənzimləmək
məqsədilə avtobuslarla təmin olunmuş Kapital metro fəaliyyət
göstərir.
Ostin Texas
Universitetinin nəzdində Kommunikasiya, Təhsil, Təsviri
İncəsənət, Humanitar Elmlər, Təbii Elmlər, Əczaçılıq
kollecləri, Kokrell Mühəndislik, Təhsilin Davametdirilməsi
və İnnovativ təhsil, Cekson Yer elmləri, Lindon Conson
İctimaiyyətlə əlaqə, MakKombs Biznes, Memarlıq,
İnformasiya, Hüquq, Tibb bacısı, İctimai fəaliyyət,
Bakalavr, Ali məktəbləri fəaliyyət göstərir.
Onlarca bakalavr, magistr və doktorluq proqramları təklif edən
kollec və məktəblər, öz növbəsində,
departament, bölmə, institut və elmi-tədqiqat mərkəzlərindən
ibarətdir.
Kommunikasiya Kollecinə Reklam və ictimaiyyətlə
əlaqə, Kommunikativ tədqiqatlar, Kommunikasiya elmləri və
pozulmalar, Radio, televiziya və film departamentləri, Jurnalistika məktəbi,
Annet Ştraus Vətəndaş İştirakı,
Kinematoqrafiya, Telekommunikasiya İnformasiyaları və Siyasəti
institutları, Cəngavər
Amerika Jurnalistika, Texas İdman və
Media məktəbləri, Kəkələmə
İnkişaf, Dil və Koqnitiv Qocalma, Elmin İctimai
Anlayışı və Səhiyyə, Nitq İstehsalatı və s. laboratoriyalar daxildir.
Təhsil (Pedaqogika) Kolleci Tədris planı və təlimatı,
Pedaqoji administrasiya, Pedaqoji psixologiya, Kineziologiya və sanitariya
maarifləndirməsi, Xüsusi təhsil departamentlərindən,
Riyaziyyat Təhsili, Təhsil Karyera Xidməti, Tədris
Texnologiyası, Medous Təhsil Riskinin Qarşısının
Alınması, İkidilli Təhsilin İdarəolunması,
Pirson Psixometriya Tətbiqi Tədqiqatları, Latçer Stark,
Texas Əlillik Tədqiqatları, Təhsil Siyasəti, Uşaq
Tədrisi, Pedaqoji Administrasiya, Voqan Kross Oxuma və Yazma mərkəzlərindən,
Voqan İctimai Məktəb Təşəbbüsü
İnstitutundan ibarətdir.
Təsviri İncəsənət
Kollecində
İncəsənət və incəsənətin tarixi, Teatr
və rəqs, Texas ifaçılıq incəsənəti, Mənzərəli
yerlər departamentləri, Batler Musiqi Məktəbi, Latın
Amerikası Vizual Tədqiqatlar, Mezoamerika, Təsviri İncəsənət,
Amerika Musiqisi, Modernizm Tədqiqatları və s. mərkəzlər fəaliyyət
göstərirlər.
Humanitar
Elmlər Kollecinə Afrika tədqiqatları və Afrika
diasporu, Hava qüvvələri
elmi, Amerika tədqiqatları, Antropologiya, Samuel Uilson
antropologiya, Coel Brereton Asiya tədqiqatları, Stiven Uayt
klassika, Deyl Ştal iqtisadiyyat, Elizabet Kullinqford ingilis dili,
Daniyela Bini fransız və italyan dilləri, Kennet Yanq
coğrafiya və ətraf mühit, Piter Hess alman tədqiqatları,
Qari Frimen dövlət idarəçiliyi, Alan Tulli tarix,
Riçard Meyer dilçilik, Kristen Bryustad Yaxın Şərq,
Boris Robinson hərbi elmlər, Den Dikson hərbi-dəniz elmləri,
Kori Cul fəlsəfə, Ceyms Pennbeyker psixologiya, Marta Nyumen
ilahiyyat, Cefri Uorker ritorika və yazı, Meri Noyburger slavyan və
Avrasiya tədqiqatları, Kristina Uilyams sosiologiya, Cil Robbins
İspaniya və Portuqaliya tədqiqatları departamentləri
daxildir.
