Rəşid xan Zavid oğlu
Qaplanov
Rəşid xan Zavid oğlu
Qaplanov 1883-cü ildə
Dağıstanın Xasavyurd qəzasının Ağsay
kəndində anadan olub.
Milliyyətcə
Şimali Qafqazda yaşayan qumuq türklərindən olan Rəşid
xan Qaplanov Vladiqafqazda realnı məktəbdə oxuyub, Parisdəki
Sorbonna Universitetinin hüquq fakültəsini bitirib.
Ali təhsil
aldıqdan sonra İstanbula (Türkiyə) dəvət olunub,
1913-cü ilə qədər burada pedaqoji fəaliyyət
göstərib. O, bu müddətdə Osmanlı tarixini və
ədəbiyyatını dərindən öyrənib.
1913-cü
ildə Vladiqafqaza qayıdan Rəşid xan Qaplanov şəhər
dairə məhkəməsində andlı müvəkkil
müavini vəzifəsində çalışıb.
Rusiya
imperiyasını sarsıdan Fevral burjua inqilabından sonra
Şimali Qafqazda güclənən siyasi hadisə və proseslərdə
fəallıq göstərib, Çərkəz-Dağıstan
və Şimali Qafqaz Dağlı Xalqları İttifaqı
Respublikası hökumətlərində müxtəlif nazir vəzifələrində
çalışıb.
1919-cu
ildən Bakıda yaşayan Rəşid xan Qaplanov Azərbaycan
Xalq Cümhuriyyətinin dövlət quruculuğunda fəal
iştirak edib. 4-cü Hökumət Kabinetində xalq maarifi və
dini etiqad naziri vəzifəsinə təyin olunub. Onun rəhbərliyi
ilə Bakıda və Azərbaycanın bir çox şəhərlərində
yeni məktəblər fəaliyyətə başlayıb, Azərbaycan
Xalq Cümhuriyyəti hökuməti təhsil sahəsində
uğurlu addımlar atıb. Bakı Dövlət Universitetinin
açılmasında yaxından iştirak edib, eyni zamanda
burada "Osmanlı ədəbiyyatı tarixi"ndən dərs
deyib.
O,
100 nəfər azərbaycanlı gəncin xaricdə ali təhsil
almağa göndərilməsini təşkil edib. Həmin
dövrdə Bakıda Azərbaycan müəllimlərinin III
qurultayı keçirilib. Ümumi təhsilin məzmunu sahəsində
islahatlar üzrə Hökumət Komissiyası
yaradılıb, nəhayət, əlifba islahatı sahəsində
Dövlət Komissiyası fəaliyyətə başlayıb.
Azərbaycanın
müstəqilliyə qovuşması digər milli mənəvi
dəyərlərlə yanaşı, XX əsr təhsil
tarixinin, o cümlədən milli tariximizin mühüm bir sahəsi
olan Bakı Dövlət Universitetinin həqiqi tarixinin
yazılmasına tarixi imkan və şərait yaradıb. Ümummilli
lider Heydər Əliyevin dediyi kimi, "...universitetinin tarixini ədalətli,
düzgün yazmaq üçün indi gözəl şərait
yaranmışdır. Amma bu, təkcə universitetin tarixi
deyil, bu, Azərbaycan xalqının tarixidir, Azərbaycan
Respublikasının tarixidir, Azərbaycan elminin, təhsilinin,
mədəniyyətinin tarixidir. Ona görə də onu təhrif
etmək olmaz...".
Bu mənada
Bakı Dövlət Universitetinin təsis edilməsi ilə
bağlı bəzi tarixi məqamlara yenidən işıq
salmaq, tarixi həqiqətləri ictimaiyyətə
düzgün təqdim etmək olduqca faydalıdır.
Doğrudur,
Cümhuriyyətin 4-cü Hökumət Kabinetinin
proqramında Tiflisdəki Zaqafqaziya universitetinin Bakıya
köçürülməsi nəzərdə tutulub, nazir
müavini Həmid bəy Şahtaxtinskinin rəhbərliyi ilə
Tiflis hökuməti ilə intensiv danışıqlar
aparılıb. Bu barədə Vasili İvanoviç Razumovski
yazırdı: "1919-cu ilin əvvəlində Azərbaycan
Cümhuriyyəti xalq maarifi nazirinin müavini Həmid bəy
Şahtaxtinski Tiflis şəhərinə gəldi. O, rus
universitetini Bakıya köçürmək təklifi ilə
gəlmişdi, ...yaxşı binalar, maddi təminat və s. vəd
etdi...".
Universitet
rəhbərliyi bu təklifi qəbul etsə də, ermənilərin
qeyri-konstruktiv mövqeyi bu məsələnin həllinə
imkan vermədi. Belə olan halda, Cümhuriyyət hökuməti
Bakıda müstəqil universitet yaratmaq qərarına gəlir.
Hökumətin tapşırığı ilə Zaqafqaziya
universitetinin rektoru Vasili İvanoviç Razumovski Bakıya dəvət
edildi. Həmin il aprelin sonunda Bakıya gələn Vasili
İvanoviç Razumovski xalq maarifi naziri Rəşid xan
Qaplanov və onun müavini Həmid bəy Şahtaxtinski ilə
geniş müzakirələr apararaq Bakıda universitet təsis
edilməsi işinə rəhbərliyi öz üzərinə
götürdü. Hökumət 1919-cu il mayın 19-da Xalq
Maarifi Nazirliyi yanında universitet Komissiyası haqqında Əsasnaməni
və komissiyanın tərkibini təsdiq etdi. Komissiyanın
ilk iclasında maarif naziri Rəşid xan Qaplanov universitet
Komissiyası üzvləri qarşısında
çıxış edərək, universitetin açılışı
barədə Azərbaycan hökumətinin qəti qərarını
onların nəzərinə çatdırdı. Xatırladaq
ki, həmin komissiyaya geniş hüquqlar verilmişdi. Belə
ki, komissiya üzvləri hökumət
başçısınadək hər bir yüksək vəzifə
sahibinə müraciət edə bilirdilər. Hökumət
1919-cu il iyunun 16-da universitet Komissiyasının
ştatlarını təsdiq edib, işçilərin
maaşlarını müəyyənləşdirdi. Komissiyaya
qısa müddətdə universitetin təsis edilməsi,
nizamnaməsi və universitetin 1919-1920-ci dərs ili
üçün ştat və xərclər smetası
haqqında Qanun layihələrinin hazırlanması
tapşırıldı. Komissiya tezliklə həmin Qanun layihələrini
hazırlayıb hökumətə təqdim etdi. Azərbaycan
hökumətinin 1919-cu il 7 iyul tarixli qərarı ilə həmin
Qanun layihələrini bəyənərək Parlamentin
müzakirəsinə təqdim etdi. Təxminən iki aya
yaxın müddətdə həmin Qanun layihələri
Parlamentin müxtəlif komissiyalarında ətraflı
müzakirə olundu.
Çox
gərgin mübahisə və qızğın müzakirələrdən
sonra Bakıda universitetin təsis edilməsi ilə
bağlı Qanun layihələri Parlamentin 1919-cu il 21 avqust
tarixli 67-ci iclasının gündəliyinə salındı.