Təbii Elmlər Kollecinə Astronomiya, Biologiya elmləri,
Kimya və biokimya, Kompüter elmləri, İnsan
ekologiyası, Dəniz elmləri, Riyaziyyat, Fizika, Statistika və
elmi hesablama departamentləri, Dəniz elmləri, Nanotexnologiya
institutları, MakDonald Rəsədxanası, Brakenric Fild
Laboratoriyası, Yaddaşın Öyrənilməsi, Vaqqoner mərkəzləri
daxildir.
Əczaçılıq Kollecinə Tibbi kimya, Əczaçılıq,
Farmakologiya və toksikologiya,
Farmakoterapiya, Əczaçılıq Administrasiyası, Əczaçılıq
təcrübəsi departamentləri, Narkomaniya, İnfeksion Xəstəliklər
Tədqiqatları, Molekulyar və Hüceyrə Toksikologiyası,
Farmakoiqtisadi Tədqiqatlar mərkəzləri aiddir.
Ostin Texas
Universitetinin nəzdində zəngin kolleksiya və materiala
malik bir neçə muzey və kitabxana fəaliyyət
göstərir. Bunlar Lindon Beyns Conson Prezident Kitabxanası və
Muzeyi, Memarlıq və planlaşdırma, Aleksandr memarlıq
arxivi, Benson Latın Amerika, Mallet kimya, Klassik, Kolleksiya depozit,
MakKinni mühəndislik, Təsviri incəsənət, Uolter
geologiya, Pikl tədqiqat kampusu, Dəniz elmləri, Əsas
Perri-Kastaneda, Fizika, riyaziyyat, astronomiya kitabxanalarıdır.
Lindon Beyns Conson Prezident Kitabxanası və Muzeyi nəhəng
sənəd və digər
materiallardan ibarət elmi-tədqiqat ocağıdır.
Harri
Rensom Mərkəzi dünyanın ən zəngin arxivlərindən
biridir. Netti Li Benson Latın Amerikası Kolleksiyası
ABŞ-da bu sahə üzrə ən böyük
kitabxanadır. Blanton İncəsənət Muzeyi ölkənin
ən nəhəng bədii muzeylərindəndir və burada məşhur
kolleksiyalar cəmlənib. Dolf Brisko Amerika Tarixi Mərkəzi
Cənub-Qərbi Amerika və Texasın tarixinə aid zəngin
kolleksiyaya malik böyük elmi-tədqiqat müəssisəsidir.
Texas Memorial Muzeyi fəal təbii elmi mərkəz olaraq
çoxlu sayda ziyarətçilər qəbul edir.
Ostin Texas
Universitetinin hazırkı, 28-ci prezidenti professor Uilyam
Çarlz Pauersdir. O, bu vəzifəni 2006-cı il fevralın
1-dən icra etməyə başlayıb. Universitetdə ümumilikdə
24000-ə yaxın işçi çalışır.
İşçilərin 3000-ə qədərini
professor-müəllim heyəti təşkil edir. Onların
arasında 63 nəfər Milli Elmlər Akademiyasının
üzvü, 9 Nobel mükafatı laureatı, onlarca Pulitser
mükafatı, Milli Elmlər, Milli Texnologiyalar, Tyurinq və s.
medalların qalibləri var.
Universitetdə
ümumilikdə 51195 nəfər tələbə təhsil
alır. Onların 38420 nəfərini bakalavr, 11095 nəfərini
magistrant və doktorantlar, 1193 nəfərini Hüquq, 487 nəfərini
isə Əczaçılıq fakültəsinin tələbələri
təşkil edirlər. Ostin Texas Universitetində təhsil
alan bakalavrların 34999 nəfəri texaslı, 1697 nəfəri
ABŞ-ın müxtəlif ştatlarından olan, 1724 nəfəri
isə əcnəbi tələbələrdir. Hazırda
dünya üzrə bu ali məktəbin 450000 məzunu
müxtəlif sahələrdə fəaliyyət göstərir.