Bu tarixi iclasa sədrlik edən böyük maarifçi Sultan
Məcid Qənizadə Qanun layihələrinin müzakirəsinə
başlamağı təklif etdi. Katib Mehdi bəy Hacınski həmin
sənədlərin məzmunu ilə Parlament üzvlərini
tanış edir. Parlamentdə ilk söz alan
"İttihad" fraksiyasının rəhbəri Qara bəy
Qarabəyov universitetdə tədrisin rus dilində
aparılacağını əsas gətirərək, Qanun
layihələrinin müzakirəsinin
dayandırılmasını, layihələrin yenidən
komissiyalara qaytarılmasını təklif edir və məsələnin
səsə qoyulmasını tələb kimi irəli
sürür. Parlamentdə səsə qoyulan təklif səs
çoxluğu ilə qəbul edilir və universitetin təsis
olunması ilə bağlı məsələ gündəlikdən
çıxarılır. Universitetin 1919-1920-ci dərs ilinin əvvəlində
açılması haqqında hökumətin planları və
Universitet Komissiyasının gördüyü işlər təhlükə
altına düşür. Əvvəla, Bakıda universitet təsis
etmək istəyənlər yaxşı dərk edirdilər
ki, bu məsələ yeni dərs ilinin əvvəlinə kimi
həll edilməsə, mütləq uzanacaq, bu müqəddəs
işin sonrakı taleyi isə bilinməyəcəkdir. Bu
narahatlığı və təhlükəni Parlamentdəki
çıxışında maarif naziri Rəşid xan Qaplanov
belə ifadə edirdi: "Layihəyi bərayi-tədqiq
(araşdırmaq məqsədilə) fraksiyalara göndərərsək,
vaxt qeyb olacaq. Əmin olun ki, darülfünun bu sənə
(il) açılmayacağı kimi, gələcək sənə
də açılmayacaq...".
Digər
tərəfdən, ölkə daxilində siyasi vəziyyət
mürəkkəbləşmiş, ingilis qoşunları
avqustun əvvəlində Azərbaycanı tərk etmiş,
Şimal təhlükəsi isə Vətənin başı
üzərində "Damokl qılıncı" kimi
asılmışdı. Məsələ çox ciddi idi:
universitetin yaradılması mütləq indi həll edilməli
idi. Əks halda, bu məsələ də bir ideya olaraq tarixin
arxivinə düşə bilərdi. Bütün bu tarixi
reallığı və universitet açılmasının
milli dövlətçiliyimiz, elm, təhsil və mədəniyyətimizin
tərəqqisi üçün böyük əhəmiyyətini
dərindən dərk edən Parlamentin bir çox üzvləri
- siyasi, dövlət və maarif xadimləri Bakıda
universitetin təsis edilməsinə dair Qanun layihələrinin
iclasın gündəliyindən çıxarılması
haqqında qərara qəti etiraz səslərini ucaltdılar.
Parlamentdə böyük nüfuzu və çoxlu tərəfdarları
olan Məmməd Əmin Rəsulzadə ilk olaraq söz
aldı və milli təhsil tariximiz üçün çox
önəmli bir tarixi çıxış etdi. Onun ardınca
maarif naziri Rəşid xan Qaplanov, Səmədağa
Ağamalıoğlu, Mustafa Məmmədov və
başqaları çıxış edərək, Bakıda
universitet açılmasının ümummilli,
ümumdövlət və ümumbəşəri əhəmiyyətini
əsaslandırdıqdan, dörd saatdan artıq sürən gərgin
müzakirələrdən sonra Parlament öz qərarına
yenidən baxmaq və universitetin təsisinə dair Qanun layihələrinin
müzakirəsinə başlamaq haq qında qərar qəbul
etmək məcburiyyətində qaldı.
Sonralar
Vasili İvanoviç Razumovski bu tarixi hadisələri
xatırlayaraq həmin məsələnin müsbət həllində
fədakarlıq, əsl vətənpərvərlik nümunəsi
göstərən insanları "universitetin və maarifin həqiqi
dostları" adlandırır, onların içərisində
Məmməd Əmin Rəsulzadəni, Nəsib bəy Yusifbəyli,
Fətəli xan Xoyski, Rəşid xan Qaplanov, Həsən bəy
Ağayev, Səmədağa Ağamalıoğlu və
başqalarının əməyini xüsusi olaraq nəzərə
çatdırırdı. Həqiqət naminə deməliyik
ki, Bakıda "universitetin və maarifin həqiqi
dostları" həmin elm-təhsil ocağını milli
müstəqilliyin, demokratik, dünyəvi dövlətin əsas
atributlarından biri sayır, bunun xalqın intellektual
potensialının, elm, təhsil və mədəniyyətinin,
milli özünüdərkinin inkişaf etdirilməsinə,
millətimizin müstəqil və azad yaşamağa layiq
olduğunu bütün dünyaya sübut etməyə xidmət
edəcəyinə inanırdılar.