Ostin Texas
Universitetinin kampusunda 14 yataqxana mövcuddur. Bu yataqxanalarda 8000-ə
qədər tələbə yerləşdirmək
mümkündür. Yataqxanaların arasında ən
böyüyü 1969-cu ildə istifadəyə verilən və
3500-dən çox tələbə tutumuna malik Cester Mərkəzidir.
Şəhərciyi xatırladan bu yataqxana kompleksi universitetin
tarixində həyata keçirilən ən iri tikinti layihələrindən
biridir. Eyni zamanda ali məktəbdə Endryus, Litfild, Kinsolvinq,
Blanton, Karozers, Kriksayd, Almetris Duren, Mur-Hill kimi böyük
yataqxanalar fəaliyyət göstərir. Tələbələr
özəl yataqxanalarda, kirayə mənzillərdə də
qala bilərlər.
Universitetdə
1000-ə qədər tələbə təşkilatı
mövcuddur. Burada fəaliyyət göstərən ən qədim
təşkilatın tarixi 1902-ci ilə təsadüf edir.
Universitetdə "Study Breaks Magazine", "The Dailiy
Texas", "Texas Travesty" tələbə nəşrləri
fəaliyyət göstərir. Ostin Texas Universitetinin
talismanı
Ostin Texas
Universitetinin Əxlaq Kodeksi aşağıdakılardan ibarətdir:
təhsil, kəşf, azadlıq, liderlik, cavabdehlik, insanlara
yeni imkanların yaradılması. Universitetin hər bir
üzvü bu dəyərlərə bütövlük, sədaqət,
inam, ədalət və hörmət bəsləməli,
insanlara layiqli xidmət göstərməlidir. Ostin Texas
Universitetinin əsas missiyası ali, diplomdansonrakı təhsil,
elmi tədqiqatlar və dövlət qulluğu kimi
qarşılıqlı əlaqəyə malik sahələr
üzrə mükəmməl nəticələr əldə
etməkdir. Universitet Texas və ondan kənarda baş verən
pozitiv dəyişikliklərdə əsas katalizator rolu oynamağa
can atır, mədəniyyətlərin qorunması, inkişaf
etdirilməsi və dünya iqtisadiyyatının gücləndirilməsi
üzrə yeni proqramlar hazırlayır.
Universitetin məşhur məzunları
Lora
Buş
ABŞ-ın sabiq prezidenti Corc
Buşun xanımı
Cenna
Buş
ABŞ-ın sabiq prezidenti Corc
Buşun qızı
Berd
Conson ABŞ-ın
sabiq prezidenti Lindon Consonun xanımı
Linda
Bird Conson Robb ABŞ-ın
sabiq prezidenti Lindon Consonun böyük qızı
Ramsey
Klark ABŞ-ın sabiq baş prokuroru
Tom
Klark
ABŞ-ın sabiq baş
prokuroru və ABŞ
Ali Məhkəməsinin sabiq
hakimi
Con
Konolli
ABŞ-ın sabiq maliyyə
naziri
Skott
MakKlellan
Ağ evin sabiq mətbuat katibi
Fernando Belaunde Terri
Perunun sabiq prezidenti
Fransisko
Santes Kalderon
Kolumbiyanın 9-cu vitse-prezidenti
Mariya
de Lurdes
Meksikanın Avropa Şurasındakı sabiq səfiri
Salam Fəyyad Fələstin
Milli Hakimiyyətinin Baş naziri
Mustafa
Çamran
İranın sabiq müdafiə naziri
Şeyx Abdulla Tariki OPEK-in
yaradıcılarından biri
Hazırladı: Lamiyə ƏLİYEVA
Azərbaycan müəllimi.- 2011.-
13 may.- S.8-9.