Maarif
naziri Rəşid xan Qaplanov Parlamentdəki
çıxışında bu haqda demişdi: "Biz məsələni
dövlətin mənafeyi nöqteyi-nəzərindən tədqiq
və mülahizə etməliyik. Biz cahana elan edirik ki, hürr
yaşamağa haqlı müstəqil millətik, bunu
yalnız elanımız kafi deyildir. Təzahürati-milliyyəmizi
(milli varlığımızı) daha ziyadə təhdid etmək
və onu atiyə (gələcəyə) hazırlamaq lazımdır.
Biz millətin ruhunu bu surətlə yüksəldərsək,
əmin olalım ki, istiqbalda (gələcəkdə) fənalıqların
(çətinliklərin) önünü almış və
millətimizi fəlakətdən qurtarmış oluruq. İştə,
o ruhu yüksəldəcək bir elm ocağı
lazımdır ki, o da darülfünundan başqa bir şey
deyildir. Darülfünunun mövcudiyyəti ilə biz Vətənimizi
daha başqa surətdə Avropaya qarşı göstərəcək
və yaşamağa layiq bir millət olduğumuzu da bu surətlə
isbat edəcəyik...".
Rəşid
xan Qaplanov Parlamentdəki çıxışının
sonunda böyük uzaqgörənliklə demişdir: "Elm
məbədinə dərəcəyi-hörmətlə, camelərə,
məscidlərə girərkən
ayaqqabılarımızı çıxaran kimi, bu elm məbədinə
də girərkən mülahizəti-şəxsiyyə (şəxsi
mülahizələri), siyasiyyə və firqə nizayilərini
(siyasi maraqları) unudaraq girməliyik. Əminəm ki, bu darülfünuna
istiqbali-milliyəmizi (millətin xoşbəxt gələcəyini)
təminedici bir məbəd, elm nəzəri ilə
baxacağıq...".
Azərbaycan
Xalq Cümhuriyyətinin 5-ci Hökumət Kabinetində Rəşid
xan Qaplanov maliyyə naziri təyin olunub, dövriyyəyə
buraxılan pulların qiymətdən düşməməsi
və devalvasiyaya uğramaması üçün
böyük səy göstərib.
O,
1920-ci il fevralın əvvəlində Bakı
bonlarının Zaqafqaziya pullarına dəyişdirilməsini
dayandırmaq barədə qərar verdi. Aprel
işğalından (1920) bir həftə əvvəl Batuma
ixrac edilən neft və neft məhsulları üçün
rüsumların yalnız Azərbaycan pulu ilə ödənilməsi
haqqında sərəncam imzaladı.
1920-ci
ilin iyununda Bakıda həbs olunaraq, əvvəlcə
Vladiqafqaza, sonra isə Moskvaya göndərildi. Uzun sürən
istintaq və işgəncələrdən sonra
azadlığa çıxan Rəşid xan Qaplanov 1920-1930-cu
illərdə Moskvadakı Şərq Xalqları Universitetində
"Osmanlı imperiyası tarixi"ndən dərs deyib, eyni
zamanda vəkil kimi fəaliyyət göstərib.
Sonra
Rəşid xan Qaplanov yenidən repressiyaya məruz qalıb,
1937-ci ildə dünyasını dəyişib.
Azərbaycan müəllimi.- 2011.-
13 may.- S.14.